Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərdüşt Əlizadə: "Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki..." 

"Mən geri saldım? Orda heç bir qanad yox idi. İsanın radikal ya liberal qanad haqda dedikləri boş şeydir"

1987-88-ci illərdə Azərbaycanda başlamış xalq hərəkatının nəticəsində Azərbaycan Xalq Cəbhəsi yaradıldı.

1989-cu ildə təsis edilən və xalq arasında AXC kimi tanınan qurum həmin dövrün ziyalılarını, ictimai fəallarını birləşdirirdi.

AXC-nin ilk rəhbəri Əbülfəz Elçibəy olub.

Həmin vaxt Sovet Azərbaycanın rəhbərliyi də AXC ilə hesablaşmağa məcbur qalmışdı.

1992-ci ildə AXC prezident seçkisinə qatılmış və hakimiyyətə gəlmişdi. Amma AXC hakimiyyətinin ömrü uzun çəkməmiş, 1993-cü ildə baş vermiş Gəncə hadisələri nəticəsində keçmiş Azərbaycan SSR-nın birinci katibi olmuş Heydər Əliyev hakimiyyətə gəlmişdi.

AXC 1995-ci ildə siyasi partiyaya çevrildi, bəzi AXC-cilər isə hərəkatdan ayrılaraq öz siyasi partiyalarını qurdular.

Bu il 30 yaşı tamam olan Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin ilk üzvlərindən biri Zərdüşt Əlizadə hesab edir ki, o vaxt təşkilat yarananda "SSRİ-ni dağıtmaq kimi bir plan olmayıb". O, Xalq Cəbhəsinin yaradılmasındakı xidmətini Qarabağı xilas etmək və sosializmi yeniləmək istəyi ilə izah edir. PİA.az BBC-nin müsahibəsini təqdim edir:

BBC News Azərbaycanca: Zərdüşt bəy, sizcə Azərbaycan Xalq Cəbhəsinin yaranması sosial-siyasi sifarişin nəticəsi idi, ya o vaxtkı ölkə rəhbərliyinin də razılığı ilə yaradılması haqda deyilənlərin əsası vardı?

Zərdüşt Əlizadə: Həm o, həm bu. SSRİ-nin dağılması ölkə rəhbərliyinin qərarı idi. SSRİ-ni nə o vaxt yaradılmış xalq cəbhələri, nə xalq hərəkatları dağıdıb. SSRİ-ni Qorbaçov, Yakovlev, Siyasi Büronun üzvləri dağıdıb. Başlıca məqsəd bu idi ki, ümumxalq mülkiyyətini özəlləşdirib ciblərinə qoysunlar. Bunu adi vətəndaş anlamazdı. Mən də adi vətəndaş idim və anlamırdım. Mən səmimi qəlbdən istəyirdim ki, sosializm möhkəmlənsin. Sovet İttifaqında xalqların böyük şansı vardı, böyük dövlətlərdə pul çox olur, elmi, sənayeni inkişaf etdirmək olur, böyük ictimai və texniki layihələr həyata keçirmək olur. Müstəqil Azərbaycan özünün 20 milyardlıq büdcəsi ilə heç bir layihə gerçəkləşdirə bilməz. Nefti satıb ərzaq, geyim, maşın alıb dolanacağıq, vəssalam. Biz nə özümüzə, nə elmə, nə də bəşəriyyətə bir şey verə bilərik.

Amma SSRİ edə bilərdi, dünyanın ikinci böyük fövqəl dövləti idi. Sadəcə onun səmərəsiz quruluşunu yeniləmək lazım idi, ora insan hüquqlarını, ifadə azadlığını, çoxpartiyalılıq, azad seçkilər, xüsusi mülkiyyət və bu kimi anlayışları əlavə etmək lazım idi. Böyük Avropa olardı. Mən hesab edirdim ki, SSRİ kimi nəhəng ərazidə vahid energetika, vahid nəqliyyat sistemi, vahid məhkəmə sistemi dərin yenilənmədən, yenidənqurmadan keçməlidir və Avropa standartlarına uyğunlaşmalıdır. Xalq Cəbhəsinin ilk nizamnaməsi də məhz bu ideyaları özündə ehtiva edirdi. Heç bir "SSRİ-ni dağıdaq, kiçik dövlətlər yaransın, belə bir fikir yox idi və ya kimsə Rokfeller kimi yaşasın, mən bunu istəmirdim. Bəzi adamlar bunu istəyirdilər, çünki onlar yuxarı təbəqənin sifarişini yerinə yetirir, sosialist sisteminin demontajını istəyirdilər. Buna da nail oldular. Bir çox ciddi alimlər faktlarla deyirlər ki, bəli, bir çox xalq cəbhələri yuxarıların sifarişiylə, təhlükəsizlik orqanlarının vasitəsilə yaranırdı.

Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki, Qarabağı xilas edim və bir də sosializmi yeniliyim. Amma uzun müddət mən və kiçik bir dairə geniş bir hərəkat yaranması üçün çox çalışdıq, alınmadı, insanlar qorxurdu. Amma elə ki mürtəce dairələr, "partokratlar" AXC-yə öz adamlarını yerləşdirdilər o saat qapılar açıldı, o saat axınla insanlar gəldi. Təşəbbüsü əllərinə aldılar və sonradan Xalq Cəbhəsi Azərbaycanda partiya maraqlarının qorunmasına, demokratiyanın boğulmasına xidmət etdi, sonra da tayfa davasında bir dəyənək oldu. Bunu kitabımda da, məqalələrimdə də yazmışam. Baltikyanı respublikaların xalq cəbhələri ölkələrinə Avropanı gətirdilər, digər cəbhələrsə ölkələrinə oliqarxik, kriminal diktaturalar gətirdilər.
Sıravi cəbhəçilərin ən böyük günahı onların cahilliyi idi, tənqidi düşüncə qabiliyyətləri yox idi. Meydandakı çıxışların məzmununu, 1988-ci il mitinqindəki şüarları yadınıza salım: "Bakı gözəl şəhərdir, ermənilər olmasa", "Topxanada iş gedir, Bakıda nümayiş gedir".

Mən orda olmuşam, gözümlə görmüşəm, utanmışam. Mən 5 il mütərcim işləmişəm, nazirlərlə, prezidentlərlə işləmiş, minlərlə kitab oxumuş adam kimi bu kütləni görəndə dəhşətə gəlirdim. Cahillər həmişə davakar, mübariz, özlərinə inamlı olurlar, biliyin sərhədi var, cəhalətin sərhədi yoxdur. Demokratik hərəkat Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Orta Asiyada məğlubiyyətə məhkum idi, çünki nə ənənə, nə də sosial baza vardı. Mən çalışırdım nəsə sol bir hərəkat yaradım. Alınmadı. Həmkarlar İttifaqları hərəkatı yox idi, muzdlu əməkçilərin mütəşəkkil təşkilatı yox idi.

Mən onu [SSRİ-ni-red.] əsasən, islah etməyə çalışırdım. Xalq Cəbhəsinin birinci proqramını diqqətlə oxuyun. Mən çoxpartiyalılıq, söz azadlığı, xüsusi mülkiyyət, azad seçkilər və s. tələb edirdim, yəni SSRİ-nin əks-təmərküzləşməsi, respublikaların təsərrüfat hesabına keçməsi, dünya bazarında mübadilə, ticarət, vergilərin müəyyən danışıqlardan sonra SSRİ büdcəsinə ödənilməsi... Bunlar AXC-nin ilk nizamnaməsində yazılmışdı. Təbii ki, Sovet İttifaqında böyük qüsurlar vardı. Bunu bütün dünya bilirdi. Tərəqqipərvər ziyalılar bunu görür, ifşa edirdilər, buna görə tutulurdular. İdeal quruluş deyildi. Amma Azərbaycanda indiki quruluşu götürəndə xeyli demokratik idi.BBC News Azərbaycanca: Demokratikliyi nədə idi? Çoxpartiyalılıq yox idi, azad söz yox idi...

- Demokratiya onda idi ki, heç olmasa hansısa iqtisadi bərabərlik vardı, qanunlar işləyirdi. İndi İlham Əliyev qanundur, nə desə o olur. Heydər Əliyev də çalışırdı belə olsun, amma bacarmırdı.

BBC News Azərbaycanca: Mövzudan yayınırıq, qayıdaq AXC-nin yarandığı günlərə. Sizin dediklərinizdən bəlli olur ki, Əbülfəz Elçibəyin bu təşkilata sədr seçilməsini istəməmisiniz. Səbəb nə idi?

- Bu adam fırıldaqla sədr olub. Bundan sonra da seçilmiş qurumları, İdarə Heyətini, Məclisi dağıdıb, ətrafına tayfasını yığıb, sonra da camaatı aldadıb. "Azərbaycan xalqının etimadını doğruldacağıma and içirəm" deyirdi, amma andına tüpürüb Kələkiyə qaçdı. Mən iftira atmıram, bunu bütün xalq bilir.

Qeyd: AXC-nin təsis konfransında iştirak etmiş, AXC hakimiyyəti dövründə parlament sədri olmuş İsa Qəmbər BBC News Azərbaycancaya müsahibəsində deyib ki, Əbülfəz Elçibəy "böyük üstünlüklə" quruma sədr seçilmişdi. O bunu qarşıya qoyulmuş milli hədəflərə çatmaq üçün "Əbülfəz Elçibəy kimi liderin lazımolması" ilə izah edib.

BBC News Azərbaycanca: Zərdüşt bəy, Elçibəy Gəncə hadisələrinin nəticəsində, 4 iyun kimi xatırlanan hadisələrdən sonra Bakını tərk etdi. Ona yaxın şəxslər bu hadisələrin arxasında Moskva və Tehranın dayandığını iddia edirlər və eks-prezidentin qan axıtmamaq üçün Naxçıvana, Kələkiyə getməyə məcbur qaldığını söyləyirlər. Ali Sovetin o zamankı sədri, AXC-nin İdarə Heyətinin üzvü İsa Qəmbər BBC News Azərbaycancaya müsahibəsində deyib ki, siz Elçibəyin yox, Yusif Səmədoğlunun sədr seçilməsinə çalışmısınız və ona sizin tərəfdarlarınız tərəfindən təzyiqlər olduğunu bildirib.
- Bəli, mən onun sədr seçilməsini istəmişəm. Özü (İsa Qəmbər) 2003-cü ildə məğlub olandan, tapdalanandan sonra diplomatik ziyafətlərlərin birində mənə yaxınlaşıb dedi ki, sənə sual vermək istəyirəm. Soruşdu ki, o zaman mən deyən yox, sən deyən olsaydı, Əbülfəz Elçibəy yox, sən deyən seçilsəydi, yenə belə olacaqdı? Dedim: "Sən təsəvvür edirsənmi Yusif Səmədoğlu ətrafına xuliqanları yığsın?" Yusif Səmədoğlu Səməd Vurğunun oğluydu, tərbiyəli ailədən idi. Əbülfəzin ətrafı qara-qışqırıqçılar idi.

BBC News Azərbaycanca: Amma İsa Qəmbər hesab edir ki, Yusif bəy sədr seçilsəydi "böyük bir xalq hərəkatı formalaşmayacaqdı, ziyalıların intellektual bir klubu, kiçik təşkilat formalaşa bilərdi". Onun sözlərinə görə, məqsəd klub yaratmaq yox, "Xalq Cəbhəsini qurub Azərbycan xalqını təşkilatlandırmaq, müstəqillik və ərazi bütövlüyü uğrunda hərəkata yönəltmək idi". Ona görə də "Əbülfəz Elçibəy kimi fiqur lazım idi, lider lazım idi, bu səbəbdən də o, böyük üstünlüklə seçildi", İsa Qəmbər BBC News Azərbaycancaya müsahibəsində belə deyib.

- Əbülfəz Əliyev AXC-yə rəhbərlik etmək gücünə malik idi? Belə intellektual güc sahibi idi? O, bütün meyarları, xalqı və Xalq Cəbhəsini məğlubiyyətə və fəlakətə sürükləyən qərarlar verdi. Birincisi, sədrlik etdiyi təşkilatın nizamnaməsini bilmirdi, oxumurdu, ətrafında qaragüruh toplanmışdı. Sonradan Mütəllibov devrildi, Heydər Əliyev hakimiyyətə dəvət edildi və Qarabağsız, azadlıqsız Azərbaycan onun intellektual xidmətləri idi. İsa bunu böyük nailiyyət sayır?

BBC News Azərbaycanca: Həmin zaman AXC-yə başqa bir rəhbər seçilsəydi bugünkü Azərbaycan fərqli olacaqdı?

- Məncə, belə bir ehtimal var idi. 100 faiz olmasa da. Amma Əbülfəzin rəhbərliyi sayəsində belə bir Azərbaycan oldu: avtoritar, oliqarxik, kriminal.

Mən əminəm ki, AXC-yə Yusif Səmədoğlu rəhbər gəlsəydi, təşkilat dağıdıcı rolunu oynamayacaqdı.

BBC News Azərbaycanca: Yusif Səmədoğlu sizin dediyiniz gücə, potensiala sahib idisə, bəs niyə bir təşkilata sədr seçilmədi?

- Orda fırıldaq, saxtakarlıq oldu.
BBC News Azərbaycanca: İsa Qəmbər müsahibəsində bildirib ki, AXC-nin İkinci İdarə Heyətində ifrat mövqedə olanlar şəxslər təmsil olunmadı. Siz Birinci İdarə Heyətində var idiniz, bəs necə oldu ki, siz ikinci İdarə Heyətindən kənarda qaldınız?

- Mən yanvarın 7-də bəyanat verdim ki, xalqı qırğına, məhvə, məğlubiyyətə aparan təşkilatın rəhbərliyində qala bilmərəm. Mən aliməm. Üç dəfə məruzə etdim ki, xalqı orduya qarşı qoymayın, Tiflis modeli təkrarlana bilər. Mən dedim, mən eşitdim. Xalqı qırğına apardılar. Mən məruzə edib çıxdım. Nemət Pənahlının göstərişi ilə məni iclas olan binadan çölə buraxmırdılar. Fəhmin Hacıyev dedi ki, Əbülfəz bəyə qarşı çıxdığınıza görə sizi tikə-tikə etmək lazımdır. Araz (qardaşı Araz Əlizadə - red.) gördü vəziyyəti, girdi içəri, əlinə atdı cibinə, guya orda tapança var, Nemətə dedi ki, bu dəqiqə gülləni çaxaram başına, buraxın onu. Gecə 12-nin yarısında, yanvarın 7-də mən Xalq Cəbhəsini tərk etdim. Həyatımın 2 ilini həsr etdiyim təşkilatdan çıxanda rahat nəfəs aldım. Qarlı gecə idi, mindik maşna getdik. Bir həftə sonra erməni talanı baş verdi, daha bir həftə sonra 20 yanvar hadisələri oldu. Müstəqillik uğrunda heç bir sovet respublikasında Azərbaycandakı qədər itki olmayıb. Vilnüsdə 13 nəfər ölmüşdü, bizdə 131 nəfər...

BBC News Azərbaycanca: AXC-nin o zamankı rəhbərliyində təmsil olunanlar deyirlər ki, 20 yanvar hadisələri daha çox ifrat mövqedə olan hərəkatçıların istəyi ilə baş verdi və respublikanı ilyarım geri saldı.

- Mən geri saldım? Orda heç bir qanad yox idi. İsanın radikal ya liberal qanad haqda dedikləri boş şeydir. Yanvarda Yazov, Bakatin, Girenko, Primakov gəlib Bakıya. Primakov yanvarın 16-da Əbülfəzlə İsanı qəbul edib. Hələ Bakıda heç bir barrikada yoxdur. Primakov deyir ki, camaatı küçəyə çıxarmayın, vəziyyət təhlükəlidir. İsa isə sovet şərqşünaslığının atası, akademik Primakova deyir ki, mitinq və piket xalqın konstituson hüququdur. Bu, onların siyasi fəhmi idi.
BBC News Azərbaycanca: Zərdüşt bəy, sizcə, AXC-nin Azərbaycan tarixində heçmi müsbət rolu olmadı, hər hansı tarixi bir missiyanı yerinə yetirmədi?

- Tarixi missiyası oldu. Xalqa nağıl danışırlar, məsələn, ADR nağılı, "1918-ci ildə Rəsulzadə başda olmaqla xalqı müstəqilliyə çıxardılar". Peterburqda iki çevriliş olmasaydı, çar devrilməsəydi, bolşeviklər inqilab etməsəydi, Azərbaycan da müstəqil olmazdı. İmperiya mərkəzdə dağıldı, hamının başı qarışdı hakimiyyət davasına, ucqarlar yaddan çıxdı.

Zaqafqaziya Seymi yarandı, türklərin etirazından sonra Gürcüstan mayın 26-da müstəqilliyini elan etdi, sonra da Azərbaycanla Ermənistan eyni addımı atdı. Bunu qəhrəmanlıq kimi qələmə vermək... 23 ay yaşadı, sonra sovetlərə neft lazım oldu, Azərbaycanı istila etdilər. İkinci dəfə də... Ay nə Əbülfəz, ay nə Qamsaxurdia, ya da Ter-Petrosyan... SSRİ-ni onlar dağıtsınlar, Moskvada parçalanma getdi, rəhbərlik qərar verdi SSRİ parçalansın, vəssalam. Azərbaycanı müstəqilliyə Xalq Cəbhəsi çıxarmayıb.

BBC News Azərbaycanca: Sizin dediyiniz odur ki, AXC qarşısına qoyduğu heç bir vəzifənin öhdəsindən gəlmədi?

Mən ilk AXC yarananda məqsədim o idi ki, SSRİ qalsın, yenilənsin, demokratikləşsin, Avropa İttifaqı sayağı qurum olsun. Bu alınmadı. Sonradan gələn dəstə "Müstəqillik istəyirik" dedi. Həyata keçdi? Keçdi. Torpaq işğal altında, manatın məzənnəsini xaricilər müəyyənləşdirir, neftimizə ingilislər, amerikalılar nəzarət edir, xarici siyasətimizə ruslar nəzarət edir, ordan türklər və iranlılar diktə edirlər, hakimiyyət xalqın əlində deyil. Bu nə müstəqillikdir? Bizə Qarabağ ərazisində suverenliyimizi, müstəqilliyimizi bərpa etməyi qadağan ediblər. Bu nə müstəqillikdir?

pia.az


Etiket: Zərdüşt AXCP AXC


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar