Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizdə estafetin gənclərə verilməsi problemi yaşanır”

“Gənclər fərdi şəkildə özlərini ifadə edə bilirlər, ancaq...”

Mehman Əliyev: “Gənc namizədlər bu seçkidə daha yaxşı görünür və daha çox sevilirdilər...”

Növbədənkənar parlament seçkisi bundan əvvəlki seçkilərdən bir çox cəhətlərilə yanaşı, çoxlu sayda gənc namizədlərin iştirakı ilə də fərqləndi. Bəzən belə gənclər öz mübarizə əzmlərilə heç də uzun illər siyasətdə olan namizədlərdən geri qalmadıqlarını da göstərdilər.

“AzPolitika.İnfo” Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə son parlament seçkiləri, bu seçkilərdə gənc müstəqil namizədlərin iştirakı və ümumilikdə seçkinin nəticələrilə bağlı söhbətləşib.

- Mehman bəy, növbədənkənar parlament seçkilərində AXCP istisna olmaqla, əksər müxalifət partiyaları iştirak etdi. Sizcə, ümumiyyətlə müxalifətin bu seçkidə iştirak edib-etməməsi nəyi dəyişirdi?

- Nəzərə alınmalıdır ki, Beynəlxalq Seçki Müşahidəsi Missiyasının rəyi müxalifəin seçki prosesində iştirakından asılı idi. Yəni müxalifət seçkiyə qatılaraq, pozuntuları, saxtakarlıqları və bu qəbildən olan faktları qeydə almaqla həm seçkidə iştirak etdiyini göstərir, həm də prosesin şəffaf keçmədiyini sübut etməyə çalışırdı. Fikrimcə, müxalifətin seçkidə iştirakı olmasaydı, dediyim məqamları sübut etmək çox çətin olacaqdı. Ona görə də, müxalifətin seçkilərdə iştirakı vacib məsələdir.

Açığı, cəmiyyətdə ümidlər vardı ki, nəsə dəyişə bilər, çox şey başqa cür olacaq və sair. Hətta xeyli müstəqil namizədlər ortaya çıxdı. Bu mənada cəmiyyətə iqtidarın və müxalifətin mövqeyinin göstərilməsi baxımından tərəflərin seçkidə iştirakı lazımdır.

Digər məsələ isə cəmiyyətin özünün seçkilərə münasibətidir. Biz gördük ki, seçicilər bir sıra dairələrdə namizədləri qovur, onlarla danışmaq istəmirdilər. Həmçinin, cəmiyyətin sosial şəbəkələrdə iştirakı, fəallığı var. Mən hesab edirəm ki, real addımların atılması baxımından cəmiyyət öz prinsipiallığını göstərdi.

- Sizə elə gəlmirmi ki, bəzi gənc müstəqil namizədlərin bu seçkidəki fəallığı bütövlükdə müxalifət partiyalarının fəaliyyətini kölgədə qoyurdu? Məsələn, Mehman Hüseynov və digərləri...

- Sizə deyim ki, bu, yenilik deyildi. Sadəcə, Mehman Hüseynov sosial şəbəkələrdə öz fəaliyyəti ilə kifayət qədər aktiv idi və həm də tanınmış simadır. Özü də təkcə namizəd olduğu dairədə deyil, ölkə üzrə... Yəni bu fəallıq müstəsna olaraq növbədənkənar seçkilərlə bağlı deyildi. Konkret olaraq o, öz fəaliyyəti ilə tanınmışdı və seçkilərdə bu amildən istifadə edə bildi.

- Söhbət təkcə Mehman Hüseynov deyil, Bəxtiyar Hacıyev, Azər Qasımlı, Ziya Quliyev kimi gənc namizədlərin də seçki kampaniyasında müxalifət liderlərini kölgədə qoymasından gedir...

- Azər Qasımlı və ya Bəxtiyar Hacıyev Mehman Hüseynov kimi bloqer olmayıb. Amma buna baxmayaraq, sizə bildirim ki, bu fürsətdən yaxşı istifadə edərək sosial şəbəkələrdə kampaniya apara biliblər. Burada yeganə fərqli məqam budur. Adını çəkdiyiniz və çəkmədiyiniz namizədlər bu baxımdan effektiv iş aparıblar və fərqləniblər.

- Deməli, belə çıxır ki, hətta müxalif düşərgədə də nəsil dəyişikliyi baş verir...

- Bizdə hər zaman yeni nəsil formalaşıb. Əslində bu, yenilik də deyil. Bir nəsil gedib, digəri gəlib. Bu prosses var. Mən yeni nəsil deyəndə daha çox uşaqlıqdan smartfonlar və digər müasir texnologiyalarla böyüyənləri nəzərdə tuturam. Onların həyat tərzi birbaşa informasiya texnologiyaları ilə bağlıdır. Yeni təbəqə bundan ibarətdir. Sözsüz ki, informasiya resursları, imkanları onlar tərəfindən yetərincə istifadə edildi və buna görə də insanlar onları izləyir, tanıyır və görürlər. Elə bu səbəbdən də, onlar bu seçkidə daha yaxşı görünür və daha çox sevilirdilər.

- Həm də öz fəaliyyətləri ilə bir növ ənənəvi müxalifəti faktiki olaraq, görünməz etmişdilər...

- Mən sizi anlayıram. Amma müxalifət olmaqla bloqer olmaq başqa-başqa şeylərdir. Mən deyirəm ki, biz ənənəvi jurnalistikanın nümayəndələriyik. Bizim sistemli mübarizə, hansısa formada tədqiqatlarımız, sahələri yaxşı bilmək, səfərbər olmaq kimi üstünlüyümüz var. Amma gənclərdə bu yoxdur. Məsələn, bu gün estafeti kiməsə vermək istəyirsən. Hansısa sahə üzrə təhqiqat, müşahidə aparan fərdlər, yaxud jurnalist təşkilatları yoxdur. Elə qocalar qalıb, onlar izləyir, monitorinqlər aparır və s. Biz gəncləri görmürük. Fərdi şəkildə bacarırlar, nəsə edirlər, amma təşkilatlanmış şəkildə yoxdurlar. Bu, reallıqdır.

- Demək istəyirsiniz ki, bu seçkilərdə müxalifəti kölgədə qoyan, bir növ hakimiyyətə alternativ kimi görünən gənc namizədlər təşkilatlanmayıb və seçkidən sonra ortada olmayacaqlar?

- Təsəvvür edin ki, fərd olaraq mən çıxıram ortaya və deyirəm ki, ey millət, məni seçin. Millət məni tanıyır və bu, müsbət haldır. Amma ortada bundan başqa da bir şey yoxdur. Deyək ki, mən korrupsiya ilə mübarizə aparıram, bunu çəkirəm, göstərirəm və yüz minlərlə insan buna baxır. Beləcə məni tanıyırlar və bununla da hər şey bitir. Amma bu, o demək deyil ki, mən korrupsiyanın süqutuna nail olmaq üçün real işləri həyata keçirə bilərəm. Biz tanıyırıq ki, Ələsgər Məmmədli var, Akif Qurbanov, Anar Məmmədov var. Amma gəncləri görə bilmirik. Gənclər, müasir texnologiya ilə böyüyən təbəqə belə işlərlə məşğul olmaq istəmir. İstəmirlər otursunlar, vaxt sərf edib işləsinlər, ortaya məhsul qoysunlar. Amma çalışırlar ki, ortaya çıxsınlar, improvizə etsinlər, özlərini tanıtsınlar və s. Lakin təşkilati formada yoxdurlar.

Amma bununla yanaşı, siyasətdə də nəsil dəyişikliyi gedir və bu, təbii prosesdir. Əsas məsələ odur ki, cəmiyyətin özü oyanır, subyektə çevrilir.

- Bu seçkilərin daha bir fərqli cəhəti o oldu ki, pozuntularla bağlı çoxlu sayda faktlar, videolar yayımlandı. Müxalifət bütünlükdə seçkiyə qatılanda, böyük müşahidə-nəzarət mexanizmi quranda belə, bu cür faktları ortaya çıxara bilmirdi...

- Bu, daha çox sosial şəbəkələr və texnologiya ilə bağlı məsələdir. Hesab edirəm ki, buna daha çox sosial şəbəkələr imkan yaradıb. Əvvəllər sosial şəbəkələr olmayıb. Gənclər müasir texnologiyanı, onun imkanlarını, sosial şəbəkəni, ondan istifadə qaydalarını və s. daha dərindən bilirlər. Amma bəzi siyasi partiyalar da bu seçkilərdə müasir texnologiyadan istifadə edərək, seçkiyə nəzarət mexanizmi yarada biliblər. Ümid Partiyası sosial şəbəkə və internetin imkanlarından istifadə edərək, pozuntuları qeydə alıb. Bu iş aparılıb. Təkcə bizim gənc nəsildən olan namizədlər bu işi həyata keçirməyib. Əslində, bu fəaliyyət növü bizdə məşq mərhələsindədir və növbəti seçkilərdə ondan istifadə daha geniş və dərin formada olacaq.

Amma bizdə estafetin gənclərə verilməsi problemi yaşanır. Oturub araşdırma aparsınlar, sosial şəbəkələri araşdırsanlar, hesabatlar hazırlasınlar, bax bunu görmürük və bu, problemdir. Bəyəm bizə kimsə deyirdi ki, bunu öyrənin? Özümüz nəsə yaradırdıq, təşəbbüslər göstərirdik. İndi isə təşkilatçılıq yoxdur.

Məsələn, Oqtay Gülalıyev siyasi məhbsularla bağlı fəal işləyirdi. Oqtay yoxdur, ona görə indi bu istiqamətdə boşluqdur. Bəs hanı gənclər? Gəlib bu işi görsünlər də. Bu işləri əsasən yaşlı adamlar aparır, gənclər buna meylli deyillər. Gənclər, dediymiz təbəqə daha çox özünü ifadə etməyi bacarır. Onlar fərdi şəkildə özlərini ifadə edə bilirlər, hətta sosial şəbəkələrdə populyarlıq qazanırlar, amma təşkilatlana bilmirlər.

Rasim Əliyev

AzPolitika.info

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar