Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara və Moskva savaşı seçəcək, yoxsa..?

“Ərdoğanın belə bir gedişi Moskvaya böyük problemlər yaradar...”

2015-ci ildə “Su-24”qırıcı təyyarəsinin vurulmasından sonra Suriyanın İdlib şəhəri ətrafında baş verənlər Rusiya-Türkiyə münasibətlərini yenidən dərin böhrana doğru aparır. Son günlər Suriya hərbi birləşmələri yüzə yaxın yaşayış məntəqəsini və əsas magistral avtomobil xəttini nəzarətinə keçiriblər. Türkiyə cavab tədbiri kimi həmin əyalətdəki hərbi gücünü getdikcə artırır. Hadisələrin kəskinləşdiyini görən Türkiyə prezidenti Ərdoğan daha bir hərbi əməliyyata başlayacağını söyləyir.

Sözsüz ki, Rusiya öz müttəfiqi Bəşər Əsədi Ankaranın ixtiyarına buraxmayacaq. Lakin digər tərəfdən Türkiyə ilə açıq münaqişəyə girmək Moskva üçün çox böyük riskdir.

Unutmayaq ki, son illər Rusiya-Türkiyə əməkdaşlığı atom energetikasından tutmuş, Liviya böhranının yoluna qoyulmasına kimi müxtəlif sferalara yayılıb. Amma bütün bunlara baxmayaraq, məhz Suriyadakı qarşılıqlı fəaliyyətlər iki ölkə arasındakı gələcək münasibətlərin müəyyənləşməsində başlıca rol oynayacaq.

Nə baş verib?

2018-ci ilin sentyabrında Moskva və Ankara İdlib barədə razılığa gəlmişdilər. Onda Türkiyə radikal müxalifətlə mötədil müxalifəti ayırd etmək, İdlibdəki yaraqlıların Rusiyanın Himeymim avabazasına və Suriya hərbi obyektlərinə hücümuna imkan verməmək öhdəliyini öz üzərinə götürmüşdü.

Həmçinin qərara alınmışdı ki, silahlı müqavimət qüvvələri ilə Suriya hökumət gücləri arasındakı təmas xəttində 15-20 kilometrlik silahsızlaşmış zona yaradılsın. Nəhayət, tərəflər Hələblə Dəməşq arasındakı avtomobil magistralının yenidən bərpa olunmasına razılaşmışdılar.

Amma indi hamı bir-birini razılaşmanı pozmaqda ittiham edir. Hələ 2019-cu ilin yazından Bəşər Əsəd qüvvələri Rusiya hərbi aviasiyasının dəstəyi ilə İdlibə hücumlar təşkil etməyə başlamışdı. Moskva həmişə deyib ki, onlar RusiyaSuriya hərbçilərinə hücum edən terroristlərə qarşı mübarizədə Suriya ordusuna yardım edir.

Türkiyə Moskvanı Dəməşqi zəif nəzarətdə saxlamaqda günahlandırır. Ankara deyir ki, Suriya atəşkəs rejimini pozaraq İdlibdə humanitar böhran törədir. BMT-nin məlumatına görə İdlib əyalətinin yarım milyondan çox sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb. Beləliklə, vəziyyət 2019-cu ilin dekabrından daha da pisləşməyə başlayıb. Belə ki, bəlli olub ki, Dəməşq türk hərbçilərinə atəş açır. 2020-ci ilin yanvarında dörd rus, fevralda isə 14 türk hərbçisi həlak olub. Hazırda vəziyyətin pisləşdiyini inkar etmək artıq mümkünsüzdür.

Diplomatiya vəziyyəti xilas edəcəkmi?

Rusiya və Türkiyənin böhranı diplomatik yolla çözmək cəhdləri hələlik heç bir nəticə verməyib. Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Verşinin və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevdən ibarət Rusiya nümayəndələri türk həmkarlarıyla 8, 10 və 18 fevral tarixində danışıqlar aparıblar. Gərgin keçən danışıqların sonunda İdliblə bağlı razılaşma əldə olunmayıb.

Lakin bu hələ o demək deyil ki, tərəflər münaqişəni hərbi güc vasitəsiylə həll etmək niyyətindədirlər. Keçmişdə Putin və Ərdoğan bu cür kəskin məsələləri şəxsi görüşləri zamanı yoluna qoyublar.

Çox güman ki, son sözü prezidentlər deyəcək. Bunu Tükiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da təsdiq edib. O deyib ki, əgər yaxın günlərdə İdlib probleminin həlli baş tutmazsa, onda yüksək səviyyədə görüşün keçirilməsi mümkündür. İndi əsas məsələ Moskva və Ankaranın tez bir vaxtda kompromisə gəlməsidir.

Ümumi maraqlar

Son günlər Türkiyə nəinki ona loyal olan müxalifət qruplarına yardım göstərir, həm də İdlibdəki öz hərbi gücünü artırmaqda davam edir. Hazırda bu əyalətdəki Türkiyə hərbçilərinin sayı 9 mini ötür.

Lakin Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, Suriya ordusu yeni ərazilər tutur. Ankara çətin ki, suriyalıları yerləşdikləri mövqedən geri çəkilməyə məcbur edə bilsin. Ərdoğanın Rusiyaya təzyiq etmək imkanı isə məhduddur. Türkiyə Suriya ordusu ilə hərbi münaqişəyə girmək istəməz. Çünki bu, Moskva ilə birbaşa toqquşma deməkdir. Ankara bunu qətiyyən arzulamır.

Türkiyə anlayır ki, İdlibdə iri miqyaslı döyüşlər başlasa, buradan gələn miqrantların sayı artacaq. Türkiyə indiyədək Suriyadan 3,5 milyon qaçqın qəbul edib. Bu ona ciddi iqtisadi, sosial və hətta siyasi problemlər yaradıb.

Nəhayət, Tükiyə Liviyada və Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatlardan sonra daha bir mücadiləyə hazır deyil. Ümumiyyətlə isə, Ankaranın Suriyadakı əsas problemi İdlib yox, Suriyanın şimal-qərbindəki “PYD” və “YPG”-dir.

Moskvaya təzyiq göstərilməsi

Əlbəttə, Türkiyənin köməksiz vəziyyətdə olmasını və onun Rusiyaya təzyiq göstərə bilmədiyini söyləmək olmaz. Türkiyə yardım üçün ən azından ABŞ-a müraciət edərək, onunla münasibətləri yenidən yaxşılaşdırmağa cəhd göstərir. Ərdoğanın belə bir gedişi Moskvaya böyük problemlər yaradar, ancaq hələ ki, bu az inandırıcıdır. Çünki Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin Ankaraya səfəri yeni heç nə verməyib.

Türkiyənin Rusiyaya təzyiq etməsinin digər variantı “Astana formatı”nın sabotaj olunmasıdır. Astana razılaşması Moskva, Ankara və Tehranın nəinki Suriyada, həm də regionda əməkdaşlıq etmək bacarığının sübutudur. Türkiyəsiz Astana formatının mənası qalmayacaq.

Həmçinin Ankara İdlib əyalətinin şimal rayonlarında hərbi qüvvələr yerləşdirərək, bu əraziləri zəbt edə bilər.Və belə olan halda həmin ərazilər danışıqların növbəti predmetinə çevrilər. Yalnız ümid etmək lazımdır ki, Türkiyə İdlib üzündən Moskva ilə münasibətləri risk altına almasın.

Bundan sonra nələr baş verəbilər?

Çox böyük ehtimalla bundan sonra da Suriya ordusu Rusiya təyyarələrinin havadan dəstəyi ilə ölkənin iki mühüm şəhəri arasındakı magistral avtomobil yolunu tam nəzarətə götürməyi davam etdirəcək.

Dəməşq və Moskva üçün həmin nəqliyyat arteriyasının açılması İdlibdən daha çox vacibdir. Çünki Hələb və Dəməşqin birləşdirilməsi iqtisadi nöqteyi-nəzərdən ölkənin bərpa edilməsində müstəsna rol oynayacaq.

Türkiyə suriyalıların İdlibə girməsinə və ya öz sərhədlərinə yaxınlaşmağa imkan verməməkdən ötrü, bu əyalətdəki hərbi gücünü daha da artıracaq. Onu da demək gərəkdir ki, Ərdoğanın bəyanatları və davranışları ilk növbədə daxili auditoriyaya yönəlib. Ona görə də Suriyada geniş miqyaslı gərginlik və Rusiya-Türkiyə əlaqələrinin radikal pisləşməsi gözlənilmir.

Tərəflərin uzunmüddətli və iri miqyaslı hərbi fəaliyyətləri regiondakı növbəti böhranı dərinləşdirməklə yanaşı, həm də iki ölkə münasibətlərinin yenidən korlanması riskini artırır.

Hələlik Moskva və Ankara İdlib məsələsində razılığa gəlməyə çalışırlar. Ancaq həqiqətən bunu həyata keçirmək asan deyil. İndi tərəflər yeni nəzarət və bufer zonaları müəyyənləşdirməlidir.

Bütün bunlardan əlavə, hələ qarşıda Hələbin şimal əyalətləri və Türkiyənin şimal-şərqdə nəzarət altına götürdüyü bufer zonası ilə bağlı problemin həlli məsələsi dayanır. Bəli, heç şübhə yoxdur ki, bu cür mürəkkəb vəziyyətdə ümumi dil tapmaq çox çətin olacaq (Carnegir Moscow Center).(Tərcümə: AzPolitika.info)

pia.az


Etiket: Ankara Moskva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar