Çərşənbə axşamı, 15 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Modernizmin iki üzü: Moskva və Paris

Bu gün Qərbin böyük şəhərlərində göydələnlər yüksəlir. Lakin mənzil problem hələ də həllini tapmayıb...

Ferhan BAYIR
“Aydınlık” qəzeti, Türkiyə, 4 sentyabr 2019-cu il

“Necə ki, quş havada, balıq suda yaşayırsa, o da izdihamlarda yaşayır. İşi, gücü və məhəbbəti izdihamın içində olmaqdır. Bu, möhtəşəm bir səyyah və ehtiraslı bir müşahidəçi üçün kütlənin tən ortasındakı hərəkətin var-gəl yerində, müvəqqəti olanla əbədi həyat arasında yaşamaq möhtəşəm bir həzdir. Evdən uzaq qalmaq, amma hər yeri öz evin kimi hiss etmək; dünyanın mərkəzində olmaq, dünyanı izləmək, amma dünyadan gizlənmək…”

Şarl Bodler, simvolizm estetikasının banisi

Hər şəhərin modernləşmə prosesində hansı dağıntılar və yeniliklərlə üzləşdiyini öz üslubu ilə təsvir edən yazıçılar hər zaman olub. Şəhərlərin taleyi bir-birinə bənzəsə də, müxtəlif ölkələrə və dövrlərə rəğmən, yazıçıların qeyd etdiyi hadisələr bir-birinə bənzəyir.

1850-ci illərdə Paris küçələrində öz şeirlərini oxumuş Bodlerin səsi 1930-cu illərdə Bulqakovun hekayələrində əks-səda verdi. Bununla yanaşı, Bodler Parisin müasir görünüşünü təsvir etmək üçün özündən əvvəlki böyük fransız yazıçılarının şəhərlə bağlı zəngin motivlərindən bəhrələnsə də, Bulqakovun Moskva ilə bağlı belə bir şansı yox idi. Bulqakovu digər müasir yazıçılardan ayıran ən önəmli cəhəti isə Moskvanın tragik müasirləşmə prosesidir.

Bodlerdən Bulqakova: Modernizmi təcrübə etmək

Parisin bazarlarında sərgilənən rəngarəng, gözqamaşdırıcı nəsnələrin insan üzərindəki böyük təsirini, işıqlı bulvarların sehrinə qapılan kütlələrin coşğusunu lirik bir üslubla təsvir edən Bodler kimi Bulqakov da özünü yeni Moskvanın küçələrinə buraxmışdı. Bulqakov hər nə qədər canlı və tünlük bazarlarda gəzməkdən həzz alsa da, Bodlerin lirik ab-havası Bulqakovda çox da hiss edilmir. Şübhəsiz ki, bu durum yazıçıların xarakterindən çox, iki şəhərin bir-birindən fərqli şəkildə müasirləşməsi ilə bağlıdır. Jorj Ejen Osman Parisin modern bulvarlarını yaradarkən istehsal qüvvələrini və ictimai münasibətlərini inkişaf etdirən, fransız cəmiyyətində və dünyada əmtəə, pul və insan axınını sürətləndirən dinamik burjuaziyanın və aktiv dövlətin vasitələrindən istifadə etmişdi. Bolşeviklər isə Moskvanın müasir çöhrəsini yaradarkən böyük bir müharibədən və qanlı vətəndaş müharibəsindən sonra xarabaya çevrilmiş bir mənzərə ilə üzləşmişdi. Üstəlik bütün bunları təsvir edərkən onların maddi və insani qaynaqları da tükənmişdi. Həmin dönəmdə bolşeviklər aclıq böhranları, infilyasiya və sığınacaq problemlərini dəf etmək üçün daxilində kapitalizmin inkişafını təşviq edən Yeni İqtisadi Siyasət tətbiq etdilər. Parisin müasir çöhrəsi uğurlu burjuaziyanın kapitalizmi ucaltması sayəsində yaradılmışdı. Lakin müasir Moskva həmin illərdə imperializmə qarşı sosialist cəmiyyət ideyalarını yaşatmaq məqsədilə yaradılmışdı. Bulqakov Moskvanın bu yeni üzünü təəccüb və maraqla təsvir edir. Lakin onun yazısına kədərli bir dil hakim olur. O, bir yazıçı kimi öz dövründə bir çox böyük müharibələr və vətəndaş müharibələri görmüş, şəhərlərdə həkim kimi çalışarkən bir çox faciəyə yaxından şahid olmuş və yazıçılıq həyatı boyunca kasıblığın əzici ağırlığını hər zaman hiss etmişdi. Bununla yanaşı, Bulqakovun əsərlərini mütaliə edən oxucunun ilk nəzərinə çarpan məsələ odur ki, yazıçı özü kimi ukraynalı olan Qoqolun satira ənənəsini ustalıqla davam etdirirdi. Bulqakov ən tragik və ən dramatik hadisələri belə öz satiraları ilə yaradıcı şəkildə yeni bir səhnədə nümayiş etdirib. O, sanki, Qoqolun “burnunu” Moskva küçələrində gəzdirirdi. Bulqakov ironik üslubuna rəğmən, şəhərin müasir axınına birbaşa özünü buraxmırdı və yaxud da buraxa bilmirdi.

“Tanımaq çətin idi Moskvanı. Moskva ticarətlə məşğuldur” – deyən Bulqakov, görünür, bütün o gözqamaşdırıcı mağazaların, kafelərin vitrinlərinə baxmayaraq, Moskvadan uzaq durmağa çalışırdı.

Bulqakov küçədə böyük dağıntıların içində modern həyatın ritmini tutmağa çalışan insanı görüb məyus olur, amma bunu təsvir edərkən ruhunun dərinliklərinə enə bilmir. İnqilab edən, tarixin axarını dəyişdirən sadə insanla arasına əxlaqi və siyasi cəhətdən məsafə qoyur. Bu məsafəyə görə Bulqakov hər nə qədər ədəbi yetkinliyə çatmış olsa da, real, ölümsüz obrazlar yarada bilmir

Bu nöqtədə də Bodlerlə Bulqakov arasındakı dərin fərq ortaya çıxır. Bodler modernizmin dağıdıcı tərəflərini bəzən gözdən qaçırsa da, modernizmin şiddətini hər an hiss edən insanla birbaşa mənəvi bağ yaradaraq onunla bir olmağa çalışır. Bodler izdihamlı xalq kütləsini böyük bir enerji mənbəyi kimi qəbul edir və özünü ondan ayıra bilmir. Bodlerin coşğun şəkildə yeni və yad olan modern bünövrənin içinə daxil olmasını bu şəkildə izah edə bilərik.

Bulqakov ideoloji mövqeyinə görə, Puşkindən Dostoyevskiyə qədər olan, Peterburqun despotik müasirliyi qarşısında dayanmağa çalışan “kiçik adamın” mübarizəsini ölümsüz obrazlar yaradaraq ucaldan rus ədəbiyyatından ayrılır.

Sənətçinin modernizm imtahanı

Müasirləşmə qaçınılmaz dağıntıları da özü ilə birlikdə gətirir. Bodler Parisdə bu keçidlə tanış olmuşdu. Bazarlarda gəzmiş olsa da, indi özünü böyük bulvarlarda yerləşən mağazaların qarşısında tapdı. Dağılmağa başlayan bazarların, işçi məhəllələrinin qəmgin mənzərəsi onun şeirlərində melanxolik bir aura yaradır. Zərif bulvarları aydınladan işıqları bu dəfə də dağıntılara doğru çevirir və bu parlaq işığın əvəzini ödəyən insanların qaranlıq həyatlarını üzə çıxarmağa çalışır.

Moskvadakı dağıntının səbəbləri ayrı mövzudur. İnqilabdan sonrakı problemlərdən ən vacibi sığınacaq və mənzil məsələsidir. Otellərin, malikanələrin, mənzillərin dövlət tərəfindən alınıb işçi evlərinə çevrilməsi mənzil çatışmazlığı problemini həll etmir. Həmin dövr kiçik otaqlarda iki ailənin yaşadığı, yaşayış icazəsinin çox çətinliklə alındığı və insanların hər an evlərindən atılmaq təhlükəsi ilə üz-üzə qaldığı çətin bir dönəm idi. Bulqakov müasir Moskvanın simvolu kimi göydələnləri təsvir edirdi. Modernizm macərasını izləyən yazıçılardan bəziləri qatarlardan, dəmiryollarından və sənayeləşmədən ilhamlanaraq, bəziləri isə incəsənətdə, təhsildə və səhiyyədən gedən proseslərdən təsirlənərək öz modernist obrazlarını yaratmışlar. Bulqakovun modernist obrazı göydələnlərdir. O, inanırdı ki, Moskva göydələnlər sayəsində modern bir simaya bürünəcək. Bulqakov göydələnlər sayəsində mənzil probleminin həll olacağına inanırdı.

Bu gün Qərbin böyük şəhərlərində göydələnlər yüksəlir. Lakin mənzil problem hələ də həllini tapmayıb. Göydələnlərin işğal etdiyi kapitalist şəhərlərdə mənzil problemi faicəvi şəkildə davam edir. Müxalif hərəkatlar bu mənada kapitalizmin bərabərsizliyinə etiraz edirlər. Bulqakovun idealogiyası mənzil problemini tarixi kontekstindən ayırmağa və kapitalizmin bərabərsizlik yaradaraq insanları sinfinə və məkanına görə bölən dinamikanı anlaya bilməməsinə gətirib çıxarıb. Dünyanı sarsıdan bu inqilabın içində Bulqakov üzü Qərbə çevrilmiş, liberal demokrat kimi qaldı.

Bulqakov “yeraltından” çıxıb, müasir meydanlarda siyasi qəhrəmana çevrilən sadə insanın inancını və ümidini anlaya bilməməklə yanaşı, həm də bu proses ərzində misli-bərabəri görülməyən faciələrlə qarşılaşan insanı öz qəlbində hiss edə bilmədi. Moskvanın müasirləşən üzünə baxdıqda Bulqakov Yeni İqtisadi Siyasət dövründə dövlətin əli ilə canlanan “hər yerdə həyasızlıq edən tacirlərinin” səbəb olduğu “üzü aşağı” müasirləşməyə şahid oldu. O, Qərbin müasirləşmə prosesini müəyyən qədər ideallaşdırdı, lakin kapitalizmin yeritdiyi müasirləşmənin insanları necə incitdiyini hiss etmədi. Buna görə də, Bulqakov inqilabçı Moskvanın müxtəlif yollarla müasirləşərək yaratdığı yeni imkanları və azad sahələri gözdən qaçırdı.

Tüfeyli şair Parisin barikadalarında, ən aşağıda kapitalizmə qarşı öz müasirləşmə xəyalları uğrunda mübarizə aparan parisli işçilərin coşğun səsi olmuşdu. Bulqakovun əsərlərində isə bütün imperialist dünyaya qarşı yeni bir modern dünya qurmağa çalışan moskvalı işçilərin və kəndlilərin qəhrəmanlığı isə güclə eşidilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar