Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baxçalarda rüşvət problemi: bir uşaq üçün 300 manat tələb edilir?

Azərbaycandakı uşaq baxçalarında yer çatışmazlığı valideynlərin tez-tez üzləşdiyi problemlərdən biridir

Buna səbəb kimi baxçaların az, uşaqların sayının çox olması göstərilir. Bu hal Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da müşahidə olunur.

Valideynlər iddia edir ki, paytaxt rayonlarında yerləşən baxçaların müdirləri onların uşaqlarını yerləşdirmək üçün 300 manat pul tələb edir.

Lakin Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Oxu.Az-a bildirilib ki, qurumun tabeliyində olan uşaq baxçalarında pul alınması barədə heç bir fakt yoxdur.

Qeyd olunub ki, BŞİH-in tabeliyində 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və orada 2152 qrupda 40 634 uşaq təlim-tərbiyə alır:

“346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Hazırda Qaradağ rayonundakı “Qobu Park” yaşayış massivində 12 qrup 220 uşaq yeri olan və Yasamal rayonu Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş 12 qrup 220 yeri olan məktəbəqədər təhsil müəssisələrinin BŞİH-in balansına verilməsi haqqında sənədləşmə işləri aparılır.

Müvafiq Dövlət Proqramı hazırlanarkən uşaq yerlərinin artırılması məqsədilə həyətyanı sahəsi böyük olan müəssisələrdə əlavə 2-4 qrupluq (60-80 uşaq yeri) korpusların inşa edilməsi nəzərdə tutulub”.

Abşeron rayonu, Məmmədli kənd sakini S.Quliyeva da uşağını dövlət baxçasına qoymaq istədikdə ondan 170 manat pul tələb edildiyini bildirir:

“Qızımı baxçaya qoymaq üçün Məmmədli kənd uşaq baxçasına müraciət etdim. Mənə bildirdilər ki, sıxlıqdır, uşağı baxçaya qoymaq mümkün deyil. Daha sonra baxça müdirinin müavini mənə dedi ki, 170 manat versən, uşağı baxçaya yerləşdirmək mümkün olar. Halbuki dövlət baxçası ödənişsizdir”.

Məsələ ilə bağlı Abşeron rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirdi ki, Abşeron rayonunda əhalinin sayı çoxaldıqca bəzi sahələr üzrə ehtiyaclar yaranır:

“Bu sahələrdən biri də uşaq baxçaları ilə bağlıdır.

Hazırda rayon ərazisində fəaliyyət göstərən baxçalarda sıxlıq müşahidə olunur.

Konkret sizin dediyiniz məsələyə gəkdikdə isə bununla bağlı bizə hər hansı müraciət daxil olmayıb. Çətinliklə üzləşən sakinlərdən xahiş edirik ki, bizə müraciət etsinlər. Biz də məsələni dərhal araşdırıb həll edək”.

Təhsil eksperti Kamran Əsədov da dövlət baxçalarında uşaq qəbulu zamanı neqativ halların müşahidə olunduğunu deyir:

“Baxça direktorları valideynlərə qarşı əsassız tələblər irəli sürür, müəyyən vəsait tələb edirlər. Bu da əlbəttə ki, yolverilməzdir.

Baxçaların körpələrin təlim-tərbiyəsində mühüm rol oynadığı danılmaz faktdır. Hər yaş dönəminin öz xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar həmin xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyürlər. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları yaranır. Lakin azyaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır.

Hələ baxçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların cəmi 25 faizi məktəbə baxçalardan gəlir. Maddi-texniki baza, binalar bəs etmir ki, digər uşaqlar da baxçalara cəlb olunsun. Məsələn, ABŞ-da bağçaların 80%-i özəldir. Həmin baxçalardakı şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrindən daha yaxşı qurulub. Yəni dövlətin üzərinə az yük düşür”.

Ekspert bildirib ki, baxçalar Təhsil Nazirliyindən alınıb icra orqanlarına verildikdən sonra onların fəaliyyəti diqqətdən kənarda qalıb:

Azərbaycanda bu sahəyə kifayət qədər vəsait ayrılmalı, özəl baxçaların şəbəkəsi genişləndirilməlidir. Bu cür pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri baxçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən baxçalar məktəbəqədər müəssisə kimi fəaliyyət göstərmir. Normativlər - uşaq baxçasının quruluşu, işləmə metodu, idarə edilməsi - hələ dünya standarlarına cavab vermir.

Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dövrünün normativləri əsasında hazırlanıb. Bu da müasir normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır”.

O vurğulayıb ki, özəl baxçalar istər qidalanma, istərsə də tədris baxımından dövlət baxçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi-tərbiyəçilər də uşaqlara daha həssas yanaşırlar:

“Lakin özəl baxçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlama aparması mümkün deyil. Qanunvericiliklə yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsi yoxlanıla bilir.

Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır. Hesab edirəm ki, baxçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki, Peşə Təhsili Agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu, baxçalara da şamil edilməlidir. Bu, həm də tədris vahidliyinin qorunması üçün labüddür”.

K.Əsədov deyib ki, son dövrlərdə uşaq baxçalarında qidadan zəhərlənmə halları çoxalıb. Buna əsas səbəb məktəbəqədər təhsil müəssisələrində təhsil alanlara verilən qidaların köhnə olmasıdır:

“Bir neçə il ərzində baxçaların icra hakimiyyətlərinin nəzdində olmasından narazılıq çoxalmağa başladı. Son vaxtlarda da yüksək dövlət qulluqçularının baxçaların BŞİH-dən alınmasını təklif etməsi İcra Hakimiyyətini narahat etməyə başlayıb.

Azərbaycanda dövlət baxçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə gün ərzində 120 qram çörək, 37 qram yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır.

Real vəziyyət odur ki, hazırda uşaq baxçalarında qidalanma tamamilə aşağı səviyyədədir. Baxçalara yemək paylanması məsələsinə də ictimai nəzarət yoxdur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar