Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətlə bərabər hərəkət - təcili yardıma yol verməmək...

Təcili tibbi yardım maşınına yol verməyən xanım sürücü məsuliyyətə cəlb ediləcək...

Sosial şəbəkələrdə bir avtomobilin Bakıda təcili tibbi yardım maşınına yol verməməsi ilə bağlı videogörüntü yayılıb. Həmin görüntülərdə 90-SJ-100 dövlət nömrə nişanlı, “Toyota” markalı maşının içində xəstə olan təcili tibbi yardım maşınına yol vermədiyi əks olunub. Sükan arxasında xanım sürücü olub. Qeyd edək ki, hadisə həm sosial şəbəkələrdə, həm də mətbuatda geniş müzakirə obyektinə çevrilib.

Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məsələ ilə bağlı “Yeni Müsavat”a danışaraq bildirib ki, faktla bağlı artıq araşdırma aparılır: “Həmin faktla bağlı Başı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır və həmin faktlara hüquqi qiymət veriləcək. Ümumiyyətlə, qeyd etmək istəyərdik ki, səs siqnalları və işıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitələri, o cümlədən təcili yardım maşınlarının hərəkət təhlükəsizliyinin təmin olunması və tədbirlər görülməsi üçün üstünlüyə malikdirlər.

Hərəkət sıxlığı olan zaman nəqliyyat iştirakçıları təcili tibbi yardım maşınına, o cümlədən digər operativ nəqliyyat vasitələrinə şərait yaratmalıdır. Əks halda, bununla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati tədbir görülür”.

Qeyd edək ki, vaxtaşırı sürücülərin təcili tibbi yardım maşınına yol verməməsinin şahidi oluruq. Nəticədə təcili yardım maşını vaxtında xəstənin yanına gedib çata bilmir, xəstə dünyasını dəyişir.

Eləcə də digər operativ nəqliyyat vasitələri, o cümlədən yanğınsöndürən maşınlar bəzən tıxaclarda ilişib qalır, hadisə yerinə zamanında yetişə bilmir. Mütəxəssislərin bəziləri qeyd edir ki, bu problemi aradan qaldırmaq üçün yollarda əlavə zolaqların yaradılmasına ehtiyac var, hansı ki, paytaxt Bakı artıq bu təcrübəni keçib. Belə ki, son illər paytaxtda keçirilən beynəlxalq yarışlar ərəfəsində yollarda əlavə zolaqlar çəkildi və sürücülər bu qaydalara adaptasiya olundular. Qaydanı pozan sürücülərə isə cərimələr tətbiq edildi.

Dünya ölkələrinin əksəriyyətində, xüsusən Avropada tıxac yaranan böyük şəhərlərdə xüsusi zolaqlar salınıb. Həmin zolaqlarda yalnız təcili yardım və yanğınsöndürən maşınların, eləcə də müəyyən hallarda polis maşınlarının hərəkətinə icazə verilir. Bununla belə, bir sıra mütəxəssislər qeyd edir ki, bu məsələdə daha çox sürücülük mədəniyyətinin yüksədilməsinə ehtiyac var.

Bəs paytaxtımızda operativ nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı əlavə zolağın salınması üçün şərait, imkan varmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a danışıb: “Son vaxtlar əksəriyyət sürücülər operativ nəqliyyat vasitələrinə yol vermək istəmir və kobud şəkildə nəqliyyat qaydalarını pozurlar. Dəfələrlə qeyd etmişik ki, bəzi sürücülər anlamırlar nə baş verir, kim onlardan yol istəyir. Əlavə zolaqların yaradılması əslində yaxşı ideyadır. Lakin əlavə zolaqlar o dövlətlərdə yaradılır ki, orada heç bir məmur, oliqarx yolun hərəkət hissəsindən keçmir, piyada səkisində bina tikilmir, avtobus dayanacaqlarında dönərxana, aptek açılmır. Bizdə yol tinlərinin kənarları o qədər dəqiqliklə zəbt edilib ki, istəsək də genişləndirə bilmərik. Əgər bu proses başladılsa, həmin obyektlərə kompensasiya ödənilməli, sökülməli, daha sonra yollar genişləndirilməli, operativ nəqliyyat vasitələri üçün əlavə zolaq çəkilməlidir. Beləliklə, bu məsələ real görünmür. Yəni yollarımızın infrastrukturuna baxanda əlavə zolaq məsələsinin yaranacağına ümid yoxdur.

«Yol hərəkəti haqqında» Qanunun tələblərini hər kəs düzgün qavrasa və icra etsə, əlavə zolağa ehtiyac qalmaz. Dünyanın bir çox ölkələrində hər kəs öz zolağı ilə hərəkət edir, zolaqların da eni standartlara uyğun çərçivədə olur. Arxadan operativ nəqliyyat vasitəsi siqnal verən kimi hərə yarım metr sağa-sola sıxlaşanda boş zolaq yaranır və operativ nəqliyyat vasitəsi hərəkət edə bilir.

Bizim yollarda da bəzən görürük ki, 3 zolağın sayı 4-ə, 4 zolağın sayı 6-ya çatdırılır. Yəni bizdə də bu şərait var, lakin bəzi sürücülər bunu anlamır. Beləliklə, sürücüləri maarifləndirmək, təbliğat işləri aparmaq lazımdır. Bu mövzuda bir sıra sosial-çarxlar çəkilib. Lakin çox təəssüf ki, televiziyalar bu çarxları heç yaxına da buraxmır, ödəniş tələb edir. Halbuki bu məsələ hər birimizin başına gələ biləcək olaydır".

Elməddin Muradlı sonuncu nəqliyyat hadisəsinə də münasibət bildirib: “Konkret olaraq həmin sürücü çox kobud şəkildə qaydaları pozub. Yaxşı ki, tibbi yardım həkimləri bu videonu yayıb, məsələni ictimailəşdiriblər. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmin sürücü xanım sürücüdür. Təxminən xanım sürücülərin 70 faizi bu cür davranış nümayiş etdirir. Bir müddət bundan əvvəl Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlama verərək bildirmişdi ki, təcili yardım maşınlarında həm ön, həm də arxa tərəfdə kameralar quraşdırılacaq və bununla da operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər aşkarlanacaq və onlarla bağlı tədbir görüləcək.

Bir məsələni də qeyd edim, dəfələrlə şahidi olmuşuq ki, sürücülər nəinki təcili yardım maşınlarına, heç polis maşınlarına da yol vermək istəmirlər. Bu cür sürücülərə qarşı ciddi tədbir görülməlidir. Əvvəllər bu cür qayda pozuntusu 60 manat cərimə edilirdi. Sonradan bu məbləğ 80 və 100 manat 3 bala qaldırılıb. Hesab edirəm ki, həmin sürücüləri psixoloji müayinədən də keçirmək lazımdır, araşdırılmalıdır ki, şəxs niyə təcili yardım maşınına yol vermək istəmir. Bu qətlə bərabər hərəkətdir. Əgər xəstəxanaya çatdırılan insanın qarşısını alırsansa, onun həyatı ilə bağlı məsələni ləngidirsənsə, ölümünə səbəb ola bilərsən və bu cinayətdir. Məsələyə bu istiqamətdə yanaşmaq lazımdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar