Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gələn ildən dünyada böyük iqtisadi böhran gözlənilir... – Azərbaycanı nə gözləyir?

Analitiklər hesab edirlər ki, ABŞ-Çin ticarət savaşı fonunda gələn il neft qiymətlərinin aşağı düşməsi Rusiya iqtisadiyyatının ağır böhrana girməsi ilə nəticələnəcək. Böhran həmçinin neft ixrac edən MDB ölkələrinin iqtisadiyyatını da vuracaq...

İqtisadçı-ekspert: “Dünya Bankının son hesabatında qlobal tənəzzülün gözlənildiyindən daha erkən başlaya biləcəyi də göstərilir”.

“Qiymətlərdə ciddi bir azalma olarsa, təbii ki, iqtisadi böhranın yeni mərhələsinə qədəm qoymuş olacağıq. Neft ixracından ölkəyə kifayət qədər valyuta daxil olmazsa, nəticədə manat öz dəyərini növbəti dəfə itirə bilər”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova gələn ildən başlayaraq ABŞ-la Çin arasındakı ticarət savaşının xammal ixrac edən ölkələrdə ciddi böhrana səbəb olma ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, mayın ortalarında ticarət üzrə ABŞ-Çin danışıqlarının sonuncu mərhələsi nəticəsiz qalıb. ABŞ dəyəri 200 milyard dollar olan Çin mallarının idxalına gömrük rüsumunu 10 faizdən 25 faizədək artırıb. Bundan sonra D.Tramp Çindən 300 milyard dollar qiymətləndirilən idxala görə də rüsumları artırmağı tapşırıb.

Buna cavab olaraq, Çin Maliyyə Nazirliyi iyunun 1-dən dəyəri 60 milyard dollar olan ABŞ mallarına rüsumun artırıldığını elan edib.

ABŞ-ın əvvəlki prezidentlərinin qəbul etdiyi bır sıra qərarlardan sonra indiki dövlət başçısı Donald Trampın səsləndirdiyi bəyanatlar və ölkənin ötən ilin yanvar ayında Çinlə münasibətlərdə balansı qoruyan Sakit Okean Tərəfdaşlıq Müqaviləsindən çıxması sonda iki ölkə arasında ticarət müharibəsinin başlanmasına səbəb oldu. Bu baxımdan, ABŞ prezidentinin keçən ilin mart ayında polad və alüminium idxalına vergi tətbiq edilməsinə dair ilk bəyanatı çox önəmlidir. Bununla D.Tramp təkcə Çini və Avropa İttifaqı (Aİ) ölkələrini deyil, həm də qonşu Kanada və Meksikanı, eləcə də digər Latın Amerikası ölkələrini hədələdi. Son bəyanatlara gəldikdə isə, onların artıq iqtisadi nəticələri var, üstəlik, diplomatik nəticələri də olacaq.

Çin və ABŞ arasındakı ticarət savaşı bütövlükdə dünyanın geosiyasi mənzərəsini gərginliyə sürükləyir. Böyük dövlətlər arasında artıq formalaşmış əlaqələr qırılır. Özü də bu, yalnız iqtisadi sferanı əhatə etmir. Siyasi, hərbi, mədəni sahələrdə əlaqələr ya zəifləyir, ya da tamamilə qırılma təhlükəsi qarşısında qalır. Ən pisi də odur ki, bütün bunlar dövlətlərarası ixtilafların meydana gəlməsi ilə müşayiət olunur.

Artıq Almaniya kimi aparıcı sənaye ölkəsi ABŞ-Çin ticarət savaşına görə geriləməyə başlayıb. Almaniyaynın 2019-cu il iqtisadi göstəriciləri geriləməyə başlayıb. Xüsusən maşınqayırma sənayesində geriləmələr müşahidə olunur. Eyni zamanda ABŞ-ın iri şirkətləri də nicarət savaşlarından ziyan çəkməyə başlayıblar.

Lakin ekspertlərin fikrincə gələn ildən başlayacaq qlobal iqtisadi böhrandan ən çox Rusiya ziyan çəkəcək. Bu da iri sənaye ölkələrinin xammala olan ehtiyaclarının azalması fonunda baş verəcək. Analitiklər hesab edirlər ki, xüsusən neft qiymətlərinin aşağı düşməsi Rusiya iqtisadiyyatının ağır böhrana girməsi ilə nəticələnəcək. Böhran həmçinin neft ixrac edən MDB ölkələrinin iqtisadiyyatını da vuracaq. Təqribən bil ildən sonra başlayacaq böhran Rusiya da daxil olmaqla MDB ölkələrində daha təsirli olacağı gözlənilir.

Gözlənilən böhranın Azərbaycana ehtimal təsirləri barədə nə demək mümkündür? Azərbaycanın makroiqtisadi göstəriciləri neftin minimum qiymətində nə qədər azala bilər və neft ixracında asılı olan Azərbaycanda ÜDM-in kəskin azalması mümkündürmü? Manatın böhrana gətirə bilməsi üçün iqtisadi şərtləri normal dəyərləndirmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovaya müraciət edib.

Vüsalə Əhmədova: “Əgər Mərkəzi Bankın xəzinəsində maliyyə sektorunu dəstəkləmək üçün kifayət qədər vəsait olarsa, banklarda və maliyyə bazarlarındakı problemlərin maliyyə böhranına çevrilmə ehtimalını azaltmaq mümkün olacaq”.

Dünyada qlobal iqtisadi böhranın gözlənilən olduğunu bildirən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, 2020-ci ildə mütləq şəkildə ciddi bir qlobal iqtisadi böhranın baş verəcəyini də söyləmək olmaz, ancaq iqtisadi geriləmə gözlənilir:

“Dünya iqtisadi böhranı deyərdim ki, gözləniləndir. Bu il Davosda keçirilən Dünya İqtisadi Forumunda da bilirsiniz ki, bu mövzu kifayət qədər müzakirələrə səbəb oldu. Hətta bəzi çevrələrdə 2008-ci il ssenarisinin təkrarlanacağı ehtimalı da qeyd edilir.

Maliyyə böhranının başlamasına ciddi əsaslar olmasa da, dünya iqtisadiyyatında problemlərin mövcudluğu faktdır. Son on ildə qlobal iqtisadi artımın lokomotivi sayılan Çin iqtisadiyyatı ticari müharibələr fonunda geriləməkdədir. Bu da dünya bazarında, ilk növbədə də xammal bazarlarında haqlı narahatlıqlar yaradır. ABŞ və Çin arasında ticarət danışıqlarında irəliləyişə nail olunacağına hələ də ümid var. Bəs bu ümidlər də boşa çıxsa nə baş verəcək? Xüsusilə, ABŞ və Çin arasında mümkün ticarət müharibəsinin dünya iqtisadiyyatının böyümə tempinə mənfi təsir göstərəcəyindən və bu təsirlərin dünya iqtisadiyyatını tənəzzülə sürükləyəcəyindən qorxulur.

Digər diqqəti cəlb edən isə, ABŞ və Almaniya xəzinə veksellərində diqqətə çarpan geriləmədir. Bundan əlavə, qlobal sənaye istehsalı indeksi 2018-ci ilin ilk aylarından bəri davamlı olaraq azalmaqdadır, 2012-ci ildən bu yana ən aşağı səviyyəyə enib. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) məlumatlarına görə 3 ildir ki, beynəlxalq kapitalın hərəkətliliyi azalmaqdadır. Ötən il dünya miqyasında xarici kapital qoyuluşları 13% azalıb. Yaponiyada ixracat 2016-cı ildən etibarən mütəmadi düşüşdədir. Fransa xaricində AB bölgəsindəki bütün iqtisadiyyatlarda istehsal geriləməkdədir.

Vüsalə Əhmədova: “Danılmaz faktdır ki, ölkəmiz oliqarxiya ilə idarə olunur. İqtisadiyyatın qazancının böyük əksəriyyəti oliqarxların kassasına axmaqda davam edir”.

Buna görə də, 1998 və 2008-ci illərdə olduğu kimi böhran yaşanacağı ehtimalı mövcuddur. Lakin, 2020-ci ildə mütləq şəkildə ciddi bir qlobal iqtisadi böhranın baş verəcəyini də söyləmək olmaz, ancaq iqtisadi geriləmə gözlənilir. Demək olar ki, keçən böhranlardan müəyyən qədər təcrübə toplanıb. Bildiyiniz kimi, ABŞ Federal Ehtiyat Sistemi 2019-cu ilin yanvar ayında gözlənilən faiz artımını təxirə saldı. Bu, dünyanın ciddi problemlərdən bir qədər qaçmasına imkan verə bilər. Ancaq risklər də az deyil. Məsələn, Donald Trampın hər-hansı bir səbəbə istefaya göndərilə biləcəyi, yerinə isə hazırkı vitse-prezident Mayk Pensin gələ biləcəyi ehtimalı da mövcuddur. Bu da qlobal maliyyə sistemi üçün ciddi bir problemin əsasını qoya bilər.

Bilirsiz ki, Pens qızıl standartının tərəfdarıdır və bu sahədə kifayət qədər nüfuzlu tərəfdarlara malikdir. Qızıl standartına keçid isə uçot dərəcələrinin yüksəlməsinə, aşağı likvidliyə, kapitalın inkişaf etməkdə olan bazarlardan əhəmiyyətli dərəcədə çıxmasına, borcların dəyərinin artmasına, dolların daha da güclənməsinə, qlobal iqtisadiyyatın geriləməsinə və xammal qiymətlərinin kəskin enməsinə səbəb ola bilər.

Bütün bu faktorlar digər inkişaf etməkdə olan ölkələr kimi, Azərbaycandan da yan keçməyəcək. Xammaldan asılı vəziyyətdə olan ölkəmiz üçün ən böyük risk neft qiymətlərinin enməsidir. Qiymətlərdə ciddi bir azalma olarsa, təbii ki, iqtisadi böhranın yeni mərhələsinə qədəm qoymuş olacağıq. Neft ixracından ölkəyə kifayət qədər valyuta daxil olmazsa, nəticədə manat öz dəyərini növbəti dəfə itirə bilər. 2020-ci il üçün neftin barelinin qiymətinin 63-65 dollar arasında olacağı proqnozlaşdırılır. 2019-cu ilin yanvar ayında ölkədə 5929,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib ki, onun da 45,9%-i sənayenin payına düşür.

Vüsalə Əhmədova: “Xammaldan asılı vəziyyətdə olan ölkəmiz üçün ən böyük risk neft qiymətlərinin enməsidir”.

Göründüyü kimi, ÜDM-un demək olar ki yarısı neft sektorundan asılı vəziyyətdədir. Böhran fonunda ÜDM-un kəskin azalması mümkündür. Hər bir halda, 2020 böhranı artıq özünü büruzə verməyə başlayıb. Standart proseslər bunu deməyə əsas verir. Bilirsiz ki, hər zaman böhranlar başladıqdan çox sonra statistik hesabatlarda öz əksini tapır. Bəlkə də, 2021-ci ilin statistik rəqəmlərində bunu görə biləcəyik. Dünya Bankının son hesabatında hətda qlobal tənəzzülün gözlənildiyindən daha erkən başlaya biləcəyi də göstərilir.

Danılmaz faktdır ki, ölkəmiz oliqarxiya ilə idarə olunur. İqtisadiyyatın qazancının böyük əksəriyyəti oliqarxların kassasına axmaqda davam edir. İstehlak məhsullarında durmayan qiymət artımı isə vətəndaşlarımızın və kiçik müəssisələrin maaş və gəlirlərini dəfələrlə üstələyir. İnflyasiyanı hər vəclə ört-basdır etməyə çalışırlar. Nəticədə 2020-ci ildə geriləmə perspektivi güclənir. Ticarət müharibələri fonunda isə bu proses sürətlənə bilər. Tənəzzül şəraitində maliyyə böhranının yaranma riski də artır.

Əgər Mərkəzi Bankın xəzinəsində maliyyə sektorunu dəstəkləmək üçün kifayət qədər vəsait olarsa, banklarda və maliyyə bazarlarındakı problemlərin maliyyə böhranına çevrilmə ehtimalını azaltmaq mümkün olacaq. Məsələn, Keynes nəzəriyyəsi böhranın tək həll yolunun faiz dərəcələrinin aşağı salınmasında görür. Belə olan halda borc verənlərin defolt olacağı və borclanmanın azalacağı qeyd edilir”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...