Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İmperializm əhliləşdirilə bilməz” - Çin qloballaşmanın davam etməsini istəyir?..

Biz inqilabi bir prosesdəyik və Pekin administrasiyasının seçimləri yalnız Çinin taleyinə deyil, həm də bütün bəşəriyyətin gedişatına təsir göstərəcək...

Onur Sinan Güzaltan

“Aydınlık” qəzeti, Türkiyə, 15 aprel 2020-ci il

Çin 1934-cü ildə Mao Tsedunun rəhbərlik etdiyi “Uzun Yürüyüş”lə başlayan yolun sonunda tarix səhnəsindəki bütün işığı öz üzərinə toplaya bildi.

Henri Kissincerin “fövqəladə” hesab etdiyi bu pandemiya günlərində Çinin iqtisadi, sosial və siyasi yüksəlişi böyük kütlələrə baha başa gəlsə də, Çinin Qərb mərkəzlərində belə dominant rol oynamaması ilə bağlı proqnozlar özünü doğrultmur.

Nyu-York şəhərinin başçısının təşəkkürü

Çinin yardım küləyi Avropada, xüsusən də İtaliya və İspaniyada öz təsirini artırarkən neoliberalizmin məbədi sayılan Nyu-Yorkun başçısı Endru Kuomo federal hökumətə məhəl qoymayıb və kömək üçün Pekin rəhbərliyinə təşəkkür edib. Bu, əsl qırılma anı olaraq tarixə düşüb.

Kuomonun təşəkkürü həm də Çinin müdafiədən hücum mövqeyinə keçdiyini və dünyanın ən böyük gücü sayılan Amerikanın dövlət quruluşuna müdaxilə edəcək gücə çatdığını göstərir.

Görünən odur ki, əgər koronavirus yeni bir dövrün başlanğıcıdırsa, o zaman tarix kitabları koronadan sonrakı dövrü “Asiya Çağı” kimi qeyd edəcək.

Çin köhnə nizamın sahibi olan Atlantik İmperiyasını sarsıdarkən daxili fəaliyyətində öz iqtisadi modelini tətbiq etsə də, xarici siyasətdə və ticarətdə keçmiş “kralın” qloballaşma silahından uğurla istifadə edə bilib.

Pandemiyadan sonrakı Yeni Dönəmə daxil olarkən yalnız Çin deyil, bəşəriyyət üçün də belə bir sual yaranır: Pekin rəhbərliyi köhnə nizamın mexanizmlərini özündə saxlayacaqmı?

Daha dəqiq desək, Çin qloballaşmanın davam etməsini istəyirmi?

İki fərqli qloballaşma

Koronavirus pandemiyasının yalnız qlobal miqyasda həll edilə biləcəyi vurğulanır və qlobal həll yolları 2 fərqli qanaddan gəlir. Bir tərəfdə qurulmuş nizamın tərəfdarları sayılan Henri Kissincer, Qordon Braun kimi müasir siyasət patronları və beynəlxalq sərmayənin müasir siması olan Bill Qeyts və onun bənzərləri, digər tərəfdə isə Çin dövlətinin səlahiyyətli şəxsləri durur.

İlk baxışdan bu vəziyyət bir az çaşqınlığa səbəb olur və qlobal kapitalın nümayəndələri ilə çinli rəsmilərin, sanki, eyni nöqtədə birləşdiklərini göstərir. Həmçinin, mövzu ilə bağlı verilən şərhlərin və qiymətləndirmələrin çoxu da bu istiqamətdədir.

Çin prezidenti Si Tsinpin 2017-ci ilin yanvar ayında Davos zirvəsi zamanı işlətdiyi bəzi ifadələrlə Çinin hazırda davam edən qlobal sistemin tərəfdarı olması iddialarına zəmin yaratmışdı:

“İqtisadi qloballaşmanın çoxlu problemlərə səbəb olduğu doğrudur. Lakin bu, iqtisadi qloballaşmanı tamamilə aradan qaldırmaq üçün yetərli səbəb deyil. Əksinə, qloballaşmaya uyğunlaşmalı, onu istiqamətləndirməli, mənfi təsirlərini azaltmalı və bütün ölkələrə və millətlərə onun faydalarını təqdim etməliyik”.

Tsinpin çıxışının davamında: “Bəziləri dünyadakı xaosa görə iqtisadi qloballaşmanı günahlandırırlar. Beynəlxalq maliyyə böhranı iqtisadi qloballaşmanın deyil, maliyyə kapitalının həddindən artıq mənfəət tələb etməsinin və maliyyə tənzimləməsindəki uğursuzluğun bir nəticədir. Qlobal iqtisadiyyat qaça bilməyəcəyimiz böyük bir okeandır və Çin burada necə üzməli olduğunu öyrənib. Çinin inkişafı dünya üçün bir fürsətdir. Çin təkcə iqtisadi qloballaşmadan təkcə bəhrələnməyib, eyni zamanda ona töhfə verib”.

Tsinpin 2018-ci ilin aprelində Boao Forumunda da buna oxşar bir çıxış etmiş və əlavə olaraq Çinin beynəlxalq nizamın müdafiəçisi olduğunu qeyd etmişdi.

Çin hakimiyyətinin dilindən çıxan bu kimi ifadələrdən və dəyərləndirmələrdən sonra Çinin qloballaşma əleyhinə olduğunu iddia etmək reallıqdan qaçmaq olar. Lakin Bir Kəmər Bir Yol başda olmaqla, Çinin xarici siyasətdə və ticarətdəki mövqeyini, yanaşmasını izlədikdə görürük ki, Çinin müdafiə etdiyi qloballaşma bu günə qədər Qərb mərkəzli nümunədən çox fərqlənir.

ABŞ-ın hesabatlarında Çin tipli qloballaşma

Qərbli qlobalistlərdən fərqli olaraq, Çin xarici siyasətdə digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinir və eyni zamanda, “Bir Kəmər Bir Yol” layihəsində olduğu kimi bölücü-mürtəce təşkilatlardansa, ortaqlıq etdiyi ölkənin mərkəzi hökuməti ilə dialoq yaradır.

Ticarət baxımından isə Afrika ölkələrinin timsalında gördüyümüz kimi, ən azı bu vaxta qədər sırf qazanmaq mexanizmi ilə işləyərkən və özünə mal satmaq üçün yeni sahələr yaradarkən, həmçinin qarşısındakı ölkənin ehtiyaclarını da nəzərə alır.

Mədəni əlaqə məsələsində də qərbli qlobalistlərin öz dəyərlərini dünya xalqlarına qəbul etdirmək istəməsinə qarşı, çinlilər digər mədəniyyətlərə hörmətlə yanaşırlar.

Çinin qloballaşmanı və xarici siyasəti necə qavradığını başa düşmək üçün 13 mart 2020-ci ildə Nadec Rolland imzası ilə ABŞ Konqresinə təqdim olunan hesabatın bəzi hissələri ilə tanış olmaq lazımdır:

“Çinin davam edən beynəlxalq nizama qarşı 2 əsas etirazı var:

1. Qərbin azalan, Çinin isə artan gücünə baxmayaraq, beynəlxalq sistemin Qərbdə davam etdirilməsi;

2. Liberal demokratiyanın ümumbəşəri bir dəyər kimi bütün dünyaya yeridilməsi”.

Hesabatın davamında Çinin dünyagörüşü və hədəfləri ilə bağlı aşağıdakı dəyərləndirmələr də aparılır:

1. Çinin fikrincə, hər ölkənin özünəməxsus xüsusiyyətləri və təcrübəsi var. Heç bir ölkə başqasına nümunə ola bilməz;

2. Çin öz təcrübəsini başqa millətlərə diktə etmək istəmir;

3. Çin dünya inqilabını hədəfləmir.

ABŞ hesabatlarından da göründüyü kimi, Çin və Qərb tipli qloballaşma modelləri arasında iqtisadi, siyasi və mədəni sahələrdə bir xeyli fərqlər var. Çin əməkdaşlığı ön plana çıxararkən, Qərb modeli əsasən, zorla yeritmək üsuluna əl atır.

Cənab Qorqud Boratav koronavirusun yayılmasından sonra dünya siyasəti ilə bağlı proqnozlarını bir müsahibəsində bölüşərkən deyib:

“Utanmadan “imperializm” anlayışını və fenomenini unutdurmaq üçün bu dünyanı “qloballaşma” deyə adlandırdılar. Belə bir dünya ilə davam etmək mümkündürmü? İmperializm əhliləşdirilə bilməz. Bu ləkələnmiş tarixlə bütün bir beynəlxalq sistem davam edə bilməz.

Ən yaxşı seçim ehtimal olunan bir Çin hegemoniyasının 1945-ci ildən sonrakı Qızıl dövrü xatırladan beynəlxalq bir sistemin əsasını qoymasıdır. Əks halda ancaq çürümə, dağılma, çöküntü... 1917-1918-ci illərdə beynəlxalq səviyyədə ön plana çıxan bir seçimə qayıdırıq: Ya sosializm, ya da barbarlıq...”

Müəllimin dediyi kimi, biz inqilabi bir prosesdəyik və Pekin administrasiyasının seçimləri yalnız Çinin taleyinə deyil, həm də bütün bəşəriyyətin gedişatına təsir edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar