Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədovun yüksəlişinin və çöküşünün sirri: Qıyılan və dağılan siyasi nigah sərgüzəştləri

Dünən vəzifəsindən uzaqlaşdırılan Baş nazir Novruz Məmmədov barədə verilən bu qərar hər kəs tərəfindən təəccüblə qarşılandı...

Məsələ burasındadır ki, Azərbaycan reallığında istənilən nazir postunda əyləşənləri asanlıqla öz kürsüsündən qoparmaq mümkün olmur. Bəziləri hətta son mənzilə kreslolarından yola salınırlar. Novruz Məmmədovun Baş nazirliyi isə cəmi ilyarım sürdü. Bəs, vaxtından əvvəl gələn istefanın səbəbi nədir?

PİA.az bildirir ki, Ovqat.com gün ərzində apardığı gərgin araşdırmalar nəticəsində deyəsən bu sualın ən dəqiq cavabını tapıb.

Sən demə, Novruz Məmmədovun Baş nazirliyinin sonunu gətirən heç də öz işinin öhdəsindən gələ bilməməsi deyilmiş. Əksinə, hər buyruğa başı üstə gedən bu ağsaqqal adam Azərbaycanı idarə edənlər üçün bəlkə də ən ideal variant idi. Lazım gələndə meşədən meyvə, yarpaq, budaq və s. “məhsul”ların toplanmasına vergi tətbiq edəcək qədər absurd sərəncamlara imza ataraq cəmiyyətin bütün nifrətini öz üzərinə çəkən və bu yolla ölkə rəhbərliyinə onun “səhv”ini düzəldərək reytinq qazandırmaq üçün “pas” ötürən bir başqa könüllünü tapmaq qəliz məsələdir. Deməli, Novruz Məmmədov əsla və əsla ondan tələb olunan standartlara cavab verməyən biri deyildi.

Elədirsə, Azərbaycan hakimiyyətinin bu qədər qəhət birisiylə yollarını ayırmasının əsas səbəbi nə ola bilərdi? Üstəlik, Azərbaycan reallığında qələmi sındırılan iri məmurun vaxtilə hakimiyyət orqanlarına doldurduğu qohum-əqrəbalarının da dərhal işdən qovulması gerçəyi var. Bəs, Baş nazirin hansı qohumları hansı hakimiyyət orqanlarında təmsil olunurdular və “xaç ata”ları işdən uzaqlaşdırılandan sonra onların başına nə gəlib?

İnternet üzərindən axtarış zamanı Novruz Məmmədovun üç övladı və nəvələri olduğunu müəyyənləşdirdik. Övladlarından birinin onun oğlu olduğu və İsmayıl adını daşıdığını aydınlaşdırdıq. Polis polkovnik-leytenantı olan İsmayıl Məmmədovun atası baş nazir təyin ediləcəyi ərəfədə yüksək vəzifə ilə mükafatlandırıldığı da ortaya çıxdı. Belə ki, Novruz Məmmədov 21 aprel 2018-ci ildə Baş nazir kürsüsünə gətirilmişdi. Onun oğlu İsmayıl Məmmədov isə atasından cəmi 17 gün qabaq 15-ci polis bölməsinin rəisi təyin edilmişdi. Açığı, Baş nazir kimi böyük bir vəzifənin daşıyıcısı olan bir adamın oğluna bizim mentalitetdə daha artıq vəzifə yaraşdığından bu təyinatı olduqca təvazökar mükafat hesab etdik. Deməli, cənab Baş nazirin digər övladları daha yüksək vəzifə ilə makafatlandırılmalı idilər.

Di gəl ki, onun digər övladları barədə hər hansı məlumat əldə edə bilmədik. İnternet üzərindəki axtarış proqramlarında Novruz Məmmədov yazanda dərhal aşağıda qızı, ailəsi, həyat yoldaşı və ya kürəkəni kimi kateqoriyalar ortaya çıxsa da, onların üzərinə tıklayanda heç bir məlumat əldə etmək mümkün olmadı. Belə görünürdü ki, bu məlumatlar google-nin yaddaşından tamamilə silinmişdilər.

Araşdırmamızı “Novruz qızı” (ailə qurunca familiyasının dəyişdirilə biləcəyi məntiqilə sadəcə ata adını yazmağı uyğun gördük) başlığı altında aparanda isə diqqətimizi bir ad cəlb etdi: “Məmmədəliyeva Leyla Novruz qızı”. Deyəsən ipin ucu əlimizə keçmişdi. Elə bu ümidlə də Məmmədəliyeva Leylanın kim olduğu ilə maraqlandıq. Qarşımıza ilk çıxan Modern.az-ın 24 Sentyabr 2013-ci il tarixli buraxılışında “Müstəqil Azərbaycanın diplomat xanımları - onlar hansı səfirliklərdə çalışırlar? - ARAŞDIRMA – SİYAHI” sərlövhəli məqalə oldu. Məqalədə axtardığımız şəxs barədə yazılırdı: “Nyu-York şəhərində yerləşən BMT yanındakı daimi nümayəndəliyimizdə 2 xanım diplomatımız var: 1-ci katib Esmira Firudin qızı Cəfərova, 3-cü katib - Leyla Novruz qızı Məmmədəliyeva”.

Əcəba, Leyla Novruz qızı Məmmədəliyeva sabiq baş nazirin qızı idimi? Buna qəti əmin olmaq üçün daha artıq fakta ehtiyac vardı. Yenidən axtarışımız Leyla Məmmədəliyeva adlı xanımın adını Newtimes.az saytına aparırdı. Media orqanlarında işləyənlərin yəqin ki əksəriyyəti bu saytin Novruz Məmmədovun nəzarəti altında fəaliyyət göstərdiyini bilirlər. Hədəfə bir addım da yaxınlaşdığımızı hiss etdiyimizdən Newtimes.az-da Leyla xanımı axtarmağa qərar verdik. Qarşımızda isə müəzzəm bir tablo açıldı: “Müəllif: Leyla Məmmədəliyeva” səhifəsi http://newtimes.az/az/author/189/2-10/). Yarı rəsmi sayta bu imtiyazın ancaq qohum-əqrəbaya nəsib olduğunu düşündüyümüzdən qənaətimiz artıq tam yerinə oturmuşdu.

Bu səfər isə bizi başqa bir mətləb maraqlandırırdı. Qızlıq familiyası Məmmədova olan Leyla xanımı Məmmədəliyevaya çevirən həmin kürəkən kimdir? Niyə bu evlilik bu qədər gizli tutulur. Sözsüz ki, ağlımıza ilk gələn 2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində Leyla xanımla xanımla birlikdə çalışan Yüsif Məmmədəliyev oldu. Hansı ki, bir neçə il əvvəl adı Təhsil naziri təyinatında hallandırılmış, daha sonra hansısa səbəbdən bu vəzifəyə layiq görülməmişdi. Onun avtobioqrafiyası isə Təhsil nazirindən daha möhtəşəm şəxs təsiri bağışlayırdı:

1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.

2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.

2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.

2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.

2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

İngilis, ispan, rus və türk xarici dillərini bilir.

2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilmişdir.

Hazırda Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi vəzifələrini icra edir.

Fikrimizcə, bu fakt Novruz Məmmədovun birdən-birə yüksəlməsinin də səbəbi ola bilərdi. Zira Azərbaycan siyasi ənənəsində vəzifə təyinatlarında qohumbazlıqların mühüm rol oynadığı sirr deyil. Yusif Məmmədəliyev də I vitse-prezidentin köməkçisi olduğundan, yəqin ki, bu təyinatlarda müstəsna səlahiyyətə sahibdir. Digər tərəfdən, Baş nazirlik kürsüsünə uzun illərdir başqa adamların adı hallanırdı. Gah Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, gah artıq siyasi karyerası tarixə qovuşmuş kimi görünən Ziya Məmmədov, gah Maliyyə naziri Samir Şərifov və s. kimi iri məmurlar əsas iddiaçılar arasında idilər. Hətta keçmiş Vergilər naziri Fazil Məmmədovun adı da namizədlər arasında çəkilirdi. Amma son prezident seçkilərinə qədər heç kimin ağlına gəlməzdi ki, bir gün Baş nazirimiz Novruz Məmmədov olacaq. Görünən budur ki, sözügedən təyinatda həqiqətən də qohumbazlıq öz sözünü demişdi.

O zaman növbəti sual yaranır: Bəs Novruz Məmmədovun Baş nazirliyinin ömrü niyə belə qısa sürdü?

Axtarışlarımız zamanı Yusif-Leyla Məmmədəliyevlər cütlüyünün nigahının uğurlu alınmadığını təsbit edə bildik. Kimlərsə bütün internet resurslarından bu evliliyə dair bütün dəlilləri ortadan qaldırsalar da, unutduqları bəzi məqamlar vardı. Bunlardan biri Bakı Apelyasiya Məhkəməsinin, digəri isə Ali Məhkəmənin rəsmi məlumatlarıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi İmanov Azad Nizam oğlu sədrliyi ilə 15.02.2017 tarixində keçirilən məhkəmə baxışında qərardadın dəyişdirilmədən saxlanıldığı qeyd olunub. Apellyasiya şikayətinin iddiaçı Məmmədəliyev Yusuf Ülfət oğlu, cavabdehi isə Məmmədəliyeva Leyla Novruz qızı görünür. Tələb: nikahın pozulması.

http://bakuappealcourt.gov.az/az/content/show/293557

Həmin işin kassasiya şikayətinə isə Ali Məhkəmənin hakimi Gündüz Quliyev baxıb. Bu dəfə iddiaçı qismində Leyla Məmmədəliyeva, cavabdeh qismində isə Yusif Məmmədəliyev çıxış edib. Maraqlıdır ki, məhkəmə baxışı 4 aprel 2019-cu ildə keçirilib və kassasiya şikayəti təmin edilməyib, qətnamə isə dəyişdirilmədən saxlanılıb. Novruz Məmmədov da məhz bu tarixdən cəmi 6 ay sonra işdən uzaqlaşdırılıb.

Belə çıxır ki, Yusif-Leyla cütlüyünün Apellyasiya məhkəməsindən sonra tərəflər arasında nisbi barışıq olmuş və bunun mükafatı olaraq Novruz Məmmədova Baş nazirlik kürsüsü hədiyyə edilmişdir. Üzərindən bir il keçəndən sonra yenidən araya problemlər girmiş, ailə dağılmışdır. Nəticədə nigahın mehri – Baş nazir postu da Novruz Məmmədovdan geri alınmışdır. Kassasiya şikayətinin məhz dərhal deyil, 2 ildən sonra verilməsi də bu ehtimalı təsdiqləyir.

http://sc.supremecourt.gov.az/job/detail/2%255B102%255D-2912%252F2019

Hakim elitada baş verən bu evlilik oyunlarının ölkə idarə olunmasına yansıması heyrət doğurur və bəzi suallara yol açır: İlahi, biz hansı siyasi ağıl və təfəkkürlə idarə edilirik?

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Novruz Məmmədovun yüksəlişinin və çöküşünün sirri: Qıyılan və dağılan siyasi nigah sərgüzəştləri

Ən çox oxunanalar