Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kürdlərin taleyi nə vaxtsa erməniləri də gözləyir…”

“Region dövlətləri Türkiyə ilə həmrəydilər”...

“AzPolitika.info” politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Zərdüşt bəy, Türk ordusunun Suriyaya daxil olmasını necə qiymətləndirirsiniz?

– Yaxın Şərqdə hökm sürən ümumi ab-havaya baxanda, ABŞ-ın öz milli təhlükəsizliyini əsas götürərək başqa ölkələrə təcavüz və işğal etməsini, İsrailin ərəb torpaqlarının işğalını özünün təhlükəsizlik mənafeyi ilə izah etməsini görürük. Yəni bütün bunları nəzərə alsaq, ümumi qanunsuzluq məkanında Türkiyənin də Suriya hökumətinin razılığı olmadan öz ordusunu Suriya ərazisinə yeridərək onun təhlükəsizliyinə sipər olan kürd silahlılarını zərərsizləşdirmək əməliyyatı aparması ağılabatan və məntiqlidir.

- Fərat çayının şərq sahillərində mövqe tutan kürd silahlı qüvvələri Türkiyə üçün nə dərəcədə ciddi təhlükə yaradırdı?

– Kürd silahlıları Türkiyənin təhlükəsizlik maraqları üçün həqiqətən də təhlükədir. Çünki kürd silahlıları faktiki olaraq Türkiyədə fəaliyyət göstərən gizli qiyamçı və separatçıların etnik mənsubiyyət baxımından bazası olacaq, onlara dəstək verəcək. Necə ki Şimali İraqdakı Kürdüstan PKK-ya dəstək verir və Türk ordusu mütəmadi olaraq Şimali İraqa daxil olaraq, orada terrorçulara qarşı əməliyyatlar keçirir.

Bir sözlə, Türkiyənin strateji məqsədi Yaxın Şərqdə kürd dövlətinin yaranmasının qarşısını almaqdır. Və bu məsələdə əksər region dövlətləri, sözdə deməsələr də, əslində Ankara ilə həmrəydilər. Konkret olaraq Suriya da, İran da, İraq da bu məsələdə Türkiyə ilə həmrəydir. Baxmayaraq ki, İraqİran hazırda Türkiyənin Suriyada apardığı əməliyyatı tənqid edir. Ən maraqlısı odur ki, son əməliyyatlar göstərdi ki, Rusiya da bu məsələdə Türkiyə ilə həmrəydir. Rusiya gördü ki, kürdləri himayəyə Amerika götürüb və uzun illərdir ki, silahlandırır.

- Hansı səbəbdən ABŞ kürdləri himayəsinə götürdü, onlara böyük miqdarda maliyyə və silahlar verdi və son mərhələdə də onları Türkiyənin qarşısında öz talelərinin ümidinə buraxdı?

– Bu, bütün oyuncaq, alət və düşüncəsiz xalqların taleyidir. Sizə deyim ki, belə bir tale nə vaxtsa erməniləri də gözləyir. Yəni öz qonşuları ilə normal əlaqələr qurub sıx əməkdaşlıq etmək, məsuliyyətli və namuslu vətəndaş olmaq əvəzinə etnik mənsubiyyət əsasında toparlanır və başlayırlar öz dövlətlərini qurmaq arzusu ilə yaşamağa, mübarizə aparmağa. Öz baxışlarına görə milli azadlıq mübarizəsi aparırlar. Bunun da nəticəsində ərazisində yaşadığı dövlətlə, bu dövlətin etnik çoxluğu ilə düşmən münasibətləri yaradırlar, daha sonra xarici himayədarları qarşısında tam asılı vəziyyətə düşürlər. Bu dəfə kürdlərə amerikalılar sahib çıxdı, onları silahlandırdı, 30 minlik ordu yaratdı. Sonra Vaşinqton strateji seçim qarşısında qaldı. Yəni NATO-da ən dəyərli müttəfiqi olan Türkiyənin, yoxsa 30 minlik ordusu olan kürd qiyamçılarının arasında seçim etmək məsələsi gəldikdə Türkiyəni seçdi və kürdlərin nəzarət etdikləri ərazilərdən geri çəkildi. Türkiyə də haqlı olaraq ona təhlükə olan kürd qiyamçıları və terrorçularını əzməyə başladı. Bu da Bəşər Əsədin, İranın və İraqın ürəyincə olan prosesdir. Dünənə qədər ABŞ-dan silah alıb həm də Bəşər Əsədə qarşı duran kürd qiyamçıları indi Dəməşq hökumətinə yalvarırlar ki, bizi türk ordusunun ağzından alın. Təsəvvür edin ki, kürd terrorçuları indi Əsəd ordusunu özlərinin nəzarət etdiyi ərazilərə dəvət edirlər. Dünənə qədər vuruşduqları və qəbul etmədikləri rejim ordusuna deyirlər ki, gəlin bizi türk ordusundan müdafiə edin. Əsəd ordusu da gəlir. Bu da Türkiyənin maraqlarına uyğundur. Çünki Bəşər Əsəd açıq deyir ki, Türkiyənin Suriya siyasətində nəhəng dönüş yaranıb. Dünənə qədər Ərdoğan 30 illik qardaşı Bəşər Əsədə deyirdi ki, hakimiyyətdən get, sən diktatorsan, niyə iki əlli hakimiyyətdən yapışıb ölkəni pis vəziyyətə gətirirsən və s. İndi isə deyir ki, biz Suriyanı bir dövlət kimi tanıyırıq, onun ərazi bütövlüyünü qəbul edirik və bizim ordu qarşısına qoyduğu hərbi vəzifəni yerinə yetirdikdən sonra Suriya ərazisində qalmayacaq. Qiyamçı və terrorçuları əzdikdən sonra türk ordusu Suriyadan çıxacaq. Beləliklə, Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində irəliyə ciddi addım atılır. Daha dəqiq desək, Suriya ərazisindəki kürd separatçıları amili də aradan qalxacaq.

- ABŞ prezidenti Donald Tramp hər gün Tvitter hesabında bir-birinə zidd açıqlamaları ilə diqqəti cəlb edir. Gah deyir ki, biz kürdlərin yanındayıq, gah deyir Türkiyənin addımlarına qarışmırıq, gah da deyir Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq edəcək. Tramp konkret olaraq nə istəyir və niyə ziddiyyətli yanaşmalar ortaya qoyur?

ABŞ-ın ənənəvi kürd siyasəti ona hesablanırdı ki, Yaxın Şərqdə Kürdüstan dövləti yaransın. Türkiyənin, Suriyanın, İraqın və İranın ərazisinin bir hissəsi bu dövlətin ərazisi hesab olunsun. Hətta nəzəri cəhətdən ola bilsin ki, Azərbaycan ərazisinin bir hissəsi də. 20-ci illərdə Qırmızı Kürdüstan məsələsini yadınıza salın. Əslində kürd amilindən bir sıra xarici dövlətlər Yaxın Şərqdə öz maraqlarını təmin etmək məqsədilə istifadə edirdi. Son Suriya böhranı ona gətirib çıxardı ki, İraqdakı muxtar kürd strukturu zəiflədi, əzildi və əvvəlki rolunu oynaya bilmədi.

İkincisi, Türkiyə Suriyada separatçı kürdlərə zərbələr endirir və Suriya hökumətinə “pas” ötürür ki, ərazisinə nəzarəti bərpa etsin. İran kənardan baxır və görür ki, öz kürdləri farağat oturub yerində və Allaha şükür edirlər. İran kürdləri də düşünürlər ki, nə yaxşı biz bu qovğadan kənarda qalmışıq, yoxsa bizi də əzəcəkdilər. Bu, bütövlükdə müsbət prosesdir və hər bir dövlət bundan xeyir götürür.

- Bəs, ABŞ-ın marağı necə təmin olunur?

ABŞ əvvəl kürdlərə dəstək verdi və Türkiyəni şantaj etmək üçün onlardan istifadə etdi. Eləcədə İraqSuriyanı laxlatmaq üçün bu amildən yararlandı. Öz məqsədinə çatandan, yəni Suriyanı xarabalığa çevirdikdən, İraqı pis günə saldıqdan sonra Tramp elan etdi ki, ABŞ xarici dövlətlərə müharibələr aparmamalı, ABŞ əsgərləri xaricdə vuruşmamalıdır, mən onları geri qaytarıram, yeni müharibələrə başlamaq niyyətim yoxdur. Yeri gəlmişkən, Tramp seçki kampaniyası dönəmində seçicilərə belə bir vəd vermişdi. Odur ki, ABŞ əsgərlərini geri çəkir. Kürdlər də deyir ki, ABŞ bizi aldatdı. Bəs sənin öz ağlın harada qalmışdı, düşünmürdün ki, günün birində ABŞ səni aldada, fikrini soruşmadan başqa bir addım ata bilər?

- Düşünürsünüz ki, ABŞ Türkiyəyə yaşıl işıq yandırmaqla, kürdləri arxasız buraxmaqla, əslində, Yaxın Şərq layihəsindən imtina edir?

– Bilirsiniz, bizim həyatımız 60,70, maksimum 80 ildir. Amma dövlətlərin həyatı 100 illərlə davam edir. ABŞ-ın dövlət kimi yaşı çoxdan 250-ni keçib. Bu dövlətlər dözə, gözləyə bilirlər. Düşünürlər ki, bu mərhələdə məqsədimiz alınmadı, gözləyək. Bəlkə daha münasib şərait yarandı, onda bu planı çıxarıb işə salarıq. Kürd millətinin içərisində isə hər zaman axmaq adamlar tapılacaq. Bu axmaqlar öz qonşuları ilə münasibətləri hər zaman bada verməyə hazır olacaqlar. Çünki xəyallarında xəyalı bir kürd dövlətinin baş naziri, maliyyə naziri, gömrük rəisi, polis şefi, prezidenti olmağa hazırdırlar. Buna görə də, öz xalqlarını qırğına verməyə hazır olacaqlar. Elə bizdə də nazir olmağa o qədər adam hazırdır ki, yeri gəlsə xalqın maraqlarını bada verməkdən çəkinməzlər. Yəni siz dediyiniz layihəni ABŞ başqa bir mərhələdə yenidən ortaya ata bilər. Bu istisna deyil.

- Terrorçu SDG-nın rəhbərlərindən “Məzlum Kobani” kod adlı Şahin Gilo ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsinin müavini Villiam Roebuka yalvararaq deyib ki, Türkiyənin hücumlarını dayandırın, əks halda kürdlərin Bəşər ƏsədRusiyanı nəzarət etdikləri ərazilərə dəvət etməsinə etiraz etməyin. Artıq Bəşər Əsəd SDG ilə razılaşıb və rejim qüvvələri separatçıların nəzarət etdiyi Tabka şəhərinə daxil olub və türk ordusunun qarşısını kəsmək məqsədilə şimala doğru hərəkət edir. Türkiyə-Suriya müharibəsi ehtimalı nə dərəcədə realdır?

– Bəli, artıq Bəşər Əsəd ordusu oktyabrın 12-dən kürd separatçılarının olduğu bəzi bölgələrə daxil olaraq Suriya dövlətinin bu ərazilərə nəzarətini bərpa edir. Amma Türkiyə və Suriya ordusunun üz-üzə gəlmə ehtimalı yoxdur. Ərdoğanın məqsədi nədir? Suriya dövləti ilə müharibə aparmaq deyil. Əksinə, Suriya kürdlərinin nə silahlı qüvvəsi olsun, nə də siyasi qurumu olsun. Artıq Bəşər Əsədə itaət edən kürdlərin nə müstəqil ordusu, nə də siyasi təsisatı olacaq. Yəni Ərdoğanın məqsədi və marağı burada təmin edilmiş kimi görünür.

- ABŞ bölgədən tam olaraq çıxmayıb. Türk ordusunun ABŞ və ya ruslarla üz-üzə gəlmə ehtimalını necə dəyərləndirirsiniz?

– Bu ehtimal da sıfıra bərabərdir. Bu qüvvələr arasında koordinasiya var, daima əlaqə saxlanılır, bir-birlərinə harada olduqlarını, hansı şəhərə girdiklərini və ya çıxdıqlarını bildirirlər. Rusiya Suriyada Türkiyə ilə də, ABŞ-la da, hətta İsraillə də belə əlaqəli işləyir. O cümlədən də ABŞ və Türkiyə. Yəni operativ əməliyyat gedir. Operativ əlaqələndirmədə mümkündür ki, hansısa səhv addım olsun. Amma burada da “dost atəşi” deyilən yanaşma var. Bəzən görürsən ki, Misir raketi Misirin təyyarəsini və ya ABŞ raketi öz təyyarəsini vurur. Belə şeylər olur. Bunu da tərəflər bilir və bir-birinə bağışlayır.

- “Sülh çeşməsi” əməliyyatının narahatedici bir məqamı da Tel-Abyaddakı İŞİD terrorçularının saxlanıldığı həbsxananın boş olmasıdır. Qeyri-rəsmi məlumatlara görə bu həbsxanada minlərlə İŞİD döyüşçüsü məhkum kimi saxlanılırmış. Amma türk ordusu Tel-Abyada nəzarəti ələ aldıqdan sonra bəlli olub ki, həbsxanadakı İŞİD üzvləri azad edilib və onları SDG özü ilə aparıb. Bu, ciddi problem deyilmi?

– Türk ordusu əməliyyat aparır və qarşısındakı da silahlı terrorçulardır. Bu halda siz deyə bilmərsiniz ki, mənim rəqibim qaydalara riayət edən şərəfli insandır. Əksinə, deməlisən ki, rəqibim qanunları pozan, beynəlxalq təhlükəsizliyə problem yaradan əclaf yığınıdır. Yəni müharibənin informasiya tərəfi də var.

ABŞ İŞİD döyüşçülərini yığmışdı, onlara nəzarəti də silahlı kürdlərə tapşırmış və özləri də prosesə kənardan nəzarət edirdi. ABŞ gedir, kürdlər də görür ki, türk ordusu sürətlə gəlir və ona müqavimət imkanları yoxdur. Bu halda nə edərlər? Qalıb həbsxanada İŞİD-dən olan məhkumları qorusunlar, yoxsa kəndlərdəki ailələrinin yanına qaçıb arvad-uşaqlarını qorusunlar? Sözsüz ki, SDG döyüşçüləri döyüşləri tərk edərək özlərinin şəhər və ya kəndlərinə gedirlər.

İŞİD-in yenidən dirçəlməsi isə real deyil. Həbsxanadan azad edilən İŞİD terrorçuları nə edəcək? Nəzərə alın ki, vahid rəhbərlik yoxdur, xilafət çöküb, xəlifə Bağdadinin özü sıçan deşiyində gizlənib, pul yoxdur, artıq neft sata bilmirlər. Üstəlik, ABŞ da dəstəyini kəsib. Bu qədər aldanan İŞİD döyüşçüləri nə edəcək? Nəzərə alın ki, onların içərisində Azərbaycandan ailəsini götürüb “Xilafət”ə gedənlər olub. YPG geri çəkildi, türk ordusu gəlir. Bu saat İŞİD-dən olan məhkumlar da başlarına necə çarə qılmaq haqqında düşünür. Yəni İŞİD məsələsi bitdi. İŞİD-in yenidən baş qaldırması mümkün deyil. Əslində İŞİD bir layihə idi. Sabiq ABŞ prezidenti Obama bu barədə sərras fikir demişdi. Qeyd etmişdi ki, İŞİD 10 illərlə qalacaq, ABŞ da ordusunu bu müddətdə Yaxın Şərqdə saxlamalı olacaq və s. Obama getdi, İŞİD də getdi. Tramp gəldi, ABŞ ordusu Suriyadan çıxmaq haqqında düşünür. İŞİD məhbusları da səpələnib yoxa çıxacaqlar.

- Yəni artıq Suriya böhranı başa çatır? Bunu real hesab edirsiniz?

Suriya böhranı həllinə yaxındır. Astana görüşləri niyə keçirilirdi, Putin, Ruhani və Ərdoğan nəyi müzakirə edirdilər? Ruhani və Putin bu danışıqlarda kimin mənafeyini müdafiə edirdi? Sözsüz ki, Suriya dövlətinin və Əsədin. Bu siyasətin məntiqi nəticəsi kimi kürd terrorçu və separatçıları tərksilah olunur, Suriya dövləti üçün kürd separatizmi problemi aradan qalxır. Ərdoğan açıq ifadə edir ki, Suriya dövlətinə qəsd etmək niyyəti yoxdur, türk ordusu terrorçuları zərərsizləşdirdikdən sonra geri dönəcək. Hərbi tapşırıq da kürd yaraqlılarını zərərsizləşdirməkdən ibarətdir. Suriya böhranı bu baxımdan həllə yaxındır. 2015-2016-cı illərdə Bəşər Əsəd süquta yaxın idi. Astana toplantılarının, İranRusiyanın dəstəyi sayəsində artıq Əsəd möhkəmlənib və ölkə ərazisinin böyük hissəsinə nəzarəti həyata keçirir. Üstəlik, amerikanlar Suriyadan çıxır. Digər dövlətlər də çəkiləcək. Sakitlik yarandıqdan sonra, fikrimcə, Bəşər Əsəd İranın da Suriyadan çıxmasını istəyəcək. Amma Rusiyanın Hmeymim və Tartus hərbi bazası Suriyada qalacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar