Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev: “Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar”

2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur

Bu münasibətlə “Yeni Müsavat”ın əməkdaşı “Babək”, “Nəsimi”, “Dədə Qorqud” və digər filmlərdə yaratdığı obrazlarla xalqın böyük sevgisini qazanmış, xalq artisti Rasim Balayevlə söhbətləşib. Müsahibəni təqdim edirik:

- Rasim müəllim, milli kinomuzun bugünkü vəziyyətini necə dəyərləndirərdiniz və yaxud necə görmək istərdiniz?

- İstərdim ki, bu gün elə filmlər çəkilsin ki, tamaşaçı ona baxıb ibrət götürsün, ləzzət alsın. Lakin bu gün bu dediyim yoxdur. Bilmirəm, nə olacaq..

- Sizcə, səbəb nədir və nə etmək lazımdır?

- İndi əsas gəncləri yetişdirmək lazımdır. Qocalar öz işlərini görüb getdi. Gənclərin yetişdirilməsi məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Nə qədər ki, peşəkar rejissorlar, operatorlar olmayacaq, bu iş əmələ gəlməyəcək.

- Bildiyim qədər, “Babək” filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu gün elə bir filmimiz yoxdur ki, dünyanın heç olmasa 50-60 ölkəsində göstərilsin.

- Yaranmır və səbəbi də bilinmir. Bir daha qeyd edirəm ki, bunun üçün yüksək peşəkarlıq lazımdır, elə-belə söhbətlərlə alınan məsələ deyil. Vaxtilə Kinematoqrafiya İnstitutu yer verirdi, indi ora gedən yoxdur, çünki ora pulludur. Deyəndə də acıqları gəlir. Bizim institutun rejissor, operator hazırlamağa bazaları yoxdur. Rejissorluğu bitirən şəxslər tutaq ki, iki hissəli film çəkmək istəyir, ona vəsait ayrılmır. İndi qeyri-peşəkar adamlar seriallar və yaxud rejissorluqdan xəbəri olmayanlar film çəkir. Hansı ki, bir müddət əvvələ qədər həmin adamlar toy çəkib. Bunların fərqi var axı.

- Tamaşaçılar da sanki artıq ciddi filmlərə maraq göstərmirlər.

- Çünki tamaşaçıların zövqünü korlayıblar. Boş-boş hır-hırla, söyüşlə, meymunluqla guya ki, film çəkirlər. Onlar meymunluqla aktyorluq sənətini səhv salıblar. Bu sənət deyil, ötəri şeylərdir.
Çox adamlarla söhbət edirəm, onlar bildirir ki, çəkilən yerli seriallara baxmırlar, çünki səviyyəsizlik var. Ona görə də deyirəm ki, peşəkarlıq lazımdır. Bədahətən şeir deyən Aşıq Ələsgər, Əliağa Vahid olub. Amma bədahətən film çəkmək olmaz. Kinonu çəkməyə həm istedad, həm də məktəb lazımdır. Onun montajından tutmuş o qədər dərinlikləri, xırdalıqları var ki, mütləq buna görə məktəb keçməlisən. Yoxsa ki... bir dəfə səhv edib getdim seriala çəkildim. Onda gördüm ki, heç kəs öz işini bilmir. Düşünmüşdüm ki, evdə bekar oturmuşam, gedim çəkilim, mənəvi zövq alım, amma sonra çox peşman oldum . Çünki sənət deyilən bir şey yox idi, elə “basməmmədi”, “xaltura” çəkilişləri idi. Bununla da sənət inkişaf edə bilməz.

- Yəqin ki, elə buna görə sizi uzun illərdir ki, filmlərdə görə bilmirik...

- Bəli, bu məni daxildən çox incidir. Layiqli bir əsər oxuya bilmirəm ki, orada oynamaq, obraz yaratmaq istəyim. Neçə illərdir ki, arxasınca gözümün qaldığı rol olmayıb. Buna görə çox təəssüf hissi keçirirəm. Beləliklə, yazanlar da yoxdur. Bu gün qeyri-peşəkarlar ssenari yazır. Ssenari yazmaq hər adamın işi deyil, bunun üçün kinonu, bu sənəti dərindən bilmək lazımdır.
Kino teatrdan fərqli olaraq mətni sevmir. Kino təsviri sənətdir. Bəzən elə olur ki, heç mətn yazmaq lazım deyil, adi baxışlarla bir neçə dəqiqə tamaşanı ələ almaq olur. Bu gün bu yoxdur.
İndi kimlərsə gedib hansısa şirkətlərdən, sponsorlardan nəsə alırlar və filmin ssenarisinə həmin şirkətlərin mallarının tərifi ilə bağlı epizodlar salırlar. Belə olmaz! Biri var ki, hansısa məhsulun reklamı, biri də var ki, həmin məhsulu filmə salırlar. Məsələn, tez-tez belə bir ssenari ilə rastlaşırıq, bir gəlib deyir ki, “başım ağrıyır”, o birisi də deyir ki, “başın ağrıyırsa filan çayı iç, başının ağrısı kəsiləcək”. Nə var ki, həmin çayın şirkəti 5-10 manat pul verib ki, məhsulu reklam olunsun. Yəni, dediyim budur ki, hər şeyi ucuzlaşdırıblar.

- Bir neçə xarici ölkədə də filmlərə çəkilmisiniz. İndi belə dəvətlər yenə də alırsızmı?

- Bəli, əvvəllər xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Orta Asiyada filmlərə çəkilmişəm. Amma təəssüf ki, bu gün dəvət yoxdur, əlaqələr qırıldı. Doğrudur, onlarda da bu sahədə bəzi problemlər var.

- Yadınızdadırsa, bu yaxınlarda müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi ifa etdi. Onun bu addımına ictimai qınaqlar olsa da, dəstək verənlər də çıxdı. Sizin reaksiyanız da sərt oldu...

- Onda təqsir yoxdur ki, onu efirə buraxandadır təqsir. Elə adamları vaxtilə efirə buraxmırdılar. Toy edirsən, get toyda nə istəyirsən, et. Bu gün efirlər “proxodnoy” olub, kim istəyir, nə istəyir, ağzına gələni deyir, danışır, oxuyur. O qız televiziyaların hesabına özünü yaxşı reklam edə bildi. Axı ortalıqda sənət yoxdur, nə etsin? Bu gün özünə yalandan sənətkar deyənlərin sayı çoxalıb. İki mahnı oxuyub, deyir, sənətkaram. O gün Yusif Eyvazov və xanımı Anna Netrobka ilə konsertinə baxdım. Bax sənət, korifey odur. Təsəvvür edin, İtaliyada verdikləri konsertdə bütün zal ayaq üstə ən azı 10 dəqiqə azərbaycanlı ifaçıya əl çalır, alqışlayırdı. Mən opera sənətini dərindən bilmirəm, amma məşhur oxuyanlar var, məsələn, Pavarotti, düşünürdüm ki, o dünyasını dəyişdikdən sonra elə də oxuyan yoxdur. Amma Yusif Eyvazovun ifası möhtəşəm idi, görərdiz ki, o ifası ilə nələr edir.
Amma indi müğənnilər yığışır bir yerə, başlayırlar bir-birinə korifey, sənətkar deməyə. Hansısa yollarla gəlib çıxırlar efirə, sonra da ağzılarına gələni danışırlar. Artıq efiri bazara döndəriblər, hər şeyi ticari ediblər. Beləliklə də tamaşaçıların zövqünü korlayıblar. Həmin zövqləri təmizləmək, inkişaf etdirmək üçün, heç bilirsiz, neçə il lazım olacaq?

- Səhhətiniz, sağlamlığınız necədir?

- Yaşayırıq da... Doğrudur, adam yaşlaşanda hər xəstəlik ortaya çıxır. Hələ ki, dərmanla, müalicə ilə yaşayırıq, buna da çox şükür.

- 6 gün sonra sizin doğum gününüzdür. Bu münasibətlə indidən sizi təbrik edirik. Yeni doğum gününüzdə özünüzə nə arzulayardız?

- Vallah həmişə, cavanlığımda belə öz- özümə deyirəm ki, Allah heç vaxt məni heç kəsə möhtac etməsin, özüm-özümü idarə edə bilim. Nə zaman istəsə canımı alsın, amma bir kimsəyə möhtac olmayım, heç ailə üzvlərimə də. Ölən günə qədər özümü idarə edə bilim. Bir də arabir yaxşı əsər olsun, oynayım və bundan mənəvi zövq alım. Hətta epizod olsun, amma yaxşı rol olsun”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar