Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diktator üçün küvetə döndərilən Küveyt 

Səddamı ram etmək adıyla Yaxın Şərqə yerləşən ABŞ

29 il öncə bu günlər Yaxın Şərqin taleyini dəyişən hadisələr baş verdi. Ona qədər onsuz da qan çanağına dönmüş Yaxın Şərq, Fars körfəzi daha bir qanlı savaşa şahidlik etdi. Səddam Hüseyn Küveytə hücuma keçərək, kiçik, amma zəngin ölkəni nəzarət altına altına aldı. Hərbi münaqişə cəmi üç gün çəkdi və İraq qoşunları Küveyt ordusunu darmadağın etdi, 4200 əsgərini öldürdü, 12 min hərbçisini əsir aldı, yerdə qalan qüvvələr isə Səudiyyə Ərəbistanına, iki gün əvvəl aradan çıxmış Küveyt kralının yanına qaçdı.

Əzəli əyalətin üzərindəki haqq

Küveyt İraqın çoxdan itirdiyi əyalət idi. Ancaq zaman-zaman bu əyalət üstündə Osmanlı imperiyası, Böyük Britaniya, Almaniya çox mübarizə aparmışdılar, yerli hakimiyyətin formal institutları ölkəni özünə tabe etmək istəyən xarici qüvvələr arasında manevr etmişdilər.

Küveyt rəsmi müstəqilliyini 1961-ci ildə Böyük Britaniyadan əldə etmişdi və dərhal onu itirmək təhlükəsi qarşısında qalmışdı. Çünki İraqın tarixə baxşı başqa cür idi. Bu ölkənin siyasiləri Küveyti İraqdan zorla qoparılmış 19-cu əyalət sayırdı. Ötən əsrin 60-cı illərində Küveytin güc yoluyla İraqa birləşdirilməsinin qarşısını Böyük Britaniya aldı. Rəsmi London Bağdadı silahlı müdaxilə ilə hədələdi və İraqın o vaxtkı rəhbərləri Səddam kimi inadkarlıq və özbaşınalıq etmədilər.

İki qonşu və dindaş xalqı döyüşdürən ABŞ

Əslində İraq-Küveyt savaşı birbaşa olmasa da, dolayısı ilə İran-İraq savaşının törəməsədir.

1979-cu ildə İranda İslam inqilabı baş verdikdən, şah devrildikdən, yerinə ABŞSSRİ-nin qatı düşməni ayətullah Ruhulla Xomeyni gəldikdən sonra regionda baş verənlərə və özünün bölgədən sıxışdırılmasına görə olduqca rəncidə olan ABŞ İrana qarşı qısqırtmaq üçün aqressor axtarırdı və İraqın gənc və enerjili rəhbəri Səddam Hüseynin simasında axtardığını tapdı.

O zamanlar zatən İran-İraq sərhədində gərginlik vardı: İran İraq ərazisində yaşayan şiələri dəstəkləyirdi, İraq isə İrana qarşı ərazi iddiası irəli sürürdü. 1980-ci iıin sentyabrında İraq ordusunun İrana hücumu 8 illik qanlı savaşın əsasını qoydu.

ABŞ İraqa dəstək verirdi, Səddam Hüseynə kəşfiyyat məlumatları ötürür, kredit ayırır, silah-sursat göndərir, hətta kimyəvi silah hazırlanması üçün materialla təchiz edirdi. Ağ Ev iki müsəlman ölkəsinin bir-birini qırıb zəiflətməsindən məmnun idi.

Nəhayət, hər iki ölkənin dizi yerə gələndən sonra bu savaş başladığı yerdə də bitdi – heç bir tərəf qələbə qazana bilmədi. Nəticələrə baxsaq, İran da, İraq da böyük maddi ziyana, çoxsaylı insan itkisinə məruz qalaraq məğlub duruma düşdülər.

Aqressora dedilər, kimi işğal edərsən, dedi, borc verəni

Bu müharibə zamanı İraqın iqtisadiyyatı daha böyük ziyan görmüşdü və onun vətəndaşlarının həyat səviyyəsi aşağı düşmüşdü. Ölkə borc içində itib-batırdı. İraq hətta Küveytə də 15 milyard dollar borclanmışdı. Küveyt bu qədər pulu həm “ərəb qardaşlığı”na görə, həm də körfəzin o üzündəki İranın daha da güclənməməsini istədiyi üçün vermişdi.

Küveytə olan borcunu qaytarmaq vaxtı gələndə Səddam Hüseyn əmirlikdən onu sıfırlamağı tələb etdi. İki ölkənin münasibətləri pisləşməyə başladı. Səddam Hüseyn hakimiyyəti Küveyti sərhədyanı rayonlarda İraq neftini maili qazma avadanlıqları vasitəsilə oğurlamaqda ittiham edirdi. Rəsmi Bağdad Küveytdən aldığı 15 milyardlıq borcu qaytarmaqdan imtina edir, üstəlik, Küveytin daha iki milyard yarım dollar həcmində xərac verməsini istəyirdi. Amma Küveyt əmiri bu tələbin onlar üçün qəbuledilməz olduğunu bildirirdi.

Səddamın başı altına yastıq qoyan səfir xanım

O zamanlar Küveyt ABŞ-la yaxın dostluq əlaqələrinə malik idi və Səddam Hüseyn bunu bilirdi. Ona görə də indinin özündə də politoloqlar Səddamın nəyə görə Küveytə hücum etmək qərarına gəlməsi barədə suala birmənalı cavab verə bilmirlər.
Bu xüsusda bəzən ortaya ekzotik versiyalar atanlar da olur. Guya ki, Səddam həşişə meylli olub və bir gün hallı olan zaman Küveytə hücum əmri verib. Başqa bir versiya isə ondan ibarətdir ki, guya Küveytin səfiri danışıqlar zamanı özünü ötkəm aparıb və İraq qadınlarını fahişə adlandırıb.

Ancaq ciddi analitiklər əmindirlər ki, İraq diktatoru Küveytə hücuma görə Vaşinqtondan sərt üz görməyəcəyinə əmin olub.

Məsələ ondadır ki, İraqla Küveyt arasında münasibətlər kəskinləşən zaman Səddam Hüseyn öz niyyəti barədə kifayət qədər açıq mövqe bildirsə də, ABŞ ona lazımi təpki verməyib, “etmə, eləmə, sənə pis olar” deməyib.

1990-cı ilin 25 iyulunda S.Hüseyn ABŞ səfiri Eypril Qlespi ilə görüşüb. Danışıqlar zamanı Küveyt məsələsi də müzakirə olunub. Xanım səfir həmin görüş zamanı belə deyib: “Mənim prezident tərəfindən verilən birbaşa təlimatım var – İraqla münüasibətləri yaxşılaşdırmağa nail olmaq. Bizim sizin Küveytlə sərhəd mübahisəsi kimi ərəb dövlətləri arasındakı münaqişələrə dair baxış nöqtəmiz yoxdur... Bu mövzu Amerika ilə bağlı deyil”.

ABŞ-ın Yaxın Şərqə girməsi üçün İraqın Küveytə girməsi lazım idi

Ekspertlərin fikrincə, məhz bu sözlər İraq liderinin aktiv fəaliyyətə keçməsi üçün siqnal olub və bundan bir həftə sonra o, qoşunlarını Küveyt üzərinə yeridib.

Bəlkə S.Hüseyn səfirin sözlərini yanlış yozub? Ancaq Vaşinqton gerçəkdən də İraqın Küveytə müdaxiləsinin qarşısını almaq istəyirdisə, nəyə görə fikrini daha aydın ifadə etməyib?

Ancaq belə anlaşılır ki, Vaşinqton İraqın Küveytə hücum etməsini istəyib ki, yenidən bu neftlə zəngin bölgəyə girə və burada söz sahibi ola bilsin. Əks təqdirdə ABŞ-ın regiona böyük silahlı qüvvələr toplaması digər ərəb dövlətlərinin də hiddətinə səbəb olacaqdı.

Ədalətin bərpa edilməsi və güclü İraq ordusunun öz zəif və müdafiəsiz qonşusunu əzməsinin qarşısını almaq isə başqa məsələydi – hamı belə br faktın qarşısındaydı.

Bəs Səddam niyə sona qədər qovulmadı?

Daha bir maraqlı məqam. İraq ordusu ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin həyata keçirdiyi “Səhrada fırtına” əməliyyatı zamanə darmadağın olaraq İraq ərazisinə qaçandan sonra Səddam Hüseyn nədən təqib olunmadı və hakimiyyətdən getməyə vadar edilmədi. Buna nail olmaq üçün ABŞ-ın əlində hər cür imkan və siyasi bəhanə vardı. Amma ABŞ bunu etmədi. Belə görünürdü ki, Vaşinqton siyasiləri Səddamı öz məqsədləri üçün İran-İraq savaşından ta 2006-cı ildə tutub asana qədər məharətlə istifadə ediblər.

“Küveytdə inqilab” və onu dəstək verən 120 minlik xarici ordu
Beləcə, 29 il öncə bu günlər Küveyti işğal edərkən Səddam Hüseyn tam əmin olub ki, əlinin üstündə əl yoxdur. İraq diktatoru anlamayıb ki, Küveyt onun üçün magistral yolların kənarındakı küvet kimi olacaq və onun hərb-siyasi maşını yoldan çıxıb o küvetə aşacaq.

1990-cı ilin 2 avqustunda İraq televiziyası xəbər verib ki, Küveytdə inqilab baş verib və “azad Küveytin 9 zabitdən ibarət müvəqqəti hökuməti antixalq siyasəti yeridən, korrupsiyaya uğramış mütləqiyyət rejimi ilə mübarizə üçün” İraqa müraciət edir. S.Hüseyn dərhal çağırışa cavab verərək, orduya Küveyt ərazisinə daxil olmaq əmri verir.

“Azad Küveytin müvəqqəti hökuməti” gerçəkdən də mövcud olub, amma xalq dəstəyi olmayıb. Bütün əməliyyatları İraq ordusu aparıb.

Avqustun 2-də gündüz saat 2-nin yarısında İraqın xüsusi təyinatlı qüvvələri helikopterlə Küveyt əmirinin Dasmandakı sarayda yerləşən iqamətgahına enir, dövlət başçısını ələ keçirməyə cəhd göstərirlər. Ancaq əmirin qvardiyası işğalçılarla döyüşə girir və hücumu dəf edir. Bu Küveyt əmirinə heliopterlə Səudiyyə Ərəbistanına qaçmağa şərait yaradır.

Avqustun 3-də gecə saat 2-də İraq ordusunun 120 minlik kontingenti Küveytə irimiqyaslı hücuma keçir. Aviasiya Küveyt şəhərini bombalayır, dəniz piyadaları sahilə çıxır. Səhər saat 5-də İraq ordusunun birləşmələri Dasman sarayına yaxınlaşır. Döyüş avqustun 3-də axşama qədər davam edir. Sarayın tutulması zamanı əmirin qardaşı Fahad əl-Əhməd əl-Cabir öldürülür.

Avqustun 4-də də Küveyt ordusunun hissələri müqavimət göstərirlər. Ordunun 35-ci tank briqadası Küveyt əl-Cəhri rayonunda düşmənin iri tank qruplaşmasının irəliləməsinin qarşısını iki sutka saxlayır.

Ancaq bunlar kifayət etmir, həmin axşam ölkə əraizisi tam olaraq İraq qüvvələrinin nəzarəti altına keçir. Bir neçə gündən sonra “Azad Küveytin müvəqqəti hökuməti” ölkənin İraqa birləşdirilməsi xahişi ilə müraciət edir və avqustun 28-də Küveyt rəsmən İraqın 19-cu əyaləti elan olunur.

Aqressorun cilovlanması əməliyyatı

Bundan sonra İraq üzərində buludlar sıxlaşmağa başlayır. BMT-nin Təhlükəsilik Şurası İraq qoşunlarının dərhal Küveytdən çıxarılmasını tələb edir. Səddam Hüseyn rejiminə qarşı iqtisadi sanksiyalar tətbiq olunur. Vaşinqton İraqa qarşı beynəlxalq koalisiya toparlayır və aqressoru cəzalandırmaq üçün regiona seçmə hərbi qüvvələr yığır.

Səddam Hüseyn həyata keçirilən qısamüddətli müharibədə qazandığı zəfərdən olduqca məmnun olaraq, bütün bu hərəkətliliyin görüntü və göstərməçilik olduğu düşüncəsində qalır. Ona elə gəlir ki, rəsmi Vaşinqton bir az hay-küy saldıqdan sonra sakitləşəcək və Küveytin İraqa birləşdirilməsi faktı ilə barışacaq. Axı xanım səfir Qlespi “bu, Amerika ilə bağlı mövzu deyil” demişdi, doğrudanmı ABŞ yalan danışa, onu aldada bilər?

Fəqət təkəbbürlü İraq diktatorunun gözləntiləri doğrulmadı. ABŞ-ın öz planı, öz niyyəti vardı. Təxminən 5 ay ərzində savaşa hazırlıq işləri aparan ABŞ öz ətrafında İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya və Misir olmaqla 37 ölkənin hərbi qüvvələrini toplayaraq, 1991-ci ilin 17 yanvarında “Səhrada fırtına” əməliyyatına başladı və onu 42 gün sonra bitirərək Küveyti işğaldan azad etdi. Bundan sonra ABŞ Yaxın Şərqdə yenidən möhkəmləndi. Artıq adı qara siyahıya düşmüş, dəvədən yıxılsa da, “höt-höt” deməkdə davam edən Səddam Hüseyn isə ABŞ-ın növbəti Buş adlı prezidentinin başladacağı ikinci müharibəni gözləmək zorunda qaldı, sonu isə dar ağacında bitdi.

Xalid Kazımlı(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar