Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də toplantı keçirilib - Foto

FHN-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib...

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Aparatında cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, İsmayıllıAğsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib.

Toplantıda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Cəmil Əliyev və zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri iştirak edib.

Toplantının keçirilməsində məqsəd baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi sərəncam və tapşırıqların icrası üzrə ötən dövr ərzində görülmüş tədbirlərin, həmçinin işlərin qısa müddətdə yekunlaşdırılması istiqamətində qarşıya çıxan məsələlərin həlli yollarının müzakirəsi olub.

Toplantıda çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hadisənin səhəri günü zəlzələ zonasına səfər etməsi, təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olması, zəlzələdən ziyan görmüş insanlarla görüşməsi və fəsadların operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi ölkə başçısının çətin vəziyyətə düşən vətəndaşlarımıza hər zaman göstərdiyi ali dövləti qayğının növbəti təsdiqi oldu. Odur ki, hadisədən dərhal sonra zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olub. Bu isə əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə qeyd olunur.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Nazir K.Heydərov bildirib ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70%-ə qədəri yerli sakinlərdən ibarətdir.

Qeyd olunub ki, 30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq.

Nazirin sözlərinə görə, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib. Bu səbəbdən, Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir.

Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatıb, 423 evdə bərpa işləri davam etdirilir. Digər bərpaya ehtiyacı olan evlərlə bağlı sənədləşmə işləri başa çatmaq üzrədir və yaxın günlərdə bərpa işlərinə başlanılacaq.

Nazir xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə xeyli işlər görülüb. İlk günlərdə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilib, sosial vəziyyəti ağır olan ailələrin yaşayış-məişət problemləri araşdırılıb, müvafiq köməklik göstərilib. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən zəlzələdən zərərçəkmişlər üçün 79 yeni fərdi yaşayış evi tikilib, 15 ev əsaslı təmir edilib. Nazir bildirib: “Bu gün də bölgədə Heydər Əliyev Fondu ilə əlaqələndirilmiş şəkildə fəaliyyətimiz davam edir və Fondun böyük dəstəyini hiss edirik”.

K.Heydərov onu da əlavə edib ki, bölgədə müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşılır. Belə ki, zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Qeyd edilib ki, nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk aylarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olub. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilib. Müraciətlər çox vaxt zəlzələ ilə əlaqəsi olmayan, baxımsızlıq səbəbindən fiziki köhnəlmiş, habelə bəzi vətəndaşların özləri tərəfindən sonradan müdaxilə edilmiş evlərin, yardımçı tikililər və hasarların, yay aylarında mövsümi istifadə üçün nəzərdə tutulan tikililərin bərpası ilə bağlı olur. Buna baxmayaraq, həmin insanlar təkrar baxış üçün müraciət etməkdə davam edirlər. Belə ki, 25 sentyabr 2019-cu il tarixinə qədər zəlzələ bölgəsindən nazirliyə daxil olmuş 6 minə yaxın vətəndaş müraciətinin 2511-i təkrar müraciətdir. Həmçinin, 268 vətəndaşdan 4 və daha artıq müraciət daxil olub. Odur ki, ilkin baxış komissiyalarının fəaliyyəti artıq dayandırılıb və nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb. Bundan sonra işlər yalnız bu vaxta qədər tərtib edilmiş aktlar əsasında formalaşdırılmış siyahılar üzrə aparılacaq və evlərin müayinəsi üçün müraciətlərə baxılmayacaq.

Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış edərək görülən işlər barədə məlumat veriblər. Zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün göstərdikləri xüsusi diqqət və qayğıya görə rayon camaatı adından ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Bildirilib ki, ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq, zəlzələ nəticəsində İsmayıllı rayonu üzrə təmirə ehtiyacı olduğu müəyyən edilmiş 458 evdən 416-da, Şamaxı rayonu üzrə 2264 evdən 501-də, Ağsu rayonu üzrə 2104 evdən 408-də təmir işləri artıq bitib. Həmçinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən ümumilikdə 3 məktəb, 3 uşaq baxçası və 10 tibb məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bunlardan 3 məktəb və 6 tibb məntəqəsində işlər yekunlaşıb, digər obyektlərdə isə işlər yaxın zamanlarda bitəcək. İşlərin qısa müddətdə tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

Sonra tikinti-bərpa işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri çıxış edərək görülən işlər və qarşıya çıxan məsələlər barədə toplantı iştirakçılarına məlumat veriblər.

Sonda ölkə rəhbərliyinin sərəncam və tapşırıqlarının qısa müddətdə icrasının təmin edilməsi və işlərin tezliklə sona çatdırılması məqsədilə qarşıda duran məsələlər geniş müzakirə edilib. İşlərin vaxtında başa çatdırılması üçün nazir K.Heydərov nazirliyin aidiyyəti qurumlarına və podratçı təşkilatlara müvafiq tapşırıqlar verib.

PİA.az Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Şamaxı, İsmayıllıAğsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantıda çıxışıni təqdim edir:

Hörmətli toplantı iştirakçıları!

Bildiyiniz kimi 5 və 6 fevral 2019-cu il tarixlərində respublikamızın Şamaxı, İsmayıllıAğsu rayonları ərazisində baş vermiş 5,3 bal gücündə zəlzələ bölgədə bir sıra fəsadlar törətmişdir. Zəlzələ baş verdikdən bir neçə saat sonra Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi, xilasediciləri, tikinti mütəxəssisləri hadisə bölgəsinə gəlmiş, vəziyyətin araşdırılması, təxirəsalınmaz tədbirlərin görülməsi, vətəndaşlara tibbi və psixoloji yardımların göstərilməsi, mühəndis-kommunikasiya xətlərinə, sosial obyektlərə, çoxmənzilli yaşayış binalarına və fərdi yaşayış evlərinə dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılmışdır.

Baş vermiş hadisənin ertəsi günü Respublikamızın Prezidenti, Zati-aliləri İlham Əliyev təbii fəlakət bölgəsinə gələrək, vəziyyətlə yerində tanış olmuş, yerli sakinlərlə görüşmüş, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara tapşırıqlar vermişdir. Hadisədən dərhal sonra zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olub. Bu isə əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə qeyd olunur.

Qeyd etmək lazımdır ki, təbii fəlakət bölgəsindəki rayonların ərazisi coğrafi və geoloji cəhətdən mürəkkəb xüsusiyyətlərə malikdir. Bu rayonlarda 272 400 nəfər əhali yaşayır. Fərdi təsərrüfatların sayı 62 580 ədəddir. Ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10 608 fərdi yaşayış evi müayinə olunmuşdur ki, bu da ümumi təsərrüfatların 17%-nə bərabərdir. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilmişdir. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu müəyyən edilmişdir. Müayinələrin nəticələrinə uyğun olaraq Nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılmışdır.

Qeyd etmək istəyirəm ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunmuşdur ki, bunların da 70% -ə qədəri yerli əhalidən ibarətdir.

30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilmişdir. 206 fərdi yaşayış evinin tikintisi davam edir və bu ilin noyabr ayında başa çatacaqdır.

 

Bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən, həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpa edilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu səbəbdən Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınmışdır. Hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. Evləri qəzalı hesab edilmiş digər 112 ailə məhz bu yaşayış binalarında yerləşdiriləcək.
Ağsu rayonunda sürüşən ərazilərdə yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır.

Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatmışdır. 423 evdə bərpa işləri davam edir. 195 vətəndaş mütəxəssislərin rəyi ilə razılaşmayaraq, evlərin bərpa edilməsindən imtina etmişlər. Digər bərpaya ehtiyacı olan evlərlə bağlı sənədləşmə işləri başa çatmaq üzrədir və yaxın günlərdə bərpa işlərinə başlanılacaqdır.

Təmirə ehtiyacı olan evlərlə bağlı tədbirlər yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və onlar bu barədə məlumat verəcəklər.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə bir sıra tədbirlər həyata keçirilmişdir. İlk günlərdə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilmiş, sosial vəziyyəti ağır olan ailələrin yaşayış-məişət problemləri araşdırılmış, müvafiq köməklik göstərilmişdir. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən zəlzələdən zərər çəkənlər üçün 79 yeni fərdi yaşayış evi tikilmiş, 15 ev əsaslı təmir edilmişdir. Bu gün də bölgədə Heydər Əliyev Fondu ilə əlaqələndirilmiş şəkildə fəaliyyətimiz davam edir və Fondun böyük dəstəyini hiss edirik.

Bildirmək istəyirəm ki, bölgədə müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşırıq. Zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Qeyd etməliyəm ki, nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk vaxtlarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olmuşdur. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilmişdir. Bu səbəbdən avqust ayından etibarən əməkdaşlarımız tərəfindən bölgədə vətəndaşların qəbulu dayandırılmış, müayinələrin nəticələrini əks etdirən siyahılar dəqiqləşdirilmiş, mütəxəssislər bərpa işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasını daha da sürətləndirmək məqsədi ilə öz daimi iş yerlərinə qaytarılmışlar.

25 sentyabr 2019-cu il tarixinə qədər zəlzələ bölgəsindən nazirliyə 6 minə yaxın vətəndaş müraciəti daxil olmuşdur ki, bunların 2511-i təkrar müraciətdir. 268 vətəndaşdan isə 4 və daha artıq müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin əksəriyyəti cavablandırılıb. Digər müraciətlər nazirliyin müvafiq bölmə və qurumlarında icraatdadır.

Vətəndaşların qəbulu vaxtı daxil olan şifahi və müxtəlif orqanlara göndərilən yazılı müraciətləri bir neçə qrupa bölmək olar.

Müraciətlərin böyük bir qismi əvvəldə qeyd etdiyim kimi fərdi yaşayış evlərində zəlzələ ilə əlaqədar olmayan, uzunmüddətli təmirsiz istifadə nəticəsində yaranmış qüsurlarla, keyfiyyətsiz tikinti materiallarından istifadə etməklə, yaşayış üçün uyğunlaşdırılmış tikililərlə və ya zəlzələnin heç bir izi olmayan qənaətbəxş vəziyyətdə olan evlərlə bağlıdır.
Mütəxəssislərin rəyi ilə razılaşmayaraq təmirə və bərpaya ehtiyacı olan evlərə yenidən baxış keçirilərək qəzalı kateqoriyasına salınması tələbi ilə olan müraciətlər çoxluq təşkil edir və əksəriyyəti əsassızdır. Bildirmək istəyirəm ki, fərdi yaşayış evlərinin təmiri və bərpası yerli icra hakimiyyətlərinin və Fövqəladə Hallar Nazirliyinin sifarişləri əsasında yerinə yetirilir. Layihə sənədləri hazırlayan mütəxəssislər və tikinti təşkilatının mütəxəssisləri işə başlarkən, təmir və bərpa işlərinin mümkün və ya səmərəli olmadığını müəyyən etdikdə, yeni aktlar tərtib edilərək, evlər növbəti kateqoriyalara aid edilirlər. Bu səbəbdən vətəndaşların təşvişinə və müraciətlərinə ehtiyac yoxdur.
Bəzi hallarda vətəndaşlar özlərinə məxsus kommersiya obyektlərinin, yardımçı tikililərin, tövlə, təndir və s. tikililərin bərpasını və ya yenidən tikilməsini tələb edirlər.
Bir çox hallarda vətəndaşlar evlərində təmir və bərpa işləri aparılarkən zəlzələ ilə əlaqədar olmayan qüsurların aradan qaldırılması, qapı və pəncərələrin, döşəmənin dəyişdirilməsi, həyətlərin abadlaşdırılması, əlavə kommunikasiya xətlərinin çəkilməsi, darvaza quraşdırılması tələbləri ilə müraciətlər edirlər.
Bəzi vətəndaşlar zəlzələ hadisəsindən fürsət kimi istifadə edərək, uzun müddət yaşayış olmayan, yay aylarında mövsümi istirahət üçün istifadə etdikləri evlərin yenidən tikilməsini tələb edirlər.
Bəzi hallarda vətəndaşlar özləri müdaxilə edərək evlərinə qəzalı görkəmi verməyə çalışmışlar. Belə ki, yaşayış evinin daşıyıcı divarlarını sökmək, kiçik çatları müxtəlif alətlərlə qaşıyaraq, genişləndirmək cəhdlərinə görə 16 vətəndaş barədə materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq - mühafizə orqanlarına göndərilmişdir.
Müraciətlərin bir qismi isə Nazirliyin fəaliyyət dairəsinə və zəlzələyə aidiyyəti olmayan məsələlərlə əlaqədardır. Belə ki, mətnin əvvəlində zəlzələ bəhanə kimi göstərilir və ailə üzvlərinin işə düzəldilməsi, xaricdə müalicə olunması, maddi yardım göstərilməsi xahiş olunur.
Lakin görülmüş işlərə, vətəndaşlara verilmiş izahatlara və cavablara baxmayaraq, təkrar və əsassız müraciətlərin daxil olması hələ də davam edir.

Bu hal nazirliyin əməkdaşlarının böyük bir hissəsinin iş vaxtlarının əsassız müraciətlərin araşdırılmasına sərf olunmasına səbəb olur.

Bununla əlaqədar bir daha qeyd etmək istəyirəm ki, nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb, zərər çəkmiş vətəndaşların siyahıları dəqiqləşdirilib. Nazirliyin aidiyyəti qurumları zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Respublikamızın Prezidenti, Zati-aliləri İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın tapşırıqlarının icrası və bu işlərin vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər etmişlər.

Diqqətinizə görə təşəkkür edirəm!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar