Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-ABŞ münasibətləri son 10 ildə necə dəyişib? – “Barış Pınarı” əməliyyatı

ABŞ prezidenti Donald Trampın 9 oktyabrda Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğana yazdığı diplomatik və etik normalardan kənar məktubu uzun müddətdir ancaq böhran kimi qiymətləndirilə biləcək Türkiyə-Amerika münasibətlərindəki “son nöqtəni” göstərməsi baxımından əhəmiyyətlidir

Amma münasibətlərdəki “son nöqtə” sadəcə hökumətlər arasında gərginliklə bitmədi.

Türkiyə cümhuriyyətin 96-cı ilini qeyd edən gün ABŞ Nümayəndələr Palatasının bu ölkəyə qarşı iki mənfi qərar qəbul etməsi və bunlardan birində 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması münasibətlərdəki soyuqluğun parlamentlərə də ciddi şəkildə təsir etdiyini göstərdi.

Halbuki bu iki ölkə arasında 10 il əvvəl tamam başqa münasibətlər vardı.

O dövrdə ABŞ prezidenti olan Barak Obama 2009-cu ilin əvvəlində vəzifəsinin icrasına başlayanda bəzi beynəlxalq tədbirlərdə iştirak edəndən sonra ilk getdiyi ölkə Türkiyə olmuşdu. 5-7 aprel 2019-cu ildə Ankara və İstanbulu ziyarət edən Obama prezident Abdullah Gül və Baş nazir Rəcəp Tayyib Ərdoğanla görüşmüş, TBMM-də çıxış etmişdi.

Məclisdə Obama bunları demişdi:

“Bu, Amerika Birləşmiş Ştatlarının prezidenti statusunda ilk ölkə ziyarətimdir. Daha əvvəl G20 toplantısı üçün Londonda, NATO-nun tədbiri üçün Strasburqda, Avropa İttifaqının tədbirləri üçün Kehl və Praqa şəhərlərində olmuşam. Ankara və İstanbul ziyarətlərimin bir mesaj olub-olmadığını soruşanlar oldu. Bu suala cavab vermək çox asandır: Bəli. Türkiyə Amerika Birləşmiş Ştatlarının çox önəmli müttəfiqidir. Türkiyə Avropanın önəmli bir hissəsidir və Türkiyəylə Amerika Birləşmiş Ştatları birlikdə çalışmalı, birlikdə çalışaraq dövrün problemlərindən çıxış yolu tapmalıdırlar”.

Obama Məclisdəki çıxışında Türkiyənin müsəlman kimliyilə demokratiya və azadlıqlar hədəfinə doğru irəliləməsindən danışmışdı: “Bilirəm ki, Türkiyənin gələcəyilə bağlı mübahisə etməyi xoşlayanlar var. Siz mədəniyyətlər qovşağında tarixin dalğalarından təsirlənən bir ölkəsiz. Fərqli mədəniyyətlərin bir araya gəldiyi coğrafiyadasız. Ölkəni bu və ya digər tərəfə çəkmək istəyənlər ola bilər, amma mən inanıram ki, həmin adamlar bunu anlamırlar: Türkiyənin böyüklüyü hər şeyin ortasında olmasından qaynaqlanır. Biz burda Qərb və Şərqin bölünməsindən danışmrıq, bura Qərblə Şərqin birləşdiyi yerdir”.

“Ərəb baharı” zamanı “ortaqlıq modeli”

O dövrdə Obamanın səfəri Türkiyə-Amerika münasibətlərində “ortaqlıq modeli” anlayışında yeni bir səhifə açılmasına; başda Baş nazir Rəcəp Tayyib Ərdoğan olmaqla, Türkiyə rəsmiləri və Obama arasında faydalı bir dialoqun yaranmasına səbəb olmuşdu.

Hətta 2012-ci ilin əvvəllərində Obama “Time” jurnalına verdiyi müsahibədə ən çox etibar etdiyi 5 liderdən birinin Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan olduğunu bildirmişdi.

Türkiyə və Amerika arasındakı əlaqələrin möhkəmləndiyi o dövr Tunisdən başlayıb Misir və Suriya da daxil, bir çox müsəlman ölkəsində sosial-iqtisadi və siyasi tələblərin kütləvi aksiyalarda dilə gətirlməyə başlandığı “Ərəb baharı” hadisələriylə eyni vaxta təsadüf edirdi.

ABŞ kimi, Türkiyə də “Ərəb baharı”nı dəstəkləmiş ölkələr arasındaydı və o dönəmdə dünyəvi cəmiyyət olaraq demokratik dəyərləri mənimsəyən müsəlman ölkəsi kimi qəbul edilməsi ölkə rəhbərlərliyini narahat etmirdi.

Baş nazir Ərdoğan “Ərəb baharı”nın öndə gələn ölkələri olan Misir və Tunisi ziyarət etmiş və onlara “dünyəvi rejimə keçməyi” tövsiyə etmişdi. Ərdoğanın bu mesajları basda Vaşınqton olmaqla, Qərb paytaxtlarında müsbət qarşılanmışdı.

O zaman da problemli sahələr vardı – məsələn, BMT-nin Təhlükəsizlik Şurasında müvəqqəti üzv olan Türkiyənin 2010-cu ildə ABŞ-ın çağırışına baxmayaraq İranla bağlı məsələnin əleyhinə səs verməsi və “terrorla mübarizə” mövzusunda Türkiyənin “Predator” insansız silahlı hava sistemləri tələbinə ABŞ-ın müsbət yanaşmaması kimi. Amma bunlar münasibətlərin təməlinə zərər verəcək səviyyədə deyildi.

2013: münasibətlərin pisləşməyə başladığı il

2013-cü ildə ard-arda baş verən bəzi hadisələr Türkiyə-Amerika münasibətlərinə mənfi təsir etdi.

May ayının sonunda başlayan Gezi etirazlarına hökumətin sərt reaksiyasını ABŞ-ın az qala bütün səviyyələrdə və hər gün tənqid etməsi Ankaranın ciddi etirazına səbəb oldu.

Misirin demokratik yolla seçilmiç ilk prezidenti Məhəmməd Mursinin iyulun əvvəlində hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılması və ABŞ başda olmaqla, beynəlxalq ictimaiyyətin buna sərt reaksiya verməməsi Ərdoğan hökumətinin Qərbə yönəlik tənqidlərinin sərtləşməsinə gətirib çıxardı.

2013-cü ilin ortalarından etibarən Türkiyə-Amerika münasibətlərində daha uzunmüddətli pisləşməsinə Suriyada başlamış vətəndaş müharibəsi səbəb oldu. “Qırmızı xətt” hesab etdiyi məsələyə – Əsəd hökumətinin kimyəvi silahdan istifadə faktına Obama hökuməti hərbi müdaxiləylə cavab vermədi və bu, Ankarada böyük məyusluq yaratdı.

Obamanın geriyə addım atması Ankaranı Əsəd rejimini yıxmaq planının icrasında tək qoymaqla yanaşı, beynəlxalq güclərin daha çox Suriyanın şimalında yaranmaqda olan “islamçı radikal terror təşkilatlarına” diqqət ayırmağa başladığını göstərirdi.

2015-ci ildəki YPG böhranı

Suriyanın şərqində, İraqın qərbində “xəlifəlik” elan edən İraq-Şam İslam Dövlətiylə (İŞİD) mübarizə üçün ABŞ-ın rəhbərliyi altında yaradılan koalisiyaya Türkiyə də qatıldı, amma Ankara bu prosesdə aktiv iştirak etmədi.

2015-ci il boyu davam edən müzakirələr nəticəsində Türkiyə İncirlik və Diyarbakırdakı hərbi bazalarını koalisiyanın istifadəsinə verdi, hava əməliyyatlarında iştirak etməyə başladı. Amma bunun qarşılığı olaraq Türkiyə-Suriya sərhəddinin bir hissəsinə nəzarət edən İŞİD-ə qarşı ortaq əməliyyat keçirilməsi və bu bölgədə təhlükəsiz zona yaradılması istəyinə müsbət cavab ala bilmədi.

Türkiyənin bütün etirazlarına baxmayaraq ABŞ İŞİD-ə qarşı mübarizə məsələsində də YPG ilə əməkdaşlığa qərar verdi. Ankarananın “terror təşkilatı” olaraq tanıdığı bu qrupu hərbi texnika və digər yardımlarla təmin etməyə başlayan Amerika NATO üzvü olan Türkiyəylə uzun müddət davam edəcək gərginliyin başlanğıcını qoymuş oldu.

15 iyul çevriliş cəhdi və Fətullah Gülənin ekstradisiyası tələbi

Türkiyənin xarici siyasətinə və təbii olaraq ABŞ-la münasibətlərinə də təsir edən başqa bir hadisə 15 iyul 2016-cı ildəki çevriliş cəhdi oldu. Ankara məsuliyyəti Gülən camaatının üzərinə qoydu. Obamanın prezidentliyinin son dövrünə təsadüf edən bu hadisə bütün diqqəti Gülənin 1999-cu ildən etibarən yaşadığı ABŞ-a yönəltdi.

Başda prezident Ərdoğan olmaqla, bir çox hökumət nümayəndəsi, media və vətəndaş cəmiyyəti qurumları Güləni qoruyan ABŞ-ı “çevriliş cəhdinin təşkilində” günahlandırdı. Gülənin ekstradisiyası tələbini həm Obamayla, həm də onun xələfi Trampla görüşləri zamanı səsləndirən Ərdoğan heç birindən müsbət cavab ala bilmədi.

Ankara çevriliş cəhdinin araşdırılması çərçivəsində ABŞ vətəndaşı keşiş Andre Brunsonu və bu ölkənin İstanbul və Adana konsulluqlarında çalışan türkləri həbs etdi, bununla da Gülən probleminin münasibətlərə təsiri daha da dərinləşdi. İstanbuldakı baş konsulluğun əməkdaşı Metin Topuzun da həbsindən sonra ABŞ Türkiyə vətəndaşlarına viza xidmətini dayandırdığını açıqladı.

Problemlərin daha da dərinləşməməsi və onlardan çıxş yollarının tapılması üçün Türkiyə-Amerika işçi qrupları yaradılsa da, gözlənən nəticə hasil olmadı. 2018-ci ilə damğa vuran ən böyük hadisə isə Brunson böhranı oldu.

Ərdoğan ABŞ-ın Brunsonu azad etmək tələblərinə Amerikada yaşayan Gülənlə bağlı eyhamlar vurmaqla cavab verdi, Trampın təzyiqlərinə qarşı Türkiyədə məhkəmələrin müstəqil olması fikrini səsləndirdi.

May ayından etibarən müraciətlərinin sayını çoxaldan Tramp prezident seçkilərində qalib gəlmiş Ərdoğana təzyiqlərini artırdı, avqust ayından etibarən Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başladı və bir neçə saat ərzində Türkiyə iqtisadiyyatında çalxalanmaya səbəb oldu. Tərəflər arasındakı problem Brunson-un oktyabr ayında azadlığa buraxılmasıyla həll edildi.

“Xalqbank”ın İrana qarşı sanksiyaları pozmasıyla bağlı ABŞ-da aparılan araşdırma çərçivəsində baş direktorun köməkçisi Hakan Atillanın bu ölkədə həbs edilməsi, “neft əvəzinə qızıl” əməliyyatını quran və reallaşdıran İran əsilli Reza Zarrab-ın şahidlik etdiyi məhkəmədə Atillanın təqsirkar elan edilməsi də bu dönəmdə baş verdi.

S-400 böhranı

Türkiyənin Rusiyadan S-400 müdafiə sistemi almaq qərarı 2017-ci ilin əvvəllərindən etibarən Türkiyə-Amerika münasibətlərindəki çoxpilləli gərginliyi daha da artırdı və bu, müdafiə sənayesinə də təsir etdi.

11 aprel 2017-ci ildə açıqladığı bir protokolda Türkiyə “Patriot” sisteminin satışı üçün ABŞ-ın yaşıl işıq yandırmadığını, ona görə də Rusiyadan qiyməti 2,5 milyard dollar olan S-400 antiballistik raket sistemini alacaqlarını bildirdi.

Ankara və Moskva arasındakı razılaşma S-400 sistemlərinin Türkiyəyə 2019-cu ilin ortalarında gətirilməsini və lazımi hazırlıq işlərindən sonra aktivləşdirilməsini nəzərdə tuturdu.

Başda Ukrayna hadisələri olmaqla, NATO-nun bir çox məsələdə gərgin münasibətdə olduğu Rusiyadan Türkiyənin müasir hava müdafiəsi sistemi alması ABŞ-da və digər müttəfiq ölkələrdə narahatlıq yaratdı.

ABŞ bəyan etdi ki, bu sistemlərin Türkiyədə qurulması 5-ci nəsil hərb təyyarəsi olan F-35-lərin uçuş təhlükəsizliyinə problem yaradacaq və geri addım atılmayacağı təqdirdə Türkiyə 2001-ci ildən bəri iştirak etdiyi layihədən çıxarılacaq və satın aldığı 4 ədəd F-35 təyyarəsi ona təslim edilməyəcək.

31 iyuldan etibarən layihədən kənarlaşdıralacağı barədə məktub Ankaraya 6 iyulda çatdı. Buna cavab olaraq Türkiyə iyul və avqust aylarında S-400 sistemlərinin alışını reallaşdırdı.

Bu, ABŞ-da 2017-ci ilin avqustunda qanun şəklinə salınmış, qısa adı CAATSA olan Düşmənlərlə Sanksiyalar Vasitəsilə Mübarizə Aparmaq qanununa əsasən Türkiyəyə sanksiya tətbiqinə imkan yaratdı.

Amma ABŞ Konqresinin bütün təzyiqlərinə baxmayaraq Tramp sanksiyalara əl atmadı. İyulun sonunda Ərdoğanla Yaponiyanın Osaka şəhərində görüşən ABŞ prezidenti S-400 probleminin məsuliyyətini Türkiyəyə “Patriot” sistemlərini satmayan Obama hakimiyyətinin üzərinə qoydu və sanksiyaları tətbiq etmək istəmədiyini dedi. Trampı sanksiya fikrindən daşındıran faktlardan biri də Ərdoğanın 3,5 milyard dollarlıq “Patriot”ları almaqda maraqlı olduğunu və “Boeing” şirkətiylə kommersiya təyyarələrinin satışına dair müqavilə imzalana biləcəyini deməsi oldu.

Ancaq Trampın üzərindəki CAATSA təzyiqi Ankara-Vaşınqton münasibətlərində yaranan hər yeni problemdə müzakirə mövzusuna çevrilir. Konqres üzvləri hər dəfə Türkiyəyə qarşı sanksiya qərarı veriləndə bu qanunun da tətbiqinə nail olurlar.

Eynilə S-400 məsələsində olduğu kimi, F-35 təyyarələrinin göndərilməyəcənin açıqlanması və Türkiyənin prosesdən tamamilə kənarlaşdırılması bu ölkənin müdafiə sənayesinin Rusiya bazarına yönəlməsiylə nəticələndi. Avqust ayında Rusiyadakı aviasiya yarmarkasında olan Ərdoğan Su-35 və Su-57 təyyarələrinə baxdı və məsul şəxslərə danışıqlara başlamaq tapşırığı verdi. Türkiyə bununla bağlı satınalma qərarı verərsə, sadəcə ABŞ-la deyil, bütün NATO ölkələriylə münasibətlərinin gərginləşməsi qaçılmaz olacaq.

“Barış Pınarı” böhranı

Türkiyə-Amerika münasibətləri Ərdoğanın 9 oktyabrda başlatdığı “Barış Pınarı” əməliyyatı dövründə daha genişmiqyaslı gərginliyə səbəb oldu. Tərəflər arasında bir ildən çoxdur ki, davam edən təhlükəsiz zona müzakirələrindən istədiyi nəticəni ala bilməyən Türkiyə start verdiyi bir əməliyyatla ABŞ-ın son dörd ildə Suriyanın şərqində əməkdaşlıq etdiyi YPG-ni öz sərhədlərindən uzaqlaşdırmağa başladı.

Trampun “Dikbaşlıq etmə. Axmaqlıq etmə” kimi cümlələr yazdığı məktubu da bu əməliyyat dövründə Ərdoğana çatdırıldı. Eyni zamanda Türkiyəyə qarşı geniş sanksiyaların tətbiqini nəzərdə tutan fərman da imzalayan ABŞ prezidenti “Twitter”də ardıcıl mesajlar yazıb Ankara xətti keçəcəyi halda Türkiyənin iqtisadiyyatını “yerlə bir etməklə” hədələdi.

Konqresin həm demokrat, həm də respublikaçı üzvləri, Amerika ictimaiyyəti, düçüncə mərkəzləri və mətbuat orqanları Trampı İŞİD-lə mücadilədə ABŞ-ın yanında olan YPG-ni tək qoymaqda günahlandırdılar. Bu durum onu 17 oktyabrda Ankaraya yüksək çinli şəxslərdən ibarət heyət göndərib YPG-nin 30 km cənuba çəkilməsi və Türkiyənin də əməliyyatı dayandırmasıyla bağlı bir razılaşma əldə etməyə məcbur etdi.

“Barış Pınarı” əməliyyatına son verən bu razılaşmaya görə Tramp sanksiyayla bağlı fərmanını ləğv etdi və 13 noyabrda prezident Ərdoğanla Ağ Evdə görüşəcəyini açıqladı.

Ancaq Türkiyənin əməliyyatı yarıda saxlaması tənqidləri dayandırmadı. 22 oktyabrda Rusiyayla ikinci bir razılaşma əldə edən Türkiyəni hər platformada tənqid edən ABŞ rəsmiləri Türkiyə ordusuyla Suriyaya girən Azad Suriya Ordusunun suriyalı kürdlərə “hərbi cinayət” tətbiq etdiyini və buna görə Türkiyə hökumətinin məsuliyyət daşıdığını iddia etdilər. Bundan başqa, Türkiyənin kimyəvi silahdan istifadə etməsi iddiaları da səsləndirildi.

Ankaranı ən çox qəzəbləndirən hadisə isə ABŞ prezidenti Trampın Türkiyənin İnterpol vasitəsilə bütün dünyada axtardığı Suriya Demokratik Qüvvələrinin rəhbərlərindən Məzlum Kobanini dəfələrlə tərifləməsi və Ağ Evə dəvət etməsi oldu. Türkiyə Kobaninin PKK rəhbərlərindən biri olduğunu və ABŞ-a gedəcəyi halda Amerika hakimiyyəti tərəfindən həbs edilib Türkiyəyə təhvil verilməli olduğunu bildirir.

Konqresdə Türkiyə əleyhinə layihələr

Türkiyə və Amerika rəsmi dairələri arasında “Barış Pınarı” əməliyyatıyla bağlı danışıqlar davam etməkdəykən ABŞ-ın Nümayəndələr Palatasında Türkiyəyə qarşı iki layihənin böyük səs çoxluğuyla qəbul edilməsi Ankaranın qəzəbini daha da artırdı.

Layihələrin məzmunuyla yanaşı, qəbul edilmə tarixləri də gərginliyin səviyyəsini göstərən faktlardandır. Türkiyəni “ermənilərə soyqırım tətbiq etməkdə” ittiham edən və bir xeyli ağır sanksiyaların tətbiqini nəzərdə tutan bu iki layihə NATO-nun müttəfiqi olan ölkədə cümhuriyyət quruculuğunun 96-cı ili bayram edilən gün qəbul olundu.

Bunun ardınca prezident Ərdoğan 13 noyabrda Ağ Evə gedib-getməyəcəyinə hələ qərar vermədiyini, bununla bağlı bəzi açıq suallar olduğunu bildirdi. Məzlum Kobaninin Ağ Evə çağırılması hələ qüvvədəykən, Türkiyə əleyhinə layihələrin əvvəl Senat, sonra da Tramp tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi qeyri-müəyyənkən Ərdoğanın ABŞ-a getmək qərarını açıqlamağa tələsməyəcəyi qeyd edilir.

Əslində, Tramp 2017-ci ilin yanvar ayında vəzifəsinin icrasına başlayanda Ankarada Obama dönəmindəki yanlış anlaşılmaların aradan qalxacağına, dünyaya iş adamı gözüylə baxan Trampla Ərdoğan arasında yaxşı münasibətlər formalaşacağına dair gözləntilər vardı. Trampın hələ birinci prezidentlik müddəti başa çatmamış Türkiyə-Amerika münasibətlərinin bu dərəcədə pisləşməsi iki müttəfiq arasındakı gərginliyin tez bir zamanda azalacağının mümkün olmadığını göstərir. (BBC azeri)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar