Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ukrayna seçkiləri: Zelenskinin populyarlığı partiyasını parlamentin ulduzuna çevirə biləcəkmi?

“Bir yeniyetməni Formula 1 maşınına qoysaq da, nəticə əldə edə bilərik. Amma Ukraynada köhnə bir Ladadan yeni bir maşın yaratmaq məcburiyyətindəyik. Onu işə salmaq üçünsə super-insan olmaq lazımdır.”

Oliver Carroll
“The Independent” qəzeti, ABŞ, 16 iyul 2019-cu il

Keçən həftənin çərşənbə günü Ukraynanın ən surprizli prezidenti olan Vladimir Zelenskinin vəzifəsində 50-ci günü tamam olub. Bu cür dönüm nöqtələri nadir hallarda bir liderin tarixə necə düşəcəyi barədə işarələr verir. Lakin sözün əsl mənasında sadə vətəndaşlıqdan prezidentliyə gələn keçmiş komediya aktyoru təkcə 7 həftədə ortaya güclü hədəflər qoydu.

Zelenski elə ilk nitqində parlamenti dağıdıb, erkən seçkilər keçirilməsi üçün çağırış edərək şablonları yıxdı. Şübhəsiz ki, bu, indiyədək verdiyi ən önəmli qərar idi. Bu cəsur və qeyri-qanuni həmlənin onun üçün mənası var idi, çünki Ukrayna konstitusiyasına görə, parlamentin dəstəyi olmadan prezidentlik vəzifəsi bir heçdir.

Lakin parlamenti dağıtmaq daha kəskin bir şeyə də yol açıb: Sovet İttifaqı dağılandan bu yana ölkə idarəçiliyində iştirak etmiş şəxslərlə bağlı geniş bir yenilənmə prosesinə. 21 iyul seçkiləri ilə bağlı anketlər göstərir ki, Zelenskinin dalğası ilə üzən siyasilər mühafizəkarları yuyub aparacaq.

Çıxan son rəqəmlərə görə, Zelenskinin “Xalqın Xidmətçisi” partiyası bütün bölgələrdə öndədir və 48,5% səsə sahibdir. Ukraynadakı qarışıq piar və çoxluğun iradəsinə əsaslanan seçki sistemi nəzərə alındıqda Zelenskinin kifayət qədər səs toplamadığını deyə bilərik. Buna görə də, o, ya sabiq prezident Yuliya Timoşenkonun partiyasına (anketlərdə 6,2%), ya da, böyük ehtimalla, 5%-lik seçki limitini keçib keçməyəcəyi sual altında olan, rok ulduzu Vladislav Vakarçukun liderlik etdiyi Holos partiyasına güvənmək məcburiyyətində qalacaq.

Rəqəmlərə baxdıqda görürük ki, seçicilər bu günədək Zelenskidən məmnun qalıblar. Təbii ki, hələlik, az uğur var. Çünki Prezidentin limitli səlahiyyətləri var və o, parlamentə qarşı aqressivlik nümayiş etdirərək bu limiti daha da daraldıb.

Lakin formaca çox şey dəyişib. Zelenski ənənəvi milliyətçilikdən uzaqlaşıb və şərqdə rusca danışan kütləyə qarşı anlayışlı davranmağı seçib. Başqa yeniliklər də olub. Məsələn, hərbi paradların ləğv edilməsi və prezident ofisinin Sovet binasından köçürülməsini təklif etmək, keçmişdə məhkum edilmiş səlahiyyətli şəxslərə sərt yanaşmaq və s.

Gələn bazar günü keçiləcək parlament seçkiləri bu inqilabçı skeleti cana gətirəcək. Lakin Zelenski üsyanı Ukraynanın çürümüş məşhur parlamentinə yenilik gətirərkən parlamentdən kənara atılanlar təkcə ziyanvericilər olmayacaq. Məsələn, 2013-cü ildə “Euromaidan” inqilabından sonra parlamentə girən və Qərb tərəfdaşı olan islahatçıların çoxu da bu prosesdə risk altındadır. Həm Zelenski, həm də Vakarçuk öz siyahılarını bu kənarda qalmış “qazilər”in üzünə bağlayıblar. Beləliklə, Zelenskinin gəlişi “Euromaidan” mirasının heç olmasa bir hissəsini sorğulanacaq hala gətirib.

Facebook səhifəsində 2013-cü ildəki nümayişləri tətikləyən bir yazı yazan Mustafa Nayyem islahatçı millət vəkilləri içində ən məşhur olanı idi. Həmkarlarının əksinə olaraq o, gələn həftə keçiriləcək seçkilərdə yenidən seçilmək üçün namizəd olmamağa qərar verib. “Parlamentdən silinmə” ehtimalından əvvəl Nayyem “The Independent” qəzetinə verdiyi açıqlamada peşman olmadığını bildirsə belə, o qorxur ki, birdən yeni hökumət onlar olmayanda “tarixi yenidən yazmağa çalışarlar”.

Nayyem “Zelenski və ətrafındakıların niyyətləri elə də aydın deyil”, deyib və əlavə edib: “Poroşenkonun son 5 ildəki uğursuzluqlarını milyonlarla etirazçıya açıqlamaları da hər kəsə məlumdur”.

Nayyem özü kimi liberal millət vəkillərinin Sovetdən sonrakı Ukraynanın inkişafı üzərində necə bir “tarixi təsir” yaratdıqlarını izah edib:

“Biz göstərdik ki, parlamentə girmək üçün oliqarx və ya oliqarxın sevimlisi olmağa ehtiyac yoxdur. Parlamentə girməyi müqəddəslikdən ayırdıq və indi bizim sayəmizdə parlamentdə yeni simalar olacaq. Bəs bütün bunlar bizsiz mi həyata keçib? Yəni bu tragediya deyil. Diqqətlə baxanda görünür ki, biz qalib gəlmişik.”

Zelenskinin partiyasındakı “molodoy”lar isə tamam fərqli bir istiqamətdədirlər: bir neçə həftə ərzində sıfırdan siyasi qəhrəmana çevriliblər. Onların seçildikləri qeyri-şəffaf proses haqqında da hələ çox şey məlum deyil. Onlardan bəziləri əvvəl aktyorun şirkətində işləyiblər. Bəziləri isə qalmaqallı şəxs olan İqor Kolomoyski ilə əlaqədədirlər. Bəziləri də Prezidentə seçki kampaniyasında kömək edib. Digərlərinin isə görünür, sadəcə bacarıqları diqqəti cəlb edib. Başqa durumlar haqqında konkret açıqlama yoxdur. Hətta qalmaqallara görə bir çox insan artıq siyahıdan çıxarılıb.

Azad bir analitik olan Vladimir Fesenko “fərqli maraqlar və tərzləri birləşdirən qəribə bir qrup” haqqında deyir:

“Bir tərəfdən LGBT yürüşlərində iştirak etdiyi üçün xoşbəxt olan insanlar, digər tərəfdə isə Sovet müharibə qəhrəmanlarının propaqandası üçün təşviqat edənlər durur. Onları birlikdə saxlamaq həqiqətən çox çətin olacaq.”

31 yaşlı Dimitri Nataluxa siyahıdakı ən maraqlı şəxslərdən biridir. Kembric Universiteti məzunu, sabiq müşavir və vəkil olan Nataluxa apreldə Zelenski komandasının diqqətini çəkdiyi zaman siyasi məqalələr yazırdı. Həmin vaxtdan sonra böyük siyasətin içinə girdi və indi Xalqın Xidmətçiləri Partiyasının siyahısında 14-cü yerdə durur. Bazar günü seçiləcəyi isə artıq dəqiqdir.

“The Independent” qəzetinə danışan Nataluxa öz sözünü deməmiş siyasətçilərdən ibarət xaotik siyahının Ukraynanı daha çox böhrana sürükləyəcəyini qəbul etməyib. Nataluxa məsələ ilə bağlı deyir:

“Seçkidən əvvəl hər kəs iqtisadiyyatın və valyutanın çökməsi barədə, rus işğalı barədə xəbərdarlıq verirdi. Lakin heç biri baş verməyib. Həyat davam edir və ilk dəfədir ki, ukraynalılar gələcəyə ümidlə baxırlar və bizə inanırlar. Doğrudan da, yenilənmə prosesinin həyata keçirildiyini düşünürlər.”

Namizəd, həmçinin, qeyd edib ki, Zelenskinin bu coşğun günləri gələcəklə bağlı bir işarədir:

“Bu nöqtəyə qədər Prezident çarəsiz vəziyyətdə idi. Hər şeyi kökündən dəyişdirmədən əvvəl sentyabr ayını və yeni parlamenti gözləyirik.”

Digər tərəfdən, bu cür xəyalpərəst hədəflər parlamentdəki bənzər şəxsləri belə şübhəyə salır.

Timoşenkonun siyahısında olan və bazar günü yenidən seçilməsi mümkün olmayan islahatçı millət vəkili Aleksey Ryabçniy isə “The Independent”-ə bildirib ki, vəkil olmağa hazırlaşan bir çox insan qanun hazırlamaqla bağlı sadə prosedurlara görə ona zəng edib. Dediyinə görə, nəyin mümkün olub olmaması ilə bağlı gözləntilərin də məsələ ilə heç bir əlaqəsi yoxdur.

“Eynilə sizin Kanadada Castin Trudo ilə etdiyiniz kimi namizədlərin yenilənməsi fikrini bəyənirəm”, deyən Ryabçniy əlavə edib:

“Amma Kanadanın onsuz da işləyən bir motoru var idi. Bir yeniyetməni Formula 1 maşınına qoysaq da, nəticə əldə edə bilərik. Amma Ukraynada köhnə bir Ladadan yeni bir maşın yaratmaq məcburiyyətindəyik. Onu işə salmaq üçünsə super-insan olmaq lazımdır.”

Ryabçni, həmçinin, Zelenski effektinin “yaradıcı dağıntı”, yoxsa sadəcə “dağıntı” olması məsələsində bir qərar vermək üçün hələlik çox tez olduğunu qeyd edib.

Nayyem isə qeyd edir ki, Zelenski öz komandasının qarşısında liderin “parçalanmış” mövqeyi barədə dürüst olmalıdır:

“Bilirik ki, insanların onu bəyənməsini istəyir, amma o, hər insan üçün hər şeyi etməyə çalışır. Əlbəttə ki, bunları seçiciləri hürkütməmək üçün edir, amma əvvəl-axır bir qismi məyus olacaq.”

Parlamentdə böyük bir hissəsi tutsa da, Zelenskini çoxlu problemlər gözləyir. Qalmaqallı avtoritet İqor Kolomoyski ilə və digər oliqarxlarla olan yaxın münasibətləri necə olacaq? Yüksək ictimai ödənişlər məsələsində açıq bazarları müdafiə edir, yoxsa sosialistləri və populistləri? Rusiya məsələsində nə edəcək? Görünən odur ki, seçicilərini və partiyasını bölmədən konkret bir nəticə əldə etmək üçün xüsusi istedad lazımdır.