Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dublyaj filmlərinə niyə baxa bilmirik?

Buna səbəb nədir

Hüsniyyə Mürvətova: “Deməzdim ki, tamaşaçılar dublyaj filmlərini bəyənmir”

Kamran M.Yunis: “Bəzən qeyri-peşəkarlar “çörək pulu” qazanmaq üçün dublyaj studiyalarına üz tutur ki, bu da dublyaj sənətini bir qədər zəiflədir”

Nicat Kazımov: “Dublyajda bir filmə görə 20-25 manat pul verilir, ona görə getmirik”

Artıq uzun illərdir ki, Azərbaycanda da dublyaj sənəti fəaliyyət göstərməkdə, kinonun bir qolu kimi mənəvi tələbatını ödəməkdədir. Lakin qismən AzTV, ATV kanallarından başqa digər televiziya ekranlarında dublyaj olunan filmlərin aşağı keyfiyyətdə tamaşaçıya təqdim olunmasını müşahidə edirik ki, bu da tamaşaçını çox zaman narazı salır.

Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narazı qalır. Nəticədə Azərbaycan tamaşaçısı həmin filmlərə yerli kanallarda deyil, Rusiya, Türkiyə kanallarında seyr etməyi üstün tutur. Beləliklə də yerli televiziya kanalları böyük izləyici auditoriyasını itirməkdədir.

Bir məsələni də qeyd edək ki, son illərdə çox populyar türk filmləri, o cümlədən Şaban, Hülya Avşar, Türkan Şorayın çəkildiyi məşhur filmləri də dublyaj olunaraq, tamaşaçıya təqdim edilir. Bəzən isə baş qəhrəmanın səsi dublyaj olunmur, digər personajlar isə qeyri-peşəkar şəkildə səsləndirilir. Əlbəttə ki, bütün bunlar bəzən tamaşaçıda ikrah hissi oyadır.

Bəs səbəb nədir? Dublyaj filmləri niyə tamaşaçını özünə cəlb edə bilmir?

Uzun müddətdir ki, dublyaj sahəsində çalışan əməkdar artist Hüsniyyə Mürvətova dublyaj filmləri ilə bağlı səslənən fikirlərlə razılaşmadığını bildirdi: “Hazırda bir çox televiziyalarda dublyaj studiyaları var və orada böyük bir komandadan ibarət tərcüməçilər, rejissorlar, aktoyrlar çalışır. Və demək olar ki, həmin studiyalarda eyni aktyor kollektivi çalışır. Hər bir tərcümə peşəkarcasına hazırlanır və tamaşaçıya təqdim olunur. Bu baxımdan deməzdim ki, tamaşaçılar dublyaj filmlərini bəyənmir. Biz çoxlu sayda xoş şərhlər alırıq, bu bizi sevindirir. Ola bilsin ki, hansısa əyalət televiziyalarında dublyajlar peşəkarcasına təqdim olunmayıb. Bu barədə narazılıqları mən də eşitmişdim. Amma bir daha qeyd edirəm ki, ATV, Xəzər TV, AzTV-də yayımlanan dublyajlarla bağlı narazılıq, problem yoxdur. Təqdim edilən filmlər də maraqlı və yeni olur”.

Aktrisa qeyd etdi ki, son illər dublyaj filmlərinin sayında azalma var: “Son illər dublyaj filmlərinin sayı azalıb. Bildiyiniz kimi əvvəllər xarici serialları da səsləndirirdik. Lakin yerli seriallar çəkilməyə başlayandan artıq dublyaj seriallar yoxdur və biz yalnız filmləri səsləndiririk. Məsələn, hazırda ayda 4 dəfə dublyaj üçün AzTV-yə gedirəm”.

Əməkdar artist qeyd etdi ki, dublyaj aktyoru mütləq peşəkar olmalıdır: “Dublyaj edən aktoyrun texnikası yaxşı olmalı, mikrofonla işləməyi bacarmalı, səs tonunu tənzimləməyi bilməli, gözəl, qulağı oxşayan diktəyə malik olmalı, obrazı, filmdəki vəziyyəti hiss etməli, bütün bunları səsi vasitəsi ilə tamaşaçıya çatdırmalıdır”.

Dublyaj filmlərini səsləndirən aktyor Kamran Yunis isə qeyd etdi ki, bəzən dublyajda qeyri-peşəkarların çalışması bu sahədə problemlər yaradır: “Əksər hallarda çəkilişləri, işi olmayan aktyorlar qazanc naminə dublyaja üz tutur. Onların arasında peşəkarlar da, qeyri-peşəkarlar da var. Ümumiyyətlə dublyaj peşəsi çox çətindir. Çünki dublyajda oturaq vəziyyətdə filmdə oynayan, qaçan, qovan qəhrəmanı səsləndirməlisən. Bu isə aktyorluqdan 2-3 dəfə çətindir və bəzən bunun fərqinə varmırlar”.

Kamran Yunis dublyaj sahəsinin çətinliklərindən də söz açıb: “Qeyd etdiyim kimi, bu peşəkalrıq tələb etsə də bəzən qeyri-peşəkarlar yalnız “çörək pulu” qazanmaq üçün dublyaj studiyalarına üz tutur ki, bu da dublyaj sənətini bir qədər zəiflədir. Digər tərəfdən hazırda texniki cəhətdən problemlər var. Yəni xarici ölkələrdə, məsələn Rusiyanın öndə gedən kanlalarında çox güclü texnika var, hansı ki, bizdə yoxdur.

Digər problem isə Azərbaycanda orijinal filmərin olmamasıdır. Adətən filmdə bir neçə səs kanalı olur, məsələn birində aktyorların, digərində təbiətin, yolun, səsi olur, bu zaman bir tək aktyorun səsi yazılır. Lakin orijinal olmayan filmərdə həmin digər səsləri də vermək məcburiyyətində qalırıq, bu zaman səs filmin içşərisinə düşmür, kənarda qalır ki, nəticədə səslənmə bərbad olur, tamaşaçı bəyənmir. Deyərdim ki, əsas problem budur. Buna görə də orijinal film alınmalıdır. Orijinal film isə 30-50 min manat dəyərində olur. Əgər televiziyaların yetərincə pulu olsa, reklam şəbəkəsi düzgün işləsə, düzgün filmlər alınsa və düzgün səsləndirilsə problem olmaz. Burada aktyorların, rejissorların bəlkə də günahı var, amma o qədər də deyil”.

Animasiya filmlərinin səsləndirilməsində iştirak edən əməkdar artist, aktyor və rejissor Nicat Kazımov isə mövzuya bu cür şərh bildirdi: “İlk öncə onu qeyd edim ki, artıq bir neçə ildir ki, dublyaja getmirəm. Yalnız hər hansı bir indivudal iş olanda gedib səsləndirirəm. Dublyajdan uzaqlaşmağımın səbəbi var. Burda problem maddiyyatla bağlı olur. Dublyajda aktyorlara o qədər az məvacib verirlər ki, nəticədə heç kəs özünü əziyyətə salıb, yaxşı iş ortalığa qoymaq istəmir. Başqa işi olan adam artıq dublyaja getmir. İkinci problem isə dublyajda səslərlə bağlı olur. Hər səsi olan dublyaj aktyoru ola bilməz. Və yaxud bir aktyor 10-15 obraz səsləndirir və səsini dəyişmək üçün çox rahat vasitələr tapır ki, bu da inandırıcı olmur,qəribə səslər ortalığa çıxır. Mən getdiyim vaxtlarda bir filmə görə 20-25, ən çoxu 30 manat pul verilirdi. Ona görə də daha getmədim ki, məmə lazım deyil. Digər məsələ rejissorlarla bağlıdır. Bur gün çox az sayda peşəkar dublyaj rejissoru var, qalanının bu sahədən anlayışı yoxdur. Yəni sırf peşəkarlar bu işlə məşğul olmalıdır. Bəs əsl dublyaj necə olmalıdır? Çox yaxşı hesab etdiyim dublyajlarda aktyor mikrafonun qarşısında filmin qəhrəmanının yaşadığını yaşayır. Bu zaman yaxşı iş ortaya çıxır”.(azpolitika)

Pia.az

 

Etiket: film dublyaj

Şərh yazın.

loading...