Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Tehrana, İran da işğaldakı Qarabağa yardım edir

İranın Ermənistanla "alış-verişi" son günlərin əsas müzakirə obyektinə çevrilib...

Ötən həftə İran səfiri Cavad Cahangirzadə Azərbaycana təşəkkür etdi və bu barədə məlumat səfirliyin "Twitter" səhifəsində də əksini tapdı. “Səfir Cavad Cahangirzadə COVID-19-la mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini (İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunması) yüksək qiymətləndirir, bu tədbiri koronavirusla mübarizədə iranlılarla həmrəyliyin əlaməti kimi dəyərləndirir”, - deyə səfirliyin məlumatında qeyd olunmuşdu.

Daha sonra xəbər oxuduq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Məlumatda bildirilirdi ki, Azərbaycanİran XİN başçıları koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə ediblər və bu mübarizədə həmrəy olduqlarını ifadə ediblər. İran XİN başçısı ölkəsinin pandemiya ilə mübarizə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan bir daha müsəlman qonşusuna münasibətdə xoşməramlı mövqeyini ifadə etmiş oldu. Rəsmi Bakı bundan əvvəl dəfələrlə İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını nümayiş etdirib. Hətta İrana qarşı koalisiyaların məlum planlarına, təzyiqlərə rəğmən, Azərbaycan birmənalı şəkildə “yox” cavabı verib və ərazisindən müsəlman qonşusuna qarşı istifadə olunmasına imkan verməyib.

Bütün bunlara baxmayaraq, müsəlman qonşumuzun işğalçı Ermənistana hər cür dəstək verməsi daim Azərbaycanda narahatlıq və etiraz doğurub. Bununla bağlı rəsmi və qeyri-rəsmi səviyyələrdə etirazlar vaxtaşırı Tehrana ünvanlanıb, hətta İran ərazisində yaşayan milyonlarla soydaşımız bu kimi addımlardan çəkinməyə çağırış ediblər. Ancaq İran hər zaman bu kimi etirazların və narahatlıqların qarşılığında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə etməklə işini bitmiş sayıb. Hətta erməni işğalçıları tərəfindən dağıdılmış Şuşa məscidinin İrandan gəlmiş memarların qanunsuz olaraq “təmir” olunması məsələsinə də qonşu ölkədən gələn cavab reaksiyası qaneedici olmadı. Bu günlərdə isə bizi üzən daha bir fakt aşkarlandı. BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli sosial şəbəkələrdə İranın nəinki Ermənistana, hətta Dağlıq Qarabağdakı separatçılara dəstəyini əks etdirən videokadrları yaydı və diqqəti bu mövzuya yönəltdi.

Daha sonra bu mövzuda material yayan “Bakupost”a bildirib ki, İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb. Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib. Amma öz prizmasından...Yaydığı videoda erməni bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir: “Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət karvanıdır...” O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib.

Təbii ki, bu videoda Azərbaycan üçün diqqəti çəkən məhz İran TIR-larının separatçılara ucuz yanacaq daşımasını əks etdirən faktlardır və politoloq E.Mirzəbəyli də paylaşımında məhz bu məqama diqqət çəkmişdi. Təsəvvür edin, Azərbaycan koronavirusla mübarizədə müsəlman qonşusuna dəstək verir, yaman günün dostu olduğunu növbəti dəfə nümayiş etdirir, İran isə müsəlman-Azərbaycan torpaqlarını ilhaq etmiş, məscidlərimizi, məzarlarımızı dağıdan, ziyarətgahlarımızda donuz saxlayan erməni işğalçılarına yanacaq daşıyır. Deməli, günün birində Qarabağın azadlığı uğrunda savaş başlasa, erməni maşın və tankları İran yanacağı ilə “qidalanacaq”...

İranın Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin Azərbaycanın işğal altında olan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülərlə bağlı açıqlama yayıb. Səfirlikdən “Report”a daxil olan açıqlamada bildirilib ki, yayılan görüntülər həqiqəti əks etdirmir: “Azərbaycan mətbuatında İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hər tərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar”. Daha sonra deyilir: “Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır. Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər”.

Politoloq Elçin Mirzəbəyli isə Musavat.com-a açıqlamasında bunları bildirdi: “İranın işğal altında olan Azərbaycan ərazilərinə, işğalçı rejimə və onun separatçı tör-töküntülərinə yanacaq və ərzaq göndərməsini əks etdirən videonu kimin yaymasından və ictimailəşdirməsindən asılı olmayaraq, fakt faktlığında qalır. Çünki bu mütəmadi şəkildə həyata keçirilir və Azərbaycanda heç kim çörəyi qulağına yemədiyi üçün, eşitdiklərini və gördüklərini təhlil edərək nəticə çıxarmağı bacarır. Məsələyə bir başqa müstəvidən yanaşaq: Tutaq ki, sözügedən video işğal altındakı Azərbaycan ərazilərində deyil, Ermənistanda çəkilib. Nə fərq edir ki? Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana ucuz yanacaq və ərzaq vermək elə işğal prosesinə dəstək vermək deməkdir. Məlum video ilə bağlı məlumatı təkzib edən İran tərəfi bəyan edir ki, İran İslam Respublikasının Azərbaycanın işğal altında olan əraziləri ilə quru və hava əlaqəsi yoxdur. Doğrusu, heyrətlənməmək mümkün deyil. Bu adamlar danışmazdan, yaxud yazmazdan öncə xəritəni açıb baxmırlar, görəsən?”

E.Mirzəbəyli daha sonra bunları bildirdi: “Ermənilər öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərini yağmalayıb, pəncərə-qapısını, daşını İrana satanda yük maşınları hansı ərazidən keçirdilər? Əlbəttə, ZəngilanCəbrayıl ərazisindən. İran maşınları isə Meğri dəhlizi, Qafan və Gorusdan keçərək, daha rahat şəkildə Qarabağa, Xankəndinə yük daşıyırdılar, elə indi də daşıyırlar. O dəhlizdən ki, Ermənistan prezidentləri Ter-Petrosyan və Robet Köçəryan onu müharibə illərində ölkələri üçün “həyat yolu” adlandırırdılar. Bütün bunları da qoyaq bir kənara: Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin İran vətəndaşlarının iştirakı ilə bərpa olunduğu və tarixinin saxtalaşdırıldığı kimsəyə sirr deyil. O cümlədən məscidin bərpasında iştirak edən İran vətəndaşlarının da... Əgər həmin şəxslər Azərbaycanın qanuni ərazilərinə qanunsuz yolla getmişdilərsə və orada qanunsuz əməllərlə məşğul olmuşdularsa, o zaman İran rejimi nə üçün həmin şəxsləri cəzalandırmadı və bu barədə Azərbaycan tərəfini, həmçinin öz ölkəsinin vətəndaşlarını məlumatlandırmadı. Bəs bundan öncə, 1996-99-cu illərdə tarixi Azərbaycan torpağı olan İrəvanda yerləşən və 1764-1768-ci illərdə azərbaycanlıların inşa etdiyi Göy Məscid hansı dövlətin maliyyə dəstəyi ilə bərpa edilmişdi? Əlbəttə ki, İranın”. E.Mirzəbərli ardınca Azərbaycan Respublikasının İrana münasibətdə sərgilədiyi davranışlara diqqət yetirməyi məsləhət gördü: “Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcəyini bəyan edib və bu bəyanatı əməldə sübuta yetirib. İrana qarşı sanksiyalara baxmayaraq, bu ölkə yaxın qonşuluq münasibətlərini əsas görürərək, iqtisadi və digər sahələrdə əməkdaşlığı davam etdirib, ortaq layihələrin gerçəkləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edib. İranda hər hansı bir təbii fəlakət hadisəsi baş verəndə Azərbaycan bütün imkanları ilə qonşu ölkənin yanında olub. Yəni Azərbaycan İrana qarşı münasibətlərində hər zaman birmənalı mövqe nümayiş etdirib və səmimi olub. Amma hər zaman bunun əksi ilə qarşılaşıb. Dövlətlərarası münasibətlərdə ikitərəfli və çoxtərəfli müqavilələr, diplomatik normalar, beynəlxalq hüququn prinsipləri əsas götürülsə də, bütün bunların təməlində insan amili dayanır. İnsanda, yaxud insanlarda hətta siyasətçi olsalar da belə, bu qədər riyakarlıq, qeyri-səmimilik olmaz! Düşünürəm ki, ilk növbədə İran İslam Respublikasının vətəndaşları bu heç bir ölçüyə sığmayan, yaxın qonşuluq, dostluq, qardaşlıq münasibətləri və İslam dinin təbliğ etdiyi dəyərlərlə daban-dabana zidd olan bu siyasətin hesabını öz idarəçilərindən sormalıdırlar. O cümlədən bəzi Azərbaycan vətəndaşları da nəhayət anlamalıdırlar ki, onların hisslərindən istifadə edib öz saxta ideoloji təbliğatını sırıyan İran hakimiyyətinin alt niyyəti islam həmrəyliyi deyil və bu ölkənin dini-siyasi rejiminin başında dayanan çoxluq sərhədlərinin yaxınlığında müsəlmanların qurduğu dünyəvi dövləti və onun müstəqil inkişafını həzm edə bilmir”.

Ümid edək ki, müsəlman qonşumuz işğalçı Ermənistanla münasibətlərinə “əl gəzdirəcək”. Əks təqdirdə bu, müsəlman həmrəyliyinə də xələl gətirə bilər. Azərbaycan prezidenti dəfələrlə İslam ölkələrinə xitab edərək onları məscid dağıdan işğalçı Ermənistanla əməkdaşlıq etməməyə çağırıb. Müsəlman qonşumuz bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistana görə özünün vacib müttəfiqi və tərəfdaşı, regionun vacib ölkələrindən biri olan Azərbaycanla əlaqələrinə mənfi təsir göstərə biləcək addımlar atmamalıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar