Cümə, 15 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Trampın impiçment işi - Vəziyyət qəlizləşir...

ABŞ prezidentinin şəxsi vəkilinə qarşı cinayət işi açılıb...

ABŞ prezidentinin şəxsi vəkili Rudolf Culiani ilə bağlı prokurorluq araşdırmalara başlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Qəzetin yazdığına görə, vəkil lobbi qanunlarını pozmaqda şübhəli bilinir. İstintaq Trampın vəkilinin köməkçiləri olan iş adamları Lev Parnas və İqor Frumana qarşı işlə bağlıdır. Bu həftə həbs olunan sovet əsilli hər iki şəxs seçki kampaniyasındakı maliyyə pozuntularında ittiham olunur.

Federal prokurorluq həmçinin vəkil Culianinin ABŞ-ın Ukraynadakı səfirinin istefası ilə bağlı əlaqələrini də araşdırır. Bu istefada onun təsirin olduğu ehtimal edilir.

Guliani səfirin istefasında iştirakının olmasını təkzib etsə də, köməkçiləri və Ukrayna prokurorları ilə səfir Meri Yovanoviçin haqqında, eləcə də ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və oğlu Hunter haqqında məlumat topladıqlarını inkar etməyib.

Bayden və onun oğluna qarşı araşdırmalar Trampa qarşı impiçment prosedurlarının başlamasına səbəb olub. “Associated Press”-in məlumatına görə, Meri Yovanoviç Trampın şəxsi vəkili Culianinin xahişlərini yerinə yetirmədiyi üçün istefaya göndərilib.Məlumatlara görə, guya səfir bütün xahişlərin diplomatik protokola uyğun olaraq rəsmi kanallarla ötürməsini tələb edib .

Yovanoviç özü Trampın impiçment məsələsi ilə bağlı Konqressdəki qapalı dinləmələrdə çıxış edib. Keçmiş səfir bəyan edib ki, onun istefası vəkil Culianinin şikayəti əsasında Trampın təzyiqləri ilə bağlıdır

Ötən ilin aprelində ABŞ-da geniş siyasi əlaqələri olan iki biznesmen Ukraynanın ən zəngin maqnatlarından olan İqor Kolomoyski ilə görüşmək üçün İsrailə səfər etmişdilər. Kolomoyskinin həm də Vladimir Zelenskinin prezident seçilməsində aparıcı rollardan birini oynadığı düşünülür.

Bu “iki keçmiş sovet vətəndaşı” – Ukrayna doğumlu Lev Parnas və Belarus doğumlu İqor Fruman potenisal baxımdan Ukraynaya bağlı təbii qaz şirkəti qurmağa çalışırdılar. Onlar bu işin içində həm də Zelenskini görmək istəyirdilər. Biznesmenlər prezident Donald Tramp-ın şəxsi vəkili Culiani və Ukraynanın ovaxtkı baş prokuroru Yuri Lutsenko ilə yaxın münasibətlərinin olması ilə lövğalanırdılar.

Sonra isə Kolomoyski onları öz ofisindən bayıra atdığını demişdi. Kolomoyski mayın 17-də AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində demişdi:

“Onlar Ukraynaya getmişdilər, adamlardan pul yığırdılar və deyirdilər ki, cənab Giuliani ilə yaxındırlar və istənilən məsələni Lutsenkonun əli ilə həll edə bilirlər. Cənab Lutsenkonun heç bundan xəbəri yox idi. Düşünürəm ki, bu barədə cənab Ciuliani də bilmirdi”.

Kolomoyski bu iki nəfəri satirik sovet qəhrəmanına bənzətmişdi: “Bu iki Ostap Bender iki ölkə arasında ora-bura gedib-gəlirdilər və nədən gəldi danışırdılar”.

Lakin oktyabrın 9-da Parnas və Fruman Vaşinqton yaxınlığındakı Dallas beynəlxalq hava limanında həbs olundular. Onların Almaniyanın Frankfurt şəhərinə birtərəfli biletləri var idi. Xəbər verilir ki, onları lap təyyarənin girəcəyində mülki geyimlilər saxlamışdılar.

ABŞ hakimiyyət orqanları Parnas və Frumanı ABŞ-ın seçki kampaniyalarının maliyyələşdirilməsi qanunlarını pozmaqda ittiham edir. İttihamda deyilir ki, bu iki nəfər ABŞ-da siyasi namizədlərə xarici pulların ötürülməsi ilə məşğul olublar.

Lakin məhkəmə sənədlərindən bəlli olur ki, hazırda Konqresdə prezident Trampa qarşı aparılan impiçment araşdırmasına daha çox Ukrayna elementləri cəlb oluna bilər.

Parnas və Fruman oktyabrın 9-da ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılıblar. Təqsirsiz olduqlarını bildiriblər. Prokurorlar onların qaçmaq riski olduğuna görə həbsdə saxlanmalarını istəyiblər. Hakim isə onlardan 1 milyon dollar zamin pulunun ödənməsini tələb edib.

Bu işlə əlaqədar, biri də ukraynalı Andrey Kukuşkin olmaqla daha üç nəfərə qarşı ittiham irəli sürülüb. İttihamnamədə deyilir ki, Parnas and Fruman Global Energy Products adlı şirkət yaradaraq 2018-ci ildə bundan Trampın pultoplama fonduna 325 min dollar köçürmək üçün istifadə ediblər.

Prokurorlar bildiriblər ki, Kukuşkin də daxil sözü gedən digər üç şübhəli Nevada ştatı da daxil müxtəlif ştatlarda seçkilərin maliyyələşdirilməsinə çalışıblar. Federal Seçki Komissiyasının qeydlərindən bu da məlumdur ki, Parnas 2016-cı ildə Tramp-ın seçki kampaniyasına 100 min dollar ianə verib. Məhkəmə sənədləri göstərir ki, Parnas və Fruman ABŞ-ın Ukraynadakı keçmiş səfiri Yovanoviçin geri çağırılmasında rol oynamış bir konqresmenə də ianə veriblər və daha çox ianə verməyi vəd ediblər.

Yovanoviç Tramp tərəfdarları tərəfindən kəskin tənqid edilir. Onlar səfiri Ukraynadakı “Burisma Holdings” şirkəti barədə cinayət işinin açılmasına maneçilik törətməkdə ittiham edirlər.

ABŞ-ın keçmiş vise-prezidenti və ehtimalən Tramp-ın 2020-ci il seçkisində potensial əsas rəqibi ola biləcək Co Baydenin oğlu məhz bu şirkətdə direktorlar şurasının üzvü olub. Tramp və onun tərəfdarları iddia edirlər ki, Bayden 2016-cı ildə bu şirkətin araşdırılmasının qarşısını almaq məqsədilə Ukraynanın ovaxtkı baş prokuroru Viktor Şoxini istefaya məcbur edib.

Tramp Baydenin işinin araşdırlması məsələsini Ukrayna prezidenti ilə 25 iyul tarixli telefon söhbətində müzakirə edib. Demokratlar iddia edirlər ki, Tramp Zelenskini belə bir təhqiqata əmr verməyə məcbur etmək istəyib və hətta bu məqsədlə ABŞ-ın Ukraynaya hərbi yardımını həftələrlə ləngidib. Bununla yanaşı kəşfiyyat xəbərçisinin Trampın Zelenskiy= ilə söhbətindən rəsmi şikayət verməsi prezidentə qarşı impiçment araşdırmasının başlanmasına səbəb olub.

Tramp və Ağ Ev demokratların bütün ittihamlarını rədd edir və “qondarma” adlandırırlar.

İttihamnamədə bu da qeyd olunur ki, Parnas və Fruman səfir Yovanoviçin Kiyevdən geri çağırılmasının səhnə arxası proseslərində birbaşa iştirak ediblər. Bu işdə onlara bir sıra Ukrayna rəsmilərinin də dəstək verdikləri bildirilir, lakin ad çəkilmir. Bəlli olan budur ki, Yovanovitch-in ən qatı tənqidçisi keçmiş baş prokuror Lutsenko olub. Bu vəzifəni Şoxindən sonra tutmuş Lutsenkonun özünü vəzifədən ötən avqustda Zelenski uzaqlaşdırıb.

Keçmiş prokuror və Nyu Yorkun keçmiş meri Culianinin Tramp administrasiyasında rəsmi vəzifəsi yoxdur. Lakin tənqidçilər onu Trampın adından xarici siyasət kampaniyaları aparmaqda ittiham edirlər. O habelə Yovanoviçi kəskin tənqid edirdi.

Parnas həmçinin Tramp və Zelenskiy arasında 25 iyul telefon söhbəti ilə bağlı ABŞ və Ukrayna rəsmiləri arasındakı danışıqlarda fəal iştirak edib. Bu telefon danışığından 6 gün əvvəl Parnas Vaşinqtonda Culiani və ABŞ-ın Ukraynadakı keçmiş xüsusi elçisi Kurt Volkerlə səhər yeməyində olub. Nə Parnası, nə də Frumanı Ukraynanın biznes dairələrində yaxşı tanımırlar. Fruman Qara dəniz sahilindəki Odessada gecə klubunun şərikidir. Klub “Mafia Rave” adlanır.

Sənədlərdən məlum olur ki, onlar Delaverdə qeydiyyatdan keçmiş “Global Energy Producers LLC” şirkətini ABŞ maye qazının Ukraynaya ixrac edilməsi üçün qurublar. Parnas və Frumanın həbsindən bir neçə saat sonra Konqresdəki impiçment təhqiqatçıları onlarda olan sənədlərin verilməsini tələb ediblər.

Oktyabrın 9-da Parnas və Frumanla münasibətləri barədə iddialarla bağlı verilən suala Tramp “mən bu cənabları tanımıram” cavabını verib: “Mümkündür ki, onların mənimlə birlikdə şəkli olsun, çünki mən hamı ilə şəkil çəkdirirəm. Mən onları tanımıram. Nə etdiklərini bilmirəm. Mən bilmirəm. Bəlkə də onlar Rudolfun müştəriləridir. Yaxşısı budur, siz Rudolfdan soruşun”.

Bu baş verənlər onu göstərir ki, hakimiyyətə gələndən bəri Rusiya işi üzrə araşdırmanın hədəfi olan və xüsusi prokuror Robert Müller tutarlı dəlil tapa bilmədiyinə görə təzəcə rahat nəfəs almağa başlayan Trampın işi indi doğrudan da qəlizdir. Rusiya təhqiqatından salamat qurtarsa da Ukrayna qalmaqalı deyəsən onu bitirəcək…

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar