Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan mətbuatı niyə bu günə düşdü? 

Azərbaycan mətbuatının mövcud durumu ilə bağlı müzakirələr yenidən aktuallaşıb...

Azər Niftiyev yazır...

Oktyabrın 15-də baş tutan iqtisadi müşavirə zamanı dövlət başçısının “İqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur və hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” bəyanatı bu sahədə olan problemləri yenidən gündəmə gətirib.

Düzdür, bu sahəyə cavabdeh olan və kurasiya edən məmurlara yaxın mətbu çevrələrdə “Ən çox ittihama məruz qalanlar hazırda mətbuatı idarə edən məmurlardır” tezisi tirajlanır və müəyyən mənada haqlıdırlar.

Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan mətbuatında problemlər var və bu ölkənin birinci şəxsi tərəfindən dilə gətirilir.

Gözləntilər özünü doğrultdumu?

Əvvəla ondan başlayaq ki, Azərbaycanda mətbuatın inkişafı əsas prioritetlərdən biri olub və dövlət rəhbərliyi səviyyəsində KİV-lərin fəaliyyətinə bütün zamanlarda böyük diqqət ayrılıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilib. İstər mətbuat orqanlarının dövlət tərəfindən maliyyələşdirilməsi, istərsə də jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Lakin bütün bunların fonunda mətbuata cavabdeh qurumun, yəni KİVDF-nin fəaliyyəti yetərli oldumu? Və ya bu fəaliyyət uğurlu idisə, hansı səbəbdən ölkədə narazı jurnalistlərin, o cümlədən Prezident İlham Əliyevi və Azərbaycan iqtidarını dəstəkləyən, medianın bu vəziyyətindən narazı jurnalistlərin sayı günbəgün artır? Bir halda ki, dövlətin birinci şəxsi mətbuatın durumu ilə bağlı çıxışında “Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir” fikrini səsləndirir, demək vəziyyət doğrudan da dözülməzdir. Axı İlham Əliyev kifayət qədər təmkinli siyasətçidir, o heç zaman hadisələri qabaqlamır və xüsusi zərurət hisss etməsəydi, bu fikirləri səsləndirməzdi.

KİVDF nələri etməliydi, lakin etmədi?

Fondun nizamnaməsində aydın şəkildə qeyd olunur ki, qurum kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin həyata keçirilməsini təmin edən qeyri-kommersiya qurumudur. Bəli, adından da göründüyü kimi, qeyri-kommersiya qurumu.

Yarandığı gündən bu yana fond onlarla qrant layihəsi keçirib və onmilyonlarla vəsaiti məhz bu layihələrin maliyyələşməsinə yönəldib. Onların qarşısına qoyulan missiya KİV-lərin fəaliyyətini dəstəkləmək və bu yolla ölkədə mətbuatın inkişafına nail olmaq idi.

Nəticə nə oldu? Qısa araşdırma aparsaq görərik ki, fondun davamlı olaraq maliyyələşdirdiyi qəzetlərin siyahısı “copy+paste” sistemi ilə müəyyənləşib. Neyçün ki, illərdir bu qəzetlərin siyahısında xırda dəyişikliklər olsa da, xüsusi yenilənmə olmayıb. Həmin qəzetlərin böyük əksəriyyəti oxuculardan çox satıcıların işinə yarayıb və həmin yazılı nəşrlərdən müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının, çörək, avtomobil ehtiyyat hissələri, meyvə-tərəvəzlərin bükülməsi üçün istifadə olunub. Əgər məqsəd doğrudan da qeyd etdiyimiz kimi, ərzaq və qeyri-ərzaq məhsullarını qablaşdırmaq idisə, bu işi daha peşəkar və daha az vəsaitlə həyata keçirmək mümkün idi.

Jurnalistlər üçün inşa olunan binalarda mənzillərin bölgüsü zamanı böyük narazılıqlar yaşanıb. İndiyə qədər bir gün belə jurnalist fəaliyyəti ilə məşğul olmayan, təcrübəsi çatmayan şəxslər, qəzet rəhbərlərinin qohum-əqrabası mənzil aldıqları halda, mətbuatda külüng vuran, dövlətçi mövqeyi ilə seçilən jurnalistlər bu prosesdən kənarda qalıb. Adı heç yerdə keçməyən qəzetlərin hər birinə 3 mənzil ayrıldığı halda məşhur TV aparıcıları, publisistlər və araşdırmaçı yazarlar bu prosesdən kənarda qoyulub. Misal üçün o dövrün aparıcı TV kanallarından olan ANS-ə, aparıcı informasiya agentliklərindən Report-a, ən çox oxunan portallardan olan Oxu.az-a heç bir şans tanınmayıb.

Və nəhayət… Müasir dəyərlərin günümüzə ayaq açdığı, sosial medianın qapımızı döydüyü mövcud şəraitdə internet media resursları tamamilə diqqətdən kənarda qalıb. Bəlkə elə bunun nəticəsidir ki, milli hisslərdən kənar, şəxsi maraqlar naminə şeytanla əməkdaşlığa hazır radikallar daxildə və xaricdə oturub, sosial medianın imkanlarından ölkəmizin əleyhinə istifadə edirlər. Onların arasında vaxtilə iqtidarı müdafiə edib, diqqət görmədiyi üçün mühacirətə üz tutanların sayı da az deyil. Düzdür, onların xəmiri xəyanətlə yoğrulub və onlara heç bir halda inanmaq, etibar etmək olmaz. Bəlkə zərərsizləşdirmək olardı?

İddialar var ki, cəmiyyət tənqidə daha çox həssasdır və bu səbəbdən müxalif mövqeli internet resursları daha geniş oxucu auditoriyası qazanır. Bunun əksini sübut edən kifayət qədər arqumentlər var ortada. Cəmi bir aydır İTV-nin efirində nümayiş olunan “3D” verilişinə, feysbukda “Bele bele ishler” və digər səhifələrə olan böyük maraq, ATV, İTV və AZTV-nin fəaliyyətində nəzərə çarpan müsbət dəyişikliklər əminliklə söyləməyə əsas yaradır ki, Azərbaycan tamaşaçılarını xarici TV-lərdən yerli TV-lərə, müxalif və söyüşcül auditoriyadan müstəqil auditoriyaya daşımaq mümkündür. Bunun üçün tələb olunan yalnız kreativlik və peşəkarlıqdır.

Eynən Cənab Prezident İlham Əliyevin söylədiyi kimi: “Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?”.

Düşünmək, ayılmaq zamanıdır, cənablar! (sosium.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar