Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Koronavirus örtülmüş ayıblarımızı, zibillərimizi, rəzil şəraitimizi açıb göstərdi" - Aslan İsmayılov

Tam səmimi deyirəm, Koronavirusun bu cür gəlişini şəxsən pozitiv qarşıladım, çünki bizim bütün utanılası, indiyə qədər örtülmüş ayıblarımızı, zibillərimizi, aqlay hasarların arxasında gizlədilmiş rəzil şəraitimizi açıb göstərdi və hələ də göstərməkdə davam edir...

Elə neçə gündür bu barədə imkan düşdükcə yazıram və bu gedişlə hələ çox yazası olacam. Əlbəttə, mən də Sizi kimi özümü məhbəsdə hiss edirəm. Özü də bilin ki, mənə çoxlarınızdan da çətindir. Azadlığa, fiziki əməyə, idmana, olduqca aktiv həyata alışqan adamı məhbəsdə saxlamaq işgəncədir. Ancaq bunlar keçəcək, indi gördüklərimizi isə az qisim insanı çıxmaqla heç vaxt görməyəcəkdik. Ona görə "hər şərdə bir xeyir var" deyimi bu dəfə lap yerinə düşüb. Özü də xeyri şərindən çox olacaq, əgər başımız olsa.

Baş verənlərdən hamı, birinci növbədə hakimiyyətdə olanlar nəticə çıxarmalıdırlar. Bu gün top onlardadır. Ya nəticə çıxardıb tamam başqa ictimai münasibətlər qurmalı, yeni idarəetmə sisteminə keçməli, yaxud hamı ilə birlikdə məhv olmalıdırlar. Əvvəlcə özümü hakimiyyətdə hiss edib onların gözü ilə gördüklərimi sadalayım ki, bu gün onlara nə qədər çətin olduğunu başa düşdüyümü bəlkə daha yaxşı dərk edələr. Xəbərim var ki, bu dəqiqə xalqdan çox narazısınız ki, baş verənləri dərk etmirlər, ümumi bəladan qurtarmaq üçün əllərini daşın altında qoymaq istəmirlər, min bir uydurmalarla ehtiyacı oldu-olmadı imtiyaz əldə etmək istəyirlər və s. və i. Bəli, haqlısınız. Bu barədə bir neçə dəfə yazmışam, indi yaranızın qaysaqlarını açmaq üçün az bir hissəsini bir daha təkrarlayım:

- Bəli, insanlarımız karantin qaydalarının onların özləri üçün vacib olduğunu dərk etməyib pozurlar. Elə birinci gün 8103 SMS nömrəsinə 500 minə yaxın müraciət olundu. Bir ata-bala deyəsən bir gündə 60 dəfə SMS atıblar. Bir gündə 30 min adam "yasa gedib". Əksəriyyət bunları məzələnmək üçün edib. O qədər məzələndilər ki, elektron sistemin də başı döndü.

- Bəli, insanlarımıza uzun illər yaşadıqları, işlədikləri ölkələrdən bu virus peyda olan kimi, basabasda Azərbaycana dönməyə ehtiyac yox idi. Bilirəm ki, Rusiyanın uzaq bölgələrindən yollarda karantin qadağalarını aşmaq üçün külli miqdarda rüşvət verə-verə gəlib indi Dağıstanda Azərbaycan hakimiyyətinin gündəlik ayırdığı vəsait hesabına mehmanxanalarda, palatkalarda qalmağa da ehtiyac yox idi. Yolda xərclədikləri pullarla elə olduqları yerlərdə daha yaxşı şəraitdə qala bilərdilər.

- Çoxları baş verənlərin təbii fəlakət, zəlzələ kimi bir şey olduğunu anlamır, karantin dövrünü istirahət dövrü ilə səhv salıb hamılıqla 5 ulduzlu mehmanxana tələb edirlər. Xaricə "maşın pereqonu"na gedən, maşınlarda yatanlardan 3 ulduzlu mehmanxanada qalmaqdan imtina edənlər də var. Xaricə "putyovka" ilə məzuniyyətə gedib yarımçıq qayıdanlardan "putyovka" pulunu tələb edənlər də var.

- 190 manatı almaq üçün o qədər də rüsum ödəyib cürbəcür notarius əməliyyatları keçirənlərdən də xəbərim var. Villalarda yaşayıb bu pulu almağa sənəd təqdim edənlər də, bu yardımı təsdiqləyən SMS-i 10 min dollarlıq "Vertu" telefonunda qəbul edənlər də, bu basabasda xaricdəki diaspora təşkilatlarından qazanmaq istəyənlər də var.

- Pul qoparda bilməyəndə şərləyənlər də var. Hakimiyyətin gördüyü müsbət işləri görməməzliyə vurub uydurma şər-böhtan yazanlar da var. "Acından ölənin konkret ünvanını ver" deyəndə "əşşi, hamı bilir də" deyənlər də var. Eeeh... hələ nələri eşitmişəm, nələri ...

Gördünüz?! Sizi, hakimiyyətdə olanları da anlamaq qabiliyyətim var. Amma fikirləşdiyiniz kimi, bütün günahları Sizin kimi xalqda yox, məhz Sizdə görürəm. Bilmirdiniz ki, "nə tökərsən aşına, o da çıxar qarşına" deyimi var. Yaxud daha ağıllısını - "çox bilmiş quş dimdiyindən düşür" deyimini çox güman ki, eşitmisiniz. Yuxarıda sadaladığımdan on qatından da artıq olan yaramazlıqların, nöqsanların günahının hamısı Sizin hakimiyyətdədir. Məhz Sizin hakimiyyət on illərlə akademik Ramiz Mehdiyevin nəzəriyyəsi, Əli Həsənovun mətbuatı, Fikrət Məmmədovun məhkəmələri vasitəsilə, fatmaların şou-biznesi, abellərin universitetləri, fəzaillərin, hadıların deputatlığı, Elinanın ölümünə bais olan məktəb direktorlarının rəhbərliyi ilə (bu siyahını uzatmaq da olar) bu kütləni yetişdirdi. Bağçadan, məktəbdən, institut-universitetlərdən vətəndaş yox, müti, manqurt, fürsətçi bir sürü formalaşdırdınız. Nəzarətinizdən kənar insanları maarifləndirmək istəyən QHT-ləri məhv etdiniz. Məhz Sizin dövrünüzdə dünya şöhrətli alimlər ac-yalavac qaldılar, xarici ölkələrə qaçdılar, lüt-üryan müğənnilər, cinsi azlıqlar yağ-bal işində üzdülər. Gənclərimiz də həmin məşhur alimlərə, dürüst insanlara yox, Sizin TV-lərin reklam etdikləri fahişə, orientasiyaları bəlli olmayanlara oxşamağa çalışdılar. Məhz Sizin dövrünüzdə "yaltaqlığın, yaramazlığın, mütiliyin, qorxaqlığın məktəbi yoxdur, ancaq məzunu çoxdur" deyimi cürbəcür yorumlarda ən çox işlənən ifadələrdən oldu. Məhz Sizin dövrünüzdə əli-ayağı olmayan Qarabağ əlili rüşvətsiz əlillik təqaüdü ala bilmədi, vaqonlarda, karton daxmalarda yaşadı, əvəzində isə Sizin layiqli yetirmələriniz olan fürsətçilər, bığıburma, boynuyoğunlar rüşvət müqabilində bir neçə saxta əlillik, dəlilik təqaüdləri aldılar, villalarda yaşadılar. Ona görə indi kimdənsə şikayətlənməyin, bunlar Sizin halal məhsulunuzdur. Xoşunuza gəlsə də, gəlməsə də bu - Sizin uzun illərdir yetişdirdiyiniz, Sizə layiq olan fürsətçi kütlədir və istəsəniz də, istəməsəniz də koronavirus pandemiyasını bunlarla başa vurmalısınız.

Bu gün məni təhqir edən, uğrunda həyatımı sərf etdiyim kasıb təbəqənin də günahı Sizdədir. Elə məni təhqir edən ərəb, fars mollalarının yetirmələrinin də günahı Sizdədir. İndi nədən söyüldüyümü də bilirsiniz. Bilmirsinizsə onu da deyim. Bu gün məni Sizə görə söyürlər, ona görə ki, Sizə top atdığımı, bu ağır vəziyyətdən çıxmanıza çalışdığımı görürlər. Axı Sizdən fərqli olaraq onlar torbada nəyin olduğunu bilmirlər. Yenə Sizin günahınızdan həmin zavallılar heç ağıllarına da gətirmirlər ki, heç bir maraq olmadan hakimiyyəti necə və kim müdafiə edə bilər?! Axı Siz bunlara satqınlıq məktəbini də görsətdiniz. İki eşşəyin arpasını bölə bilməyənləri, ömründə vəzifə görməyənləri, ancaq satqınlıq, üzəduranlıq etdiklərinə, gizlində Sizin əmrlərinizi yerinə yetirdiklərinə görə vəzifə, mandat, var-dövlət sahibləri etməyiniz də bu kütlənin gözü qarşısında baş verib. Bu söyən kütlə öz dayaz dünyagörüşü ilə haradan başa düşsün ki, Aslan İsmayılov, Mehman Əliyev və başqaları hakimiyyəti yox özlərini, balalarını, nəhayət Vətənlərini qorumaq üçün Sizə yardım etmək istəyirlər.

Bu xalqı ata abdullayevlərə, bayram nurlulara, toliklərə möhtac qoyanlar, onları bu xalqın kumiri edənlər, bunun bəlasını elə Siz özünüz çəkəcəksiniz! Yadınızdadırsa on illər bundan əvvəl Sizlərə deyirdim ki, bu xalqı təhsilsiz, mədəniyyətsiz qoymayın, zərərini özünüz görəcəksiniz.

İndi heç kimdən şikayətlənməyin, öz əməllərinizin bəhrəsini dadırsınız və təcili, ciddi dəyişiklər etməsəniz hələ daha pisini görəcəksiniz. Özü də ən təhlükəlilər hansısa kolonlar, müxaliflər yox, Sizə addımbaşı bayağı, şit, insanı diksindirən tərif yağdıranlar olacaq. Çoxlarının etirazına, məni tənqid, hətta təhqir etmələrinə baxmayaraq bu gün də inanıram ki, yeni bir İslahat Komandası var və onlar keçmişdəki kimi idarə etmək istəmirlər, çünki elə bu hakimiyyətdə olan Əli Əhmədov, Fikrət Məmmədov, Siyavuş Novruzov kimilərdən fərqli olaraq əvvəlki qaydada idarə etməyin mümkünsüzlüyünü başa düşürlər. Yenə də bu komandaya kömək etmək fikrindəyəm. Ancaq bu kor-koranə dəstək olmayacaq. Yaxşı addımlarda dəstək, yanlış addımlarda tənqid olacaq. Özü də bu daim olmayacaq, çünki buna mənim, ən əsası mənə inananların səbri çatmayacaq. Ona görə dəyişikliklər sürətli və daha dərindən olmalıdır. Bu gün birinci növbədə illərdir yerli icra hakimiyyətlərində özlərini ŞAH hesab edən başçılar azad olunmalı və daha gənc, enerjili, ən əsası bu xalqı sevən, korrupsiyaya bulaşmamış gözütox məmurlarla əvəz edilməlidirlər. Yeri gəlmişkən, bu dəyişiklik deputat dəyişikliyi kimi sırf texniki göstəricilərə görə yox, mahiyyətə görə olmalıdır. Mənim üçün Hadı Rəcəbli ilə gənc, ütülü, "rus dilinin bilicisi" deputatın arasında heç bir fərq yoxdur.

Sonda isə qarşıda real işlərə doğru gedəcəyimiz yolda Sizə və məni kimi bu Dövlətin gələcəyinə hələ də inamını itirməyənlərə uğur diləyirəm. Yadda saxlayın, ziyanın yarısından da qayıtmaq xeyirdir!

Aslan İsmayılov - Hüquqşünas

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar