Çərşənbə axşamı, 24 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Siyavuş Novruzovun ittihamları birbaşa hüquqi nəticələr doğuran açıqlamadır və bu ittihamlar YAP-ın özü üçün də siyasi və hüquqi məsuliyyət yaradır...

Azər Qaramanlı yazır…

Yola verməkdə olduğumuz həftənin ən sensasion siyasi hadisəsi birmənalı olaraq Siyavuş Novruzovun uzaqdan baxanda fağır, dünyadan əllərini üzmüş zahid kimi görünən milyarder sabiq nazirlərin üstünə hücum etməsi oldu. Açığı Siyavuş müəllimin durub-dururkən sabiq nazirlərə bu qədər qəzəblənməsi üçün ortada səbəb belə görünmürdü. Amma buna baxmayaraq Siyavuş müəllim açdı ağzını, yumdu gözünü…

Və yəqin ki, sabiq nazirlərin çoxu yuxusunu qaçırıb. Təbii ki, əgər sabiqlərə qarşı irəli sürülən ittihamlarda həqiqət payı varsa. Xüsusən YAP sözçüsünün “Xaricdə oturanları maliyyələşdirmə!” xitabı ağır ittihamlar içinə girir və bu iddia sözgəlişi iddia kimi dəyərləndirilə bilməz. Yəni bu iddia sübut olunsa, Azərbaycanda “MTN işi”ndən də böyük zəlzələ effekti yaradar…

Bunlar öz yerində. Siyavuş müəllimin dediklərindən mənim diqqətimi bir şey çəkdi. Hər şeydən əvvəl belə görünür ki, sabiq nazirlər “milyarder zahid” həyatı yaşamasaydılar və mövqelərini ortaya qoysaydılar, Siyavuş müəllim bu qədər qəzəblənməyəcəkdi. Ən əsası mövqelərini ortaya qoysaydılar, onda Siyavuş müəllimin ifadəsi ilə desək, “altlarına yığdıqları milyardlar” onların halalı olacaqdı. Onlar isə mövqelərini ortaya qoymurlar. Demək ki, “altlarına yığdıqları milyardları” haqq etmirlər və Siyavuş müəllim hesab edir ki, buna görə o milyardları onların burunlarından gətirmək lazımdır.

Buna normal məntiq demək olarmı? Siyavuş müəllimin məntiqindən belə çıxır ki, dövlətin, xalqın milyardlarını oğurlamaq olar və bunu şəriətən halal etmək də olar, amma bunun üçün mütləq şəkildə nazir vəzifəsindən gedəndən sonra mövqeyini ortaya qoymalısan. Qoyursansa oğurladığın milyonlar halalındır. Qoymursansa burnundan gəlsin..

Məntiq budur və onu da deyim ki, bu məntiq Azərbaycanda təkcə Siyasvuş müəllimə məxsus deyil, böyük əksəriyyətimizin məntiqi bu cür işləyir və bu zaman hüquq sistemini də, qanunları da murdar əski kimi bir şeyə çevirdiyimizin heç fərqinə varmırıq. Amma elə edirik… Çünki sabiq olan və yaxud sabiq olmayan bir nazirin, ya da nazir olmayan sıradan birinin korrupsiyasından rəsmi hakim partiyanın dilindən danışırıqsa, o zaman sabiq nazirin mövqeyini müzakirə etməyəcəyik, həmin əməlin hüquqi məsuliyyətini ortaya qoyacağıq. Mövqeyini o zaman müzakirə edəcəyik ki, sabiq nazirin milyardları dövlətdən çırpışdırdığını dilimizə almayacağıq və bu zaman irəli sürülən ittihamlar hüquqi nəticələr doğurmayacaq siyasi ittihamlar olacaq. Amma Siyavuş Novruzovun ittihamları birbaşa hüquqi nəticələr doğuran açıqlamadır və bu ittihamlar YAP-ın özü üçün də siyasi və hüquqi məsuliyyət yaradır.

Bizim bu tipli mənqtimiz hüquqi dövlət anlayışını yox gördüyü kimi, dövlətin özünü də kişik düşürür. Və mən inanıram ki, çoxumuz, bəlkə də Siyavuş müəllimin özü də bunun fərqinə varmır. Amma tədricən fərqinə varmamız gərəkir. Çünki bu tip mentalitetlə özümüzü dövlətdən və hüquq dəyərlərindən kənara qoyuruq.

İndi əlaqədar qurumların Siyavuş Novruzovun bu bəyanatından sonra sabiq nazirlərə necə yanaşması əsas maraq doğuran məsələdir. Yəni sabiqlər haqqında cinayət işi açılaqmı, açılmayacaqmı? Açılacaqsa kimlər haqqında açılacaq? Milyarder olmaları şübhə doğurmayan bütün nazirlər haqqındamı, yoxsa Siyavuş müəllimin “qara dəftəri”nə düşən sabiq nazirlər haqqındamı? Bu sualalrın cavabı çox önəmlidir və cavab bizim, daha doğrusu əlaqədar qurumları idarə edən məmurların dövlətə və hüquq sisteminə olan yanaşmasını ortaya qoyur…

Azər QARAMANLI
pia.az


loading...