Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət başçısı: "Biz İtaliya şirkətlərini dəvət edirik"

“Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik”.

PİA.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısı bildirib: "Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.

Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.

O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.

Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.

Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır”. (Report)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar