Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tofiq Qasımovun Minsk Qrupunun yaranmasına razılıq verməsi bizi şoka saldı” 

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov redaktor.az-a müsahibə verib...

PİA.az müsahibəni təqdim edir:

– 23 sentyabrda AzərbaycanErmənistan XİN rəhbərlərinin görüşü nəzərdə tutulub. Ən müxtəlif səviyyələrdə bu görüşün doğru olmadığı fikri səslənirdi. Sizcə, niyə bu görüşə getməkdən imtina edilmədi?

– Danışıqlar prosesində, uzun çəkən konfliktlərin gedişatında vaxtaşırı yolayrıcıları, mühüm məqamlar olur. Prosesdə illərdir heç bir yenilik olmasa da, bəzi məqamlarda dönüş nöqtəsi yarana bilir. Həmin məqamlarda çox prinsipial və düzgün qərar qəbul etməsən, yanlış yolla getsən, gec-tez dalana dirənəcəksən.

Qarabağ məsələsi ilə bağlı bir neçə dəfə belə dönüş nöqtəsinin astanasında olmuşuq. Məsələn, bu gün müzakirə etdiyimiz məsələyə mahiyyətcə çox yaxın olan bir hadisə ilə 1992-ci ildə qarşılaşmışıq. Minsk Qrupunun yaradılması prosesi 1992-ci ildə başladı. Həmin dövrdə mən dəfələrlə mətbuatda çıxış edərək bəyan edirdim ki, Azərbaycan ATƏT-ə belə bir mandatın verilməsinə razı olmamalıdır. ATƏT-də konsensus prinsipi işləyir. Azərbaycan razılıq verməsəydi, qərar qəbul olunmayacaqdı. Həmin dövrdə ATƏT-in xarici işlər nazirləri səviyyəsində beynəlxalq görüş keçirilirdi. XİN rəhbəri olaraq Tofiq Qasımov da həmin tədbirə qatılmalı və bu məsələ öz həllini tapmalı idi. Mənim mətbuatda bu məsələ ilə bağlı mütəmadi etiraz çıxışlarımın nəticəsi olaraq, Azərbaycan mediası çoxsaylı suallarını Xarici İişlər nazirliyinə yönəltdi və cavab verilməsini tələb etdi. Ciddi arqumentlər var idi ki, Azərbaycan ATƏT-də Minsk qrupunun yaradılmasına razılıq verməsin. Mənim də arqumentim dünya təcrübəsinə söykənirdi. ATƏT hələ bu günə kimi heç bir konflikti həll etməyib. Digər tərəfdən, ATƏT-ə bu mandatı verməklə biz faktiki olaraq, öz ərazilərimiz üzrə suverenliyimizin bir qismini beynəlxalq təşkilatlara vermiş olurduq. Deməli, biz artıq özümüz öz suveren hüquqlarımızı məhdudlaşdırırdıq. Bu, çox böyük təhlükə idi və gələcəkdə bizim üçün çox ciddi problemlər yarada bilərdi. Mənim bu arqumentlərimdən və mətbuatın XİN-ə ünvanladığı suallardan sonra səfərə yola düşərkən Tofiq Qasımov bəyan etdi ki, biz Minsk Qrupu formatının yaradılmasına razılıq verməyəcəyik. Hətta mətbuat işçiləri bununla bağlı zəng edib məni təbrik də etdilər. Təəssüflər olsun ki, 1-2 gündən sonra xəbər gəldi ki, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına Azərbaycan razılıq verib. Təbii ki, biz şokdaydıq. Tofiq Qasımov səfərdən qayıdanda jurnalistlər elə aeroportdaca ona “hücum” etdilər və məsələyə aydınlıq gətirilməsini istədilər. Tofiq Qasımovun izahatı belə idi: “Bəli, biz düşünürdük ki, buna razılıq vermək olmaz. Amma konfrans zamanı ABŞ-ın Dövlət katibi mənə yaxınlaşıb, əlini çiynimə qoydu və dedi ki, siz yaxşı oğlanlarsınız. Buna razılıq verin və biz bu formatı yaradaq. O, bizə söz verdi ki, bu işlərdə bizə kömək edəcək. Mən də onun bu xahişini nəzərə alıb, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına razılıq verdim”. Təsəvvür edin, o vaxta qədər ATƏT-in hələ bir dənə də olsun konfliktin həllinə nail ola bilmədiyi hər kəsə aydın idi. Beynəlxalq hüquq normalarında belə bir mandatı beynəlxalq təşkilata vermək, Azərbaycanın suveren hüquqlarının bir qismindən imtina etməsi demək idi. Deməli, Azərbaycan bu məsələdə manevr imkanlarını da xeyli dərəcədə itirə biləcəkdi və necə ki, itirdi… T. Qasımov hansısa bir ölkənin Dövlət katibinin əlini onun çiyninə qoymasına görə, bu formatın yaradılmasına razılıq verdi. 1992-ci ildə bu formatın yaradılmaması həlledici məqamlardan biri olardı. Yolayırıclarından biri bax, bu idi.

– Bu yanlış qərar bizim hansı zəruri addımlarımızı məhdudlaşdırdı?

– Həmin vaxt yanlış qərar qəbul etdiyimizə görə də, bizim Qarabağ məsələsinin həlli ilə bağlı çox ciddi problemlərimiz meydana gəldi. Ona görə ki, biz hər dəfə artıq özümüz razılıq verdiyimiz mandata uyğun hərəkət etməli olduq. Artıq çoxdandır ki, prosesləri özümüz deyil, başqa qüvvələr yönəldir. Həmin qüvvələr münaqişə ilə bağlı prosesi müəyyənləşdirir. Onu da qeyd edim ki, bu hadisə 1992-ci ildə oldu. Bundan hardasa 4 il sonra təqribən eyni vəziyyət Rusiyada yarandı. Rusiya I Çeçen müharibəsində məğlub olandan sonra, münaqişənin həlli məqsədi lə ATƏT-in hansısa bir qrupunu yaratmaq istəyən ölkələr var idi. Bu təklifi verən ölkələr ümid edirdilər ki, Rusiya çətin durumdadır və mütləq buna razılıq verəcək. Min illik təcrübəsi olan rus diplomatiyası o vaxt çox düzgün qərar verdi. Onlar ATƏT-ə belə bir mandat verilməsinə veto qoydular. Onun əvəzində gedib, çeçenlərlə Rusiya üçün çox ağır şərtləri olan müqavilə imzaladılar. Həmin müqavilə faktiki olaraq iki tərəf arasındaydı – Rusiya və Çeçenistanın. Eyni zamanda orada 5 illik monitorinq elan olunurdu ki, Çeçenistanın son statusu ilə bağlı müzakirələr, qərarlar 5 ildən sonra veriləcəkdi. Bu saziş Rusiyanın daxilində böyük narazılığa səbəb oldu. Çoxları hakimiyyəti bu sazişə imza atmasına görə qınayırdı. Amma Rusiya üçün çeçenlərlə müqavilə daha az təhlükə yaradır, nəinki öz suveren hüquqlarını ATƏT-ə verməklə… Yəni böyük təcrübəyə malik rus diplomatiyası ATƏT-in Minsk Qrupu ilə bağlı Azərbaycanın qərarından 4 il sonra, mən dediyim arqumentləri əsas götürdü. Biz isə təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu formatının yaradılmasına razılıq verdik.

– Yəni düşünürsünüz ki, Azərbaycan üçün yenə də dönüş nöqtəsi yaranıb…

– İndi biz yenə yolayrıcındayıq. Artıq Paşinyan hakimiyyətinin verdiyi bəyanatlar, atdığı addımlardan sonra dünyada hamı anlayır ki, ermənilərlə danışıqlar aparmağın mənası yoxdur. Ermənilər torpaqları zəbt ediblər və o torpaqları qaytarmaq istəmirlər. Hətta ATƏT-in Minsk Qrupu ölkələrindən biri olan ABŞ-ın keçmiş səfir Metyu Brayza hətta diplomata xas olmayan açıqlama ilə dedi ki, bundan sonra hansı danışıqlar gedə bilər?! Artıq danışıqların mənası itib. Paşinyan bəri başdan deyir ki, məsələ Ermənistanın xeyrinə həll edilib və Qarabağ Ermənistana birləşdirilib. Yəni bütün dünyanın Paşinyanın hərəkətlərini qınadığı məqamda Azərbaycanın çox gözəl imkanları yaranır. Vacib yolayrıcında ciddi, cəsarətli qərarlar qəbul edilməli və bununla da dünyada ictimai rəyi formalaşdırmalıyıq. Qarşıdan gələn hərbi əməliyyatların əsas səbəbkarı kimi günahın ermənilərin üzərində olduğunu sübut etmək üçün Azərbaycanın çox böyük imkanları yaranıb. Bu imkanlar o qədər açıq və aydın görünür ki, hətta Ermənistanın keçmiş rəhbərləri də bu vəziyyəti anlayır. Həbsdə olan Köçəryanın vəkillərindən biri bəyanat vermişdi ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş əraziləri biz özümüzünkü saymırıq. Köçəryanın mövqeyini vəkili bu cür ifadə etmişdi. Yəni Köçəryan bununla Paşinyanın dediklərinə əks mövqe ortaya qoydu. Paşinyanın ağılsız bəyanatları ilə Ermənistanın dünyada mövqeyini zəiflətdiyini, faktiki olaraq ölkəni zərbə altına qoyduğunu hamı başa düşür. Paşinyanın bu bəyanatları Azərbaycan diplomatiyası üçün çox böyük imkanlar yaradır. Belə bir məqamda yenidən gedib, danışıqlara qatılıb, heç nə olmamış kimi Ermənistan XİN rəhbəri ilə çay, kofe içib, danışıqların davam etməsi görüntüsünü yaratmaq gülüncdür. Bu, təqribən bizim 1992-ci ildə yol verdiyimiz səhvin təkrarıdır.

Azərbaycan üçün yaranan imkanları hətta ermənilər etiraf etdiyi halda, diplomatiyamız niyə görmür?

– Diplomatiyamız milli maraqları, ciddi arqumentləri əsas götürüb, dünya siyasətində erməniləri təkləməyin, onları izolyasiyaya salmağın, Paşinyanın sərsəm bəyanatları əsasında erməniləri küncə sıxmağın əvəzinə, onlara bu durumdan az itkilərlə çıxmaq üçün şərait yaradır. Mən bunu çox yanlış addım sayıram. Hesab edirəm ki, belə vacib məqamlarda yanlış qərar vermək, bizim onsuz da çətin vəziyyətdə olan durumumuzu, mövqeyimizi daha da zəiflədəcək. Və bizim üçün gələcəkdə də çox ciddi problemlər yaradacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar