Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Demoqrafik inkişafın mənfi iqtisadi təsirləri - Şahin Mustafayevin işi heç də asan görünmür...

Azərbaycanda iqtisadiyyatın inkişafının demoqrafiq inkişafı üstələyə bilməsi üçün iqtisadiyyatın inkişafı necə yönləndirilməlidir?..

“Demoqrafik inkişafın mənfi iqtisadi təsirlərini minimuma endirmək üçün ilk öncə, ölkədə kapital yığımı reallaşdırılmalı, illik istehsalın bir qismi istehlaka yönləndirilməməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycanda iqtisadiyyatın inkişafının demoqrafiq inkişafı üstələyə bilməsi üçün iqtisadiyyatın inkişafının necə yönləndirilməli olduğunu PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən bir sıra tapşırıqlar verib. Bu tapşırıqlardan biri də iqtisadiyyatın inkişafının demoqrafiq inkişafı üstəlməsidir.

Azərbaycanda iqtisadiyyatın inkişafının demoqrafiq inkişafı üstələyə bilməsi üçün iqtisadiyyatın inkişafı necə yönləndirilməlidir və bu sahədə əsasən hansı problemlər var?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovayla müzakirə edib.

Vüsalə Əhmədova: “Əhali artımı investisiya artımından çox olarsa, ölkədə yoxsulluq səviyyəsi çıxılmaz həddə yüksələ bilər”.

Sistem bütövlükdə dəyişilərsə, qurumlara həqiqi mütəxəssislər, düşünən beyinlər cəlb olunarlarsa, yalnız o zaman dəyişikliyin baş verə biləcəyinə inanmaq olacağın vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında vurğulayıb ki, hazırkı vəziyyətdə təyinatlar sadəcə bir-birini əvəzləyir, hər yeni təyin olunan ətrafına öz yaxınlarını cəlb edir, bununla da iş bitmiş sayılır:

“Əvvəla onu deyim ki, hər hansı bir qurum rəhbərinin işdən kənarlaşdırılaraq yerinə digərinin təyin olunması ilə nə isə əsaslı bir dəyişiklik baş verəcəyini gözləmirəm. Sistem bütövlükdə dəyişilərsə, qurumlara həqiqi mütəxəssislər, düşünən beyinlər cəlb olunarlarsa, yalnız o zaman dəyişikliyin baş verə biləcəyinə inanmaq olar.

Hazırkı vəziyyətdə təyinatlar sadəcə bir-birini əvəzləyir, hər yeni təyin olunan ətrafına öz yaxınlarını cəlb edir, bununla da iş bitmiş sayılır. Hər zaman dediyim kimi, bir ölkə iqtisadiyyatının onurğa sütunu kiçik və orta biznesdir. Kiçik və orta sahibkarların önü açılmayınca iqtisadiyyatda müsbət dəyişiklik gözləməyək.

Baxın hal-hazırda ölkənin qeyri-neft sektorunun vəziyyəti göz qabağındadır. Ən kiçik tələbat mallarını belə xaricdən idxal edirik. Mövcud istehsal müəssisələrinin də əksəriyyətində istehsal olunan əmtəələrin ilkin xammalından tutmuş son qablaşma vasitələrinə və hətta etiketlərinədək hər bir şey xaricdən idxal olunur. Hətta ölkənin kənd təsərrüfatı sektoru belə yerli tələbatı tam ödəyəcək səviyyədə deyil. Ölkədəki biznes kreditləşməsinə nəzər salsaq, bankların kredit portfelində istehlak kreditlərinin həcminin 50%-ə yaxınlaşdığını, biznes kreditlərinin isə cüzi faiz təşkil etdiyini görərik.

Vüsalə Əhmədova: “Hətta ölkənin kənd təsərrüfatı sektoru belə yerli tələbatı tam ödəyəcək səviyyədə deyil”.

İqtisadi inkişafın demoqrafik inkişafı üstələməsi üçün çox istiqamətli fəaliyyət tələb olunur. Əhali, resurs istehsal edən (iqtisadi fəal, əmək qabiliyyətli) və resurs istehlak edən (uşaqlar, təqaüdçülər, əlillər və s.) olmaqla iki demoqrafik bölgü üzrə ələ alınmalı və buna müvafiq siyasət müəyyənləşdirilməlidir. Blacker-in demoqrafik təkamül nəzəriyyəsini, o cümlədən, Coale, Hoover, Phelps, Harvey Leibenstein ve Gary Becker kimi iqtisadçıların bu istiqamət üzrə nəzəriyyələrinin gözdən keçirilməsində fayda var, deyə düşünürəm.

Düşünürəm ki, problemə iki istiqamət üzrə yanaşmaq daha doğru olardı. Əhali sayındakı artıma müsbət yöndə baxsaq hansı ki, bir çox ölkələr əhali artımını təşviq edən siyasət yürüdürlər. Əhali sayındakı azalma ölkəni iqtisadi durğunluğa, sosial hərəkətsizliyə sürüklədiyi, ənənəvi istehsalın davam etməsinə səbəb olduğu (çünki, gənc əhali yeniliklərə daha yatqındır), investisiyaların adam başına düşən xərclərini yüksəltdiyi iddia olunur və bu bir həqiqətdir.

Sadə dillə desək, demoqrafik inkişaf tələbi artırır, artan tələb də öz növbəsində istehsalı, investisiyaları, texnoloji yenilikləri təşviq edir, iş bölgüsündə inkişafa yol açır. Digər tərəfdən isə, əhali artımının səbəb olduğu mənfi hallar hər zaman daha çoxdur. Artan əhali sayı fərdlərin həyat şəraitini aşağı salır, ölkədə işsizlik səviyyəsi yüksəlir, istehsal və gəlir artışı ləngiyir. Əhali artımı investisiya artımından çox olarsa, ölkədə yoxsulluq səviyyəsi çıxılmaz həddə yüksələ bilər.

Demoqrafik inkişafın mənfi iqtisadi təsirlərini minimuma endirmək üçün isə ilk öncə, ölkədə kapital yığımı reallaşdırılmalı, illik istehsalın bir qismi istehlaka yönləndirilməməlidir. Bildiyiniz kimi, əhali sayı artdıqca insanların milli gəlirdən alacağı pay da azalır, resursların böyük bir qismi istehlaka yönəldilir. Bu isə resursların getdikcə azalmasına və inkişafın geriləməsinə səbəb olur. İqtisadiyyatda kapital yığımı sürətlə artırılmalı, əmək məhsuldarlığını artıran texnoloji dəyişikliklər həyata keçirilməli, bununla yanaşı, texnoloji dəyişikliklər əməyin istifadəsini artırıcı xüsusiyyətdə olmalı, əməyin keyfiyyəti yüksəldilməli, kənd təsərrüfatında məhsuldarlıq artırılmaqla yanaşı, bu sahədə qiymət artımına yol verilməməlidir.

Vüsalə Əhmədova: “Kiçik və orta sahibkarların önü açılmayınca iqtisadiyyatda müsbət dəyişiklik gözləməyək”.

Demoqrafik inkişaf digər tərəfdən dövlət xərclərini artırır. Bildiyiniz kimi, ölkə əhalisinin əksəriyyəti hazırda Bakı şəhərində məskunlaşıb, bu da dolayısıyla mənzil, işsizlik, infrastruktur və bir çox başqa problemlərə yol açır. İnsanların bölgələrdən şəhərə axınını azaltmaq üçün bölgələrin sosial-iqtisadi inkişafı çox vacibdir. Kiçik müəssisələrin bölgələrə köçürülməsi, fermer təsərrüfatlarının yaradılması və s.

Məsələn, “kənd təsərrüfatı turizmi” bir həll yolu ola bilər deyə düşünürəm. Təbii ki, Avropa ölkələrində və ABŞ-da olduğu kimi təşkilatlanaraq, mütəşəkkil formada. ABŞ-ın müxtəlif əyalətlərində kənd təsərrüfatı turizmi hökumət tərəfindən dəstəklənir. ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) kənd təsərrüfatı turizm fəaliyyətlərini dəstəkləyən maraqlı tərəflərdən biridir. ABŞ əyalətlərindən biri olan Kolorado ştatında hər il demək olar ki, 13 milyondan çox ziyarətçi kənd təsərrüfatı turizm fəaliyyətlərinə qatılır və hər il bu sahə 2.2 milyon dollardan çox gəlir əldə edir. Kolorado ştat hökuməti tərəfindən bu istiqamətdə bir web sayt hazırlanmış və saytda yaxın tarixlərdəki turizm fəaliyyətləri və satılacaq məhsullar haqqında məlumatlar yer almaqdadır. Kaliforniya ştatında isə “Small Farm” yaradılmış və maraqlananların buraya ziyarəti təşkil olunur. Almaniya fermalarında isə kənd təsərrüfatı turizm fəaliyyətləri çərçivəsində bir həftədən iki həftəyədək gecəlmə, gəzinti və araşdırma aparma imkanları təklif olunur”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar