Çərşənbə, 18 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Siyasətçilərin, yoxsa klan liderlərinin savaşı?

İki dostu düşmənə çevirən nədir?

MDB məkanına aid ölkələrin siyasi leksikonunda “cib müxalifəti” ifadəsinə tez-tez rast gəlinsə də, buna paralel olaraq, “cib prezidenti” anlayışı da mövcuddur. Bir çox siyasi təhlilçilər tərəfindən bu adı daşımağa ilk olaraq, Vladimir Putini bir dönəmlik əvəzləyən Rusiyanın hazırkı baş naziri Dmitri Medvedyev layiq görülüb.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müsahibələrinin birində D.Medvedyevin onunla söhbətində şəxsən bunu etiraf etdiyini, rəsmən prezident vəzifəsini daşıdığına baxmayaraq, hətta Medvedyevə zəng edərkən telefonu Putinin götürdüyünü bildirmişdi.

Bir çoxları hazırda Qazaxıstanda da oxşar mənzərənin hökm sürdüyünü iddia edirlər. Lakin görünür, eyni yolu getmək istəyən Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev öz gücünü və nüfuzunu düzgün hesablamadı. Ən başlıcası isə öz xələfini seçərkən ciddi səhvə yol verdi. Nəticədə, bütün cəhdlərinə baxmayaraq, Qırğızıstanın hazırkı prezidenti Sooronbay Jeenbekovdan özünə “cib prezidenti” düzəldə bilmədi. Çünki Jeenbekov heç də onun zənn etdiyi qədər zəif, iradəsiz və itaətkar olmadı, əksinə, hakimiyyəti əlbəəl təhvil aldığı özündən 2 yaş böyük dostunu həbs etdirəcək “cəsarət” göstərdi. Tanınmış qırğız politoloq Şeradil Baktıqulov da öz açıqlamasında bildirib ki, baş verənlərin əsas səbəblərindən biri məhz Jeenbekovun “cib prezidenti” rolu ilə razılaşmamasıdır.

Xatırladaq ki, Qırğızıstan Konstitusiyasına görə, prezident 6 illiyə və cəmi bir dəfə seçilə bilər. Atambayev Qırğızıstan müstəqillik qazanandan sonra keçid dövründə cəmi il yarım prezidentlik etmiş Roza Otunbayeva istisna olmaqla, öz vəzifəsini qanuna uyğun şəkildə, inqilabsız tərk edən yeganə prezidentdir. 2005-2006-cı illərdə iqtisadiyyat naziri, 2006-2007-ci və 2010-2011-ci illərdə baş nazir, 2011-ci ildən 2017-ci ilə qədər isə prezident vəzifəsini daşıyan Atambayev hakimiyyətin “dadını” kifayət qədər yaxşı bilən siyasətçi sayılır. MDB coğrafiyasında isə hakimiyyəti “dadanların” ondan asanlıqla əl çəkməsi praktikası demək olar ki, yoxa bərabərdir.

Hələ 1989-cu ildə o vaxtkı Qırğızıstan SSRİ-nin paytaxtı Frunzenin İcraiyyə Komitəsinin sədr müavini postunu tərk edəndən sonra böyük biznesə atılan Atambayev, bir neçə ildən sonra ölkənin ən varlı adamlarından birinə çevrilmişdi. Artıq müstəqil Qırğızıstanda əlindəki güclü iqtisadi imkanlarla siyasi həyata qoşulan sabiq prezident ölkənin ən yeni tarixində baş verən hər iki inqilabın aparıcı simalarından olub.

Nəhayət, istər ölkənin başına keçməzdən əvvəl, istər prezidentliyi dönəmində, istərsə də hazırkı dövrdə Atambayev Qırğızıstanın şimal hissəsinə aid klanların maraqlarını təmsil edib. Bəli, demək olar bütün müsəlman və türk xalqlarının düçar olduğu yerliçilik, tayfabazlıq, regionçuluq, təriqətçilik kimi bəlalar qırğızlardan da yan keçməyib. Nəticədə, hazırkı prezident Sooronbay Jeenbekov cənub klanlarının, Atambayev isə şimal klanlarının təmsilçisi sayılır. Və bu da ölkənin de-fakto iki yerə bölünməsini əsaslandıran amillərdən biridir. Elə qırğız ziyalılarının, tanınmış ictimai fəalların və aydınlarının da əsas qorxusu bu iki vaxtilə dost, hazırda isə düşmən olan liderin şəxsi savaşının ölkənin parçalanmasına gətirib çıxaracağı perspektividir.

Sözsüz ki, hələ də keçmiş SSRİ respublikalarının “başının yiyəsi” sayılan Rusiyanın mövqeyi də bu məsələdə çox əhəmiyyətli rol oynayır. Soçidə Jeenbekovu, Moskvada isə Atambayevi qəbul edən Putinin tam olaraq hansını dəstəklədiyini birmənalı şəkildə söyləmək çətindir. Üzdə qanuni prezidentə dəstək görüntüsü yaradılsa da, sonradan baş verənlərin Qırğızıstanın daxili işi olduğunu bildirən Rusiya, nədənsə, məsələn, oxşar hadisələr Ukraynada baş verəndə bunu həmin ölkənin daxili işi saymırdı…

Əslində, hər şey vəzifəsindən rəsmən gedən Atambayevin planlarına uyğun davam etsəydi, indiki vəziyyət yaranmaya bilərdi. Lakin hələ Jeenbekovun prezidentliyə başlamasından cəmi 4 ay sonra ona inauqurasiyası zamanı “dostum” deyə müraciət edən Atambayev, xələfini ciddi şəkildə tənqid etməyə başladı. Uzun müddət sabiq prezidentin ittihamları qarşısında susan Jeenbekov isə, nəhayət, müsahibələrinin birində onu “dost” adlandıran sələfinin birdən-birə ona qarşı hücuma keçməsini gözləmədiyini və anlamadığını bildirmişdi.

Ancaq görünən odur ki, hazırkı prezident də “az aşın duzu deyil”. Sabiq prezidentlə konflikt yaranan ərəfədə və ondan sonra Jeenbekov Atambayevin ən yaxın adamları sayılan Dövlət Təhlükəsizlik Komitəsinin sədrini, baş prokuroru, Gömrük Komitəsinin sədrini, paytaxt merini və nəhayət, Atambayevin alovlu tərəfdarı olan baş nazir Sapar İsakovu hədəfə götürdü. Onların hamısı vəzifələrilə vidalaşmalı oldular. Hətta S.İsakov başda olmaqla, paytaxt meri, gömrük şefi və digər bir çox “atambayevçilər” barələrində korrupsiya ittihamı ilə cinayət işi açılaraq, həbsə atılıblar.

Jeenbekov bu həbslərin guya Atambayevin adamlarının “təmizlənməsi” məqsədilə deyil, real cinayət faktları əsasında həyata keçirildiyini iddia edib. Ancaq bununla yanaşı, hazırkı prezident öz müsahibəsində Atambayevlə bağlı suala cavab verərkən, sabiq prezidenti “üçüncü şəxslərin əli ilə” onu idarə etmək cəhdində suçlamışdı. Yəni etiraf etmişdi ki, Atambayev hakimiyyətdəki adamları vasitəsilə ölkəni idarə etmək, prezidenti isə sadəcə, formal fiqur kimi saxlamaq niyyətində olub.

Rəsmi ittihamlara gəldikdə isə, doğrudan da Qırğızıstanda korrupsiya istər əvvəlki hakimiyyətlər, istərsə də indiki dönəmdə kifayət qədər yüksək səviyyədədir. Buna görə də ölkə regionun ən kasıb və korrupsiyalaşmış məmləkətlərindən biri sayılır. Məsələn, Çin istehsalı olan və Rusiya bazarına yol tapan qaçaq malların əhəmiyyətli bir qismi məhz Qırğızıstan sərhədindən keçirilir. Bu, bütün hakimiyyətlər dövründə belə olub. Korrupsiya ilə bağlı eyni vəziyyət ölkənin əksər sahələrinə aiddir. Ona görə də müşahidəçilərin çoxu bu savaşda Jeenbekovun korrupsiyadan bəhanə kimi istifadə etdiyi qənaətindədirlər.

Və bütün bunları sözsüz ki, Atambayev hamıdan yaxşı başa düşür. O, çıxışlarının birində hətta Jeenbekovu ölkənin başına gətirdiyi üçün qırğız xalqından üzr də istəmişdi və iddia etmişdi ki, yeni prezident ölkədə ailə hakimiyyəti qurur. Baxmayaraq ki, Atambayevin özü bu sarıdan heç də xələfindən geri qalmayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, onun prezidentliyi dövründə əvvəllər şəxsi sürücüsü olmuş İkramjan İlmiyanov bir neçə il ərzində yüksək vəzifəli məmura çevrilmiş, əhəmiyyətli postlar tutmuş və nəhayət, Qırğızıstanın ən varlı adamlarından birinə çevrilmişdi.

Bir sözlə, əslində iki siyasi liderdən daha çox iki klan başçısı arasında gedən bu dava “yorğan davasından” başqa bir şey deyil. Və təəssüf ki, hər iki tərəf bu savaşda xalqı alət kimi istifadə etməyə çalışır. Artıq qan tökülüb və görünən odur ki, hələ yenə töküləcək…(AzPolitika.info)

pia.az

 

Etiket:

loading...