Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarmon ustası olmuş taksi sürücüsü ilə koronavirus söhbəti: "Çörəkpulu olan kimi evə qaçıram"

“Kimləri müşayiət etməmişəm ki... Nəzakət Məmmədovadan, Rubabə Muradovadan tutmuş Məmmədbağır Bağırzadəyə, Səkinə İsmayılovaya, Qəndab Quliyevaya qədər...”...

Şirkətə taksi sifariş edəndən heç üç dəqiqə keçməmişdi ki, sürücüdən zəng gəldi: “Salam. Uzağı 5 dəqiqəyə sizin ünvana çatıram”. Dediyindən də tez yetişdi.

..Artıq yol gedirik. Qoruyucu maska taxıb, əlində də əlcək. Ənənəvi “nə var, nə yox”dan başlayırıq, uzaq yolu yaxın eləmək üçün. Cavabında “vallah, hara gediriksə, koronavirus söhbətidir. Allah qorusun, bölgəmizi, xalqımızı, camatımızı!” deyib dua-sana eləyir sürücü. Söhbət etdikcə sifarişi tez qəbul etmələrinin, ünvana operativ yetişməsinin səbəbi məlum olur, hərəkətin məhdudlaşdırılması səbəbindən nə tıxac var, nə bol müştəri. Həmsöhbətim Nemət Nəzərovla söhbətimizi təqdim edirik:

- Nemət kişi, taksi xidmətində durum necədir?

- Pis! İnan, səhər saat 8-in yarısı evdən çıxmışam. Birinci elə sizi götürmüşəm. Özü də elə yerdə dayanmışam ki, Naxçıvanskini də tuta bilim, Zığı da, Günəşlini də, Qaraçuxuru da. Amma müştəri yoxdur. İstəyirdim qayıdım, çıxım gedim evə, gördüm şirkət sifariş verdi. Camaat neyləsin, hara getsin?

- Gün ərzində neçə müştəriniz olur?

- İndi nahara qədər işləyirəm, 3-5 manat çörəkpulu oldu, gedirəm evə. 3-4 manat lisenziyaya, ya benzinə... Pis çıxmasın, elə çörəklpulu olan kimi evə qaçıram, qorxuram. Koronavirus çox ziyan vurub. Qiymətlər də elədir ki, inandırım, sərf eləmir. Baxırsan ki, 300 km yol getmisən, maşın gedib, benzin gedib, hissə baha... Evə gəlirsən, elə bir günlük azuqə. Yəni bu puldan 5 manat dala qoyum, mümkün deyil.

- Digər həmkarlarınız da eyni vəziyyətdədir?

- Hamısı.

- Neçə müddətdir taksi fəaliyyəti ilə məşğulsunuz?

- Mən 26 ildir taksidəyəm, 1994-dən. Amma inandırım sizi, mən hələ də özümü taksi sürücüsü saya bilmirəm. (gülür) Yəni heç cür alışa bilmirəm.

- Yəni əvvəllər ayrı sənətiniz olub, ona görə?

- Hə, ayrı işim olub. Asəf Zeynallını bitirmişəm, qarmonçalan olmuşam, toyda, konsertlərdə, ansambllarda ifa etmişəm. 90-cı illərə qədər...

- Hansı məşhurlarla birgə çalışmısınız?

- Kimləri müşayiət etməmişəm ki…Nəzakət Məmmədovadan, Rubabə Muradovadan tutmuş Məmmədbağır Bağırzadəyə, Səkinə İsmayılovaya, Qəndab Quliyevaya qədər... Onlarla birgə toylarda olmuşam. Keçən dəfə Səkinə xanıma rast gəlmişəm. Deyirəm ay Səkinə xanım, bəs, yadınızdamı, filan yerdə toydaydıq. Deyir axı, mən toya getməmişəm. Qayıtdım ki, bəs, biz Adil Gərayın – Asəf Zeynallı adına musiqi məktəbinin direktor müavininin - qızının toyunu bir yerdə elədik. Dedi ki, “həəə...”

Bu olub 1977-ci ildə. Səkinə xanım idi, Qəndab xanım idi. Keçən il qudalarım bizə gəlib. Şəkil göstərirəm, baxırlar. 6 nəfərik, 5-i xalq artistidir, bir dənə mən taksi sürücüsü (gülür). Deyirlər, niyə belə olub? Deyirəm, əşi, həyatdır da...

- Bəs, niyə sənətdən uzaqlaşdınız?

- Atam rəhmətliyi “tok” vurdu, öldürdü. Onda sındım. Sonra da 90-da ki, hadisələr oldu, mən bir az həssas adamam... Hər yerdə çadır, hər yerdə ölüm, yas, qoydum qarmonu yerə. Mənə pis gəldi. Heç cürə toylara gedə bilmədim.

- Qarmonunuzu neylədiniz?

- Qalır. 2-3 il bundan qabaq evdə qarmonumu açıblar, görüblər ki, kif atıb içərisi. O vaxtdan bağlayıb qoymuşam. Dedim heç olmasa hərdən açın, havaya verin. Özü də o vaxtın pulu ilə çox baha qiymətə almışdım. Atam fəhlə olub, neftdə işləyib. O vaxt qarmon moda mindi, yüzlərlə klarnetçalan var, bir dənə qarmonçalan yoxdur. 67-ci il idi. Getdim məktəbə, elə ikinci kursdan üstümdə dava oldu. O deyir mənimlə gedəcəksən, bu deyir mənimlə gedəcəksən. Nə isə... Uşaqlıqdan bir xasiyyəti var idi, kimə birinci söz verdimsə, lap 50-100 manatlıq toy danışım, başqası gəlsə ki, min manat verirəm, gedək, yenə getmərəm. Hələ 13 yaşımdan beləydim. “Kazan” qarmonum var idi, 63 manatlıq. İkinci kursda oxuyanda baxdım ki, bu qarmon məni yola vermir. Dedim, ay ata, mənə bir dənə qarmon al da, bununla artıq getmək olmur, sınıb-dağılır, köhnə qarmondur... “Neçəyədir, ay bala?” Dedim min manata. Atam da fəhlə işləyir, 150-200 manat alır. Ayda 10 manat kassaya pul qoyur, o vaxtlar dəb idi. Min manatı yığmaq üçün gələrək 100 ay pul ata kassaya. (gülür) Ay bala, bəs mən neyləyim? Dedim ata, qorxma, mən də sənə kömək edəcəyəm. Nəsə, pul düzəltdi, müəllimimiz Tuladan mənimçün qarmon gətizdirdi. Çox gözəl qarmon idi, “Karpuşkin” qarmonu deyirdilər, indi eləsi yoxdur.

- O vaxtlar yaxşı pul qazanıbsınız yəqin...

- Çox...Hörmət var idi. Toylara, rayona-zada gedirdin, bah, aşıqlar gəldilər. Bizi necə qarşılayırdılar.

- Bəs televiziyaya necə çıxmamısınız?

- Yox, efirə çıxmamışam. Toylar qoymurdu. (ürəkdən gülür)

- Övladlarınız sənətinizi davam etdirmədi?

- Yox. Bir dənə orda səhv elədim. Bir oğlum, iki qızım var, Allah cəmi balaları saxlasın! 30 yaşım var idi, təzə nişanlanmışdım. Qarmonu da qoymuşam qırağa... Həə. Bir də bir neçə il bundan əvvəl oğlum toyunda dedi ki, atam qarmonda çalacaq, mən oynayacağam. Onda qarmonu əlimə aldım və ifa elədim...

- Qarmonu yerə qoyandan sonrakı illərdə necə dolandınız, harda işlədiniz?

- Bir gün gəldim “Oksigen” zavoduna. Deməli, sənətim də var idi, pulum da, maşınım da. “Moskviç”im var idi, o vaxtlar üçün böyük şey idi. Orada yaxşı bir usta var idi, dəmirçi, gəldim onun əlinin altında “uçenik” işlədim. Hamı dedi bu nədir, bu yaşda? Dedim yox, sənət yaxşı şeydir. 1 il onun əlinin altında “uçenik” dayandım. Ustadan əvvəl işə gəlirdim, süpürürdüm, təmizləyirdim, alətləri yığırdım, bu hazırına gəlirdi. Hətta naharını da mən alırdım, pul da almırdım bundan, deyirdim ay usta, mənə öyrət! Bir ildən sonra orda balaca bir vulkanizasiya sexi var idi, 3 kvadratlıq. Getdim, oranı götürdüm. Dedilər, neynirsən oranı? Dedim yox, hər halda bura özümündür, yavaş-yavaş işləyərəm. İnanın, 3 kvadratmetrlik yerdə elə işlədim ki, Azərbaycanda elə bir şəhər, rayonda elə bir adam yox idi ki, məni tanımasın. Köhnə təkərlərə aparıb üz çəkdirirdim, eləyirdim təzə. O vaxtlar da təkər tapılmırdı, camaat növbəyə dayanırdı, iki təkər alırdı. Kim gəlirdi, qapıdan boş buraxmırdım. Vaxt olub öz maşınımı daşın üstünə qoymuşam, təkərlərini çıxarıb verirdim ki, Gürcüstana ailə-uşaqla gedən yolda qalmasın. Hətta eləsi olub təkərlərimi vermişəm, aparıblar, qaytarmayıblar, pulunu da almamışam. Beləcə, oranı uzun illər işlətdim. Getdim QAZ-24 aldım, 5 otaqlı ev, qardaşıma maşın aldım. 1994-ə qədər bütün nəslimizi mən dolandırmışam. Sonrakı hadisələr vəziyyəti dəyişdi.

- Koronavirusla bağlı xəbərdarlıqlar, tövsiyələr, tələblər var. Baxıram ki, özünüz maska, əlcək geyinmisiniz. Bəs, müştəri maşına minəndə ehtiyatlanmırsınız ki?

- Vallah nə qismətdirsə, o olacaq. Kimə nə deyə bilərəm ki? Müştəridir, çağırıb, gəlmişəm, nə deyim?

- Nemət kişi, hökumət koronavirusun zərbə vurduğu sahələrə yardım etməyi planlaşdırır. Taksi sürücüləri də dəstək gözləyirmi?

- Əlbəttə. Mütləq lazımdır! Mütləq! Baxıram ki, deyir, evdən çıxmayın. Bax, evdə 6 nəfərik. Yoldaşım, qızım, gəlinim, nəvəm, oğlum, mən. Bir dənə bu maşınla dolanırıq. Mən dövlətdən 1 manat almıram. Oğlum da bu maşındadır, mənimlə birgə işləyir. Mənim 64 yaşım var. Hələ 65-də pensiyaya çıxacağam. İnandırım səni, ayda 200 manat maaş, ya pensiya alsaydım, işləməzdim. Mən pulun çoxunu da görmüşəm, azını da. 90-cı illərdə maşınım da getdi, evim də, çox ağır dövr oldu, günlərlə çörəyimiz olmayıb.

- Sizin çalışdığınız şirkətdə yəqin ki, kifayət qədər taksi sürücüləri var...

- 10 mindən çoxdur. Onlar da hamısı mənim günümdə... Deyir evdə qalın, çıxmayın! Deyirəm qardaş, mən nə təhər çölə çıxmayım? Bu gün mən evdən çıxmasam, evdə bir manatım yoxdur. Çatdırmırıq axı. Allah eləsin, hökumət taksi sürücülərinə də yardım eləsin.

- Əlcək, maska tapa bilirsiniz?

- Hərdən tapıram. Maşında spirt də qoymuşam. Hər müştəri götürəndən sonra dezinfeksiya edirəm maşını, əllərimi. Əlimdən gələni edirəm. Allah qorusun. Qorunmaq lazımdır da. Bir bəladır dünyanı götürüb başına...

Yolboyu qaydalara tam əməl edən peşəkar sürücümüzlə söhbətimizin bu məqamında mənzilbaşına yetişirik. Ödənişi edib düşəndə deyirəm ki, çox maraqlı söhbətimiz oldu, bu barədə bir yazı yazacağam. Gülərək etiraz etmir: “Nə vaxt lazım olsa, zəng edin” deyib sağollaşır halal yolla, zəhmətlə evinə çörək aparan Nemət kişi…

Dövlət Baba da belə zəhmətkeşlərin durumunu nəzərə alar bu çətin günlərdə...(Musavat.com)

pia.az

 

 

 

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar