Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Boltonun istefasında hansı daxili və xarici səbəblər var? – Politoloqdan şərh

Politoloq: “Görünən budur ki, Tramp Boltonun son səfərlərini və səfərlərdən əldə olunan nəticələri qənaətbəxş hesab etməyib”

“Son vaxtlar Trampın Rusiyanın siyasi rəhbərliyi ilə münasibətlərinin dəyişməyinin tərəfdarı olması da nəzərdən qaçmamalıdır. Hətta Tramp Putini “G7” sammitinə dəvət edib. Çox güman ki, bu məsələ ilə bağlı da Bolton əks təkliflər verib”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ağ Evin milli təhlükəsizlik müşaviri Boltonun vəzifəsindən kənarlaşdırılmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırdığını bildirib.

“Mən ötən gecə Con Boltonu onun Ağ Evdə işinə bundan sonra ehtiyacın olmadığı haqda məlumatlandırdım. Mən administrasiyada bir çox başqaları kimi onun bir sıra məsələlərdə təklifləri ilə qətiyyən razılaşmırdım. Buna görə də mən Condan onun istefasını istədim. Bu səhər o, istefasını mənə təqdim edib” – deyə, Tramp Twitter səhifəsindəki mesajında bildirib.

ABŞ prezidenti Con Boltona milli təhlükəsizlik müşaviri kimi xidmətlərinə görə təşəkkürünü ifadə edib. Tramp yeni müşavirin adını gələn həftə açıqlayacağını bildirib.

Con Bolton özü də Twitter səhifəsində istefası haqda yazıb.

Xatırladaq ki, xarici siyasət və müdafiə məsələlərində sərt və müdaxiləçi kimi mövqeyi ilə tanınan Bolton 2018-ci ilin mart ayında ordu generalı H.R.Makmasteri vəzifəsində əvəz edərək milli təhlükəsizlik müşaviri təyin edilmişdi. O zaman Ağ Ev Tramp və Makmasterin karyerasını orduda qurmuş generalın vəzifəsindən istefa verəcəyi və təqaüdə çıxacağı haqda “qarşılıqlı şəkildə razılığa gəldiyi” haqda məlumat vermişdi.

Con Bolton bundan öncə keçmiş prezidentlər Ronald Reyqan, Corc Buş ata və Corc Buş oğulun administrasiyalarında xidmət edib. O həmçinin ABŞ-ın Ədliyyə nazirliyi və Dövlət Departamentində yüksək vəzifələr tutub.

Boltonun istefasında hansı daxili və xarici səbəblər var? Bu istefadan sonra Trampın İrana qarşı siyasətində dəyişiklik gözləmək mümkündürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə müraciət edib.

İlqar Vəlizadə: “Con Bolton İranla bağlı da sərt siyasətin aparılmasının tərəfdarı idi. Amma görünür ki, Tramp hansısa şərtlərlə İranla dialoqa hazırdır. Buna məsələyə görə də Boltonun istefası reallaşa bilər”.

Boltonun istefasında bir neçə səbəbləri qeyd edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Ağ Evin milli təhlükəsizlik müşaviri kimin olacağı, yəni Con Boltonu kimin əvəz edəcəyi çox maraqlıdır. Əgər məsələləri diplomatik yolla həll etməyə çalışan siyasətçi Boltonun yerinə gəlsə, demək ki, bizim ehtimallar doğru olacaq:

“Con Bolton müharibə tərəfdarı kimi tanınan ABŞ siyasətçisidir. Həm də Bolton ABŞ-da qeyri-rəsmi Neo Konservatorlar qurumunda təmsil olunurdu.

Boltonun son aylarda göstərdiyi fəaliyyət onu göstərir ki, o əsasən MDB ölkələri və Avrasiya məsələləri ilə məşğul olurdu. Onun son səfərləri də postsovet məkanına olmuşdu. Yəni Bolton son səfər olaraq Moskva, Ukrayna, Belarus, Moldovaya səfər etmişdi. Əlbəttə ki, Boltonun səfərləri adi səfər deyildi. O səfər etdiyi ölkədə danışıqlar aparırdı və danışıqlar əsasında da müəyyən təkliflər hazırlayırdı.

Hətta ehtimallar var idi ki, ABŞ bu regionlarla bağlı yeni siyasi daxili liniyanı hazırlayır. Bu siyasi daxili liniyanın müəllifi də Con Bolton idi. Ola bilsin ki, Bolton postsovet ölkələri ilə bağlı Trampa hansısa təkliflər hazırlayıb və bu təkliflər Trampa xoş gəlməyib.

Həmçinin son vaxtlar Trampın Rusiyanın siyasi rəhbərliyi ilə münasibətlərinin dəyişməyinin tərəfdarı olması da nəzərdən qaçmamalıdır. Hətta Tramp Putini “G7” sammitinə dəvət edib. Çox güman ki, bu məsələ ilə bağlı da Bolton əks təkliflər verib.

İlqar Vəlizadə: “Ola bilsin ki, Bolton postsovet ölkələri ilə bağlı Trampa hansısa təkliflər hazırlayıb və bu təkliflər Trampa xoş gəlməyib”.

Con Bolton İranla bağlı da sərt siyasətin aparılmasının tərəfdarı idi. Amma görünür ki, Tramp hansısa şərtlərlə İranla dialoqa hazırdır. Buna məsələyə görə də Boltonun istefası reallaşa bilər.

Görünən budur ki, Tramp Boltonun son səfərlərini və səfərlərdən əldə olunan nəticələri qənaətbəxş hesab etməyib. Ola bilsin ki, Trampla Bolton arasında ciddi fikir ayrılıqları olub. Bu fikir ayrılıqlarından sonra istefa baş verib.

Amma Ağ Evin milli təhlükəsizlik müşaviri kimin olacağı, yəni Con Boltonu kimin əvəz edəcəyi çox maraqlıdır. Yenə də sərt siyasətin tərəfdarı olan siyasətçi milli təhlükəsizlik müşaviri seçiləcəksə, demək ki, biz mülahizələrimizdə yanılırıq. Əgər məsələləri diplomatik yolla həll etməyə çalışan siyasətçi Boltonun yerinə gəlsə, demək ki, bizim ehtimallar doğru olacaq”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar