Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Artıq tək irqçi Tramp deyil - Respublikaçılar da irqçi partiyaya çevrilir...

“Artıq əsas məsələ Respublikaçılar Partiyasının üzvlərinin irqçi olmadıqlarını sübut etməsidir. Respublikaçıların illərdir davam edən manipulyasiyaları belə bir vəziyyət yaradıb. Tarix kitabları bu gün səssiz qalanları bağışlamayacaq.”

Ahmed Baba
“The Independent” qəzeti, ABŞ, 18 iyul 2019-cu il

Respublikaçıların Trampın irqçi fikirlərinə qarşı kifayət qədər reaksiya verməməsi tənqid obyektinə çevrilib. (Reuters)

Amerikada ağ dərili olmayan, köçkün insanlar bu cür sözlərə məruz qalırlar: “Gəldiyin yerə geri qayıt!”. Bunu yaxşı bilirəm, çünki bu sözə mən də məruz qalmışam. Syerra-Leoneli Ahmed Baba adlı qara dərili bir oğlan olaraq mənə “Orta Şərqə geri qayıtmalı olduğum” deyildi və Prezident Trampı tənqid etdiyim zaman “Amerikaya nifrət etmək”də ittiham olundum. Amerikada doğulmuş olmağım da heç nəyi dəyişmir, çünki Trampın komandası əsl amerikalının ağ dərili olduğunu və Tramp əleyhinə olmaqla Amerika əleyhinə olmağın eyni şey olduğunu düşünürlər. Görünür, indiki ABŞ Prezidenti də belə düşünür.

Bazar günü prezident Tramp Konqresə ilk dəfə seçilmiş, ağ dərili olmayan 4 qadına Twitter vasitəsilə “gəldikləri yerə geri dönmələrini” bildirib. Müşavirlərdən Aleksandra Okazio-Kortez (Demokratlar Partiyası - Nyu York), Raşidə Tlaib (Demokratlar Partiyası - Miçiqan), İlhan Ömər (Demokratlar Partiyası - Minesota) və Ayanna Presli (Demokratlar Partiyası - İlinois) Amerikada doğulmuş vətəndaşlardır - bircə Somalidə doğulan, lakin uşaq vaxtı ABŞ-a köçüb vətəndaşlıq qazanan Ömərdən başqa.

Tramp həftənin əvvəlində keçirdiyi mətbuat konfransında Konqresə ilk dəfə seçilən bu müşavirlərin üzr istəməsini tələb etməklə vəziyyəti daha da gərginləşdirib. Daha sonra isə onları irqçilikdə, Amerikaya nifrət etməkdə ittiham edib və əgər “xoşbəxt deyillərsə” ABŞ-dan gedə biləcəklərini vurğulayıb.

Bir müxbir məsələ ilə bağlı Prezidentdən: “Bir çox insanın tvit-lərinizi irqçi hesab etməsi və ağ dərili milliyətçi qrupların sizinlə ortaq hərəkət etməsi sizi narahat etmirmi?”, deyə soruşub.

Prezidentin cavabı isə “narahat etmir" olub: “Çünki bir çox insan mənimlə eyni fikirdədir.”

Milyonlarla insan üçün Trampın sözlərini şəxsi məna daşısa da, bu fikirlər özünün və partiyasının gəldiyi vəziyyətdən xəbər verir. Respublikaçı qanun yazanlar Trampın sözlərini müdafiə edərkən ya da səssiz qalarkən nifrət və qorxu üzərində qurulmuş adminstrasiya öz yolunda davam edir. Yəni respublikaçı seçici onun fanatikliyini bəsləyən struktur yaratmağa davam edir.

Trampın paylaşdığı son irqçi tvit-lərlə bağlı bir çox məqalə var, lakin hamısı məsələnin əsl üzünü göstərmir. Bu, təkcə Trampın irqçilik keçmişi ilə bağlı deyil. Trampın fanatikliyini ancaq məsələyə daha geniş şəkildə baxaraq başa düşmək olar. Prezident Tramp və tərəfdaşları Respublikaçılar Partiyasının ağ milliyətçiliyə düşməsini də sürətləndirir.

Bu irqçi hücumlar təkcə fərdi deyil. Prezident insanların ölkədən qovulmasını əmr edərkən və minlərlə köçkünü qeyri-insani şəraitdə saxlayarkən bu hücumlar baş verirdi. Bildiyiniz kimi, bütün bunlar Tramp administrasiyası sığınacaq verilməsi prosesini sonlandırarkən baş verib. Bir tərəfdən ağ dərililərin üstünlüyü terrorla mübarizə proqramlarına ayrılan fondları məhdudlaşdırarkən, digər tərəfdən də köçkünlərə qarşı nifrət idealogiyası baş qaldırır. Tramp Amerikanın nə olduğunu, köçkünlərin və ağ dərili olmayan insanların cəmiyyətimizi necə gücləndirdiyini tamamilə yanlış anlayır.

Bəs bu nöqtəyə necə gəldik? İllərdir davam edən respublikaçı manipulyasiyası mükəmməl bir struktur formalaşdırıb. 1960-cı illərin insan hüquqları dönəmindən sonra Respublikaçılar Partiyası öz güc mərkəzini cənuba doğru aparmağa başlamışdı. Cənub strategiyası kimi bilinən bu prosesdə respublikaçılar əsas prinsip olaraq irqçi nifrətləri ilə yoxsul ağ dərili cənubluları hədəf alırdılar. Respublikaçı siyasətçilər cəmiyyətin ən üstdəki 1%-lik qismi üçün qanunvericilik yaradarkən, zəif iqtisadi duruma görə ağ dərili olmayan insanları və köçkünləri ittiham edərək əsas dəstəyi əlində tutmağı bacarmışdı. “Fox News” bu taktikaları daha təsirli hala gətirdi və Obamanın prezident olması ilə ortaya daha da konkret mövqe qoydu.

Xatırladaq ki, Donald Trampı 1970-ci illərdə mənzil ayrı-seçkiliyinə görə məhkəməyə vermişdilər. Tramp, həmçinin, 1989-cu ildə “The New York Times”-a elan verərək “Central Park” beşliyinin edam edilməsini tələb etmiş və beşlik 2002-ci ildə azadlığa buraxılsa belə, onların hələ də günahkar olduğunu iddia edən bir adamdır və prezident Obamanın doğum yeri haqqında illərlə yalan danışmış bir TV şou ulduzudur. Tramp Respublikaçılar Partiyası üçün mükəmməl bir namizəd idi, lakin bunu hələ heç kim bilmirdi.

“Central Park” beşliyi

PİA.az qeydi: Donald Trampın hələ hələ də günahkar olduqlarını iddia etdiyi “Central Park” beşliyi barədə çəkilmiş “When they see us” adlı 4 bölümlük bir serial da var. Serialın treyleri ilə buradan tanış ola bilərsiniz:

Həmçinin, Konqresin əslən köçkün olan təcrübəli üzvü Ted Liu canlı yayımda Donald Trampı irqçi olduğu üçün təhqir edib.

İrqçilik və dini fanatiklik üzərində formalaşan prezident seçkiləri kampaniyası artıq irqçi siyasətlər və ayrı-seçkilik yaradan ifadələr üzərində yüksələn bir adminstrasiyaya çevrilib. Kiçik Ceyms Fieldsi xatırlayan varmı? O, bu həftə 12 avqust 2017-ci ildə Virciniya ştatının Şarlotsvel şəhərindəki Neo-Nazi mitinqində Heter Heyeri öldürdüyü üçün həbs olunub. Fields də prezident Trampın “çox yaxşı insanlar” adlandırdığı etirazçılardan biri idi. Tramp o vaxtdan bəri Haitini və Afrika ölkələrini “zibil çuxuru ölkələri” adlandırır, qara dərili sənətçilərə qarşı mədəniyyət mübarizəsi aparır və indi də Konqresdə ağ dərili olmayan qadınların kifayət qədər amerikalı olmadıqlarını iddia edir.

Lakin prezident Tramp üçün əsas məsələ latın əsilli köçkünlərin ABŞ-a girməməsidir. Əgər tək problemi qeyri-qanuni köçmək cəhdlərinin qarşısını almaq olsaydı, qanuni qaçqınları hədəf almazdı. Yəni Respublikaçılar Partiyasının köçkünlərlə bağlı mövqeyi ilə seçicinin təzyiqlərini birləşdirib, azlıqların siyasi gücünü məhdudlaşdırmağı planlayır. Məhz buna görə də, ağ dərili milliyətçilər bu Prezidenti və müasir Respublikaçılar Partiyasını çox sevirlər. Hədəflərindən biri də ağ dərili çoxluğu qoruyaraq “sülh yönümlü etnik təmizlik” etməkdir.

Respublikaçı struktur və qanunvericilik orqanında prezident Trampı zənginlər üçün vergi endirimi etdiyinə və ya mühafizəkar məhkəmələrinə görə istəmədən dəstəkləyən insanlar güzgüdə özlərinə baxsalar, yaxşı olar. Artıq tək problem Donald Trampın irqçi olub olmaması deyil. Əsas problem Respublikaçılar Partiyasında kimlərin ayağa qalxıb irqçi olmadıqlarını sübut etməsidir. Tarix bu anti-tolerantlığı heç vaxt bağışlamaz.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...