Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət icazəsiz aksiyada israr edir, hakimiyyət sərt tədbirlər hazırlayır

Bakıda 2 noyabr öncəsi həyəcan; Avropa Birliyindən də reaksiya gəldi; YAP-çı deputat: “Onların çağırışları inzibati yox, artıq cinayət məsuliyyəti yaradır...”

Milli Şura noyabrın 2-də “28 May” metro stansiyasının yanında icazəsiz mitinq keçirməkdə israr edir. Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Lökbatanda stadionu ayırsa da, qurum rəhbərliyi, xüsusilə AXCP sədri Əli Kərimli oktyabrın 30-da günün sonuna yaxın özünün facebook səhifəsində bəyan edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur: “Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq ”Məhsul" stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində - «28 May» metrosu ətrafında keçirəcəyik".

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq isə müxalifətin noyabrın 2-nə təyin etdiyi mitinqlə bağlı birgə məlumat yayıb. Bəyanatda deyilir ki, respublikada sabitliyin pozulması məqsədi güdən qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Əli KərimliAXCP rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi, maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər, o cümlədən “AzerbaycanSaatı”, “Turan Tv”, “AzerFreedom TV”, “Meydan Tv”, “OsmanqızıTv” və digər kanallar vasitəsilə noyabrın 2-də Bakı Metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir: “Həmçinin oktyabrın 19-da öz peşə borcunu yerinə yetirib ictimai asayişin pozulmasının qarşısını almış polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, asayiş keşikçilərinə qarşı sosial ədavət və düşmənçilik hisslərinin oyadılmasına yönəlmiş təbliğat aparılır.

Daxili İşlər Nazirliyi Baş Prokurorluq bəyan edib ki, Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısı qətiyyətlə alınacaq. Milli Şura adlanan quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və həmin partiyada təmsil olunan digər şəxslər qanunsuz kütləvi aksiyaya çağırışları, zorakılığı və qəddarlığı təbliğ edən təxribat xarakterli hərəkətləri ilə əslində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər. Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcəkdir”.

Bu arada bəzi KİV-lər Əli Kərimlinin Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskasla görüşü haqda məlumat yayıb. Əli Kərimli sosial şəbəkədə bununla bağlı yazıb ki, səfirlə 19 oktyabr mitinqi zamanı baş verənləri ətraflı müzakirə edib. Onun yazdığına görə, səfir Aİ-nin 19 oktyabr gecəsi açıqladığı rəsmi mövqeyi bir daha vurğulayıb: “Avropa Birliyi toplaşmaq azadlığını fundamental insan hüquqlarından biri sayır və gözləyir ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə uyğun şəkildə bu hüququn tam tətbiq olunmasını təmin edəcək. AB hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. AB həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır”.

Əli Kərimlinin bu açıqlamasından sonra bəzi media orqanlarında “Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ölkəmiz üçün ”küçə döyüşləri ssenarisi" hazırladığı barədə nəticələr çıxarılmasına yol açıb, “səfir K.Yankauskas ”sistemli sabitliyi pozmağa çalışan və paytaxtda kütləvi çaxnaşmalar yaratmaq istəyən siyasi ekstremsitlərin hərəkətləri ilə tam həmrəylik nümayiş etdirib" kimi iddialar irəli sürülüb. Görünür, iddiaların bu qədər ağır olması səbəbindən cəmi bir gün sonra-31 oktyabrda 31-də Avropa İttifaqı rəsmi bəyanat yaymalı olub. Bəyanatda deyilir: “Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsi ilə bağlı iddialarını tamamilə rədd edir. Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, ”Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli saziş vasitəsilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq".

Bəyanatda daha sonra qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: “Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik. Aİ nümayəndəliyi beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq, Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqələrə malikdir. Bu, o deməkdir ki, biz dinləyirik, lakin tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlər tərəfindən tətbiq olunduğuna görə, biz də həm hökumət nümayəndələri, həm də müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük”.

YAP Gənclər Birliyi isə oktyabrın 31-də sosial şəbəkədə 2 noyabr mitinqində zorakılıq çağırışları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, facebook-da bir neçə səhifədə “Hamı mitinqə! Əliboş gəlməyin, polislərə divan tutaq!”, “Mitinqə gələndə polislərə həddini göstərək”, “Molotov kokteylləri hazırlayın!”, “Özünüzlə bıçaq, armatur götürün!” tipli çağırışların ardı-arası kəsilmir, bununla yanaşı, radikal müxalifətin trolları da facebook və YouTube-da ifrat dərəcədə aktivləşiblər, noyabrın 2-də keçirilməsi planlaşdırılan mitinqdə “necə davranmaq” barədə təlimatlar paylaşırlar: “Təlimatlar ”Molotov kokteylləri" hazırlamaq, onları mitinqə aparmaq, habelə kəsici və dəlici vasitələrdən, xüsusilə də bıçaqlardan istifadə etməkdir. O da vurğulanır ki, noyabrın 2-dəki aksiya zamanı “mümkün qədər çox polis yaralamaq, imkan olarsa, öldürmək gərəkdir”. Səhifələrdə müşahidə olunan proses YouTube-da da təkrarlanır.

Canlı yayımda olarkən Əli Kərimlinin trolları noyabrın 2-də keçirməyi nəzərdə tutduqları aksiyaya bıçaqla, armaturla, dəmir dəyənəklərlə gələcəklərini yazıblar. Onlar hər kəsin silahlanaraq aksiyaya qatılmalarını istəyiblər. AXCP sədri Əli Kərimli istisnasız olaraq bütün müsahibələrində, çıxışlarında, facebook paylaşımlarında dinc siyasi mübarizədən, iqtidarla müxalifət arasında normal münasibətlərin olmasının vacibliyindən bəhs edir.

Fəqət, həmişə olduğu kimi, Ə.Kərimlinin sözləri və əməlləri, dedikləri və etdikləri arasında tam ziddiyyət var.

Hüquq-mühafizə orqanları belə çağırışları diqqətsiz qoymamalı, zəruri tədbirləri görməli, siyasi məqsədlərini reallaşdırmaq üçün ən qatı cinayətlərə belə əl atmağa hazır olanlar müəyyənləşdirilməlidir".

YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin yer ayırdığı halda mitinqin həmin yerdə deyil, razılaşdırılmayan ünvanda keçirilməsi hüquq pozuntusudur: “İcra Hakimiyyəti ”Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun tələblərindən çıxış edərək müxalifətə 2 noyabrda mitinq keçirməsi üçün konkret yer ayırıb. Lakin müxalifət israr edir. Özləri hüquqdan, qanunun aliliyindən danışırlar, lakin sözügedən qanunda aydın şəkildə göstərilib ki, bir sıra strateji obyektlərin, o cümlədən hava limanı, metorpolitenin təhlükəsizlik zolaqlarında kütləvi tədbirlər keçirmək yolverilməzdir. Qanunda belə bir qadağanı bilə-bilə «28 May»0 metrostansiyasının üstündə mitinq keçirilməsinə cəhd eləmək artıq təxribatdır, qarşıdurma mühiti yaratmqadır. Bunun başqa adı yoxdur. Bakı Şəhər Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə bəyanatdan da görünür ki, iğtişaşa can atanların və onların liderlərinin əməllərində cinayət tərkibi var. Onların cəhdləri məhz bu cür qiymətləndiriləcək. Cinayət Məcəlləsində göstərilir ki, zorakılığa və dövlət orqanlarına tabesizliyə çağırış və bu istiqamətdə addımların atılması cinayət əməlidir. Artıq sosial şəbəkədə belə çağırışlara, hətta hakimiyyəti zorla zəbt etməklə bağlı çağırışlara rast gəlinir. Bunlar hamısı artıq inzibati məsuliyyət deyil, cinayət məsuliyyəti yaradan hallardır. Hüquq-mühafizə orqanları da haqlı olaraq indidən bu barədə xəbərdarlığını edib. Cinayət əməllərinə yol verəcək adamların həbsi labüddür. Bu halda onlar qətiyyən siyasi məhbus sayılmayacaqlar.

O ki qaldı Əli Kərimlinin Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşünə və bu görüşdən sonra guya Avropa İttifaqının da Bakıda mitinqlərin keçirilməsini müdafiə etdiyi barədə deyilənlərə gəlincə, bu yanaşma Avropa İttifaqı-Azərbaycan münasibətlərinin indiki yüksək ruhu ilə ziddir. Avropa İttifaqı ilə bizim münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Avropa İttifaqının mitinqləri dəstəklədiyi barədə deyilənlər inandırıcı görünmürdü. Bu gün Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin yaydığı açıqlamadan aydın oldu ki, onların adından müxalifətin səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil. Avropa İttifaqı Azərbaycanda qanunazidd aksiyaları dəstəkləmir".(musavat)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar