Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni binalar zəlzələyə davamlı deyil – “Betonun içərisini daş, kərpiclə doldururlar”  

Türkiyədə baş verən zəlzələ nəticəsində uçan binalardan sonra Bakıdakı “xruşşovka”ların taleyi bir daha gündəmə gəlib...

Yada salaq ki, qardaş ölkənin Elazığ vilayətində baş verən zəlzələ nəticəsində əsasən köhnə binalar uçub. Bakıda da bu kimi binalar az deyil. Son illər onlardan bəziləri sökülsə də, böyük əksəriyyətində hələ də yaşayış davam edir.

Sökülən binaların əksəriyyəti 1-3 mərtəbəli binalardır. Hələ ki beşmərtəbəli “xruşşovka”lara sıra çatmayıb. Bu binaların söküntüsü sürətlə aparılmır.

Bir sıra şirkətlər evləri sata bilmədikləri üçün pilot layihələrin icrasını sürətli apara bilmirlər. Bildirək ki, söküntü işləri daha çox şəhərin mərkəzinə və metro stansiyalarına yaxın ərazilərdə aparılır. Orada inşa edilən yeni binalardakı mənzillərin qiyməti isə xeyli yüksəkdir. Bu səbəbdən də tikilən binalarda əksər mənzillər satılmır.

Məsələn, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 4 ildir 2 mərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır. Hazırda qeyd etdiyimiz ərazidə yeni binaların tikintisi davam edir. Lakin xeyli sayda 2 mərtəbəli binaların söküntüsünə hələ də başlanılmayıb.

Əslində isə 2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə məsələ ilə bağlı Nazirlər Kabinetinin də qərarı olub. Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi. Lakin “xruşşovka”ların söküntüsü ləngiyir.

2016-cı ildə bildirilirdi ki, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektar, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729 kimi qeyd olunmuşdu. Bu gün bir çox “xruşşovka”ların zirzəmisi su ilə doludur. Bu isə xüsusilə də aşağı mərtəbələrdə yaşayan sakinlər üçün əlavə xəstəlik mənbəyi yaradıb.

Eləcə də Xətai rayonu ərazisində zirzəmisi su ilə dolu olan 9 mərtəbəli binalar da var ki, bunlar da ekspertlərin fikrincə, zəlzələyə qarşı dözümsüz hala gəlib. Ekspertlərə görə, hazırda Bakıda tikilən bir çox hündürmərtəbəli binalarda da zəlzələyə qarşı dözümlülük nəzərə alınmır. Bildirək ki, bir neçə ay öncə sosial şəbəkələrdə yeni tikilən binalardan birinin çöl divarını güclü əsən küləyin uçurması ilə bağlı fotolar yayılmışdı...

Bakı Şəhər Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmış Əzim Məsimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, binaların hər birinin müəyyən ömrü var: “Hər bina inşa ediləndə bildirilir ki, bu tikili filan qədər ayaqda qalmaq gücündədir. Musabəyov küçəsində 5 mərtəbəli binalar tikilmişdi. Həmin binalar qətiyyən zəlzələ kimi hadisələrə hesablanmamışdı. Bu səbəbdən onların bir qismi öz-özünə uçmağa başladı. Sonradan bu binaları sökdülər. Mənim fəaliyyətdə olduğum dövrdə tikilən panel binalar isə zəlzələyə tamamilə davamlıdır. Bu binalar hətta 8-9 ballıq zəlzələyə də dözəcək. Çünki həmin binalar monolit tikililərdir və bir-birilərinə də birləşdirilib. Hər biri yük götürə bilən panellərdir. Müasir dövrdə tikilən hündür binalara gəlincə isə onların problemi var. Bu problem ondan ibarətdir ki, qaldırılan beton ramaların içərisini daş, kərpiclə doldururlar. Ən təhlükəli hissə də elə budur. Çünki bina silkələnən zaman həmin daşlar evin içərisində olan adamların üstünə tökülə bilər. Bu isə fəlakət yaradar. Müzakirələrdə biz hər zaman nəzərə alırdıq ki, zəlzələ olan zaman bu daşlar insanların üzərinə tökülməsin. Ona görə də həmin daşların içərinə monolit dəmir-beton hissələri qoyulurdu. İndikilərdə isə bu kimi tədbirləri görmürəm. 1, 2, 3-cü mikrorayonlarda tikilən fransız binalardır. Bu binalar möhkəm evlərdir və uzun müddət qala bilər. Hazırda həmin binalarda elə böyük deformasiya yoxdur. Lakin istismarından asılı olaraq burada da fərqli məqamlar var. Məsələn, zirzəmisinə su dolan binaların vəziyyəti digərləri ilə müqayisədə yaxşı deyil. Ümumi götürəndə isə həmin binaların zəlzələyə və istismara dözümü möhkəm idi. Hökumət bu binaları söküb, çoxmərtəbəli binalar tikmək istəyirdi ki, şəhərin görünüşü dəyişsin, həm də daha çox yer əldə edilsin”.

Ekspertin fikrincə, Bakıda inşa edilən həyət evləri üçün ciddi təhlükə yoxdur: “Həyət evlərinin lentvari bünövrəsi tökülür, əksəriyyətində də kəmər olur. Bu baxımdan onlar zəlzələ zamanı təhlükəli deyil. Lakin əgər kimsə 1 qat daşdan ev tikirsə, evi qızdıra, soyuda bilmir. Problem bununla bağlı olur. Ona görə də evin çöl divarları 40 santimetrdən az olmalı deyil”.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar