Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran liberal dəyişikliklərə hazırdır, ancaq rejim dəyişikliyi olmadan...

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin ABŞ ilə danışıqlar aparmaq istədiyini deyib,lakin bunun üçün Vaşinqtonun İslam Respublikasına qarşı iqtisadi sanksiyaları aradan qaldırmalı olduğunu bildirib

ABŞ 2015-ci ildə İran və dünya qüdrətləri arasında imzalanmış nüvə sazişindən çıxdıqdan sonra Tehrana qarşı sanksiyalar tətbiq edib. Beynəlxalq razılaşma ilə İranın sanksiyaların yüngülləşdirilməsi müqabilində uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırması nəzərdə tutulur.ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton ilkin şərt olmadan Tehranla danışıqlara hazırdır. Bu arada rəsmi Vaşinqtonun Rusiya vasitəsi ilə ABŞİran arasında xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə Tehrana təklif təqdim etməsi barədə xəbərlər yayılmışdı. İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Musəvi Tehranın ABŞ ilə danışıqlar apardığı barədə yayılan xəbərləri təkzib edib. Amma bu məsələ təksiz olunsa da bəzi ekspertlər iki tərəf arasında gizli danışıqların getməsinə inanır. ABŞ- İran danışıqları, sanksiyalar, hər iki tərəfin gərgin münasibətləri fonunda siyasi şərhçi Sədrəddin Soltan İrandakı durum barədə ASTNA-ya danışıb.


- Rəsmi Vaşinqtonun Rusiya vasitəsi ilə ABŞİran arasında xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə informasiyalar yayılıb. Doğrudur, sonradan bu məlumat İran Xarici İşlər Nazirliyi tərəfindən təkzib olundu. Amma son vaxtlar hər iki tərəfin bir-birinə danışıq təklifi ilə bağlı bəyanatlar səsləndirməsi bu şübhəni artırır. Ola bilərmi, həqiqətən ABŞİran arasında münasibətləri yoluna qoymaq üçün hansısa formada gizli danışıqlar aparılmış olsun?

- Son 40 ildə, İran inqilabından sonra ABŞİran arasında danışıqlar müxtəlif səpkilərdə, pərdəarxası şəraitdə keçirilib. İraq-İran müharibəsi zamanı ABŞ ilə İran arasında danışıqlar gedib. ABŞ İrana silahla bağlı kömək etmişdi və digər yardımlarla bağlı anlaşmalar olmuşdu. Sonrakı mərhələdə İran ABŞ-ın şərtlərini qəbul etmədi. Son 15-20 il ərzində də bu cəhdlər olub. Məsələn, Misirdə İranın keçmiş xarici işlər naziri Manuçehr Möttəki ilə ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays arasında danışıqlar olmuşdu. Sonra İran rəsmiləri, prezidentləri, habelə İranın ali rəhbəri dəfələrlə ABŞ prezidentlərinə məktublarla müraciət ediblər. Həmin məktubların mövzuları açıq şəkildə bəlli deyil. Amma yayılmış mətnlərdə görünən o idi ki, İran ABŞ-dan gileylənir və bir sıra istəklərini çatdırır. Bunun nə qədər gerçək olduğu məlum deyil. Bütün hallarda yazışmalar olub. Və yaxud ABŞ rəsmilərinin İranın ayrı-ayrı qurumları ilə müxtəlif yazışmaları olub. ABŞ-ın indiki dövlət katibi Maykl Pompeo İran inqilab keşikçiləri qvardiyasının Qüds komandanı, general Qasid Süleymaniyə məktubla müraciət etmişdi. Bu, onu göstərir ki, tərəflər arasında bu və yaxud digər formada gərəkli olan vaxtda danışıqlar diplomatik xətt olmasa da tərəflərin bunu birbaşa həyata keçirmək imkanları var. ABŞİranın maraqlarını isə Tehranda və Vaşinqtonda İsveçrə səfirlikləri həyata keçirir. Bu baxımdan tərəflərin maraqlarının təmin olunmasında da İsveçrə tərəfi ölkə olaraq iştirak edir. Istisna etmək olmaz ki, Suriyada və yaxud İraqda bunlar arasında görüşlər olmayıb. Və yaxud Avropa ölkələrində, Kanadada İran rəsmiləri ilə və ya İranın hansısa diplomatik xəttinin təmsilçiləri ilə ABŞ-ın müxtəlif rəsmiləri və yaxud nümayəndələri arasında görüşlərin olmadığını deyə bilmərik. Sadəcə olaraq bu danışıqlar açıqlanmır. Əgər bu danışıqlar olmasaydı ötən müddətdə ABŞ İrana qarşı başqa aksiyalar da həyata keçirərdi. Bu danışıqların olması tərəflər arasında bir sıra məsələlərin həmin o xətlər və danışıqlar vasitəsi ilə həll edilməsindən xəbər verir.

- İran prezidenti Həsən Ruhani bildirib ki, Vaşinqton sanksiyaları aradan qaldırsa və 2015-ci il razılaşmasına qayıtsa, Tehran Birləşmiş Ştatlarla danışıqlara hazırdır. Rəsmi Vaşinqton isə bildirib ki, heç bir şərt olmadan Tehranla danışıqlara hazırdır. Belə çıxır ki, İran artıq geri çəkilməyə başlayıb. Rəsmi Tehranı geri çəkilməyə məcbur edən nədir? ABŞ-ın İrana qarşı hərbi hava hücumlarını nəzərdən keçirməsi, iqtisadi sanksiyaların yaratdığı çətinliklər və bu sanksiyaların daha da artırılacağına dair bəyanatlar?

- ABŞ-İran münasibətləri davamlı olaraq yüksələn və enən gərginliklərlə davam edir. Məsələn, 2015-ci ildə məlum anlaşma sənədi imzalandıqdan sonra bir çoxları hesab edirdi ki, guya bu iki barışmaz düşmənlər arasında münasibətlər normallaşmayacaq. Amma normallaşdı. Sonrakı mərhələdə isə gərginlik yenidən artdı. ABŞ ilə İran arasında olan gərginlik idarə ediləndir, yəni bu gərginliyi ya İran yaradır, sonra yaratdığı gərginliyi azaldır və məsələ birqədər səngiyir, münasibətlər normallaşır. Neftin qiymətində dəyişikliklər olur. Və yaxud ABŞ gərginliyi artırır. Sonra yenə də dost və düşmənlər müəyyən olunur. Həsən Ruhaninin, ümumiyyətlə, İranın ayrı-ayrı rəsmilərinin, xarici işlər nazirinin danışıqlarla bağlı şərt irəli sürmələri əslində İranın danışıqlardan vaz keçməməsinin göstəricisidir. İran ABŞ-dan onu istəyir ki, hərbi müdaxiləyə ABŞ əl atmasın və İranda hakimiyyəti dəyişməsin. Bundan başqa nə istəyirlərsə razılıq verir. Əvvəllər də belə olub. İran ABŞ-dan hakimiyyətin dəyişilməməsi ilə bağlı qəti təminat istəyir. Bu təminat isə hələ ki verilmir. Deyir ki, ABŞ İranda hakimiyyəti dəyişmək istəmir. Dəyişməyəcəyik, dəyişmək niyyətində deyilik və yaxud bu tip qəti fikirlər bildirmir. İranın bütün bu tip məsələlərdə yaratdğı gərginliklər, o cümlədən irəli sürdüyü şərtlər əsasən mövcud hakimiyyətin gələcəyi ilə bağlıdır. Odur ki, bütün geri çəkilmələr, yumşalmalar müxtəlif məsələlərdə razılaşmaların əsasında hakimiyyətin gələcəyi durur. Əvvəllər də İran bəyan edirdi ki, İran nüvə ilə bağlı iddialarından, İraq və bölgədəki məsələlərlə bağlı bir çox istəklərindən və irəli sürdüyü layihə planlarından əl çəkərsə, ABŞ təminat verməlidir ki, İranda hakimiyyət dəyişməyəcək. Bir sözlə, bu danışıqlarla bağlı məsələnin əsası hakimiyyətdir. Elə sanksiyaların da nəticəsi Iranda hakimiyyətin dəyişilməsinə hesablanıb. Ölkədə iqtisadi vəziyyət ağırlaşır, böhran həddinə çatır və yaxud maliyyə sahəsində problemlər yaranır, hökumət böhranı olur, bundan sonra hakimiyyət böhranı olur, ölkədə etiraz aksiyaları dalğalanır,cəmiyyət mövcud iqtisadi-sosial maliyyə vəziyyətinə qarşı çıxır, nəticədə hakimiyyət yola salınır. Bu sanksiyaların nəticəsi mövcud hakimiyyətin başarısız olduğunu və dünya ilə əlaqələrinin yarıtmaz vəziyyətdə olduğunu sübut etməkdir. ABŞ da bunu İran hakimiyyətinə və dünyaya çatdırmağa çalışır. Təəssüflər olsun ki, İran hakimiyyəti bir sıra hallarda ABŞ-a bu məsələlərdə irəli getməsi üçün şərait yaradır. Məsələn, son vaxtlar körfəzdə neft tankeri ilə bağlı oyunbazlıqlar bu məsələlərə xidmət edir.

- Bu proseslər fonunda İranda daxili vəziyyət necədir? Bu sanksiyalar, ABŞ-ın yeni bəyanatları daxili gərginliyi artırırmı? Ümumiyyətlə, İranda narazılıq hansı səviyyədədir və yaxın zamanlarda bu narazılıq özünü hansısa formada büruzə verə bilərmi?

- İranda xarici təsirlər etirazsız ötüşmür. Son bir neçə aydır ölkədə elə böyük miqyaslı etiraz aksiyası baş verməyib. Hakimiyyət xarici təzyiqlərdən istifadə edərək ölkədə etiraz etmək istəyən qüvvələri susdurmağa çalışır. Məsələn, bu yaxınlarda İran hakimiyyəti elan etdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 10 casusunu tutub. Və yaxud başqa-başqa ölkəyə işləyən casuslar tutub və s. Bu, onu göstərir ki, İran artan təzyiqlərin qarşısında ölkədə xof, qorxu mühitini gücləndirməyə çalışır. Bu, cəmiyyətdə psixoz vəziyyəti yaradır. Ölkədən getmək istəyənlərin sayı azalmır. İrandan mühacirət etmək istəyənlərin sayı günü-gündən artır. Mövcud rejimin təzyiqlərinə dözmək çətinləşib. Hələ ki son zamanlar güclü etiraz aksiyaları müşahidə edilmir. Belə ehtimal etmək olar ki, etiraz aksiyaları qarşı aylarda, ilin sonuna qədər baş verə bilər. Çünki İranda gündəlik neftin hasilatı son 30 ildə ilk dəfə olaraq 2 milyon 800 min barelə düşüb. Bu, onu göstərir ki, iqtisadiyyatı əsasən karbohidrogen daşıyıcısından asılı olan İranda neft hasilatı azalırsa, ölkə iqtisadiyyatında təlatümlərin yaranacağı istisna olunmur. Bu isə ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu da hakimiyyətiçi qarşıdurma yarada bilər. Hələ ki İranda hakimiyyəti təmsil edən qüvvələr elə ciddi qarşıdurma vəziyyətinə gəlməyib. Çünki hakimiyyətiçi qüvvələrin qarşıdurması həm də cəmiyyətdə onları müdafiə edən siyasi qüvvələrin qarşıdurmasıdır. Odur ki, hələ İranda bu hadisələrdə nisbi sakitlik mövcuddur.

- Yeri gəlmişkən, İranda son dönəm antiislam qüvvələrin gücləndiyinin şahidi oluruq. Bu, nə ilə bağlıdır? Bunun bu proseslərlə hansısa əlaqəsi ola bilərmi? Və antiislam qüvvələrin güclənməsi yaxın tarixdə bu ölkədə hansısa nəticələrə gətirib çıxara bilərmi?

- İran ənənəvi islamla seçilir. Burada antiislam qüvvələrin güclənməsi ifadəsi o qədər də düzgün deyil. İranda tarixən müstəqil düşünən insanları antiislamçı adlandırıblar. Iranda islama aid olmayan çoxsaylı təriqət də var. Bəhayilər, zərdüştilər, ənənəvi xristianlar, yəhudilər və. s. Mövcud hakimiyyətin yürütdüyü siyasət bir sıra hallarda insanları islam dininə qarşı çıxış etməyə vadar edir. Iranda dini azadlıqlarla bağlı hüquqlar pozulur. Bəhayilərin, zərdüştilərin hüquqları pozulur. Son illərin statistikasına diqqət yetirsək, Irandan mühacirət edənlərin sayının artdığını görə bilərik. Bu baxımdan İranda islam, antiislam deyil, mövcud rejimə qarşı etiraz aksiyaları var. Iranın bəzi müstəqil din xadimləri də dəfələrlə bəyan ediblər ki, hakimiyyətdə olan islam adı altında fəaliyyət göstərənlər islamı gözdən salırlar. Bu isə yeni nəslin islamdan uzaqlaşması ilə, islama qarşı olması ilə nəticələnir. Odur ki, həmin din xadimləri İranda hakimiyyəti islam dini adından az istifadə etməyə çağırırlar. Son bir neçə ildə, məsələn, elə son bir neçə ay bundan qabaq Ruhani də sosial şəbəkələrlə bağlı çıxışında hakimiyyətdəki qüvvələrin islam adından sui-istifadə etdiyini bildirmişdi. Bu, İranda antiislam deyil, daha çox antirejim qüvvələrin fəaliyyəti ilə bağlıdır.

- Bu proseslərin fonunda Güney Azərbaycanda nə baş verir? Tez- tez orta Güney Azərbaycandakı fəalların həbs xəbərlərini eşidirik. Bu proseslərin fonunda Güneydə də hansısa fəallaşma varmı? Bu həbslər həmin fəallaşmanın qarşısını almaq üçündürmü?

- Güney Azərbaycanda milli fəallar hüquqlarının bərpa olunması istiqamətində fəaliyyətlərini həmişə davam etdiriblər. Sadəcə olaraq bu fəaliyyətin qalxan və enən zamanları olur. İran hakimiyyəti də birmənalı şəkildə bu milli hərəkatın təmsilçilərinə qarşı təzyiqlər, həbslər, təqibləri davam etdirib. Bir sıra hallarda sui-qəsdlər törədiblər. Və bu həbslərin indiki situasiya ilə əlaqəsi yox deyil. Tehran rejimi öz-özünə hesab edir ki, Güney Azərbaycanda milli kütləvi haqlarını tələb edən qüvvələr perspektivdə onlar üçün problem yarada bilər. Azərbaycan türklərinin milli- mədəni haqlarını tələb edənlərə də təzyiqləri artırır. Və onları həbs edir. Bu təzyiq, təqib, həbslərin əsasında sanksiyalar, ABŞ-ın təzyiqləri deyil, Iranda Azərbaycan türklərinin milli haqlarını tələb etməsi dayanır. Çünki milli haqların tələb olunması uğrunda mübarizə İran üçün sanksiyalardan da, xarici təzyirlərdən də güclüdür. Odur ki, həmin insanların təqib edilib neytrallaşdırılması, həbsə atılması İran üçün vacibdir.

- Yaxın vaxtlarda İranda nələr baş verə bilər?

Ilin sonuna qədər İran hakimiyyətinin atacağı əsas addım sanksiyaların yumşaldılması və ABŞ-ın şərtlərinə hansısa şəkildə müsbət cavab verməyə cəhd göstərilməsidir. Əks halda 2020-ci il İran üçün daha çətin olacaq. Çünki son 3 ildə, 2015-ci ildən sonra sanksiyalar götürülsə də, İran hakimiyyəti sanksiya tətbiq edilən heç bir sahədən faydalana bilmədi. Tutaq ki, aerobuslarla bağlı çoxmilyonluq müqavilə bağlansa da, İran o müqavilələri gerçəkləşdirə bilmədi. Neftlə bağlı müxtəlif sazişlər olsa da, onları gerçəkləşdirə bilmədi. Hətta 1995-ci ildən bu günə qədər iranın mülki aviasiyasına tətbiq edilən sanksiyalar da aradan qalxmadı. Iranın mülki aviasiyasına ehtiyat hissələrinin satılması qadağan edildi. Ən çətini isə bu il İranın inqilab keşikçiləri qvardiyasına qarşı sanksiya tətbiq olunub. Bu, artıq yeni məsələ idi. Ölkənin böyük bir hərbi qüvvəsinə qarşı sanksiyanın tətbiq edilməsi İran üçün çox ağırdır. Odur ki, hakimiyyətin ömrünü uzatmaq, ölkənin gələcəyini qorumaq, vətəndaşların firavan həyatını təmin etmək üçün İran hakimiyyəti Qərblə, Avropa ilə yaxınlaşmağa səy göstərəcək. Əks halda ağır olacaq. Bir də İranın xarici siyasətində mənfi saldo məsələsi var. Iran bir sıra hallarda gərginlik yaradır. Sonra o gərginliyi həll edərək özünü qalib kimi göstərmək istəyir. Bu məsələdə də İran hakimiyyəti gərginliyin yaranmasında əsas tərəflərdən biridir. Sonrakı mərhələdə İran bu gərginliyi azaltmaq üçün bir sıra addımlar atacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar