Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin Azərbaycana səfərinin pərdəarxası

Ukrayna prezidenti Bakıdan nələr istəyir?..

Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan olacaq. Bakıda ikitərəfli siyasi, diplomatik, iqtisadi əlaqələrin hazırki vəziyyəti təhlil olundu və perspektivdə daha yaxşı münasibətlərin qurulmasına inam ifadə edildi.

Bu səfər hələ V. Zelenskinin inaqurasiyasından az sonra elan olunmuşdu. Münasib vaxt indi seçildi – Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə Parisdə Almaniya və Fransanın vasitəçiliyi ilə ilk görüşdən sonra...

Yeni administrasiya bütün xarici əlaqələrinə göz atıb problemləri, potensialdan geri qalan sahələri stimullaşdırmağa çalışır. Əlbəttə, rəsmi Kiyevin qarşısında həllini gözləyən çox ciddi problemlər var. Ölkənin şərqində davam edən münaqişənin həlli, dağılan iqtisadiyyatın bərpası, habelə ölkə iqtisadiyyatını nəzarətdə saxlayan kriminal oliqarxiyanın müqavimətinin qırılması Zelenski komandasının qarşısında duran başlıca məsələlərdir.

Paralel olaraq, Avropa İttifaqı, ABŞ-la iqtisadi, siyasi hərbi əlaqələrin gücləndirilməsi də ölkənin prioritetləri sırasındadır. Hazırda Ukraynaya beynəlxalq dəstək, onun müdafiə qabiliyyətinin yüksəldilməsi, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi rəsmi Kiyevə hava-su kimi lazımdır.

Bununla yanaşı Ukrayna postosvet məkanındakı siyasi, iqtisadi tərəfdaşları ilə münasibətləri yenidən gücləndirmək və ona yeni xarakter verməyə çalışır. Azərbaycanla əlaqələr bu konteksdə çox vacibdir. Çünki Ukraynanın böyük ehtiyac duyduğu enerji məhsulları ilə təminatında Bakı getdikcə daha ciddi rol oynamağa çalışır. “SOCAR Ukrayna”nın bu ölkədəki dövriyyəsi ildən-ilə artır, yeni-yeni enerji sahələrinə investisiya qoyulur.

Artan ticarət dövriyyəsinə məhdudiyyətlər

Azərbaycan və Ukrayna vacib ticarət tərəfdaşıdırlar. Postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur.

Cari ilin 9 ayında isə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 623 milyon dolları ötüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 milyon dollar çoxdur. Yanvar-sentyabr aylarında Azərbaycandan bu ölkəyə 343 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 280 milyon dollar təşkil edib.

Hazırda Azərbaycan bu ölkədən daha çox ərzaq məhsulları, meşə materialları alır. Amma Rusiyanın qoyduğu məhdudiyyətlər bu ticarətin həyata keçirilməsinə ciddi logistik əngəllər yaradır. Belə ki, Rusiya öz ərazisindən Azərbaycana ərzaq məhsullarının gətirilməsinə icazə vermir. Bu da yerli şirkətlərin daha ucuz başa gələn Rusiya bazarlarına üz tutmasına gətirib çıxarır.

Azərbaycan Ukraynadan da silah alsın

Zelenskinin gündəliyində ticarət əlaqələrinin daha da yüksəldilməsi və hərbi sənaye kompleksini də əhatə etməsi var. Hazırda Ukraynanın 400-ə qədər hərbi müəssisəsi dünyanın bir sıra ölkələrinə silah-sursat, hərbi maşınlar, avadanlıqlar ixrac edir.

2003-2011-ci illərdə Azərbaycan da Ukraynanın fəal silah alıcılarından olub. Belə ki, bu müddət ərzində 12 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem, eləcə də D-30 topları, MT-12 tank əleyhinə toplar, PM-38 iriçaplı minaatanlar, 40-dan artıq T-72 tankı, “Qvozdika”, “Akasiya” tipli özüyeriyən haubitsalar, radarlar əldə edilib.12 ədəd L-39 təlim-döyüş təyyarəsi, 16 ədəd MİQ-29 döyüş təyyarəsi də alınıb. Ukraynadan habelə BTR-70, BTR-80, BTR3-E zirehli transportyorlar, BTS-5B zirehli texniki dəstək maşınları alınıb.

Əlbəttə, Azərbaycanın müdafiə sənayesi inkişaf etmiş ölkələrin hərbi sənaye kompleksləri ilə əlaqələr qurub və bu sırada Ukraynanın da olması istisna deyil.

Amma Azərbaycan ehtiyac duyduğu hərbi məhsulları son illər daha çox Rusiyadan idxal edir və iki ölkə arasında bu sahədə milyardlarla dollarlıq müqavilələr icra olunub. Rəsmi Kiyev şübhəsiz yaxşı maliyyə imkanları olan Azərbaycanın bu sahədə əvvəlki tərəfdaşlığı bərpa etməyi arzu edir.

Ukrayna lideri həm də Bakıdan diplomatik, siyasi dəstək umur. Və bunu açıq şəkildə mətbuata bəyanatında ifadə etdi:"... Söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm”.

Beynəlxalq təşkilatlarda tam dəstək...

Zelenskinin Bakıda bu cümlələri qurmasına əsas verən bir neçə hadisə olub. Belə ki, Azərbaycan bu ilin noyabrın 14-də BMT-nin üçüncü komitəsi çərçivəsində səsverməyə çıxarılan "Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti" adlı qətnaməyə səs verməyib.

Xarici İşlər Nazirliyi bunun səbəbini “qətnamədəki bəzi müddəaları Azərbaycanın xarici və daxili siyasəti ilə bağlı mövqeyinə uyğun gəlməməsi” ilə izah edib.

Bundan əvvəl də Azərbaycan nümayəndələri Avropa Şurası Parlament Assambleyası (AŞPA) Krımı özünə birləşdirən Rusiyanın hərəkətlərini qınayan qətnamə qəbul edərkən, səsvermədə iştirak etməyib. Sənəddə deyilirdi ki, AŞPARusiya hərbi müdaxiləsini və sonrakı beynəlxalq hüquq normalarının, həmçinin Birləşmiş Millətlər Təşkilatının nizamnamə vəziyyəti, ATƏT-in Helsinki aktı və AŞ-nın əsas prinsiplərinin açıq-aşkar pozulması olan Krımın birləşdirilməsini qətiyyətli şəkildə qınayır.

Habelə, Azərbaycan təmsilçiləri Krımın işğal faktına görə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun bloklanmasına qarşı da çıxış edib. Bu mövqe Ukraynanın o zaman Azərbaycandakı səfiri Aleksandr Mişenkonun kəskin etirazına səbəb olmuşdu.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində “Ukraynanın ərazi bütövlüyü” adlı 68/268 saylı 2014-cü il 27 mart tarixli qətnamə dəstəkləyib. Rəsmi Bakı bildirir ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyini bilmək üçün bu mötəbər sənədə istinad etmək lazımdır.

Ukrayna prezidenti V. Zelenski Bakıdan gözləntisi ikitərəfli münasibətlərdə belə halların yenidən baş verməməsi, işğala məruz qalan hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini tam dəstəkləməsidir. Əlbəttə, Azərbaycanın Ukrayna ilə bağlı bir qədər ehtiyatlı mövqeyi Rusiyanın bu ölkə ilə münaqişə vəziyyətində olması ilə bağlıdır. Rəsmi Bakı çalışır ki, bu konteksdə Moskva ilə müzakirə etməli olduğu bir məsələ olmasın. Ona görə, Ukrayna ilə əlaqələrdə Kremli qıcıqlandırmamaq xətti əsas tutulur.

GUAM-ı dirçəltmək cəhdi...

Zelenski həm də Azərbaycandan GUAM təşkilatında fəaliyyətini aktivləşdirməsini istəyir. Məlumdur ki, gələn il bu təşkilata sədrlik növbəsi Azərbaycana keçir. Amma Azərbaycanın xarici siyasətində bu təşkilatın fəaliyyətinə o qədər də önəm verilmir. GUAM-ın ötən il Kiyevdə keçirilən zirvə görüşünə Azərbaycandan baş nazirin müavininin qatılması da Bakının qurumdan gözləntilərini aşağı çəkdiyini göstərir.

Vaxtı ilə Qərbin dəstəyi ilə Avrointeqrasiya kursu seçən ölkələrin birliyi olan, daha çox Rusiyanın postsovet məkanındakı siyasi layihələrinə alternativ kimi göstərilən GUAM-ın faəliyyəti indi öləziyib. Bu, üzv ölkələrin daxili və xarici siyasətində baş verən dəyişikliklər, habelə Rusiyanın postsovet məkanında hərbi-siyasi nüfuzunu artırması, eyni zamanda Qərbin bölgədəki maraqlarının zəifləməsi ilə bağlıdır. Zelenskinin GUAM-ı yenidən dirçəldib əvvəlki mövqeyinə qaytarmaq cəhdləri başadüşüləndir, bu Ukrayna üçün vacibdir, amma digər tərəfdaşların ona əvvəlki marağı göstərəcəyi sual altındadır.(AzPoltika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar