Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə müşahidələrim...- Politoloq

Atlas Araşdırmalar Mərkəzinin rəhəbri, politoloq Elxan Şahinoğlu yazır...

Türkiyənin Burdur və Dənizli Universitetlərində 8-12 oktyabr tarixlərində təşkil olunan konfranslarda iştirak etdim. Hər iki konfransın mövzusu Ermənistanın işğal siyasəti ilə bağlı idi. Mənim məruzəm sırf Dağlıq Qarabağ münaqişəsinə və bunun bölgəyə təsirinə həsr olunmuşdu. Məruzəmdə bölgədə marağı olan dövlətlərin münaqişəyə baxışları da yer almışdı. Toplantıya Türkiyənin erməni məsələsini araşdıran tanınmış mütəxəssiləri də dəvət olunmuşdu. Türkiyənin regional siyasəti barədə maraqlı məruzələr dinlədim. Fərəhləndirici haldır ki, çıxış etdiyimiz zallar dolu idi, müəllim və tələbələr məruzələrimizi diqqətlə dinlədilər. Ancaq təəssüf etdiyim hal da oldu. Bu iki universitetdə Azərbaycanın dərdinə aid olan konfranslarda yalnız Spartadan bir tələbəmiz – Şahməran Mahmudov qatıldı. Burdur və özəlliklə də Dənizlidə çoxsaylı gənclərimizin təhsil almasına baxmayaraq konfransımıza gəlmədilər. Türkiyədə təhsil dalınca gedən bir qrup tələbəmizin heç nəyə maraq göstərmədiyini mənə söhbət etdiyim yerli müəllimlər də dedilər. Məyus oldum.

Konfranslarda iştirak mənə Türkiyənin təhsil sistemindəki müsbət və mənfi məqamları öynəməyə imkan yaratdı. Son illərdə Türkiyənin ən kiçik şəhərində də Universitetlər tikilib istifadəyə verilib. Türkiyə Universitetlərindən birinin dekanı bizimlə söhbətdə qeyd etdi ki, bunun müsbət tərəfi ilə yanaşı mənfi tərəfi də var: “Universitetlər çoxalır, ancaq ali təhsilli gənclərin çoxalması ilə işsizlərin sayı da artır. Məsələn iqtisadiyyat fakultəsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu haqqında ayrıca dərslərimiz var. Ancaq dərs dediyim tələləblərin böyük əksəriyyəti heç zaman bu strukturlarda işləməyəcəklər. Bugünlərdə arabamı ustaya verdim, bir həftədir geri ala bilmirəm, çünki usta təkdir, köməkçisi yoxdur. Yəni bu qədər diplomlu işsizdənsə araba təmir edə bilən ustaların sayı çox olsaydı daha faydalı olardı”. Dekanın tənqidi qeydlərinə baxmayaraq, hər şəhərcikdə universitet həmin yaşayış məntəqələrinin canlanmasına səbəb olub. Məsələn Burdurda Universitet olmasa şəhər iqtisadiyyatında ciddi problemlər olar. Tələbələr Burdurda mənzilləri kirayə götürürlər, kafeləri doldururlar, alış-veriş edirlər. Eyni mənzərəni Çanaaqqala şəhərində də görmüşdüm. Çanaqqala da əsl tələbə şəhəridir. Şəhərin istisadiyyatı tələbələrin hesabına ayaq üstə dayanır.

Buna baxmayaraq, müşahidələrim əsasında iki mənfi tendensiyanın varlığının da şahidi oldum. Mən il yarım Bakıdakı Universitetlərin birində dərs dedim. Bu müddətdə dərsə kitabla gələn bir tələbə görmədim, nazik dəftəri büküb dal ciblərinə qoyaraq dərsə gəlirdilər, tələbələrə kurs işi yazdırmaq üçün çantamda kağız və qələm daşıyırdım. Təəssüf ki, oxşar mənzərəni Türkiyədə də müşahidə etdim. Burdur və Dənizli Universitetlərinin koridorlaırnda və kampuslarında çox az sayda tələbənin əlində kitab gördüm, söhbətlərinə kənardan diqqət yetirdim, çoxu dərsdən başqa hər şeydən danışırdı. İkincisi, oğlanlarla yanaşı qızların da kütləvi şəkildə papiros çəkdiklərini müşahidə etdim.

Bəzən mən də belə fikirlər eşidirəm ki, Türkiyə qardaş ölkədir və Azərbaycanı onsuz da dəstəkləyir. Bu ölkədə Azərbaycanın əsas problemi ilə bağlı konfrans keçirməyə nə ehtiyac var? Mən bir daha əmin oldum ki, belə konfranslara Türkiyədə də ehtiyac böyükdür. Əlbəttə, Türkiyənin orta və yaşlı nəsli Ermənistanın işğalı ilə bağlı məlumatlıdır, ancaq Türkiyənin gənc nəslinə də bölgəmizdə baş verən hadisələr barədə məlumatlar və suallarına cavab verməyə ehtiyac var. Digər tərəfdən bu cür konfranslar vasitəsilə ErmənistanDağlıq Qarabağ mövzusunda araşdırma aparan mütəxəssislər bir araya gəlir, informasiya və araşdırmaları ilə bölüşürlər. Mən tədqiq etdiyim mövzuyla bağlı nəsə yeni fakt öyrənirəm, məndə də nəsə yeni fakt öyrənilər. Ona görə bu cür konfransların keçirilməsi zəruridir. Türkiyəli mütəxəssislərin də Azərbaycana dəvət olunmalarına ehtiyac var. Məsələn bölgəmizi araşdıran elə türkiyəli mütəxəssislərlə görüşdüm ki, hələ Azərbaycanda olmayıblar. Özbaşına necə gəlsinlər? Gərək biz onları dəvət edək, Türkiyədə olduğu kimi bizim universitetlərdə konfrans və seminarlar təşkil edək. Başqa bir gedişatdan da məyus oldum. Burdur və Dənzili şəhərlərinin bələdiyyələrində və valiliklərində yüksək səviyyəli görüşlərimiz oldu. Azərbaycana könüldən bağlı insanlardır. Dənizlidə böyük bir Xocalı parkı açılıb. Bu şəhərlər Azərbaycanın müxtəlif şəhərləri ilə əməkdaşlıq etmək istəyirlər. Məsələn Burdur bələdiyyəsi Şəki şəhəri ilə qardaşlaşmaq istəyir. Ancaq bununla bağlı Şəki icra hakimiyyətinə göndərdikləri məktubdan uzun müddətdir cavab ala bilmirlər. Burdur bələdiyyəsində bizə dedilər ki, Şəkidə Burdur evinin, Burdurda isə Şəki evi açılmasına tərəfdarıdırlar. Ancaq bu istək olaraq qalır. Halbuki, biz Azərbaycan turizmin inkişafını istəyiriksə, Türkiyənin müxtəlif şəhərləri ilə sazişlər imzalamaqda birinci növbədə özümüz maraqlı olmalıyıq. Dənizlidə bizə bu şəhərin qardaş olduğu şəhərləri sadaladılar. Bu sırada Fransadan tutmuş Cənubi Koreyaya qədər şəhərlər var idi, bircə Azərbaycandan bir şəhər yoxdur. Doğrusu, iki qardaş ölkə arasında təyyarə biletlərinin baha olmasını da anlamıram. Gəliş-gedişə mane olna səbəblərdən biri də budur. Sonra da deyirik ki, niyə erməni lobbisi təbliğatda güclüdür. Əgər biz qardaş ölkədə passiviksə, gör başqa ölkələrdə nələr baş verir. Türkiyədə olduğum yerlərdə ən çox millət vəkilimiz Qənirə Paşayevanın adı çəkilirdi. Onu hamı tanıyır. Çünki fəaldır, Türkiyədə hara gedirsə, erməni işğalından, Xocalı soyqırımından danışır. Elə Türkiyənin bir çox yerində salınan Xocalı parklarına və abidələrinə görə Qənirə Paşayevaya minnətdar olmalıyıq.

Türkiyənin Suriyada hərbi əməliyyata başlaması xəbərini konfransda aldım. İnsanların bu əməliyyata necə reaksiya verdiklərini yerindəcə müşahidə etdim. Türk mehmetciyinə qələbə arzulayan Türkiyə vətəndaşları qanları bahasına olsa belə terrora zərbə vurlması vacibliyini bildirirdilər. Əlbəttə asan olmayacaq. Bunu iştirak etdiyim konfranslarda söhbət etdiyim türkiyəli siyasi ekspertlər də etiraf etdilər. Ancaq həmin ekspertlər sözlərinə onu da əlavə etdilər ki, Türkiyənin başqa alternativi qalmamışdı, əməliyyat başlamasaydı PKK uzantıları Türkiyə ilə sərhədin tamamını ələ keçirəcəkdilər. Türkiyənin hər yerində eşitdiyim bir cümləni də Sizinlə bölüşmək istəyirəm: “Türkiyəmiz güclüdür və bizi kimsə təhdid edə bilməz”. Qardaş ölkənin siyasi dairələri və cəmiyyəti Türkiyənin Suriya əməlliyyatına verdiyi dəstəyə görə Azərbaycana minnətdar olduqlarını söyləyirdilər. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu müsahibəsində Can Azərbaycanın Türkiyənin hərbi əməliyyatını dəstəkləyən tək-tük ölkələrdən biri olduğunu xüsusi vurğuladı. Başqa cür ola da bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar