Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin elçisi Bakıya mesajla gəlib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iyulun 3-4-də Bakıya səfər edib

O, əvvəlcə prezident İlham Əliyevlə görüşüb, daha sonra Azərbaycanlı həmkarı Ramil Usubovla işgüzar ikitərəfli tərkibli görüş keçirib.

Hər iki ölkənin rəsmi mənbələrinin mətbuat üçün məlumatına görə, görüşlərdə ikitərəfli və beynəlxalq səviyyədə, xüsusən terrorizmə, ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Patruşev iki ölkənin iqtisadi və humanitar əməkdaşlığın müsbət tempini qeyd edib, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrinin həyata keçirilməsinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Rusiya üçün həmişə Azərbaycan tərəfdən çeçen müharibələri zamanı və xüsusən İŞİD-in yaranmasından sonra islam döyüşçülərinin onun ərazisinə nüfuz etməsinə, habelə Rusiyanın Suriyadakı müharibəyə cəlb edilməsinə mane olan mühafizə xətti qurulması vacib olub.

Bundan irəli gələrək, xarici siyasi nöqteyi-nəzərdən Patruşevin səfərini İŞİD qalıqlarının cəmləşdiyi, müxtəlif dağınıq islam hərbi qruplaşmaları şəklində fəaliyyət göstərdiyi İdlib ətrafında son gərginliklə əlaqələndirmək olar. Onların silahsızlaşdırılması və Türkiyə istiqamətinə çəkilməsi məsələsi 2017-ci ildən gündəlikdədir və mərhələli şəkildə həyata keçirilir. Bu ilin yayında Suriya ordusu hücuma keçərək, bu rayonda nəzarət zonasını genişləndirdikdən sonra vəziyyət daha da gərginləşib. Avqustun 22-də Türkuyə qaçqınlar üçün növbəti humanitar dəhlizi açıb, tərkisilah olan döyüşçülər də bu dəhlizdən faydalana bilərlər. İdlib mövzusu prezident Erdoğanın avqustun 27-də Moskvada aviasalona baş çəkməsi zamanı əsas müzakirə mövzusu olub. Avqustun 31-dən İdlibdə barışıq rejimi tətbiq edilib, bu, humanitar dəhliz ideyasının həyata keçirilməsinə imkan verməlidir.

Moskva keçmiş SSRİ ölkələrindən olan silahsızlaşdırılmış döyüşçülərin heç də sülh niyyəti olmadan tarixi vətənlərinə üz tuta biləcəklərindən narahatdır. Xüsusi xidmətlərin məlumatına görə, islam hərbi qruplaşmaları sıralarında 2017-ci ilin başlanğıcına olan məlumata görə MDB ölkələrindən olan təxminən 3,5 min nəfər, o cümlədən Azərbaycandan 900-ə yaxın döyüşçü döyüşürdü.

Döyüşçülərin İdlibdən çıxması məsələsinin Rusiyanı narahat etdiyini Patruşevin İdlibdə hərbi əməliyyat başladığı zaman Bakıya səfərlər edib (10-11 aprel və 29-30 sentyabr 2017) bu məsələləri müzakirə etməsi faktı da təsdiq edir.

Bu səfərlər zamanı Patruşev həmçinin informasiya təhlükəsizliyi və hər iki ölkədə mövcud rejimlərin təbliği və Qərbin təsirinə qarşı mübarizə və kritik əhval-ruhiyyəli cəmiyyətin informasiya fəallığının neytrallaşdırılması üzrə səylərin əlaqələndirilməsi mövzusunu müzakirə edib.

MDB iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin (ATM) fəaliyyətinə diqqət yetirsək görərik ki, son bir il ərzində ATM yanında Elmi-Məsləhət Şurasının (EMŞ) 1) terrorizmə qarşı mübarizə və 2) informasiya təhlükəsizliyi sahəsində iki tədbiri keçirilib.

1) MDB ATM yanında EMŞ-nin "Terror fəaliyyətlərində iştirak etmiş şəxslərin Yaxın Şərqdə silahlı münaqişənin ortaya çıxardığı miqrasiya axınları ilə MDB iştirakçısı olan dövlətlərə nüfuz etməsinə yol verilməməsi üzrə tədbirlər haqqında" geniş plenar iclası (25 sentyabr 2018, P. Çolpon-Ata, Qırğızıstan).

Müzakirəyə çıxarılmış məsələlər:

1. Terror xarakterli təhdidlərin müəyyən edilməsi üçün Yaxın Şərqdə münaqişənin yaratdığı miqrasiya axınlarının təhlili metodologiyası.

2. Nəzarət-buraxılış işi, terror fəaliyyətində iştirak etmiş şəxslərin biometrik göstəricilərə görə profaylinqi və identifikasiyası metodikası.

3. BTT-nin ən çox fəal olduğu ərazilərdən yerləşdirildikləri ölkələrə gələn şəxslər arasında filtrasiya işinin təşkilinin xüsusiyyətləri.

4. Ayrı-ayrı MDB dövlətlərindən tranzitlə keçən BTT-nin fəaliyyətində iştirak etmiş şəxslərin müəyyən edilməsi.

5. Birlik ölkələrinin səlahiyyətli orqanlarının miqrasiya axınları ilə MDB iştirakçısı olan dövlətlərə gəlməyi planlaşdıran şəxslərlə bağlı qabaqlayıcı məlumat alınması üzrə birgə işinin təşkili.

2) MDB ATM yanında EMŞ-nin "Terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində əks-təbliğat işinin təşkili" mövzusunda geniş plenar iclası (20 fevral 2019, Moskva)

Müzakirəyə çıxarılmış məsələlər:

1. Təhlükəsizlik təhdidlərinin dəf edilməsi metodu kimi informasiya mübarizəsinə nəzəri və təcrübi yanaşmalar.

2. Müasir dünyada aktual informasiya mübarizəsi (informasiya müharibələri) təmayülləri.

3. Rusiyada və xaricdə təbliğat və əks təbliğat işinin təşkili ilə bağlı tarixi təcrübə.

4. MDB iştirakçısı olan dövlətlərin terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində əks-təbliğat işinin təşkili sahəsində təcrübəsi.

5. Terrorizmə və ekstremizmə mübarizə sahəsində əks-təbliğat işinin həyata keçirilməsi zamanı dövlətin vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı fəallarla qarşılıqlı fəaliyyətinin təşkili.

Terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində əks-təbliğat işi dedikdə həm də postsovet ölkələrində Qərbyönlü ictimaiyyətə qarşı informasiya mübarizəsi başa düşülməlidir.

Ardıcıllıq

Bu gün Moskvanı, eləcə də Azərbaycanda maraqları olan bütün ölkələrin paytaxtlarını maraqlandıran daha bir mühüm məsələ Bakıda hakimiyyətin ardıcıllıq yolu ilə keçməsidir.

2016-cı ildə AR Konstitusiyasına vitse-prezidentlik institutunun tətbiqini nəzərdə tutan dəyişikliklər edilib. 2017-ci il fevralın 21-də Mehriban Əliyeva, prezidentin həyat yoldaşı birinci vitse-prezident kimi onun varisi olduqda rejimin gələcək taleyi ilə bağlı məsələlər həm yerli, həm də xarici səviyyədə şişirdilməyə başladı. Prezidentin xəstə olması haqqında versiyalar aranı qızışdırır. Onun uzun müddət insanların qarşısına çıxmaması və uzunmüddətli xarici ezamiyyətləri bu versiyaları möhkəmləndirir.

Birinci vitse-prezidentin gücünün və inzibati resursunun artırıldığını da qeyd etməmək olmaz. Birinci şəxsin olmadığı zaman o, faktiki olaraq aparatı idarə edir və hakimiyyətin müxtəlif qollarından olan şəxslərdən daha çox sadiqlik mesajları alır.

Əlbəttə, bu vəziyyətdə heç də bütün eşelonlarda Mehribanın şəxsində alternativ görülmədiyi üçün hər şey o qədər də yolunda getmir. Və bu ziddiyyətli vəziyyətdə Azərbaycanın 28 illik müstəqilliyinə baxmayaraq, Kremlin sözü təsirli olaraq qalır. Putinin təsiri hər yerdə hiss olunur və hələ də postsovet elita dairələrini lərzəyə salır.

Bu mənada M.Əliyevanın tarixin hazırki mərhələsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə görə Rusiyanın Dostluq Ordeni ilə təltif edilməsi müəyyən mənada Kremlin onun fəaliyyətinə və bugünki və gələcək statusuna üstünlük və dəstək verməsinin dəlilidir.

Patruşev kadrlı kəşfiyyatçı kimi bu mövqeyi özünəxas üslubda yerli nomenklaturaya çatdıra bilərdi.

Mehman Əliyev(Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar