Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SSRİ-yə etiraza çevrilən milyonluq mərasim - Şəhidlərin dəfni necə baş tutub?

 Şeyxulislam “ailənizlə halallaşın”sözünü kimlərə deyib?...

Bakı 1990-cı ilin 20 Yanvar səhərini al-qan içində açdı. Sovet ordusunun şəhərə vəhşicəsinə xəbərsiz hucumu yüzlərlə dinc sakininin qətli ilə nəticələnmişdi. Şəhər küçələrində yerə sərilmiş insan meyitləri, hövüllü yürüyən hərbi texnikanın tırtılları altında əzilmiş yük maşınları bir zamanlar dostluq və günəşli şəhər sayılan paytaxtın səhər tablosuna çevrilmişdi.

Düşmənin ilk baxışdan zəfər çaldığı təəssüratı yaranırdı. “Qarabağa ədalət” deyə hayqıran, azadlıq uğrunda ayağa qalxmış xalq gülləbaran edilmiş, barrikadalar dağıdılmış, millət sarsılmışdı. Bakıya təyin edilmiş sovet komendantı Dubinyakın əmrini əlindəki meqafonla əcaib ləhcə ilə Azərbaycan dilində oxuya-oxuya küçə ilə keçən hərbi texnikanın arxasınca yüz minlərlə nifrətdən səyirən insan simaları baxırdı…

Düşmən elə bilirdi qalib gəlib.

Həmin günlər dünya Azərbaycan xalqının gücünü və düşmənə nifrətini ifadə edən nəhəng bir aksiyasının şahidi oldu. Bakının ən uca yerində Şəhidlərin dəfni baş tutdu.

Bəs bu necə baş verib?

Həmin gün qanlı gecənin intiqamı ilə alışan yüz minlərlə insan Mərkəzi Komitənin qarşısına toplaşmışdı. Belə bir gərgin şəraitdə digər mühüm məsələ açıq qalırdı: Sovet hərbçilərinin qətlə yetirdiyi azərbaycanlıları harada dəfn etməli?

Sovet hərbi komendantlığı, general Dubinyak və Azərbaycan rəhbərliyinin bir sıra “milli” məmurları meyitləri tez bir zamanda doğulduqları rayonlara göndərib dəfn olunmasını istəyirdilər. Buna ilkn cəhdlər edilirdi.

Meyitlər isə Təzəpir məscidinə gətirilməyə başlanmışdı…

Mərkəzi Komitənin qarşısında xalq intiqam çağırışları ilə hayqırırdı. Silahlı sovet əsgərləri hər tərəfdən soyuq avtomat lülələrini izdihamın üzərinə tuşlamışdılar.

“Qardaşlıq məzarı”

Məhz həmin gün ölkənin milli yaddaşına, gələcək nəslin and yerinə çevriləcək bir addımla bağlı qərar verildi. Şəhidləri bir yerdə, qardaşlıq məzarlığında dəfn etmək!

Bu işi təşkil etməli olan rəsmi qurumlar isə pərən-pərən düşmüşdü. Amma çıxış yolu tapıldı. Xalq etibar etdiyi şəxslərini qabağa verərək onlara bu müqəddəs işi yerinə yetirməyi həvalə etdi.

Mitinqdə Şəhidlərin harada və necə dəfn olunması barədə müxtəlif fikirlər səsləndirilir. Bəziləri şəhidlərin indiki Sahil bağında (keçmiş 26-lar bağı) bir qrup “Bakı” mehmanxanasının qarşısındakı bağda (keçmiş İliç bağı) dəfn olunmasını təklif etdilər. Müzakirədən sonra dəfn yeri olaraq Dağüstü Parkın üstündə dayanırlar.

Mərkəzi Komitənin qarşısındakı mitinqdə İctimai Dəfn Komissiyasının yarandığı elan olunur. Sədr və üzvlər xalqın səsi ilə təyin edilir.

Dünənə qədər televiziyada beynəlxalq problemlərdən, insanlara siyasi böhranın yaşatdığı faciələrdən danışan professor Qüdrət Əbdülsəlimzadənin qismətinə həmin gün öz xalqının başına gətirilmiş faciənin qurbanlarını son mənzilə salmaq düşür. Xalq onu İctimai Dəfn Komissiyasının sədri seçir.

Təzəpir Məscidinə isə meyitlər gətirilməyə başlanmışdı. Yanvarın əvvəlindən bəri siyasi böhranın qansız həll olunmasına ölkə ziyalıları ilə birgə var-gücü ilə çalışan Şeyxulislam Allahşükür Paşazadə üçün ömrünün ən ağır günü idi.

“General Dubinyak meyitlərin dərhal buradan çıxarılmasını və müvafiq qaydada yaşayış yeri üzrə dəfn olunmasını tələb edir”. Sovet hərbçisinin boğuq səsi məscidin divarlarına dəyib qayıdırdı: “Eşidirsiz, dərhal əmri yerinə yetirin”…

Mərkəzi Komitənin qarşısında isə İctimai Dəfn Komissiyasının üzvləri elan olunur:

Hacı Allahşükür Paşazadə
Azər Nəbiyev
Xəliyəddin Xəlilov
Xalid Muxtarov
Nəriman Əliyev
İsmayıl İncəli
Malik Mehdiyev
İbrahim Əliyev
Rəhim Qasımov
Bağır Bağırov

Mikrofona yaxınlaşan Q.Əbdülsəlimzadə ağır-ağır ilk müraciətini edir: “Sizin qəzəbiniz, nifrətiniz, intiqam hissiniz, göz yaşlarınız, lənət səsləriniz ümummilli kədərimizin necə ağır olduğunu sübut edir… Lakin xalq və millət sarsılsa da, əyilməməlidir. Biz ilk növbədə şəhidlərimizin adlarına, əməllərinə görə layiqincə dəfni, uğrunda canlarından keçdikləri Vətən torpağına tapşırılması barədə düşünüb hərəkət etməliyik. Bu bizim milli, dini, insani vətəndaşlıq borcumuzdur. Bütün şəhidlərin bir məkanda, qardaşlıq qəbirstanlığında dəfn olunması məsləhət bilinir… Şəhidlərimizin vaxtilə 1918-ci ildə mart qırğını qurbanlarının dəfn olunduğu Dağüstü ərazidə torpağa tapşırılması razılaşdırılmışdır. Vaxtı itirmək olmaz! Kim könüllü surətdə bu savab və müqəddəs işdə iştirak etmək istəyirsə, sizdən sol tərəfdəki saatın yanına toplaşsın…”

Mitinq davam edir. Mitinq iştirakçılarından bir neçə yüz nəfərlə aralıq kəsmə yolla Dağüstü parka qalxmağa başlayır. Orada “Bərpaçı” Tikinti İdarəsinin rəisi Malik Mehdiyevlə birgə uyğun yer seçilməsini onunla, sonra isə hamılıqla razılaşıb işə başlanır.

Xalq qəbirlərin traktorla qazılmasının qəti əleyhinə çıxır. “Biz şəhidlərimizin qəbirlərini əllərimizlə qazacağıq” deyirlər. Hərbçilərin hədə-qorxuları altında könüllülər sükut içində bir-birini əvəz edərək, yanvarın 21-də axşama yaxın şəhidlər üçün 120 qəbir hazırlaya bildilər.

Yanvarın 21-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşühükr Paşazadənin SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən bəyanatı bütün ölkəyə yayılır. Şeyxulislam Təzəpirdə bütün din xadimlərini yığır, Şəhidlərin dəfninə hazırlıq başlanır. “Evinizlə, ailənizlə hallalaşıb gəlin, hər şey ola bilər!”-deyə A.Paşazadə məscidə toplaşmış dindarlara müraciət edir.

Dəfn üçün rəsmi icazəni necə almalı?

Şəhidlərin nəşinin müsəlman qaydalarına uyğun hazırlanması üçün iş başlanır. Tikə-parça olmuş, güllələrin parçaladığı meyitləri göz yaşları içində cənazə törəninə hazırlayan ruhanilər üçün mənzərə dəhşətli idi.

A.Paşazadə müsahibələrinin birində demişdi ki, “kəfən çatdırmaq olmurdu, dəfn olunmaq üçün gətirilmiş tək insan qolunu indi də unuda bilmirəm”.

Dağüstü Parkda isə Şəhid qəbirləri qazılırdı. Lakin Komissiyanın qarşısında bir məsələ dururdu: Dəfn üçün rəsmi icazəni necə almalı?

Fövqəladə vəziyyət elan olunduğu üçün bütün idarə, təşkilat, qurumların səlahiyyətləri Bakı şəhər komendantlığına keçmişdi. İş otaqları, seyfləri bağlanıb möhürlənmişdi. Dəfn üçün rəsmi orqanlardan icazə məsələsini həll etmək Komissiya üzvü Azər Nəbiyevə həvalə olunur. O zaman 26-lar rayonunun (indiki Səbail) birinci katibi olan mərhum Vəli Məmmədov və İcraiyyə Komitəsinin sədri Əli Məmmədov riskə getməli olurlar. Kabinetdən gizli yolla əldə etdikləri rəsmi blankda şəhidlərin Dağüstü parkın ərazisində dəfn olunmasına icazə verilməsi barədə sərəncam imzalayırlar.

Dəfn Komissiyasının üzvlərinə təzyiqlər də səngimirdi. Onlar hədələnir, izahat verilməsi üçün orqanlara çağrılır, şantajlara məruz qalırdılar. Lakin onlar heç nədən qorxmayaraq sona qədər öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirə bildilər.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfni başlanır. Milyonlarla insan küçələrə, meydanlara çıxaraq öz azadlıq uğrunda həlak olan qəhrəmanlarına son borclarını verməyə gəldilər. Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrilir. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər. Kremlin arzu etdiyi dini təfriqə baş tutmadı.

İctimai Komissiya və informasiya blokadası

İctimai Dəfn Komissiyasının fəaliyyəti təkcə şəhidlərin son mənzilə yola salınmasının təşkili ilə məhdudlaşmayıb. Onun üzvləri eyni zamanda həlak olanların siyahısının dəqiqləşdirilməsi, şəhid ailələrinə maddi-mənəvi kömək göstərilməsi, xəstəxanalarda yaralılara baş çəkilməsi, həbs olunanlar haqqında məlumat toplanması və onların azad edilməsi üçün imzalar toplanmasını təşkil edib.

İtkin düşənlərin taleyinin araşdırılması ilə bağlı müxtəlif orqanlara müraciət olunması, “Şəhidlər Xiyabanı” ətrafındakı hərbçilərlə mürəkkəb münasibətlərin çətinliklə də olsa, nizamlanması, müxtəlif səpkili fitnəkarlıq hərəkətlərinin qarşısının alınması bu cəsur insanların üzərində idi.

İctimai Komissiya dünyanın müxtəlif ölkələrindən Bakıya leqal və bəzən də qeyri-leqal yollarla gəlmiş KİV nümayəndələrinin real vəziyyətlə məlumatlandırılmasında mühüm fəaliyyət göstəriblər.

Komissiya Kremlin Azərbaycanda “islam təməlçiliyi” ilə bağlı əsassız iddiaları ilə bağlı “Nyu-york tayms” (ABŞ) qəzetinin müxbirinin sualın cavabı birmənalı olmuşdu: “Şəhidlər Xiyabanı”nda azərbaycanlılarla bir məkanda, yan-yana rus, tatar, yəhudi, ləzgi millətindən olanlar da dəfn olunub. Bizi islam təməlçiliyində günahlandırırlar. Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?”

Qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro çətinliklə Dəfn Komisisyasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaradaraq Bakıda baş verənlərlə bağlı ətraflı mlumat ala bilir. Şeyxülislamla 40 dəqiqə davam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetində çap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. Ölkədə bütün informasiya agentliklərinin ciddi nəzarətdə olduğu bir vaxtda QMİ sədri “Vətən” cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova etiraz bəyanatını göndərə bilir.

Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsi milyonlarla vətəndaşın yeganə ümid yerinə çevrilmişdi. QMİ hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi. Yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilatı rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili – bunlar QMİ-nin fəaliyyətinin yalnız görünən tərəfiydi.

Yanvarın 22-də milyonluq izdihama başçılıq edən A.Paşazadə dəfn prosesində bir nəfər belə hərbçinin görünməməsini tələb edir və izdihamdan qorxan hərbçilər bunu yerinə yetirməyə məcbur qalırlar. Bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olunur.

İctimai Komissiyanın məlumatları əsasında İngiltərədə nəşr olunan “Qardian” qəzeti 22 yanvar 1990-cı il sayında yazmışdı: “Bu hərbi əməliyyatı əsassız bir qorxu və səksəkənin nəticəsi kimi yozmaq olar. Ordunun hücumu zamanı günahsız adamların (cavanların, qadınların, uşaqların) vəhşicəsinə güllələnməsi, tankların özlərini onların altına atan cavanları basıb keçməsi, tonqallar ətrafında qızınan azərbaycanlıların üzərinə hücuma keçərək, cəsədlərin tanınmaz hala salınması bütün dünya ictimaiyyəti tərəfindən pislənməlidir”.

“Los Angeles Times” qəzeti 23 yanvar 1990 -cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

Böyük Britaniyanın “The Times” qəzeti 29 yanvar 1990-cı ildə qırğın barədə bunlar yazıb: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”.

42 gün – yanvarın 20-dən martın 2-dək fəaliyyət göstərən İctimai Dəfn Komissiyası bu müddət şəhidlərin haqqında məlumatlar toplayıb Bakı Şəhər İcraiyyə Komitəsinin Dəfn Bürosuna təqdim edib. Q.Əbdülsəlimzadə yazır ki, snayperlərin hədəfində olan, hərbçilərin hədə və təhqirlərinə məruz qalan, dövlət məmurlarının istehzaları ilə qarşılaşan, “sapı özümüzdən olan baltaların” ləyaqətsiz hərəkətləri və qərəzli böhtanları ilə rastlaşan “qayğıkeş” məsləhətləri, “Şəhidlər Xiyabanı”nın tez-gec “dağıdılacağı”, görülən işin “faydasız olduğu” barədə öyüd-nəsihətləri eşidən lakin xalqın inamına, gücünə arxalanmış, tarix qarşısındakı məsuliyyətini dərk etmiş İctimai Dəfn Komissiyası, onun fədakar köməkçilər dəstəsi öz vətəndaşlıq və övladlıq borclarını layiqincə yerinə yetirə bildilər.

20 Yanvar şəhidlərinin dəfninin təşkili və “Şəhidlər Xiyabanı”nın xalqımızın müqəddəs and yeri, habelə uca ziyarət məkanına çevrilməsində İctimai Dəfn Komissiyası müstəsna bir rol oynayıb. (Azpost.info)

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar