Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir hücum, min fəsad: Vəziyyət gərginləşməyə doğru gedir 

Dünya neft bazarında böhran yarana bilər

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki üsyançı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin neft hasilatının 50 faizi deməkdir.

Yəməndəki Husi hərəkatı bununla kifayətlənməyib. Qurumun sözçüsü Səudiyyə Ərəbistanının neft emalı zavodlarına yenidən hücum ediləcəyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının iki neftayırma zavoduna edilən hücumların ardınca dünya neft bazarında böhran yarana bilər. Abkayk neftayırma zavodu gündə 7 milyon barel neft emal edir, eyni adlı neft yatağı isə Səudiyyənin neft hasilatının 90 faizə qədərini təmin edir.

Sosial şəbəkələrdə hücumda istifadə olunan dronların bəzi fraqmentlərinin görüntüləri yayılıb və belə görünür ki, onlardan hamısı hədəfə çatmayıb. Bəzi dronlar obyektin yaxınlığında düşüb. Fraqmentlərə əsasən dronların İran ordusunun silahlanmasında yer alan “Qüds” zərbə pilotsuz təyyarələri olduğu təxmin edilir.

Diqqəti çəkən məqam ondan ibarət idi ki, sözügedən hücum ərəfəsində neft bazarında təklif tələbi üstələməyə başlamışdı və analitiklər sentyabrın 16-da birjalar yenidən açılanda neftin qiymətinin yenidən 60 dollardan aşağı düşəcəyini proqnozlaşdırmışdılar. Lakin Yəmənin bir hissəsinə nəzarət edən və İrandan dəstəklənən, husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının həyata keçirdiyi dron hücumu bütün proqnozları alt-üst edib.

Baş verənlər ABŞ-la İran arasında münasibətləri daha da gərginləşdirib. Artıq qarşılıqlı ittihamlar bir-birini əvəz etməyə başlayıb. Vaşinqtonda belə hesab edirlər ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumların miqyası və dəqiqliyi onların Yəməndən deyil, şimal-qərbdən edildiyini düşünməyə əsas verir. Bu barədə ABŞ-ın yüksək səviyyəli rəsmisi məlumat verib.

ABŞ dövlət katibi Mayk Pompeo hücumun Yəməndən, ya da İraqdan gəldiyinə dair heç bir dəlil olmadığını bildirib və burada birbaşa İranı günahlandırıb.

İran Xarici İşlər Nazirliyi isə Pompeonun ittihamlarını əsassız adlandırıb.

ABŞ siyasi dairələri isə təkidlə baş verənlərə görə İranın məsuliyyət daşıdığına bəyan edir. ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumlardan sonra bazarın vəziyyətini sabitləşdirmək üçün ehtiyac yaranacağı halda ölkənin strateji neft ehtiyatlarından istifadə etməyə icazə verib.

Səudiyyə Ərəbistanındakı hücumların neft qiymətlərinə təsir edə biləcəyini nəzərə alaraq, lazım olacağı təqdirdə strateji neft ehtiyatında olan neftin bazarlara normal tədarük səviyyəsini qorumaq məqsədilə kifayət edəcək həcmdə istifadəsinə icazə verdim”, - Tramp belə deyib.

Nüfuzlu ABŞ senatoru Lindsi Qrem isə ölkə rəhbərliyini İranın neft obyektlərinə hücum barədə düşünməyə çağırıb. “Əgər Tehran uranın zənginləşdirilməsi fəaliyyətini davam etdirəcəksə, ABŞ-ın İranın neft obyektlərinə hücum planını müzakirə etməsinin vaxtı çatıb”, - deyə senator bildirib.

Vurğulayaq ki, neftin bahalaşması Avropa neft idxalçısı olan ölkələrin iqtisadiyyatına da təsir göstərəcək. Dünyanın ən böyük neft idxalatçısı olan Çində də inflyasiyanın yüksəlməsi mümkündür. Lakin Pekin İrandan neft almaqla bunu tənzimləyə və bu zaman Vaşinqtonun sanksiyalarına önəm verməyə də bilər.

Digər tərəfdən, neft gəlirlərinin artması neft ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək. Lakin indi hər kəsi Səudiyyənin husilərə, dolayısı yolla İrana verəcəyi cavabın nədən ibarət olacağı düşündürür.

Husilər hücumun səbəbi kimi Səudiyyə Ərəbistanının Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Ər-Riyad isə bildirir ki, bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. Beləliklə, vəziyyət gərginləşməyə doğru gedir. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi ilə nəticələnə bilər. Buna cavab olaraq da İranın husilərə dəstəyini artırması və öz ordusunu bu ərazilərə yeritməsi gözləniləndir. Faktiki İranSəudiyyə Ərəbistanı Yəməndə nüfuz uğrunda açıq savaş aparır. Neft emalı zavodlarının vurulması nəticəsində bu savaş geniş miqyas ala bilər.

Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İranı vuracağını istisna etməyib. Ekspertlər əmindirlər ki, belə vəziyyət bir neçə gündən sonra işinə başlayacaq BMT Baş Assambleyasında ABŞİran prezidentlərinin görüşü perspektivini də azaldır. İstənilən halda, Səudiyyə hakimiyyəti üçün “Yəmən problemi”ni qısa zamanda həll etmək lazım gələcək. Belə ki, əsasən şiələrdən ibarət şərq əyaləti olan Əş-Şərkiya çoxdandır ki, Ər-Riyadın əsas probleminə çevrilib. Krallığın əsas neft ehtiyatı məhz bu ərazidədir. Onu da unutmaq olmaz ki, Əs-Şərkiya Nəcran vilayəti ilə sərhəddədir. Səudiyyə Ərəbistanının cənubunda, Yəmənlə sərhəd olan Nəcran vilayəti bu ölkədən ayrılmaq haqda qərarını açıqlayıb və bu ərazilərdə yeni savaş Krallıq üçün problem yaşatmaqla yanaşı, neftin qiymətinə də birbaşa təsir göstərə bilər. Bu amilləri nəzərə alan ekspertlər düşünürlər ki, bu ilin sonuna qədər neftin qiyməti 100 dollar ola və daha da yüksəyə bilər. Enerjiyə olan ehtiyacın artması bundan əvvəlki böhranda neftin qiymətlərini və inflyasiyanı artırıb dünya iqtisadiyyatının inkişafının ləngiməsinə səbəb olmuşdu. Görünən budur ki, artıq dünyada növbəti böhran yetişməkdədir.

Ər-Riyad çalışır ki, proseslər Krallığın Əs-Şəkriya vilayətinə keçməsin, Nəcran bu məsələyə müdaxilə edə bilməsin. Unutmaq olmaz ki, Nəcranın bəzi qəbilələri yəmənlilərlə birgə Səudiyyəyə qarşı savaşır. Nəcran bölgəsi 1934-cü ildə Səudiyyənin hərbi müdaxiləsi nəticəsində Yəməndən alınaraq, Krallığın ərazisinə qatılıb. Əgər neftlə zəngin olan bu bölgələrdə vəziyyət gərginləşsə, Səudiyyə Ərəbistanın şiə əyalətləri əvvəllər olduğu kimi yenə üsyana qalxa bilər. Bu baxımdan, Ər-Riyad var-qüvvəsi ilə Yəməndə qələbəyə çalışacaq, ancaq bu qələbə üçün onun yetəri qədər gücünün olub-olmadığını gələcək göstərəcək.

Artıq Azərbaycan da baş verənlərə münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının neft zavodlarını, mülki və önəmli infrastrukturu hədəf alan və bölgədə təhlükəsizliyi təhdid edən hücumlardan narahatlıq ifadə edib, Azərbaycanın terrorizmin bütün formalarını və təzahürlərin pislədiyini bəyan edib.

Azərbaycanın bu qarşıdurmanın tərəfi olan ölkələrin demək olar ki, hamısı isə yaxşı münasibətləri var. Odur ki, Bakı üçün yeganə tezis sülh və sabitliyin yaranmasında maraqlı olduğunu nümayiş etdirməkdir. Azərbaycan bölgədəki savaşa qarşıdır. Əlbəttə, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıra bilər. Lakin siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da gərginləşməsi və Birləşmiş Ştatların İranı təhdid etməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar