Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“20-25 il də nazir vəzifəsi daşımaq olar?..”

“YAP-ın başında duranların bəziləri Əliyevçi olmayıb”...

Professor Əli Əlirzayev: “Azərbaycan reallığında 10-13 nazirliyin olması yetərlidir”

“AzPolitika.info” Yeni Azərbayan Partiyasının (YAP) yaradıcılarından olan Əli Əlirzayevlə söbətləşib. YAP-ın məşhur “91”-lərindən olan professor Əli Əlirzayev son günlər Prezident İlham Əliyevin apardığı kadr siyasəti, bunun nəticələri və hakim partiya daxilində mövcud olan situasiya haqqında fikirlərini açıqlayıb.

PİA.az müsahibəni təqdim edir:

- Əli müəllim, hazırda respublikada ciddi kadr islahatları aparılır. Siz, təcrübəli şəxs kimi bu islahatları necə qiymətləndirirsiniz?

– Elə adamlar var ki, özləri ərizə yazaraq vəzifələrindən gedirlər, elələri də var ki, vəzifədən getmələri məsləhət görülür. Bu prosesi də islahatlar adlandırmaq olar. Söhbət ondan gedir ki, 2019-cu ildə islahatlar daha da dərinləşməlidir. Dərinləşmək nə deməkdir? Deməli, kadrlara ehtiyac olacaq, kadrlara münasibət, onların yerləşdirilməsi prosesi aparılacaq və s. Sözsüz ki, ona tapşırılan işi yarıtmadığına görə, bəzən qocalığına görə vəzifələrdən uzaqlaşmalara normal yanaşmaq lazımdır. İslahatlar prizmasında bəzi kadrlar sözsüz ki, özlərini narahat hiss edirlər. Amma burada qocalıq da müəyyən qədər öz rolunu oynayır. 70-80 yaşında olan insanların intensiv həyat tərzi və dövlət idarəetməsinə dözməsi bir qədər çətin olur. Odur ki, bu hallar baş verir. Şəxsən mən hesab edirəm ki, dəyişimlər vacib və zəruridir. Hesab edirəm ki, bir şəxs 20-25 il nazir ola bilməz. Bir nəfərin 20-25 il nazir olması ətrafındakı hər kəsin ondan asılı olması vəziyyətinə gətirib çıxarır. Əslində 20-25 il nazir olmaq adamın özünə də narahatlıq yaratmalıdır. O mənada ki, sən 20 ildir bu vəzifəni daşıyırsan, amma heç bir yenilik yoxdur. Bu mənada dəyişikliklər mütləq vacibdir. Amma bunun elliklə, kütləvi şəkildə olması da təəccüb doğurar. Son zamanlar dəyişikliklər olub, ehtimal edirəm ki, yenə də olacaq. Bəziləri ərizə yazıb gedəcək, bəziləri bir yerdən başqa yerə keçiriləcək. Əslində sizə deyim ki, mən gəncləşdirmə siyasətinə qarşı deyiləm, amma bacarığı, təcrübəsi olmayan, həyatda özünü təsdiq etməyən, 10 nəfərə rəhbərlik etməyən şəxslər birdən-birə böyük vəzifələrə gətirilsə, yükü çox ağır olar. Səlahiyyət ayrı şeydir və verilən səlahiyyətlərə dözmək də çətin məsələdir. İnsanlar var ki, bu səlahiyyətlərdən istifadə edən kimi dəyişir. Hər halda kimin hansı vəzifəyə qoyulmasına dair təhlil aparılmalı, ictimai fikir öyrənilməli, cəmiyyətdə insanlara olan münasibət bilinməlidir. Məsələn, bir adam qonşuda, rayonda, regionda heç kimlə təmasda olmayıbsa, uğurlu bir addım atmayıbsa, onu vəzifəyə qoymağı xalq qəbul etmir. Vəzifəyə gətirilən şəxslərin xalqın xeyrinə işləməsi vacib şərtdir. Bu mənada hesab edirəm ki, təyinatlar hərtərəfli təhlil olunmalıdır.

Ramiz Mehdiyevin vəzifəsinin dəyişdirilməsini necə qarşıladınız?

– Ramiz Mehdiyevi uzun illərdir ki, tanıyıram. Ramiz müəllimə münasibətim yaxşı olub. Prorektor təyin ediləndə Ramiz müəllim məni qəbul edib, onun da hörmətini daima saxlamışam. Bir zamanlar Ramiz Mehdiyevin vəziyyəti çox pis olub. Vəzirov və ya Mütəllibovun dövründə onu vəzifədən kənarlaşdırdılar, məcbur olub Azərbaycan Milli Elmlər Akademiyasında işlədi. O zaman çoxları Ramiz müəllimə yaxınlaşa bilmirdilər. Bizdə belədir də, adam vəzifədən çıxarılanda çoxu ona yaxınlaşmağa ehtiyat edir. Bu məsələ başıma gəldiyi üçün deyirəm. Mən Heydər Əliyevi dəstəklədiyim üçün özümü prorektor vəzifəsindən çıxarmışdılar deyə bir adam mənə yaxınlaşmırdı ki, birdən rektor görər. Amma mən o dövrlərdə heç kimdən çəkinmirdim və Ramiz müəllimlə münasibətimi saxlayırdım. Bəzən məsləhətlər də verirdi. Buna da normal baxırdım. Çünki Ramiz müəllim dünyagörmüş adamdır.

İndi Ramiz Mehdiyevi tamamilə hakimiyyətdən və ya vəzifəsindən çıxarmadılar. O, AMEA prezidenti vəzifəsinə təqdim edildi. Məncə, sadəcə yerini dəyişdilər və AMEA prezidenti də böyük vəzifədir. Ramiz Mehdiyev ağıllı adamdır. Hər şey hamar deyil, narazılıqlar, problemlər var. AMEA-ya gedib orada işləmək də asan məsələ deyil. Həm də Ramiz müəllim işdən çıxarılmadı, onun özü ərizəsi ilə Prezident Administrasiyasında tutduğu postdan getdi. Prezidentin qarşısında çıxış etdi. Məncə, bu müsbət hadisədir. Buna görə Prezidenti də alqışlamaq lazımdır, elə Ramiz Mehdiyevi də. İndi gedib yerini tapıb. Həyatın axını da elə bundan ibarətdir. İnsan bilməlidir ki, artıq onun bu yerdə imkanları yoxdur. Əgər imkanı yoxdursa niyə həmin vəzifədə qalsın? Əgər bir iş görə bilmirsə, problemlərin həllinə effektiv əmək qata bilmirsə, niyə adam özünü dilə salsın? Ramiz Mehdiyev bundan sonra 20-30 il yaşayacaqsa, niyə başqaları desin ki, o bir şey edə bilmədi? Yəni gücü çatmayan məsələlərdən uzaqlaşmağın özü də böyük hadisədir.

- Yəni demək istəyirsiniz ki, yaşlı və klassik YAP-çıların dövranı artıq başa çatır?…

– Əslində gedən zamandır. Zamanla insanlar yaşlaşır, yaradır, daha sonra səhhətdə problemlər yaranır, qocalır və s. Buna da normal yanaşmaq lazımdır.

İkincisi, Yeni Azərbaycan Partiyasının özündə islahatlar aparılmalıdır. YAP-ı təhlil edəndə görmək olar ki, indi onun başında duranların bəziləri Heydər Əliyevçi olmayıb. Mən bunu onların üzünə demişəm. Milli Məclisdə, televiziya kanallarında bəzən çıxıb Heydər Əliyevi tərifləyirlər. Amma Heydər Əliyevin ağır vaxtlarında onların çoxu görünməyib, hətta çağırışlar olanda gəlməyiblər. Hedyər Əliyevin arxasınca məqalə yazanlar indi onun haqqında danışır. Vəzirov və ya Mütəllibovu ömründə tərif etmərəm. Çünki onları vaxtında tənqid etmişəm, indi də tənqid edə bilərəm. YAP-da da olan adamlar bir iş görməlidir. Heydər Əliyev ideyası, dövlətçilik, xalqın mənafeyi və digər məsələlərdə öz fikirlərini ifadə etməlidirlər. O vaxt yaxşı kadrlar qoca kadrlar olub, biz həqiqətən ideya ətrafında birləşmişdik. Düşünürdük ki, Heydər Əliyev hakimiyyətə gəlməlidir. Onun özünün yanına gedib xahiş etdik ki, icazə verin partiya yaradaq. Deyirdi neyləyirsiniz partiyanı? Oktyabr hadisələrindən sonra biz məcbur olduq ki, siyasi qüvvə toplayaq və partiya yaradaq. Buna da nail ola bildik.

- Klassik YAP-çılardan sabiq deputat Musa Musayev də YAP-da islahatların keçirilməsinin vacibliyinə dair çağırışlar edir. Siz də, bunu təkrar edirsiniz. İstəyiniz nədir?

– İndi bəzən görürsünüz ki, kimsə sinəsini qabağa verib deyir ki, mən belə eləmişəm, elə eləmişəm. Anlayıram, YAP hakimiyyət partiyasıdır, iqtidarı dəstəkləməli və onu müdafiə etməlidir. Amma mən onu deyirəm ki, biz YAP-ı yaradanda bunlar gəlib dəstək verərdilər. Amma onu etmədirlər. Hakimiyyətdə olublar və öz maraqları üçün çalışırlar. Bu mənada islahatların aparılması yaxşı olardı. Həm də qocaman YAP-çılara münasibət pis olmamalıdır. Mən demirəm ki, qocaman YAP-çıları 70-80 yaşında vəzifəyə qoyun. Amma müəyyən tədbirlərdə, iclaslarda onları nəzərə almaq lazımdır. Heydər Əliyev YAP-ın birinci qurultayında açıq dedi ki, mən partiyanı öz nizamına buraxdım ki, özü hərəkət etsin, özünü doğrultsun. Birinci qurultaydan sonra biz mitinqlər keçirdik, ciddi işlədik. YAP ideya üzərində qurulub, onun şüarı və prinsipi var. YAP-da olan insanlar doğrudan da canlarını qurban verən şəxslər olub. Onların da çoxu gedib, 5-10 nəfəri qalıb. İndi sən 5-10 nəfəri saymayanda, adam yerinə qoymayanda düz çıxmır. Əvəllər iclaslar olurdu, bu şəxslər də dəvət edilirdi, onlara müsbət münasibət göstərilirdi. Amma son zamanlar bu müşahidə edilmir.

- Prezident kadr islahatları ilə yanaşı struktur islahatları da həyata keçirir. Konkret olaraq Vergilər Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsini necə şərh edirsiniz?

– Mən baş verənlərə alim kimi münasibətimi ifadə edirəm. Struktur islahatlarının aparılması daima lazımdır. İstər nazirliklərin, istərsə də komitələrin bir-birinə birləşməsi, kombinasiyası lazımdır. Bu halda vahid sistem yaranır. Elə nazirliklər və komitələr var ki, baxanda görürsən ki, strukturları və vəzifələri bir-birinə yaxındır, eynidir. Bəzən onlar fəaliyyətini quranda bir-birinə mane olurlar. Odur ki, bunların vahid sistemdə birləşdirilməsi paralelliyi aradan qaldıra bilər. Düzdür, burada kimlərsə iş yerindən olacaq, kimsə vəzifəsini itirəcək. Bizdə də belədir ki, heç kəs vəzifəsini itirmək istəmir. Çünki bu halda vəzifə sahibinə, onun ailəsinə göstərilən hörmət, məişət xidməti əldən çıxır. Bu səbəbdən də heç kəs vəzifəsini itirmək istəmir. Amma struktur islahatları lazımdır və vacibdir. Lakin konkret olaraq nəyi nəyə birləşdirmək məsələsi təhlil tələb edir. Bəli, elə strukturlar var ki, onları birləşdirmək, elə nazirliklər də var ki, onları iki yerə bölmək olar və lazımdır. Mən hesab edirəm ki, hələ 3-4 nazirliyin birləşdirilməsinə ehtiyac var. Yəqin ki, belə struktur islahatları gedəcək. Azərbaycan reallığında 10-13 nazirliyin olması yetərlidir. Daha vacibi 20-25 il nazir olanlardır. Bu müddətdə də nazir vəzifəsi daşımaq olar? Struktur islahatlarının bir məqsədi də bəzən hansısa nazirin vəzifəsini itirməsinə görə aparılır. Bunlara normal yanaşmaq lazımdır.

pia.az


Etiket: Əli Əlirzayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar