Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Öpüş əvəzinə neft…” 

 “Qarımış” Rusiya-Belarus ittifaqı çat verməyə başlayıb

Hələ 1999-cu ildə Rusiya ilə Belarus arasında ittifaq dövlətinin yaradılması haqqında müqavilə imzalananda çoxları bu ölkələrin yaxın bir neçə ildə birləşəcəyini düşünürdülər. Üzərindən 20 il ötməsinə və həmin ittifaqın bir növ “qarımasına” baxmayaraq, Rusiyaya çox yaxın siyasətçi sayılan Aleksandr Lukaşenkonun ölkəsi Rusiya ilə birləşməkdən daha çox uzaqlaşmağa çalışan kimi görünür.

Rusiya mətbuatında son zamanlar Belarusun “cığallığı” barədə yazılar, təhlillər xeyli çoxalmağa başlayıb. Siyasi şərhçilər və yazarlar bildirirlər ki, Lukaşenko son 5 ildə ümimiyyətlə Rusiyadan asılılığını getdikcə daha sürətlə azaltmağa çalışır. Bu isə səbəbsiz deyil. Həmin proses məhz 5 il bundan əvvəl – 2014-cü ildə Krım başda olmaqla, Ukraynanın bir hissəsinin Rusiya tərəfindən ilhaqından sonra başlayıb.

Lukaşenkoya 12 milyard dollarlıq zərbə…

Görünür, Lukaşenko Belarusu da Ukraynanın taleyini gözlədiyindən narahatdır və bunun üçün də kifayət qədər əsas var, baxmayaraq ki, Vladimir Putin çıxışlarının birində iki ölkənin birləşməsinin gündəmdə olmadığını bildirmişdi. Çünki buna paralel olaraq, Rusiya hökuməti “kiçik qardaşını” iqtisadi cəhətdən boğmağa yönələn qərarlara imza atmağa başladı. Bu, özünü əsasən Belarusa satılan neftin və neft məhsullarının dünya bazarı qiymətinə çatdırılmasında göstərdi. Rusiyanın qiymətləri artırması Belarusu 5 ildə 12 milyard ABŞ dollarından məhrum edəcək. Həmçinin, bu qərar ölkədə yanacağın qiymətinin artmasına səbəb olur.

Məsələ ondadır ki, son vaxtlara qədər Belarus Rusiyadan həmin ölkənin daxili qiymətlərilə aldığı nefti özünün kifayət qədər müasir neftayırma zavodlarında emal edərək, xarici ölkələrə satırdı. Bu, bir tərəfdən ölkənin özündə yanacağın qiymətinin aşağı olmasına, digər tərəfdən isə xaricə satılan məhsuldan büdcəyə milyardlarla dollar vəsait daxil olmasına imkan yaradırdı. Belarusda bu cür tərəfdaşlığı ironiya ilə “öpüş əvəzinə neft” adlandırırdılar.

Ancaq indi görünən odur ki, artıq Rusiyaya belə bahalı “öpüş” sərf etmir və daha sərfəli “ödəniş vasitəsi” tələb edir. Moskva ucuz neftin əvəzində Belarusun getdikcə öz müstəqilliyindən vaz keçməsində, ölkələr arasındakı inteqrasiyanın dərinləşməsində, bir sözlə, birləşmə sürətinin artırılmasında maraqlıdır. Lakin “gözü çıxmış qardaş” olan Ukraynanın aqibətindən ciddi nəticələr çıxaran Belarus hakimiyyəti, həmçinin də bütövlükdə ölkə cəmiyyəti Rusiya ilə yaxınlaşmaqdan ciddi şəkildə ehtiyat edir. Son rəy sorğuları göstərib ki, əhalinin yalnız 5 faizi Rusiyanın tərkibinə daxil olmağın və cəmi 15 faizi birgə ittifaq dövlətinin yaradılmasının tərəfdarıdır. Əhalinin qalan hissəsi isə ölkənin müstəqilliyinin saxlanılmasını istəyir. Baxmayaraq ki, ümumilikdə ölkə üzrə əhalinin təxminən 80 faizi məişətdə yalnız rus dilindən istifadə edir. Kəndlərdə isə bu göstərici 60 faizə yaxındır.

“Belarus dili kasıbdır…”

Son günlərdə isə Rusiya mətbuatında Belarusda rus dilinin sıxışdırılmasına dair materiallar dərc edilməyə başlayıb. Qeyd edək ki, Belarusun rəsmi dili belarus və rus dilləridir. Ancaq son zamanlar rus dilinin rəsmi dövlət orqanlarından sıxışdırılması prosesinin başlandığı iddia olunur. Onu da qeyd edək ki, bu dillər bir-birinə çoxlarının təsəvvür etdiyi qədər də yaxın deyillər. Doğrudur, rus dilinin aradan çıxarılması prosesi Ukrayna qədər sürətlə aparılmasa da, bu prosesin böyük ölçüdə irəlilədiyi müşahidə olunur. Məsələn, ölkədə yol və yaşayış məntəqələri göstəricilərinin böyük hissəsindən rus dilinin yığışdırıldığı, yalnız belarus və ingilis dililə işarələndiyi bildirilir. Artıq məhkəmələr də rus dilinin işlədilməsinə dair bəzi səs-küylü qərarlara imza atıblar. Belə ki, vətəndaşlardan biri yerli dövlət icra orqanına belarus dilində göndərdiyi müraciətə rus dilində cavab verildiyi üçün həmin qurumu məhkəməyə verib. Məhkəmə də öz növbəsində vətəndaşın lehinə qərar çıxararaq, rəsmi qurumu cərimələyib. Daha bir hay-küylü məhkəmə işi isə bir müddət əvvəl Belarusun rusdilli mətbu orqanlarından birində çalışan və Rusiya ilə birləşməni qızğın şəkildə təbliğ edən 3 yerli jurnalistin həbsilə bağlı olub. Onlar millətlər arasında nifaq salmaqda günahlandırılıblar. Belarus kimi ölkələrdə isə belə qərarlar ölkə rəhbərliyinin xəbəri olmadan çıxarıla bilməz…

Rusiyalı təhlilçilər iddia edirlər ki, rus dilinin getdikcə sıxışdırılması və belarus millətçiliyinin dirçəldilməsində prezident Lukaşenkonun özü maraqlıdır. Çünki bu, Rusiya ilə danışıqlarda onun əlinə cəmiyyətin Rusiya ilə yaxınlaşmanın lehinə olmadığına dair “kozır” verir.

Təkcə onu qeyd etmək kifayətdir ki, 1994-cü ildə ilk dəfə hakimiyyətə gələn Lukaşenko öz sələfindən fərqli olaraq, belaruslaşmanın əleyhinə olduğunu ifadə etdi və cəmi bir il sonra ölkədə referendum keçirərək, rus dilini ikinci dövlət dilinə çevirdi. Həmin dövrdə hətta belarus dilini “kasıb dil” adlandırdı. Sitat: “Belarus dilində böyük, dahi bir şey ifadə etmək mümkün deyil. Belarus dili kasıb dildir. Dünyada yalnız iki böyük dil var – rus və ingilis…” 1999-cu ildə isə Lukaşenko ittifaq müqaviləsinin bağlanması ərəfəsində Avropaya inteqrasiyanın tərəfdarı olan millətçi müxalifəti darmadağın edərək, onları “siyasiləşmiş marginallar” adlandırmışdı. Hətta belarusları “keyfiyyət nişanlı ruslar” adlandıran “Batka” az qala belarusların ayrıca bir millət olduğunu belə sual altına almışdı.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, 2014-cü ildən etibarən Belarus prezidenti mövqeyini az qala 180 dərəcə dəyişdi. 2015-ci ildə gənclərin qarşısında çıxış edən Lukaşenko belarus dilinin ölkənin gələcəyi üçün nə qədər əhəmiyyətli olduğundan söz açdı: “Belarusu belarus edən onun mədəniyyətidir. Bu, təkcə zəngin irs olan ədəbiyyat, musiqi, arxitektura deyil, həm də dildir ki, biz onu və onun tarixini bilməli, qiymətləndirməliyik…” Göründüyü kimi, Lukaşenko artıq 1990-cı illərin sonu, hətta 2000-ci illərdə düşündüyü kimi düşünmür. Ukraynada baş verənlər, Rusiyanın aqressiyası onu fikrini dəyişməyə vadar etdi.

Ya NATO, ya Rusiya

Hətta bu ilin iyun ayının sonunda 2-ci Avropa Oyunlarına ev sahibliyi edən A.Lukaşenko gözlənilmədən əhaliyə müraciət edərək, seçim etməli olduqlarını bildirdi – ya NATO, ya Rusiya! Hərbi çağırış haqqında qanuna dəyişiklikləri şərh edən prezident bildirib ki, Belarus öz ordusunu gücləndirməlidir. Çünki əgər Belarus xalqı öz vətənini özü qorumasa, ona bu sahədə ediləcək xarici dəstək ölkəyə müstəqilliyini itirmək bahasına başa gələ bilər. Lukaşenko açıq şəkildə bildirmişdi ki, Moskva “nüvə çətiri”, yaxud ən müasir silahlarla müdafiənin təmin olunması qarşılığında Minskdən suverenlikdən tam imtina etməsini tələb edə bilər.

Digər tərəfdən, Lukaşenko Rusiyanın neft qiymətlərilə bağlı qərarının da Belarusun suverenliyinə qarşı təhdidin tərkib hissəsi olduğunu dolayısı ilə çatdırmağa çalışır və Moskvanı bu qərarına görə tənqid edir. Rusiya hökumətinin ayrı-ayrı təmsilçiləri isə onu “oyun qaydalarını pozmaqda” günahlandıraraq, artıq Moskvanın Minski “dolandırmaq” fikrində olmadığını ifadə edirlər. Hətta gözlənilir ki, iki ölkə arasında gərginliyin yeni ocağı bu ilin sonu, gələn ilin əvvəllərində alovlanacaq. Belə ki, həmin vaxt ölkələr arasında təbii qaz idxalı və tranziti müqavilələri yenilənməlidir. Rusiya isə artıq indidən müqavilə şərtlərinə və qiymətlərə yenidən baxılacağına eyham vurur.

Qısası, Rusiyanın təzyiqləri və Lukaşenkonun müqaviməti bu yaxın ölkələrin hansısa formada birləşməsi perspektivini xeyli uzaqlaşdırır. Lakin əksər müstəqil müşahidəçilərin dediyi kimi, ölkədə siyasi azadlıqları boğan yox, demokratik və Avropanın qəbul etdiyi bir hakimiyyət olsaydı, Minskin Moskvadan asılılığı xeyli dərəcədə azalardı. Nəticədə, Belarus doğrudan da tam müstəqil bir Avropa dövlətinə çevrilərdi. Ancaq digər tərəfdən, buna cəhd edən Ukraynanın aqibətini göz önünə gətirdikdə, Lukaşenkonun seçdiyi yol daha anlaşılan və təhlükəsiz görünür. Lakin artıq çökməyə başlayan bu yolun haraya qədər davam edəcəyi bəlli olmasa da, Rusiyanın nə vaxtsa Belarusu öz tərkibinə asanlıqla qatacağı da inandırıcı görünmür.(Azpolitika)

Pia.az


Etiket: Belarus Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar