Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Liberal yalan - 21-ci əsrdə dünyanı yenidən faşizm yönləndirir...

21-ci əsrdə “faşizmin geri dönüşü”nə “popülizmin geri dönüşü” demək liberal bir yalandır...

Yaşar Ayaşlı
“Sendika63.org”

Bu gün liberalların və akademiklərin dillərindən düşməyən faşizmin 1945-də ölüb, onun əvəzinə sağ populizminin ortaya çıxması düşüncəsi, eynilə faşist sözü əvəzinə milliyətçi terminindən istifadə etmək qədər yanlışdır.

Faşizmin növləri və variantları

İstər faşizmlə radikal sağ, istərsə də faşizmin növləri arasındakı ortaq və ayrı yanlar təsbit edilmədən faşizm təhlil edilə bilməz. Necə ki, radikal cərəyanlar tək parçadan ibarət deyillərsə, fərqli ölkələrin və fərqli konyunkturanın nəticəsi olaraq ortaya çıxan faşizmlər də homogen bir bütünlük yaratmırlar.

Radikal sağ

Radikal sağ dedikdə mərkəzdən kənar sağçılar, faşistlər, irqçilər və radikal milliyətçilər başa düşülür. Bununla yanaşı, radikal sağ faşizmi əhatə edir, amma faşizm radikal sağı əhatə etmir. Yəni hər faşist eyni zamanda sağçıdır, amma hər radikal sağçı faşist deyil. Belə ki, radikal sağçı, fanatik və ya radikal milliyətçi olduğu halda, faşist hesab olunmayan bir çox partiyalar və hərəkatlar var. Ona görə də, radikal sağın çərçivəsi geniş, faşizmin çərçivəsi isə dardır.

Əslində, faşistlərin də içində olduğu radikal sağdakı bütün partiya və cərəyanları birləşdirən ortaq ideoloji və siyasi xüsusiyyətlər hamısını tək bir sosial-siyasi örtük altında toplayır. Parlament içində və ya xaricində hər birinə sağdan müxalif olurlar. İrqçilik, şovinist milliyətçilik, antikommunizm, sosial darvinizm, xarici düşmənçiliyi, avtoritarlıq, militarizm, terrorçuluq, cinsiyyətçilik kimi bir çox məsələdə eyni platformu paylaşırlar. Sosial və etnik bərabərliyə, liberal demokratiyaya qarşı çıxırlar.

Faşistlər də daxil olmaqla, bu günkü radikal sağçıların tərəddüdsüz birləşdiyi əsas məsələ xarici düşmənçiliyi və etnik irqçilikdir. Hamısı da düşünür ki, böyük ölkələrdə müxtəlif mədəniyyətlərdən olan insanlar toqquşmadan yaşaya bilməz, hətta yaşamamalıdır. Buna görə də, iqtisadi parazitlər, mədəniyyəti məhv edən dağıdıcılar hesab etdikləri köçkünləri və qaçqınları Avropa mədəniyyəti üçün bir təhdid olaraq görürlər və onların öz ölkələrinə qayıtmalarını istəyirlər. Köçkünlər, hispaniklər, qaradərililər və müsəlmanlar Qərb mədəniyyətindən uzaq günahkarlar elan ediliblər. Xarici düşmənçiliyi radikal sağın bütün ünsürləri arasındakı fərqləri minimuma endirir.

Lakin bir çox ideoloji və siyasi məsələdə birləşmələri o demək deyil ki, hər məsələdə eyni şeyi müdafiə edirlər. Faşizmdən təsirlənən, amma faşist olmayan, radikal milliyətçi, mühafizəkar, güclü lider və dövlətin tərəfində olan antisemitist, fundamentalist (xristian-musəvi-müsəlman) partiya və qruplar lazım gəldikdə müxtəlif mövqelərdən çıxış edə bilirlər. Radikal mühafizəkar milliyətçi olub, qaçqınlara və köçkünlərə qarşı aparılan sərt siyasəti dəstəkləyən, AB-ni tənqid edən, aborta və ya homoseksualların hüquqlarına qarşı çıxan, amma seçkilərdə neo-faşist partiyaları dəstəkləməyən radikal sağçılar var. Bunların bir qismi faşitslərlə birlikdə hərəkət etmirlər və parlament siyasətinə daha yaxın olurlar. Lakin mövqelərini qoruduqları müddət ərzində kritik durumlarda yollarının kəsişməsi ehtimalı da yüksəkdir. Tarixi faşizmdə faşistlərlə radikal sağ ünsürlər və mühafizəkarlar arasında olan ittifaq və koalisiya örnəkləri olduqca çoxdur.

Öz zəmininə daşıdığı radikal sağçı fikirləri ideoloji baxımdan sintez edən, liberal demokratiyaya və kommunizmə alternativ siyasi bir sistem və iyerarxik sosial strukturu mənimsəyən faşizm, radikal sağın digər qisimlərindən ayrı şəkildə sinifləndirilməlidir.

İmperialist kapitalizmin böhranı zamanı monopolist sərmayənin ən geriçi və aqressiv çevrələrinin siyasi hərəkatı və açıq terror diktatorluğu olaraq meydana çıxır. Bunlar azalsa da, çoxalsa da, şovinist milliyətçilik, irqçilik, antikommunizm, paramilitarizm, antiplüralizm, anti-maarifçilik, totalitarizm, lider kultu, milli doğulma, militarizm və saxta antikapitalizn kimi xüsusiyyətləri ilə tanınırlar.

Tarixi faşizm

20-ci əsrin ilk yarısında İtaliya, Almaniya, Bolqarıstan, İspaniya, Portuqaliya, Xorvatiya, Ukrayna, Yunanıstan, Rumıniya, Yaponiya kimi bir çox ölkələrdə faşist diktaturalar quruldu. Bunlara hər ölkədə iqtidara gələ bilməyən çox sayda faşist partiya və hərəkatlar da əlavə edilməlidir.

Faşizm öz adını ilk dəfə İtaliyada iqtidara gələrək aldı (1922). Ən vəhşi və rəhmsizi isə özünü Milli Sosializm adlandıran alman faşizmi idi (1933). Tipik formaları olduğu üçün İtaliya və Almaniya klassik faşizm adlandırıldı. Totalitar faşizm (Almaniya, İtaliya), dini faşizm (İspaniya, Avstriya), hərbi faşizm (Bolqarıstan, Yaponiya), parlament maskalı faşizm (Macarıstan, Finlandiya) kimi bölünən və iki müharibə arasında yerləşən faşist rejimlərin hamısı birlikdə tarixi faşizm adlandı.

İmperialist qüvvələrin faşizmi (Almaniya, İtaliya, Yaponiya), asılı faşizm (Rumıniya, Yuqoslaviya, Yunanıstan), idxal faşizmi (kapitalizmə keçə bilməmiş ölkələr) və ya regional fərqləri əsas götürən “Qərbi Avropa faşizmi”, “Şərqi Avropa faşizmi”, “Latın faşizmi”, “İber faşizmi” kimi fərqlər də meydana çıxdı.

Klassik faşizm daha tam, daha yetkin, radikal, daimi və sosial zəmininə görə daha kütləvi olması ilə digərlərindən fərqlənir. Fürer və Duçe kimi terminlərlə diqqəti cəlb edən klassik faşistlər xarizmatik liderlikləri ilə digərlərindən çox öndə idilər. Bununla yanaşı, alman və italyan faşizmləri arasında irqçilik, antisemitizm, milliyətçilik, kilsəyə yanaşma və iqtisadi inkişaf kimi məsələlərdə ciddi fərqlər var. Alman faşizminin önə çıxan xüsusiyyəti qatı irqçi nəzəriyyəsi və azğın antisemitizmidir.

Sosializmin ən amansız düşməni olduğu halda, özünü “milli sosialist” kimi göstərən ən arsız faşizm növü olan alman faşizminin zəmini İtaliya ilə müqayisədə daha geniş idi. Holokost, toplanma düşərgələri, müharibə vaxtı toplu soyqırımları ilə alman faşizminin dəhşətinə nə İtaliya, nə Yaponiya, nə də İspaniya çata bilib. İtaliya, İspaniya və Avstriya faşistləri katolik kilsəsi ilə ittifaq qurarkən, nasistlərlə məsafəli davranırdılar.

Faşizmin növləri arasında başqa fərqlər də var. Faşizm Almaniya və İtaliya kimi ölkələrdə paramilitarist zorakılıq göstərərək “aşağıdan yuxarıya” doğru inkişaf edərkən, hərbi çevrilişlə gələn Bolqarıstan və Yunanıstanda “yuxarıdan aşağıya” doğru yol işləyib və zəminini də bu yolla genişləndirməyə çalışıb. Hitler iqtidarını heç kimlə bölüşmədiyi halda, İspaniya, Portuqaliya, Bolqarıstan və Yunanıstan faşist olmayanların da yer aldığı koalisiyalarla idarə edildilər. Rumıniya, Macarıstan kimi ölkələr Almaniyanın alt müttəfiqləri rolunu oynadılar. Fransada və Xorvatiyada faşizm işğal rejimi kimi quruldu. Polşa və Macarıstan kimi ölkələrdə isə parlament ləğv edilmədi, əksinə faşizmi gizlədən bir örtük kimi istifadə edildi.

Bəzi ölkələrdəki faşist qruplar bir-birlərini məhv edəcək qədər azğın idilər. Avstriyada dini faşist Dolpus-Şuşninq rejimi xarici bir zərbə ilə devrilərək, yerinə alman nasistləri gətirildi. Rumıniyada paramilitarist “Dəmir Keşikçilər” hərəkatı Hitlerin dəstəyilə Marşal Antoneskunun əsgərləri tərəfindən zərərsizləşdirilib. Macarıstanda isə Hitlerin ortağı mühafizəkar Admiral Horti hökuməti 1944-cü ildə SS (Schutzstaffel‎ — “mühafizə dəstəsi”) və faşist Szalasinin ortaq çevrilişi ilə devrildi.

Faşizmin növləri ölkələrin sosial-iqtisadi və sosial-siyasi inkişaflarının olmamasına görə ortaya çıxır. Tarixi, sosial və mədəni fərqləri özləri qabardırlar. Lakin aralarındakı fərqlər nə olur olsun, burjuaziyanın ən geriçi ünsürlərinin açıq terrorçu diktatorluğunu yaratdıqda hamısı bir-birinə bənzəyir. Hamısı da gələn kimi kommunist partiyalarını və işçi sinfi hərəkatını basdırıb, inqilabçı-proqressiv fəaliyyətləri qadağan ediblər. Şovinist milliyətçilik, antikommunizm, irqçilik, xarici düşmənliyi, demokratiyaya qarşı fobiya, milli və sosial demaqoqluq, şiddət və terrordan siyasi mübarizə üsulu kimi istifadə etmək, qadın düşmənliyi və başqa ortaq xüsusiyyətlər var. Özlərinə istər nasist sosialist, istərsə də Falanjist və ya milliyətçi adlandırsalar da, növlərin hamısında olan ortaq xüsusiyyətlər faşizmə daxildir.

Neo-faşizm

İkinci Dünya Müharibəsinin sonunda beynəlxalq faşizm başda Sovet Qızıl Ordusu və partizan müharibəsi aparan Avropa və Asiya xalqları tərəfindən məğlub edildi. Faşistlərin bəşəri soyqırımları və demaqoq vədlərinin yalan olduğu üzə çıxdıqdan sonra onlar siyasi kimliklərini açıq şəkildə deməyə belə cəsarət edə bilmədilər. Buna baxmayaraq, imperialist burjuaziyanın dəstəyilə 1950-ci illərdən bəri bütün ölkələrdə yenidən təşkilatlandılar. Əsas prinsiplərini müdafiə etmələri baxımından köhnə faşizmlə kəskin şəkildə qopmadı. Burjuaziyanın şovinist milliyətçi, irqçi, xarici düşməni, antikommunist siyasi mövqeyini qorudular. Alt səviyyədə də olsa terrordan siyasi mübarizə üsulu kimi istifadə etməyi, faşist rituallara və simvollara bağlılıqlarına davam etdilər.

Bununla yanaşı, partiya adlarını dəyişdirdilər, şüarlarını və fəaliyyətlərini dönəmin şərtlərinə uyğunlaşdırdılar. Parlamentli sistemə və hüquqa bağlı kimi göründülər. Radikal qrupların digər formaları ilə birləşdilər. Həm köhnə faşizmlə birlik olduğunu, həm də aralarındakı fərqi göstərmək üçün 20-ci əsrin yarısından sonrakı faşizm neo-faşizm adlandırıldı.

Neo-faşist, neo-nasist partiya və qruplar hər ölkədə olmaq və fəaliyyət göstərməklə yanaşı, proqressiv ölkələrin burjuaziyası (ABŞAvropa) öz seçimlərindən iqtidara gəlmək üçün istifadə etdilər. Avropada əvvəlki dönəmdən qalmış Franko və Salazar faşist rejimləri və 1967-ci ilin yunan xuntası hələ aktiv idi.

1970-dən əvvəl dünya kapitalizmi ümumi böhran içində deyildi, nisbətən rifah dönəmindən keçirdilər. İnkişaf etmiş ölkələrin rəhbərləri iqtidarlarını və ideoloji təzyiqlərini gücləndirirdilər. Faşizmin iqtidara gəlməsinə ehtiyac duymadılar. Hegemon sinif tərəfindən idarə edilən marjinal partiya və qruplar kimi davam edən neo-faşistlər inqilabçı təşkilatları və işçi hərəkatını basdırmaqla Soyuq Müharibədən istifadə etdilər.

“Üçüncü Dünya” və hərbi-faşist rejimlər

İkinci Dünya Müharibəsindən sonra iqtidardakı faşizmin ağırlığı milli və sosial quruluş inqilablarının yüksəldiyi ölkələrə keçdi. İranda şah Pəhləvi, Filippinlərde Markos kimi bəzi ölkələr sivil görünüşlü faşist diktatorlar tərəfindən idarə edilirdilər. Çoxunda da başda ABŞ və digər imperialistlərin dəstəyində çevrilişlərlə hərbi faşist diktaturalar quruldu. Hərbi faşist çevrilişlər pozulan sabitliyi təmin etməyin, inqilab təhlükəsini dəf etməyin və solçu iqtidarları devirmənin əlverişli bir yolu hesab edilirdi.

Latın Amerikası, Asiya və Afrikada imperialistlərin dəstəyilə onlarla hərbi faşist çevriliş təşkil edildi. Bunların bəziləri Braziliya, Türkiyə, Yunanıstan kimi faşizmə zəmin yarada biləcək səviyyədə kapitalizmin inkişaf etdiyi ölkələr idi. Digərləri isə kapitalizmin tamamilə az inkişaf etdiyi və təbii olaraq faşizmin inkişafına mane olan ölkələr idi. Buralarda yerli hakimlər ölkəni idarə edə bilmədikdə, birbaşa olaraq imperialistlər müdaxilə edirdi. Faşizmin köklərini daşımayan ölkələrdə yarı-feodal torpaq sahiblərinə, ənənəvi qüvvələrə əsaslanan xarici dəstəkli kukla faşist rejimləri quruldu.

21-ci əsrdə “faşizmin geri dönüşü”nə “popülizmin geri dönüşü” demək liberal bir yalandır. Macarıstanda Viktor Orban, Hindistanda Narendra Modi, İndoneziyada Prabova Subianto, Fillipində Rodrigo Duterte, Braziliyada M. Bolsonaro, Türkiyədə R. T. Erdoğan üçün “sağ popülist”, “avtoritar demokratizm”, “illiberal demokratizm”, “rəqabətçi avtoritarizm” demək həqiqəti ifadə etməkdə yetərsizdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar