Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “Üçüncü dünya müharibəsinin başlama ehtimalı yox dərəcəsindədir” – Müsahibə

Politoloq: “Əgər regionda ABŞ-İran müharibəsi başlayarsa, bu bir çox dövlətlərə böyük təhlükələr törədəcək”

“Demokratlar bu məsələni şişirdərək ABŞ ictimaiyyətində Tramp əleyhinə uğur qazana bilməzlər. Çünki Tramp Adminstrasiyası Süleymaninin öldürülməsi hadisəsini ABŞ-ın təhlükəszilik məsələsi kimi cəmiyyətə təqdim edirlər”.

Yanvarın 3-də Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı, Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu ABŞ-ın hava hücumu nəticəsində həlak oldular.

Süleymaninin ölümü İran siyasi elitası üçün regional siyasətini tərtib və icra edənlərdən birinin itirilməsi demək idi. O, həm də ölkənin yaratdığı bir neçə şiə yaraqlı qruplaşma arasında koordinasiya işlərini həyata keçirirdi. Süleymaninin ölümü həmin qruplaşmaların Əli Xamneyinin nəzarətindən çıxmasına və ya ən yaxşı halda, İranın qruplaşmaları idarə etməsində problemlər yaranmasına səbəb ola bilər.

Əli Xamneyinin xüsusi etibarını qazanan Süleymani “Sepah”da böyük şəbəkəyə, bir çox icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına nəzarət etməklə yanaşı, böyük maliyyə şəbəkəsinə sahib idi və istədiyi an Müdafiə Nazirliyindən öz tabeliyində olan yaraqlılara pulsuz silah əldə edə bilərdi. İranın Suriya, İraq, Yəmən, Livan, Əfqanıstan və Fələstinlə bağlı diplomatiyasını icra edən Süleymani, həm də bu ölkələrə səfir təyin edən şəxs hesab edilirdi. “Qüds Briqadasının” komandanı həmçinin İranın regionda “şiə ayparası” yaratmaq üçün fəaliyyət göstərən əsas nümayəndəsi idi.

İranlı rəsmilərin ölkənin regional nüfuzunu yaymaq üçün 1 nömrəli şəxs olan Süleymaninin ölümünə verəcəkləri reaksiyalarla bağlı səsləndirdikləri fikirlər bölgədə ABŞ-İran münasibətlərinin daha da kəskinləşəcəyini göstərir.

ABŞ-İran münasibətlərinin gələcəyi və ümumiyyətlə regionda hadisələrin necə cərəyan edəcəyi ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə kiçik müsahibə etdik.

Natiq Miri: “Prezident seçkisi ilində Trampa mütləq mənada bir uğur hekayəsi lazımdır. Bu uğur hekayələrindən birincisi İŞİD başçısı Bağdadinin öldürülməsi idisə, ikincisi isə dünyaya bir növ təhlükə kimi təqdim etdikləri İran dövlətinə məxsus generalın öldürülməsi oldu”.

PİA.az politoloqla olan müsahibəni oxucularının diqqətinə çatdırır.

- Natiq bəy, 2020-ci ilin ilk günləri çox gərgin başladı. Süleymaninin öldürülməsi bütün dünyada əks-səda yaratmaqla yanaşı, beynəlxalq siyasəti də yanan fitilə döndərdi. Bəzi qərbli analitiklər hətta Süleymaninin öldürülməsini 3-cü dünya müharibəainin başlanmasına səbəb olacağını qeyd edirlər. Hazırkı beynəlxalq situasiyanı necə dəyərləndirirsiniz? ABŞBritaniya İrana zərbələr endirə biləcəklərini gizlətmirlər. Süleymaninin öldürülməsindən sonra İranın atacağı addımlar doğrudan böyük müharibəyə yol aça bilərmi?

- Əvvəla baş verən hadisəni təhlil edib dəyərləndirmək lazımdır. Təbii ki, ABŞ-ın dünyqnın heç yerində qlobal müharibə başlamaq niyyəti yoxdur. Xüsusilə də bu məsələ birbaşa Trampın göstərişi ilə baş veribsə, demək ki, məsələnin arxasında daha çox siyasi niyyət dayanır. Düşünürəm ki, bu hadisələr indiki vəziyyətdə, yəni Tramp üçün çox çətin olduğu vəziyyətdə baş verir və demək ki, Tramp baş verənlərdən siyasi dividend qazanmağı düşünür. Xüsusilə də prezident seçkilərinin baş tutacağı ildə prezident Trampa bir uğur hekayəsi lazımdır.

Məlumdur ki, bir çox məsələlərdə, xüsusilə də geosiyasətdə Tramp bir çox cəhdlər etdi. Məsələn Şimali Koreya ilə nüvə razılaşması ortaya qoymaq istədi. Ayrıca bir çox ticarət müharibələri başlatmaqla Tramp Amerika cəmiyyətində özü haqqında müsbət imic formalaşdırmaq istəyirdi. Amma bu məsələlərin heç birində həm siyasi, həm iqtisadi nöqteyi nəzərdən ciddi nəticələr olmadı. Buna görə də prezident seçkisi ilində Trampa mütləq mənada bir uğur hekayəsi lazımdır. Bu uğur hekayələrindən birincisi İŞİD başçısı Bağdadinin öldürülməsi idisə, ikincisi isə dünyaya bir növ təhlükə kimi təqdim etdikləri İran dövlətinə məxsus generalın öldürülməsi oldu.

Bu məsələləri Tramp həm tvitter hesabından, həm də Amerika jurnalistləri qarşısında pafosla səsləndirməsi onu göstərir ki, həqiqətən də Trampa ciddi bir uğur hekayəsi lazımdır. Sanki Qasim Süleymani İranın timsalında ABŞ-a böyük təhlükə törədirmiş kimi təqdim edilir. Amma hər kəsə bəllidir ki, İran ABŞ-a hücum etmək niyyətində və gücündə deyil.

Təbii ki, İran bir çox regionlarda, xüsusən də Yaxın Şərqdə ABŞ-ın maraqlarına təhlükə törədə bilər. Bu təhlükə bu gün də ciddi şəkildə mövcuddur. Amma düşünürəm ki, bütün bunların fonunda üçüncü dünya müharibəsinin başlama ehtimalı yox dərəcəsindədir. Çünki ABŞ prezidenti Donald Tramp anlayır ki, uzun müddətli müharibə prezident seçkiləri vaxtı onun uğur hekayəsinin üstündən xətt çəkə bilər. Çünki bu müharibəni başladıb və davam etmək üçün ABŞ-ın ordusuna böyük maliyyə lazımdır. Bu maliyyəni təbii ki, Konqres təsdiq etməlidir. Konqresin Nümayəndələr Palatasında elə bir maliyyənin Trampa veriləcəyi ehtimalı sıfıra bərabərdir.

Artıq bu yöndə çox ciddi açıqlamalar da var. Buna görə də ABŞ-ın uzun müddətli müharibə başlatma ehtimalı yoxdur.

Natiq Miri: “Müharibə təhdidi və İranı vurmaqla bağlı açıqlamalar daha çox çəkindici amil kimi istifadə olunur”.

Ayrıca bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, əgər ABŞ İranla müharibəyə başlayarsa, bu müharibə qısa müddətli olmaya bilər. Çünki İran sıradan bir ölkə deyil. Kimlərsə İranı dərhal məğlub etməyi düşünürsə, bu yanlış fikirdir. Əgər müharibə başlayacaqsa, bu uzun müddətli müharibə olacaq. Buna da ABŞ indiki vəziyyətdə hazır deyil. Yəni ən azından ABŞ-ın hakimiyyət qollarında bu məsələyə baxış birmənalı deyil. Bu məsələdə parçalanma var. Buna görə də mən prezident Trampın müharibə başlatmaq ehtimalını çox böyük görmürəm.

Müharibə təhdidi və İranı vurmaqla bağlı açıqlamalar isə daha çox çəkindici amil kimi istifadə olunur. Çünki düşünürlər ki, bu açıqlamadan sonra İran ən azından Yaxın Şərqdə ABŞ-ın maraqlarına ciddi ziyan vurmayacaq. Məlumdur ki, Yaxın Şərqdə ABŞ-ın hərbi bazaları mövcuddur. Həmçinin ABŞ-ın Yaxın Şərqdəki bir çox müttəfiqləri, yəni Ərəb ölkələrində bazaları və geosiyasi maraqları var. İran da hər an bu maraqlara ciddi təhlükə törədə bilər. ABŞ buna əmindir. Bunun üçün İranın 52 obyektinin vurulması açıqlaması düşünürəm ki, çəkindirici amil kimi istifadə olunur.

Əgər regionda ABŞ-İran müharibəsi başlayarsa, bu bir çox dövlətlərə böyük təhlükələr törədəcək. Türkiyə, Azərbaycan daxil Yaxın Şərqdə olan bütün ölkələrə bu müharibənin çox böyük mənfi təsiri olacaq. Buna görə də bütün dövlətlər, qlobal güclər, o cümlədən Avropa Birliyi, hətta Türkiyə bu müharibənin qarşısın almaq üçün hərəkətə keçəcəklər. Demək olar ki, artıq hərəkət də var. Yəni İran rəsmilərini Avropa Birliyinin paytaxtı Brüsselə dəvət ediblər. Ola bilsin ki, bu yöndə müəyyən geosiyasi bazarlıqlar da gedəcək.

Natiq Miri: “Müəyyən zaman keçəndən sonra müəyyən bazarlıqlar kontektsində məsələ səngiyəcək. Bu bazarlıqların necə olacağını isə gələcək prespektivdə görəcəyik”.

Ayrıca Türkiyə prezidenti Ərdoğan da həm İran, həm də ABŞ rəhbərliyi ilə danışıqlar aparır. Ərdoğan çalışır ki, böyük təhlükədən qaçmaq mümkün olsun. Bütün bunlara görə düşünürəm ki, ABŞ və İngiltərənin siyasi ritorikasının arxasında daha çox İranı müəyyən işlərdən çəkindirmək dayanır.

Bir daha qeyd edirəm ki, bu gün nə ABŞ, nə də Böyük Britaniya İranla müharibəyə hazır deyil. Onu da qeyd edim ki, əgər bu müharibə başlayacaqsa, müharibəyə ABŞ-ın Yaxın Şərqdəki strateji müttəfiqi İsrail də daxil ediləcək. İranda isə İsrailin hər bir nöqtəsini vura biləcək raketlər mövcuddur. Buna görə də düşünürəm ki, ABŞ bu məsələdə yəhudiləri də nəzərində saxlayacaq.

Mən hesab edirəm ki, Süleymaninin öldürülməsi də daha çox prezident seçkilərinə hesablanmış hadisədir. Müəyyən zaman keçəndən sonra müəyyən bazarlıqlar kontektsində məsələ səngiyəcək. Bu bazarlıqların necə olacağını isə gələcək prespektivdə görəcəyik. Çünki Avropa Birliyi də hərəkətə keçib. Ola bilsin ki, ya Avropa Birliyi, ya da Türkiyə vasitəsi ilə ABŞ-la İran arasında müəyyən bazarlıqlar olsun.

Məlumdur ki, bu gün İran iqtisadiyyatı ən çətin günlərini yaşayır. Bu iqtisadi blokadadan çıxmağa da İranın böyük ehtiyacı var. Əgər ABŞ bu yöndə müəyyən güzəştlərə gedəcəksə, düşünürəm ki, bu məsələni müəyyən mənada səngitmək mümkün olacaq.

- ABŞ-da Süleymaninin öldürülməsi heç də bir mənalı qarşılanmayıb. Demokratlar prezidentin bu addımını avantüra və təxribat olaraq dəyərləndiriblər. Süleymaninin öldürülməsi ABŞ daxili siyasətinə necə təsir edə bilər və seçkilərdə bu hadisə Trampın xeyrinə, yoxsa ziyanına işləyə bilər?

- Qasim Süleymaninin öldürülməsi ABŞ-ın daxili siyasəti məsələsində o qədər də ciddi strateji əhəmiyyət daşımır. Sadəcə olaraq Demokratlar Süleymaninin öldürülməsini ABŞ-ın geosiyasi maraqlarının regionda təhlükəyə atılması kimi fikirlərdən istifadə edirlər. Bunu da Trampın əleyhinə çevirmək istəyirlər.

Ancaq onu qeyd edim ki, Demokratlar bu məsələni şişirdərək ABŞ ictimaiyyətində Tramp əleyhinə uğur qazana bilməzlər. Çünki Tramp Adminstrasiyası Süleymaninin öldürülməsi hadisəsini ABŞ-ın təhlükəszilik məsələsi kimi cəmiyyətə təqdim edirlər. Düşünürəm ki, ABŞ ictimaiyyəti də bu fikiri özünə daha yaxın biləcək.

Natiq Miri: “Qasim Süleymaninin öldürülməsi ABŞ-ın daxili siyasəti məsələsində o qədər də ciddi strateji əhəmiyyət daşımır”.

Əgər Demokratlar daha çox Trampın üstünə gedərlərsə, bu Trampın xeyrinə işləyə bilər. Buna görə də düşünmürəm ki, ABŞ ictimaiyyətində və siyasi dairələrində bu məsələ həddən artıq şişirdilsin. Sadəcə olaraq ABŞ İrana qarşı qısa müddətli bombardman həyata keçirsə, Nümayəndələr Palatası əməliyyatların maliyyələşməsinə imkan verməyəcəklər. Bu da təbii ki, Tramp və ABŞ ordusu üçün böyük problemlər yaradır. Çünki bu gün ABŞ-ın özü müəyyən maliyyə sıxıntıları yaşayır.

- İraq parlamenti xarici qoşunların ölkələrindən çıxarılması barədə qərar qəbul edib. Bu qərar ABŞ-ın və NATO-nun İraqdakı və Yaxın Şərqdəki mövqelərinin zəifləməsinə səbəb olacaqmı? Ümumiyyətlə Süleymaninin öldürülməsi Yaxın Şərqdə ABŞ və müttəfiqlərinin mövqelərinə necə təsir edəcək?

- Bu qətl İraqın çoxdan hazırlaşdığı və qəbul etmək istədiyi qərarın yaranmasına zəmin yaratdı. Məlumdur ki, İraqda həm hakimiyyətdə, həm də müxalifətdə olan qüvvələr ABŞ ordusunun ölkədən çıxarılmasını tələb edirdi. Buna görə də belə bir hadisənin yaşanması, xüsusilə də İraq ərazisində yaşanması haqlı olaraq belə bir qərarın çıxmasına zəmin yaratdı. Bu baxımdan İraq parlamentinin belə bir qərar qəbul etməsi normaldı.

Həmçinin belə bir qərarın qəbul olunmamsı İraq üçün xoşa gəlməz nəticələrə gətirib çıxara bilərdi. Çünki hadisə İraq ərazisində baş verib və İran haqlı olaraq İraqdan bunun hesabını sora bilərdi. Qasim Süleymaninin İraq aeroportuna nə zaman gələcəyi haqqında informasiya ola bilsin ki, İraq kəşfiyyatının müəyyən nümayəndələri tərəfindən ABŞ-a ötürülüb. Yəni məlumat ötürülüb ki, ABŞ bu qədər dəqiq hərbi əməliyyat həyata keçirə bildi.

Süleymani haqqında olan suallara cavab İrana hələ verilməyib. Düşünürəm ki, İran bu yöndə çox ciddi kəşfiyyat əməliyyatları aparmağa davam edir. Buna görə də bir növ özünü sudan quru çıxarmaq üçün İraq bu cür qərarı qəbul etmək məcburiyyətində idi.

Natiq Miri: “Qasim Süleymaninin İraq aeroportuna nə zaman gələcəyi haqqında informasiya ola bilsin ki, İraq kəşfiyyatının müəyyən nümayəndələri tərəfindən ABŞ-a ötürülüb”.

Onu da qeyd edim ki, İraq parlamentinin bu cür qərar qəbul etməsi, o demək deyil ki, ABŞ qoşunları dərhal İraq ərazisindən çıxarılacaq. Bu proses ağır prosesdir. İraqdakı hərbi bazalarda 5 minə yaxın ABŞ-ın əsgərləri, eyni zamanda ciddi hərbi təhcizatı mövcuddur. Bu qüvvələri dərhal çıxarmaq mümkün deyil. İraq da bunu anlayır. ABŞ qoşunlarının İraqdan çıxarılması müəyyən zaman aparacaq ki, İraq əmindir o vaxta qədər bu hadisə müəyyən mənada soyuyacaq. Soyuq başlar da bu yöndə problemi həll etmək üçün danışıqlara başlayacaqlar.

Bildiyimiz kimi Tramp açıqlama veib ki, əgər həqiqətən də İraq bu yöndə xoşagəlməz addımlar atarsa, bu zaman İraq çox ciddi şəkildə böyük iqtisadi sanksiyalara məruz qalacaq. Həmçinin əgər İraq hərbi bazalardan ABŞ qoşunlarını çıxarmaq istəyirsə, ABŞ-ın milyardlarla dollar xərclədiyi maliyyəni İraq ABŞ-a ödəməlidir. İndiki vəziyyətdə İraqın bu qədər məbləği ABŞ-a ödəməsi real deyil. Buna görə də İraq da bu məsələləri əvvəlcədən düşünməmiş deyil. İraq düşünür ki, zaman keçdikcə hadisə soyuyacaq və soyuq başlar bu yöndə ya gizli, ya açıq danışıqlar aparmaqla ən azından problemin həllini tapacaqlar.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar