Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Türkiyə-Rusiya-İran üçbucağı: Suriya böhranının həllinə doğru

"Bu, Suriya mövzusunda 2017-ci ildən bəri keçirilən beşinci ən önəmli görüşdür"-Ərdoğan

Türkiyə, Rusiyaİran dövlət başçılarının sentyabrın 16-da Ankarada baş tutan zirvə görüşü əsasən Suriya probleminə həsr olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, Suriya mövzusunda 2017-ci ildən bəri keçirilən beşinci ən önəmli görüşdür. “Astana formatı”nda keçirilən görüşün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır. Ərdoğan vurğulayıb ki, indiyədək zirvə toplantısı önəmli işlərə imza atıb, problemin həlli ilə bağlı qarşılıqlı razılaşma əldə etmək üçün üç ölkə arasında əməkdaşlığın güclənməsinə ehtiyac var: “Suriyada sülhü bərqərar etmək üçün daha çox məsuliyyət daşımalıyıq. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, bölgədə sülhün təmin edilməsi və münaqişənin daimi siyasi həllinə dair tam razılığımız var. "Astana platforması" Suriyadakı təhlükəni aradan qaldıracaq yeganə təşəbbüsdür. İnanıram ki, Ankara sammiti “Astana platforması”nı daha da qüvvətləndirəcək. Ölkəmiz ən çətin dövrlərdə Suriya xalqının yanında olub, yenə də olacaq”.

İran Prezidenti Həsən Ruhani deyib ki, İran, Rusiya və Türkiyə olaraq üç ölkənin ən əhəmiyyətli gündəmi Suriya böhranının sülh yolu ilə həllidir: “Qaçqınların torpaqlarına geri dönməsi, humanitar dəstəyin artırılması və Suriyanın yenidən bərpası istiqamətində təşəbbüsləri qiymətləndiririk. Suriya böhranı yalnız siyasi yolla həll edilməlidir. ABŞ verdiyi sözə əməl etməli və qoşunlarını geri çəkməlidir”.

Rusiya Prezidenti Vladimir Putin də “Astana platforması”nın Suriya probleminin həllində ən önəmli sənəd olduğunu deyib. Görüşün əhəmiyyətindən bəhs edən Putin qeyd edib ki, hər üç ölkənin birgə səyi nəticəsində Suriya ərazisində sabitliyə cəhdlər olur, bölgədə zorakılıq səviyyəsi azalıb: “Suriyada sülh şəraiti yaratmaq böyük əhəmiyyət kəsb edir. İnanıram ki, razılaşmamız daimi həll yoluna töhfə verəcək”.

Beləliklə, Türkiyə, Rusiyaİran prezidentlərinin Ankaradakı 5-ci görüşündə əvvəlki danışıqlardan fərqli olaraq, real nəticə əldə olunduğunu söyləmək mümkündür. Rusiyanın təkid etdiyi Suriyanın yeni Konstitusiyasının qəbulu ilə bağlı komissiyanın müəyyən edilməsi kənar dövlətlərin Suriyaya müdaxiləsinin qarşısını ala bilər. Ankaranın bu məsələyə razılıq verməsi Dəməşqə qarşı sərt ritorikanın dəyişməsi anlamına da gəlir. Türkiyə siyasi dairələrində düşünürlər ki, Əsəd hakimiyyəti ilə barışıq PYD/PKK silahlılarına qarşı müştərək hərbi əməliyyatla nəticələnə bilər. Yəni, Ankaranın Əsəd hakimiyyəti ilə birlikdə bu terrorçu qruplaşmanı məhv etmək üçün birgə hərəkət etməsi mümkündür.

Ankara anlayır ki, Bəşər Əsəd İranRusiyanın dəstəyi ilə hakimiyyətini qoruya biləcək və Suriyada əsas güc mövcud iqtidardır, qüvvələr nisbətini Əsədin əleyhinə dəyişmək mümkün olmur. Ankara Moskva, Tehran və Vaşinqtonun maraqlarının toqquşmasından zərər görür və düşünür ki, bu mərhələdə Dəməşqlə barışıq Türkiyənin maraqlarına cavab verir. Tehran və Moskva da Ankara-Dəməşq danışıqlarının başlanmasını arzu edir. Bu məsələdə yeganə etiraz edən qüvvə Birləşmiş Ştatlardı. Bölgədə əsas güc sahibi olan Səudiyyə Ərəbistanı da ABŞ-ın mövqeyindən çıxış edir və Suriyada bu şərtlərlə sülhün imzalanmasında maraqlı deyil. Lakin Ər-Riyadda da anlayırlar ki, Suriyadakı böhran və İran Prezidenti Ruhaninin Ankara sammitində “Səudiyyənin bir daha bombalana biləcəyini” bəyan etməsi sıradan təhdid deyil. Bu baxımdan, Rusiya prezidenti Putinin “Səudiyyə Ərəbistanı hava sahəsini qorumaq istəyirsə, İran və Türkiyə kimi Rusiyadan S-300 və S-400 raketləri alsın” mesajı Ər-Riyadın silah aldığı Vaşinqtona da mesajdır.

Səudiyyə ərazilərini gələcək parçalanmadan qorunmaq baxımından, əslində, Suriyadakı məzhəb savaşının tezliklə başa çatmasını arzulamalıdır, bunun üçün də Əsəd hakimiyyəti ilə danışıqlara getməkdən başqa yol qalmır.

Moskva, Ankara və Tehran Suriyada əsas söz sahibidir və son görüşdə Rusiyanın “Konstitusiya komissiyası” təklifinin qəbul edilməsi ilə Ər-Riyad təkləndiyini anlayır.

İdlib şəhəri və Fərat çayının şərq sahili istisna olmaqla, Suriyanın digər ərazilərində artıq sabitlik hökm sürür. İndi başlıca məsələ İdlibın PYD/PKK terrorçularından təmizlənməsi, Vaşinqtonun Fərat çayının şərqini tərk etməsidir. Artıq bu məsələ də həllini tapmaqdadır. Kənar qüvvələr Suriyadan çıxarılarsa, bölgədə sabitliyin yaranması mümkündür. Lakin savaşın bitməsində heç də hamı maraqlı deyil. Proseslərin belə gedişi Birləşmiş Ştatların Tehrana zərbələr endirməsinə gətirib çıxaracağı proqnozlar sırasındadır. Yəni, Suriyada barışıq əldə edilərsə, onun yerini “İran böhranı” doldura bilər. Belə olan təqdirdə Rusiya və Türkiyənin özünü necə aparacağını təxmin etmək çətindir.

Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının rolunun əhəmiyyətli dərəcədə artdığını söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir, ancaq bu da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçirilə bilər. Ümumiyyətlə, Rusiya, İran və Türkiyənin münasibətlərinin normallaşması bölgə ölkələrinin hər birinin maraqlarına cavab verir. Bunu anlayan digər qüvvələr isə bu dəfə başqa bir “barıt çəlləyi”ni partlatmaq niyyətinə düşə bilər. (APA)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar