Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Alfa” qrupu AZTV-ni necə partladıb? 

Qorbaçovun Bakıda olan hansı nümayəndəsi əmri verib?..

Tanınmış telerejissor, Azərbaycanın xalq artisti Vasif Babayev qanlı Yanvar günlərində şahidi olduğu hadisələr barədə yazı yazıb.

PİA.az həmin yazını oxucularına təqdim edir:

“Bu il Qanlı Yanvar Faciəsinin 30-illiyi tamam olur. Mən sizinlə Azərbaycan Dövlət Televiziyasında o faciyəvi günlərdə baş verən hadısələrlə bölüşmək istərdim.

YANVAR FACİƏSİ TELEVİZİYADAN BAŞLANDI

Paytaxtın “Parlament” prospekti ilə keçərkən, Şəhidlər Xiyabanı və vaxtilə çalışdığım Azərbaycan Dövlət Televiziyasının qarşısında bir neçə anlıq da olsa, dayanmağa məcbur oluram. Bu iki məkan mənə və mənim timsalımda 30 il öncə baş verənlərin əsl şahidi olmuş insanlara çox həqiqətləri deyir. Çox təəssüf edirəm, illər bizi Qara Yanvar hadisələrindən uzaqlaşdırdıqca, mətbuat səhifələrində, internet saytlarında təhrif olunmuş faktlar və yalançı qəhrəmanların “xatirələri”nə rast gəlirik. Mən həmin illərdə Azərbaycan Dövlət Televiziyasında baş rejissor vəzifəsində çalışırdım, hadisələrin sıravi şahidi yox, birbaşa iştirakçısı idim. Ölkədə baş verən mürəkkəb siyasi-ictimai proseslər dövlətin əsas və yeganə televiziya kanalından daha aydın görünürdü.
1990-cı il yanvar ayının 16 – 19-da Bakının Azadlıq meydanında, Azərbaycan Kommunist Partiyasının MK-nın, Respublika Ali Sovetinin binaları qarşısında izdihamlı mitinqlər keçirilirdi.

İştirakçıların tələbləri belə idi: “Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır! Ermənistan öz iddialarından əl çəksin! Ordu Bakıdan, ətraf rayonlardan Dağlıq Qarabağa, Azərbaycan-Ermənistan sərhədlərinə köçürülsün və həmin ərazilərdə yerləşdirilsin! Respublikanın bütün rəhbərliyinə istefa!”

19 yanvar 1990-cı ildə saat 18:30-da Bakıda müşavirələrin birində Moskvanın, Kremlin məsul işçiləri Qorbaçovun Azərbaycana göndərilmiş SSRİ Ali Soveti Millətlər Şurasının sədri E.Primakov, KP MK-nin katibi A.Qirenko və millətlərarası münasibətlər şöbəsinin müdiri V.Mixaylovun arasında olan dialoqun stenoqramı çox şeydən xəbər verirdi. A.Qirenko: “Əmr var, Sovet ordusu Bakıya daxil olacaq. Azərbaycan rayonlarında və başqa şəhərlərində bunu əhali bilməməlidir”. E.Primakov: “Respublikanın bütün əhalisi demək olar ki, informasiyanı yalnız televiziyadan və radiodandan alır”. V.Mixaylov: “Rabitəni mütləq ləğv etmək lazımdır!” Bu həmin Mixaylov idi ki, yanvarın 17-də Azərbaycan KP Mərkəzi Komitəsinin şöbə müdiri A.Daşdəmirovla AzTV-də çıxış edərək, tamaşaçılara söz verirdi ki, ordu Bakıya heç vaxt daxil olmayacaq.

19 yanvar 1990-cı ildə Dövlət Teleradio verilişləri komitəsinin baş girişinin qarşısında miting iştirakçıları «Rəsmi dövlət orqanları dezinformasiyalarına son qoysunlar, hadisələr haqqında xalqa düzgün informasiyalar çatdırsınlar» tələbi edirdilər. Mitinqdən sonra televiziyanın buraxılış şöbəsinin böyük redaktoru Eldar Bayramov mənə yaxınlaşıb dedi ki, – Yarım saata axşam efiri başlamalıdır, mən nə edim?

Eldar haqlı idi, doğrudan da idarədə heç kim qalmamlşdl, hamı tərk etmişlər, qapılar bağlı idi.

Biz tez bir zamanda axşam efiri üçün şərti proqram tərtib edib, efiri açdıq. Həmin gün növbəyə çıxan diktor Sevda Ağazadə idi. Onu da qeyd edim ki, onunla bərabər Televiziyada Roza Tağıyeva və baş diktor Sabir Ələsgərov da vardı.

Mən, jurnalistlər Telman Qafarovu və Alı Mustafayevi işə çağırdım və onlarla birlikdə ana “Xəbərlər” proqramını efirə hazırlayırdıq. Jurnalist Rafiq Ağayev “Reuters” informasiya agentliyi ilə telefonla danışırdı. Birdə zəlzələ gücündə olan titrəyiş oldu, ətraf zülmət qaranlığa bürübdü. Bu vaxt dəhşətli partlayış baş verdi. Biz pilləkənlərlə həyətə düşdük, artıq tüstü ikinci mərtəbəyə qalxırdı. Biz enerji blokunun qarşısına çatanda, onun alışıb yandığını gördük. Dərhal yanğınsöndürmə xidməti və təcili yardımla əlaqə saxladıq. Təxminən 5 dəqiqəyə gəldilər. Təsəvvür edirsiz, həmin vaxtlarda nə yanğınsöndürənlər, nə də təcili yardım heç vaxt bu qısa müddətdə yetişmirdilər. Bu artıq ondan xəbər verirdi ki, hər iki qurum hadisə ilə bağlı əvvəlcədən məlumatlandırılıblar. Biz hələ onlar gələnə qədər su ilə yanğını söndürməyə çalışırdıq və məlum oldu ki, enerji blokunda olan iki mühəndis – Viktor Romanov və İbrahim Hüseynov yoxa çıxıblar. Hadisə yerinə Mərkəzi Komitənin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhülskəsizlik Komitəsinin sıravi işçiləri gəlmişdilər – bəs məsul işçilər niyə gəlmədi ?! Onlar mənimlə ayaqüstü 5-10 dəqiqəlik söhbətdən sonra idarədən çıxıb getdirdilər. Televiziya işçilərindən birinin “xatirələr”ində yazıldığının əksinə olaraq söyləmək istəyirəm ki, məsul şəxslərin heç biri həmin axşam Komitənin hər hansı bir otağına daxil olmamışdı. Çünki, işıqlar sönmüşdü, hər tərəf zülmətə qərq olmuşdu. Bütün söhbətlər həyətdə və foyedə, mənim iştirakımla baş vermişdi.

Onu da qeyd edim ki, son aylar bizim Teleradio Verilişləri Komitəsini hərbçilər və silahlı tanklar qoruyurdu. Hərbiçilər adətən kollegiya zalında və böyük məşq zalında dislokasiya olunurdular. Biz 5-6 nəfər əməkdaşlar ora getdik və gördük ki… təxminən 15-20 nəfər qeyri-adi, xüsusi geyimdə olan hərbçilər oranı tərk etməyə hazırlaşırlar. Onlar hər gün gördüyümüz əsgərlərə oxşamırdılar, onlar sanki kosmosdan bura gəlmişdilər. Sinələrində balaca qısa avtomatlar, dəbilqələrinin üzərində isə, iki kiçik antenlər, əllərində telefon-ratsiya vardı. Özləri də hündürboylu idilər. Bizlə kəlmə kəsmək belə “Ubiraytes von, a to mı za sebya ne otveçayem, mı vıpolnyayem prikaz.” Hətta ana söyüşləri ilə hədə-qorxu gəlməyə başladılar. Onlar “Alfa”dan idilər. Sabahısı gün isə biz yoxa çıxan iki mühəndis – İbrahim Hüseynov və Viktor Romanov söylədilər ki, mənim “Alfa” ilə mübahisəmi eşidiblər. Çünki, onlar həmin yerdə hərbiçilər tərəfindən qapı arxasında həbsdə saxlanılmşdılar. Onu da qeyd edim ki, “Alfa” qrupunu görən və yola salan yalnız mən və adlarını unutduğum bəzi əməkdaşlar olub.
19-dan 20-nə keçən gecə sovet işğalçı ordusu Bakı şəhərini gülləbarana tutdu. Gecə saat 1-ə işləmiş mən idarədən çıxdım və evə gəldim. Səhəri diri gözlü açdım, sübh tezdən yenə də işə hazırlaşarkən, evimə naməlum bir şəxs zəng edib dedi ki, sizin iki işçiniz, mühəndislər – Romanov və Hüseynov Bakı şəhəri 26 Bakı komisarları rayonu milis idarəsindədirlər. Onları buraxmırlar. Sonra: “yubansanız, partlayışı və hadisələri sizin boynunuza yıxacaqlar» – dedi. Mənə zəng edən şəxs, DTK-nın məsul əməkdaşı Laçın Ələkbərov idi. Biz onunla ailəvi dost olmuşuq. O, vaxtilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində DTK nümayəndəsi olub.

Evdən iş yerinə gedərkən həyatımın ən ağır, ən çətin, ən dözülməz anlarını yaşadım. Böyükdən balacaya hər kəs ağlayır, qadınlar saçlarını yolurdular. Əzilmiş maşınlar, avtobuslar, köşklər, ağaclar… Küçələr milyonlarla qərənfil dənizinə qərq olmuşdu. “Vəhşilər! Faşistlər! Düşmənlər!” sözləri eşidilirdi. Teleşirkətə çatanda artıq Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları, müstəntiq Rüfət Mansurov və teleradio üzrə kuratoru Məmmədəli Əliyev orada idilər.

Dövlət Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və mən bəzi vətənpərvər televiziya operatorlarına tapşırıq verərək onları Bakı küçələrinə, xəstəxanalarına, morqlara, idarələrə, faciə baş verən yerlərə çəkiliş aparmağa göndərdik. O günlər AzTv-nin bəzi operatorlarının işlərini xüsusi qeyd etmək istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də, bütün dünya ekranlarında göstərilir, Sovet Kommunist rejiminin siyasətini və qəddarlığını bir daha ifşa etdirirlər.

Həmin 20 Yanvar günü səhəri komitənin həyətində mən, Fuad Tariverdiyev və gecə ikən işğalçı ordu gecə Bakıya girmiş Sovet Ordusunun baş senzoru, general-leytenant Ovçinnikovla söhbət edirdik. Nə biz onu, nə də o bizi tanıyırdı. Bu vaxt həyacan içində gözləri dolmuş xalq şairi Baxtiyar Vahabzadə bizə yaxınlaşır, radio vasitəsi ilə efirə çıxmaq və bəyanat vermək istəyirdi. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb “Okuppantı, İşqalçılar !” deyə-deyə, onun üstünə tüpürdü. Təsəvvür edin Ovçinnikov nə vəziyyətə düşdü ? Onun ətrafında duran bir neçə silahlı əsgər dərhal avtomatlarını hazır vəziyyətə gətirdilər. Mən və Fuad tez hərəkətə gəlib aralarına girdik: “Bu bizim hörmətli xalq şairimizdir, millətimizin sevimlisidir, deputatdır”. Nələr baş verə bilərdi? Fuad Tarverdiyevlə birlikdə bir təhər vəziyyəti sabitləşdirdik. Faciənin qarşısını aldıq. Söz ardı əlavə edim ki, bu hadisə ilə bağlı hörmətli Bəxtiyar müəllim televiziya müsahibələrinin birində mənim adımı yaddan çıxararaq demişdi ki, məni bir rejissor ölümdən xilas etdi: “Mən onun adını bilmirəm”.
Televiziya jurnalisti Cavanşir Cahangirov, operator Ələkbər Muradov, mən və DTK-nın əməkdaşı Məmmədəli Əliyev, DTK-nın maşınında milis idarəsindən mühəndislər Romanovu və Hüseynovu televiziyaya gətirməyə çətinliklə nail olduq.. Mənim göstərişimlə, tanınmış jurnalist Cavanşir Cahangirov operator Ələkbər Muradovla dərhal partlayışa məruz qalmış enerji blokunun fonunda onlardan müsahibə aldılar. İbrahimlə Viktor təsadüfən sağ qalmışdılar. Sonralar istintaq müəyyən etdi ki, onları partlayışdan sonra məhv etməliydilər. Həmin müsahibə bir neçə əməkdaşımız və mənim üçün əhəmiyyətli məsələ oldu. Mühəndislərin müsahibələrindən və istintaqa verdikləri ifadələrdən bütün qaranlıq suallara cavab tapıldı. O vaxtlar Dövlət Təhlükəsizliyi, milis, prokurorluq orqanlarında çalışan əməkdaşların əksəriyyətində milli, vətənpərvərlik ruhu oyanmışdı. Qanlı faciə günlərində dünya şöhrətli siyasətçi, Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyində jurnalistlər qarşısında bəyanat verərək cəllad Qorbaçov rejimini, kommunist partiyasını , sovet imperiyasını təqsirli bilməsi xalqımızı azadlıq uğrunda mübarizəyə daha da ruhkandırmışdi və xalqımıza ürək-dirək vermişdi ! Azərbaycanda olduğu kimi, Dövlət Televiziyasında çoxları öz partiya biletlərini təhvil verirdilər. Əlbəttə, bir neçə gündən sonra, onlar partiya və icraiyyə komitələrinə üz tutaraq, kommunist partiyası biletlərinin geri qaytarılmasına xahiş edirdilər. Bəziləri hələ də, yanvarın 18-dən 27-ə qədər Azərbaycan Dövlət Televiziyasında baş verən proseslərdə fəal iştirak etdiklərini iddia edirlər. Biz birmənalı şəkildə bu insanların uydurmalarını rədd edirik. Məlumat üçün bildirim ki, həmin “qəhrəmanlar” ümumiyyətlə Televiziyada yox idilər.
Faciədən bir neçə gün keçsə də, hiss edirdim ki, məni də təhlükə gözləyir. Belə bir həbsi demək olar ki, çoxları görürdü və gözləyirdi. Bir gün Şəhidlər Xiyabanından təzəcə Komitəyə qayıtmışdım. Axşamüstü olardı, mənə dedilər ki, küçədə səni bir nəfər gözləyir. Çıxanda gördüm ki, xalq yazıçısı İsmayıl Şıxlı dayanıb. O mənə dedi: “Vasif, sən televiziyaya bir müddət gəlmə, onsuz da o işləmir, evə də getmə, get başqa yerdə qal. Biz səni təhlükədən qorumalıyıq! Mən Mərkəzi Komitədən bura ayaqla gəlmişəm! Sənə demək üçün! Orada sənin adın hallanırdı!” Mən isə məhəl qoymadım…

Amma yanvarın 26-dan 27-ə keçən gecə saat 1-2 radələrində mənzilimin qapısı bərk döyüldü və zənqi çalındı. İki nəfər mülki geyimdə, üç əsgər “Alfa” geyimində evə daxil oldular. Biri sənədlərimizi yoxlayırdı, digərləri isə evdə nəsə axtarırdı. Onlardan biri: “Sən bizimlə yarım saatlıq Bakı şəhəri hərbi komendantının yanına gedəcəksən!” – dedi. Digəri isə, kitab rəfində Heydər Əliyevlə mənim birgə fotoşəklimi görüb o birisinə isteza ilə dedi: “Petroviç, sən bir bura bax, dahi insan”. Sonra əsəbi halda soruşdu: “Bu Sizin nəyinizdi? ” BDU-nun şərqşünaslıq fakultəsinin üçüncü kursunda oxuyan qızım Hüsniyyə cavab verdi: “Niyə bizim, o bütün sovet xalqının tanıdığı və sevdiyi bir şəxsiyyətdir”. Bu dialoqdan sonra silahlı əsgərlərdən biri mənim qulağıma pıçıldadı: «Teplo odevaytes!» Mən buna əməl etdim. Çünki başa düşdüm ki, ya məni uzağa, ya da uzunmüddətə aparırlar.

Aşağı düşəndə əsgərlərdən biri silahı kürəyimə dirəyib dedi: “Bir addım sağa-sola dönsən atacağam”. Artıq, həbs edildiyim mənə agah oldu. Qorxudanmı, qəzəbdənmi oldu, gözlərim doluxmuşdu. Haradansa soyuq hiss elədim, əsməyə başladım…

Məni altı hərbiçi və iki müstəntiq müşayiət edirdi. Təsəvvür edin ki, onların hamısı gəlmə idi və təbii ki, Bakını tanımırdılar. Səkkiz nəfər və «çyornıy voron» dustaq avtomobili Ayna Sultanovanın heykəli qarşısından Qaqarin körpüsünə qədər 20 dəqiqəlik yolu düz saat yarıma, özü də xəritə vasitəsilə « fəth etdi».

O günlər bizim operatorların çəkilişləri erməni daşnaklarının separatizmi və Sovet kommunist ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qəddar hücumlar genosid adlandırılır ! Qanlı yanvar kimi faciəli günlər, verilən qurbanlar, bizim millətin azadlığa və müstəqilliyə gedən bir yolu kimi qiymətləndirilir !

Həmin çəkiliş kassetlərinin bir hissəsi vətənpərvər operator olan Seyidağa Mövsümovda idi. O gecə məni evimdən aparanda, həyat yoldaşım, Teleradio komitəsinin əməkdaşı Afət xanım ona telefon açaraq, – «Seyidağa, Vasifi apardılar, ola bilsin, sənin arxanca da gəlsinlər. Kassetlərlə birgə evi tərk edin» demişdi. Seyidağa da ailə ilə birgə mənzili tərk etmişdi.

Qara şəhərdəki, təcridxanada mənə guya günahkar olduğum barədə sənəd təqdim etdilər. Televiziyanın işinə maneçilikdə, mitinqlərə çağırışda çəkilmiş videokasetlərin gizlədilməsində günahlandırırdılar. Əlbəttə, belə bir ittihama mən imza ata bilməzdim. Bir azdan olduğum kameraya iş yoldaşlarım – rejissor Azər Zamanlı və radio jurnalisti Rafiq Ağayevi gətirdilər.
Yanvarın 19-dan 26-na qədər işləməyən Azərbaycan televiziyası, yanvarın 27-də, məhz biz həbs ediləndən sonra öz proqramlarını efirə verməyə başladı. Sanki ölkə rəhbərliyi və televiziyanı o günlər idarə edənlər bizim həbsimizi gözləyirdilər. Ertəsi gün əllərimi boğazdan keçən polad məftillə bağlayaraq, Nasosnı qəsəbəsində yerləşən hərbi hava limanına, oradan isə silahlı hərbçilər və alman cinsindən olan köpəklərin müşayiəti ilə, hərbi təyyarələr vasitəsilə Krasnodar şəhərinə apardılar. Dəmiryolu vağzalına gətirdilər. Bizi dəyənəklərlə döyürdülər, alman köpəkləri üstümüzə hürürdü. Bütün bunlar filmlərdə gördüyümüz nasist konslaqerlərini xatırladırdı. Bizi “Stolıpin” deyilən vaqon-zindana doldurdular. Ac-susuz biz üç gün, üç gecə Ulyanovsk şəhərinə yollandıq. Hərbi nəzarətçilər dustaqlara işgəncələr verirdilər, döyüb dişlərimizi sındırırdılar. Pullarımızı, saatlarımızı əlimizdən aldılar. Nəhayət, Ulyanovska – “dahi Lenin”in vətəninə çatdıq. Bizi yerli həbsxanada bir aydan çox saxladılar. Çəkdiyim zillətləri ömrüm boyu unutmaram. O vaxtdan 30 il keçməsinə baxmayaraq, hələ də o illərin bütün hadisələri yuxularımda canlanır.
Ulyanovska çatandan sonra çoxdan orada yaşayan, əslən Göyçay rayonundan olan sovet milis kapitanı Varis Məhərrəm oğlu Məcidov bizim bura gətirilməyimizdən xəbər tutub, yerli yüksək rütbəli general və zabitlərlə həbsxanaya gəldi. Elə ilk gündən Ulyanovskda məskunlaşan bu yeddi Məcidov qardaşlarının mərdliyi, qeyrəti bizi, 46 nəfər bütün Azərbaycan dustaqlarını heyran etdi. Həmin görüşdən sonra onlar Bakıya, ailələrimizə xəbər göndərmişdi ki, nigaran qalmayın, əzizləriniz sağ-salamatdırlar. Həbsxanada saxlandığımız bir aydan çox vaxt ərzində Məcidov qardaşları bizim bütün təminatımızı üzərilərinə götürdülər. O, çətin və əzablı günlərimizdə bizə – 46 nəfər azərbaycanlıya arxa, dayaq oldular. “Cəza” müddətimiz başa çatdıqda eyni vəziyyətdə Azərbaycana yola salınacağımızdan xəbər tutan Varis Məcidov qardaşlarıyla birlikdə Bakıdan xüsusi nəqliyyat təyyarəsi sifariş verib, öz vəsaitləri hesabına bizi vətənə çatdırdılar.

Bütün bunlar gerçəklikdir, lakin bir daha təəssüf edirəm ki, o zaman heç bir prosesə qoşulmayan, hətta günlərlə evdən çıxmayan bəzi ziyalılar, televiziya işçiləri bu gün özləri haqqında yazdıqları kitablarda şişirdilmiş hadisələr və yalanlarla televiziyaya – kütlə qarşısına çıxır və mətbuatda ağız dolusu danışırlar. Ad çəkmək nə yaşıma, nə nüfuzuma, nə də peşəkarlığıma yaraşar.

Amma təbii ki, son qərar tarixin özünə məxsus olacaq !!!(azpost.info)

Vasif Babayev

Azərbaycanın Xalq Artisti

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar