Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: “Türkiyənin planı nə qədər reallaşa biləcək, bu, sual altındadır”

Türkiyənin Suriyanın şimalına müdaxiləsi nəticəsində ağır döyüşlər davam edir...

Türkiyənin Suriyaya "Barış Pınarı Hərəkatı" planı adlandırdığı müdaxiləsi çərşənbə günü reallaşıb.

BBC News Azərbaycancanın Türkiyənin Suriyada əməliyyatlarının regiona təsiri, miqyası və gələcəyi barədə suallarını siyasi şərhçi Şahin Cəfərli cavablandırır.

BBC News Azərbaycanca: Şahin bəy, Türkiyənin bu əməliyyatlarının hədəfi nədir?

- Türkiyə xeyli vaxtdır ki, Suriyanın şimalında, yəni Fərat çayının şərq hissəsində əməliyyat keçirəcəyi barədə məlumatlar verirdi. Türkiyə prezidenti Recep Tayyip Erdoğan son iki il ərzində dəfələrlə bu barədə bəyanat vermişdi ki, biz Suriyanın şimalında "terror zolağının" yaranmasına imkan verməyəcəyik. "Terror zolağı" deyəndə, Türkiyə kürdlərin nəzarət etdiyi ərazini, Suriyadakı kürd qruplaşmaları PYD və YPG-nin nəzarətindəki ərazini nəzərdə tutur. İndi hadisələrin gedişatı uyğun gəlib, həm Amerika, həm də Rusiya ilə danışıqlarda bu əməliyyata etiraz etmədiyi barədə onların rəyi öyrənilib, onlardan söz alınıb və ondan sonra Türkiyə hərəkətə keçib. Dünəndən [oktyabrın 9-dan-red.] etibarən əməliyyat başlayıb, qarşı tərəf də deyəsən müqavimət göstərməyə çalışır. Onlar müqavimət göstərə bilər, hücum əməliyyatlarını gecikdirə bilər, amma hər halda nizamlı Türkiyə Ordusunun qarşısında yəqin ki, onların şansı olmayacaq.

Türkiyənin planı belədir ki, Suriya ərazisində 30 km dərinliyində və 480 km uzunluğunda bir "təhlükəsizlik zonası" yaratsın, oradan bütün silahlı qrupları təmizləsin və Türkiyədəki suriyalı qaçqınları tədricən həmin əraziyə köçürtsün, orada məskunlaşdırsın. Amma bu plan reallaşacaqmı, nə qədər Türkiyənin istədiyi kimi reallaşacaq, bu, hələ ki, sual altındadır.

Beynəlxalq aləmdən, istər ABŞ-dan, istər Avropa Ittifaqından Türkiyənin bu əməliyyatlarına etirazlar var. Rusiya da əslində tam dəstək vermir, o şərtlə dəstək verir ki, Türkiyənin bu əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunmasına xidmət etsin. Beynəlxalq aləmdən tam dəstək yoxdur, ona görə də məsələnin siyasi tərəfi Türkiyə üçün çətindir. Hər halda yəqin ki, Türkiyə bundan sonrakı mərhələdə də istər Rusiyanın, istərsə də Amerikanın rəyini öyrənməli olacaq, yəni, belə deyək, onlarla hesablaşacaq.

BBC News Azərbaycanca: Rusiya bu əməliyyatlara qarışmayacağını bildirib, ABŞ dövlət katibi Mike Pompeo da çıxışında bildirib ki, ABŞ-ın Türkiyəyə "yaşıl işıq" verməsi səhv məlumatdır və belə bir razılıq olmayıb. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu əməliyyata qarşı çıxır. Bu məqamlar Türkiyənin bundan sonrakı münasibətlərinə necə təsir edəcək?

- Məncə, ABŞ-ın siyasətindən bəhs edərkən iki Amerikadan danışmaq lazımdır; biri Donald Trump-ın Amerikası, yəni, prezident hakimiyyəti, digəri isə ənənəvi Amerika sistemi. Son illərdə dəfələrlə müşahidə etmişik ki, bunların hər ikisinin siyasəti bir-birindən fərqlənir. Bu məsələdə - Türkiyə və kürdlər məsələsində də onlar arasında fikir ayrılığı aşkar hiss olunur. Mən Mike Pompeo-nun dediyinə qatılmıram, çünki əgər ABŞ razılıq verməsəydi, oradan öz əsgərlərini çıxarmasaydı, hava məkanını qeyri-rəsmi də olsa açmasaydı Türkiyə yəqin ki, bu cür genişmiqyaslı əməliyyata girişə bilməzdi. Yəni, bu faktdır ki, prezident Trump-la prezident Erdoğanın telefon danışığında razılıq əldə olunub. Buna görə də, Pompeonun dedikləri sırf daxili ictimaiyyətə yönəldilib, çünki ABŞ daxilində, xüsusilə Konqresdən etirazlar gəlir. Pompeo da bu etirazlara qarşı deyir ki, bizim razılığımız olmayıb.

Proseslərin bundan sonrakı gedişatı Türkiyə ilə ABŞRusiya arasındakı danışıqlardan asılı olacaq. Düzdür, Ərəb Dünyası da, İran da etiraz edir, amma onların proseslərə elə həlledici təsiri yoxdur. Suriyada əsas söz sahibi birinci Rusiya, ikinci ABŞ-dır. Burada Recep Tayyip Erdoğanın noyabrın 13-də ABŞ-a planlaşdırılmış rəsmi səfəri böyük əhəmiyyət daşıyır. ABŞ-la danışıqlar yəqin ki, Türkiyənin bundan sonrakı planlarına təsir göstərəcək.

BBC News Azərbaycanca: Türkiyənin "təhlükəsiz zona"ya köçürməyi planladığı suriyalı qaçqınlar kimə tabe olacaq? Burada bir növ Türkiyə tabeçiliyi, yoxsa Suriya tabeçiliyi olacaq?

- Bu, bir az mürəkkəb məsələdir. Əvvəlcə o ərazilərdə təhlükəsizliyi tam təmin etmək lazımdır ki, oraya insanları köçürmək mümkün olsun. Bu isə hələ ki, belə çox qısa müddətdə mümkün görünmür. Gərək Türkiyə Ordusu sürətlə irəliləsin və oradan bütün "terrorçu" və ya digər silahlı qrupları təmizləsin və orada öz nəzarətini tam qursun ki, bundan sonra qaçqınların köçürülməsi məsələsi gündəmə gəlsin.

Məsələnin ikinci tərəfi odur ki, qaçqınları aparıb səhralıqda buraxa bilməzlər, gərək əvvəlcə onlara minimum şərait yaradılsın, evlər tikilsin, infrastruktur yaradılsın. Türkiyənin də buna maliyyə imkanları cavab verirmi ki, orada yaşayış məskənləri inşa etsin, bu da sual altındadır. Türkiyənin özündə iqtisadi böhran var və dövlətin imkanları o qədər də geniş deyil. Beynəlxalq təşkilatların köməyi olmadan Türkiyənin təkbaşına orada insanları məskunlaşdırması problematik görünür.

Məsələnin üçüncü tərəfi odur ki, söhbət Suriya vətəndaşlarından gedirsə, onların taleyinin həll olunması məsələsində Suriyanın mərkəzi hökumətinin fikrini öyrənmək və onların da iştirakını müəyyən qədər təmin etmək lazımdır. Türkiyə hər nə qədər Bəşər Əsəd rejimini qanuni hökumət kimi qəbul etməsə də, bu, beynəlxalq çərçivədə de-fakto hakimiyyət kimi tanınıb. Yəni, bu məsələlər göründüyü qədər asan məsələlər deyil.

BBC News Azərbaycanca: Türkiyənin Suriyanın şimalına müdaxiləsinə yaxın gələcəkdə hansı əks reaksiyalar ola bilər?

- Hazırda gördüyümüz odur ki, beynəlxalq aləm Türkiyəni əməliyyatları dayandırmağa çağırır. Avropa İttifaqı, ABŞ Konqresi, Ərəb ölkələri, İran əməliyyatları dəstəkləmir. Rusiya müəyyən həddə qədər "yaşıl işıq" yandırsa da, Rusiya da tam dəstək vermir. Təbii ki, bu xarici siyasət, bu fon Türkiyənin lehinə deyil, ona görə də beynəlxalq aləmdən siyasi dəstək olmadan bu məsələni davam etdirmək Türkiyə üçün siyasi baxımdan çətinlik göstərəcək. Türkiyəyə sərf edir ki, öz məqsədinə mümkün qədər tez çatsın, qurduğu planları mümkün qədər tez reallaşdırsın. Çünki məsələ uzandıqca və qarşı tərəfdən müqavimət artdıqca bu, Türkiyənin əleyhinə işləyəcək, beynəlxalq aləmdən təzyiqlər daha da artacaq.

Hələlik real addım ABŞ Konqresindəki sanksiya təşəbbüsüdür. Bu sanksiyanın Konqresdən keçməsi ehtimalı çox böyükdür. Əgər sanksiya Konqresdə təsdiq olunarsa bundan sonra prezidentin imzası tələb olunacaq, Trump-ın bunu imzalayıb-imzalamaması isə sual altındadır. Hər halda, Konqresdə də bu təşəbbüslərin qanuniləşdirilməsi prosesi vaxt alır. Prezidentin veto hüququ olduğuna görə Trump sanksiyaya veto da qoya bilər. Bu sanksiya məsələsinin uzanma ehtimalı da var.

Ərəb ölkələri bu məsələ ilə bağlı təcili toplantı keçirəcəklər. Ola bilsin ki, məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr kürd qruplarına tutaq ki, maliyyə dəstəyini artırsınlar və yaxud yeni silahlar versinlər və s. Ərəb dünyasının addımları bundan o tərəfə keçə bilməz.

Burada ancaq Suriya mərkəzi hökumətinin hərbi müdaxiləsi nəzəri baxımdan mümkündür, ancaq biz bilirik ki, Suriya hökuməti müstəqil deyil və Rusiyanın razılığı olmadan hər hansı hərbi əməliyyata girişə bilməz. Buna görə də, burada Türkiyə-Rusiya arasındakı dialoqdan çox şey asılıdır. Əgər Rusiya bundan sonra da Türkiyənin əməliyyatlarına dəstək verəcəksə, ABŞ administrasiyası hazırki mövqeyini davam etdirəcəksə, o zaman Türkiyənin öz planlarını reallaşdırması ehtimalı böyükdür. Əgər ABŞ və ya Rusiya Türkiyənin yoluna müəyyən məhdudiyyətlər qoyacaqsa, o zaman əməliyyatların gözləniləndən daha tez başa çatması və Türkiyənin daha məhdud miqyasda "təhlükəsizlik zonası" yaratması mümkün ola bilər.

BBC News Azərbaycanca: Bu məsələnin regiona hansı təsirləri var?

- Türkiyə daha əvvəl də Suriyada iki dəfə hərbi əməliyyat keçirib - "Fərat qalxanı" və "Zeytun budağı." Bu, üçüncüdür. Bu, yalnız Suriyanın şimalını, Fərat çayının şərq hissəsini əhatə edən lokal hərbi əməliyyatdır və bizim bölgəyə hər hansı təsirindən danışmaq doğru olmaz.

pia.az


Etiket: Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar