Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “2025-ci ilə qədər Azərbaycanda parlament seçkiləri keçirilməyəcək”

VI çağırış Milli Məclisin deputatı Nəsib Məhəməliyevin müsahibəsi...

- Seçkiqabağı təşviqat prosesiniz necə keçdi, nə müşahidə etdiniz?

- Növbədənkənar parlament seçkiləri ilə əlaqədar təşviqat prosesi Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən həyata keçirildi. 1600-dən artıq şəxsin deputatlığa namizədliyi qeydə alınmışdı, bəziləri geri çəkildilər, seçki günü 1314 nəfər mübarizə aparırdı. Seçkidə 20 siyasi partiyanın və bitərəflərin iştirak etməsi təşviqatı daha da canlı etdi. Bu, demokratiyanın göstəricisidir. Təbii olaraq xalq inandığı, etibar etdiyi, etimad göstərdiyi namizədlərə səs verdi. Təşviqat kampaniyası dövründə 109 saylı Balakən seçki dairəsində hər hansı neqativ hal baş vermədi. Dairə seçki komissiyası bütün namizədlər üçün bərabər şərait yaratmış, açıq və qapalı yerlər müəyyənləşdirmişdir. Özüm kifayət qədər fərdi görüşlər keçirdim, düşünürəm, bunun çox böyük effekti oldu. Fürsətdən istifadə edib, mənə etimad göstərən hər kəsə minnətdarlığımı bildirirəm.

- Seçkilərlə bağlı beynəlxalq təşkilatların mövqeyini necə qiymətləndirirsiniz?

- Beynəlxalq təşkilatların öz maraqları var. Çalışırlar ki, siyasi hakimiyyətə daim təzyiq göstərsinlər. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə onların əlinə ciddi arqument verilmədi. Bu seçkilərdə deputatlığa iddialı şəxslərə cüzi də olsa, problem yaradılmadı. İstər qeydə alınma mərhələsində, istərsə də təşviqat prosesində hər hansı narazılıq olmadı. Bəzi hallarda 500 imza toplamayanlar da qeydə alınmışdı. Bunu o qədər də doğru hesab etmirəm. Düzdür, namizədin qeydə alınması 450 seçici imzası yetərlidir. Amma hər bir namizədin 500 imza toplamaq imkanı var, imza vərəqələri buna uyğun verilir. Seçki prosesindən sonra da gördük ki, su bulandırmaq istəyənlər də bu tipli insanlardır. Onlar çalışırdılar ki, xaotik mühit yaratsınlar. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatların hər bir regionda, dövlətdə öz maraqları var. Bəzi hallarda onların həyata keçirdiyi işlər xaotik proseslərə yol açmaq məqsədi güdür. Biz bu mərhələni 1990-cı illərdə keçmişik.

- Bölgələrdə bəzi namizədlərə qarşı açıq etirazlar olurdu...

- Hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində 123 seçki dairəsi üzrə namizəd irəli sürdü. Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev çox doğru qeyd etdi ki, kiminsə adının partiya siyahısına salınması o demək deyil ki, onlar seçicilərlə işləməməlidirlər. Son sözü xalq dedi. Bu baxımdan çox doğru strategiya seçildi. Namizədlər çalışdılar ki, seçicilərlə real təmasda olsunlar, onların etimadını qazansınlar. Seçkilərin nəticəsi də onu göstərdi ki, Prezidentin xalqa verdiyi mesaj özünü doğrultdu. Bunun nəticəsi olaraq 4 seçki dairəsi üzrə səsvermənin nəticələri ləğv edildi. Bundan başqa, bir sıra seçki dairələrinin qanun pozuntuları müşahidə edilmiş məntəqələrinin nəticələri etibarsız sayıldı.

- Seçki prosesində sosial şəbəkələrin rolu hansı səviyyədədir?

Sosial şəbəkələr günümüzün reallığıdır. Bunu qəbul etmək lazımdır. Hansısa qadağa dövlətin apardığı siyasətin əleyhinə olacaq. İstəsək, istəməsək də sosial şəbəkələr seçki prosesinin tərkib hissəsidir. Düşünmürəm ki, hər hansı qadağa olacaqsa, effekt verəcək. Əksinə, bu, dövlətin ziyanına işləyəcək. Zaman sürətlə dəyişir, inkişaf edir. Düşünürəm ki, siyasi partiyalar, ictimai təşkilatlar, bitərəflər istənilən siyasi prosesdə iştirakını sosial şəbəkələrlə uzlaşdırsa pis olmaz.

Çalışmalıdırlar ki, əleyhinə işləyəcək arqumentləri opponentlərə verməsinlər. Deputat nəzərə almalıdır ki, onun etdiyi hərəkətlərə ictimai nəzarət var. Onlar çalışmalıdırlar ki, sosial şəbəkələrdə əhalini qıcıqlandıran, xalqın əleyhinə olan fikirlər səsləndirməsin. Bir sözlə, çox diqqətli və məsuliyyətli olmalıdırlar. Bu nəzarət ictimai şəxsləri hərəkətlərinə korrekt etməyə məcbur edir. İşin müsbət tərəfi də budur. Doğrudur, sosial şəbəkələdən qara piar üçün vasitə kimi istifadə edənlər var. Bəzi hallarda ictimai-siyasi şəxslər barəsində montaj edilmiş videolar, fotolar yayılır. Bu cür əməllərə hüquqi qiymət verilməlidir.

- Bu cür iddialar var ki, yeni tərkib də islahatlar kursuna cavab vermir...

- Milli Məclisin deputatları arasında 43-ü yenidir. Bu, çox böyük rəqəmdir. Parlamentin dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi üçün əhəmiyyətli dəyişiklikdir. Təəccüblü o olardı ki, parlamentin tərkibi 100 faiz dəyişəydi. Bunu etmək qəti şəkildə düzgün deyil. Dünya praktikasında da belə şey yoxdur. O fikirlə razı deyiləm ki, parlamentin tərkibi bugünkü islahatlar tempinə uyğun deyil. Əksinə, hesab edirəm ki, VI çağırış Milli Məclisin deputatları daha aktiv şəkildə cəmiyyətin bütün sahələrinə sirayət etmək imkanları olacaq. Düşünürəm ki, bu tərkibin nüfuzu əvvəlkilərdən daha da üstün olacaq.

- Deputatlığa bəzi namizədlər Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında etiraz aksiyaları keçirdilər. Həmin şəxslərin seçkilərlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

- Mərkəzi Seçki Komissiyasının binasının qarşısına namizədlərin çox cüzi hissəsi toplaşmışdı. Buna normal baxıram, uduzan həmişə narazılığını bildirir. Azərbaycanda uduzan udanı təbrik etməsi ənənəsi tam formalaşmayıb. Bunun da zamana ehtiyacı var. O namizədlərin etirazını bildirməsi demokratiyanın verdiyi imkanlardır. Seçkilərin nəticələrinə etiraz olaraq mitinq keçirilməsinə müvafiq yerin ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi. Şəhər icra hakimiyyəti mitinq keçirilməsi üçün Lökbatan qəsəbəsində yer ayırdı. Amma ora getmədilər, mitinqi qanunvericiliyin tələblərinə zidd olaraq inzibati binanın qarşısında keçirməyə cəhd etdilər. Milyonlarla insanın iradəsini 3-4 nəfərin iradəsinə qurban vermək olmaz. Bu, dövlətin sarsılmasına gətirib çıxarar.

- İddia edirlər ki, yeni tərkibin müddəti iki ildən artıq olmayacaq...

- Bu fikirlə qətiyyən razı deyiləm. Milli Məclisin yeni tərkibindəki insanlar cəmiyyətdə kifayət qədər tanınırlar. Hesab edirəm ki, bu parlament xalqına, dövlətinə yüksək səviyyədə xidmət edəcək. Deputatların, məmurların xalqa xidmət etməsi Prezidentin islahatlar kursunun əsasını təşkil edir. Prezident deputatların fəaliyyəti ilə bağlı konkret yol xəritəsi cızdı: Seçildiyin bölgənin problemləri ilə maraqlanmalısan, seçicilərin problemlərini aidiyyatı orqanlara çatdırmalısan, xalqa hökumət arasında körpü rolunu oynamalısan. Belə olmayacaqsa, xalq növbəti seçkilərdə dəstək verməyəcək. Prezident öz iradəsini ortaya qoyub, yol göstərir. 2025-ci ilə qədər Azərbaycanda heç bir seçki keçirilməyəcək. Hər tərəfli dərin islahatlar aparmaq üçün kifayət qədər vaxt var və hesab edirəm ki, bu beş ildə xeyli müsbət dəyişikliklərin şahidi olacağıq.

- Parlamentli respublikaya keçid təklifinə münasibətiniz necədir?

- Əvvəla bunun üçün referendum keçirilməli, Konstitusiyada dəyişiklik edilməlidir. Mövcud problemlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi həll edilmədən parlamentli respublikaya keçidi məqbul saymıram. Bəzi həmkarlarım proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflər irəli sürürlər. Bunu prezident üsul-idarəsində də həyata keçirmək mümkündür. Həm proporsional, həm də majoritar seçki sisteminin olmasını normal hesab edirəm. Düşünürəm, parlamentli respublikaya keçid indiki halda məqbul deyil.

- Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşünə münasibətiniz necədir? Nəzərə alın ki, buna tənqidi yanaşanlar da var...

-Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında cəmiyyətin bütövləşməsi dayanır. Azərbaycanda müxtəlif siyasi partiyalar fəaliyyət göstərir. Onlar müxtəlif ideologiyalarla özlərini təqdim edirlər. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşü cəmiyyətə bir mesajdır. Yəni bu görüşlər tanışlıq, fikirlərin aydınlaşdırılması baxımından çox önəmlidir. Bu, normal praktikadır. Təbii ki, bu təşəbbüsə “mız” qoyan insanlar da olacaq. İki müharibə aparan dövlətlər dialoq qurursa, bu sabit ölkənin daxilində niyə olmasın? Hətta bir neçə gün öncə, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və "Taliban" arasında sülh sazişini imzalayıblar. Hakimiyyət və müxalifət düşmən deyil ki... Hamını eyni cür düşünməyə məcbur etmək olmaz. Amma ölkə daxilində dialoq mütləq olmalıdır. Dialoqun tərəfdarı olmayanlar dərin düşüncə tərzinə malik deyillər. İstənilən yaxşı işi başlamamış rüşeym halında ləkələyirlər. Bu, düzgün deyil. Baxın, Türkiyə Suriyada ədalətli müharibə aparır. Müxalifyönlü Milliyyətçi Hərəkat Partiyası hökumətin bu istiqamətdə siyasətini dəstəkləyir. Digər partiyalar da dəstək ifadə edirlər. Nəticədə hər kəs xalqına xidmət etmiş olur. Azərbaycanda hansısa partiya sədri hökumətlə danışıqlar aparanda, deyirlər ki, hakimiyyətə işləyir. Lap yaxşı! Siyasi partiyanın fəaliyyətinə qiymət bu cür verilməli deyil. Partiyaya cəmiyyətə verdiyi mesajlara görə qiymət verilməlidir. Tutaq ki, hökumət sosial sahə ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Sənin təkliflərin nədən ibarətdir? Siyasi partiya alternativ fikir ortaya qoymalıdır. Bu məsələ digər sahələrə də aiddir.Hökumətlə danışıqlara gedən siyasətçiyə “agent” damğasının yapışdırılması kompleks yaradır. Yaxşı nəsə etmək arzusunda olan insanı ləkələmək olmaz.

- Türkiyənin Suriyada apardığı müharibə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

Türkiyə Suriyada sülhün bərqərar olması üçün mübarizə aparır. Xeyli müddətdir ki, 4 milyona yaxın suriyalı köçkün Türkiyə ərazisində yaşayır. Onların saxlanılması üçün 40 milyard dollardan artıq vəsait xərcləyib. Artıq bunu saxlamaq mümkün deyil. Təəssüflər olsun ki, Dünya Birliyi məsələyə ikili standartlarla yanaşır. Türkiyənin atdığı addımlar lazımınca qiymətləndirmədi. Bu prosesi yaxından izləyən şəxs kimi deyə bilərəm ki, Türkiyə dövləti ən yüksək insani münasibətlərini göstərdi. Suriya mürəkkəb bölgədir, ərazisinin neftlə zəngin olan hissəsi ABŞ-ın nəzarətindədir. Amerika Suriyanın neftinin satışından əldə edilən gəliri oradakı kürd birliklərinə ötürür, həm də onları silahlandırır. Bəşər Əsədin dəvəti ilə Suriyaya dəvət olunan Rusiya silahlıları müəyyən bölgələrə nəzarət edirlər, havadan dəstək verirlər. Üçüncü qüvvə isə İrandır, onlar da quru üzərindən Əsəd rejiminə dəstək verirlər. Əfqanıstan, Pakistan, İraq, İrandan muzdlular var ki, amansız qətliamlar törədirlər. Bir sözlə, balans itib. Nəticə göz qabağındadır. Milyonlarla insan Türkiyə sərhədlərinə köç edirsə, Türkiyə nə etməlidir? Dövlətin iqtisadiyyatı buna imkan vermir, daxildə kifayət qədər iqtisadi problem var. Təəssüflər olsun ki, Avropada islamafobiya, Türkiyəfobiya geniş şəkildə təbliğ olunur. Konkret qüvvələr var ki, Türkiyənin gclənməsini istəmirlər, onlar Türkiyənin həm iqtisadi, həm də siyasi baxımdan zəifləməsindən maraqlıdırlar. Amma inanıram ki, türk əsgərlərinin Suriyada həyata keçirdiyi əməliyyatlar qələbə ilə nəticələnəcək. Rusiya ilə Türkiyə arasında konflikt yaratmaq bəlkə də təxribat, Vladimir Putinin əleyhinə olan addım idi. İki ölkənin yaxınlaşmasını həzm edə bilmədilər. Rusiya və Türkiyə arasındakı münasibətlərin gərginləşməsindən istifadə edən ermənilərdir. Onlar bayram edirlər, sevinirlər... Rusiyanın aparıcı kanalları ermənlərin əlindədir, onlar rusların özləri üçün çox ciddi problemlər yaradacaqlar. İlk növbədə hər bir dövlət özünü qorumağı bacarmalıdır. Heç kimə - nə Qərb, nə Şimal, nə də Cənubdakılara sənin yaxşı yaşamağın, dövlətin sabitliyi, əmin-amanlığı lazımdır. Biz bir xalq olaraq bundan nümunə götürməliyik. Sənin demokratik cəmiyyət qurmağın onların marağında deyil, hər birinin özünün marağı var. Həmin qüvvələr öz maraqlarını həyata keçirmək üçün istənilən çirkinliyə, alçaqlığa əl atırlar. Azərbaycan xalqı bilməlidir ki, Prezident İlham Əliyev olmazsa, qısa zamanda çox ciddi problemlərlə rastlaşarıq. Beynəlxalq münasibətlər sistemi o qədər mürəkkəbdir ki, kimin dost və ya düşmən olduğunu ayırd etmək çətindir. Bəzi hallarda dövlətin taleyi ani qərarlardan asılı olur. Ona görə də Azərbaycanda bu əmin-amalığı, sabitliyi qoruyub saxlamalıyıq.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar