Bazar ertəsi, 26 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“S-400”lər Türkiyəyə gətirildi - Türkiyə NATO ilə problem yaşayacaqmı?

Ədalət Verdiyev: ““S-400” zenit-raket komplekslərinin alınması Türkiyənin NATO-dan çıxması ilə nəticələnməyəcək”

Natiq Miri: “Türkiyə NATO-dan çıxmaqla bağlı hər hansı bir plan ortalığa qoymayıb və Türkiyənin belə bir dərdi yoxdur”.

Xəbər verdiyimiz kimi şənbə və bazar günləri Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri Ankaraya gətirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 11 may 2017-ci ildə imzalanmış müqaviləyə əsasən, “S-400” qurğularının birinci və ikinci hissəsi artıq Ankarada Mürted Hava Üssünə gətirilib.

Kompleksin təslimat planına əsasən, zenit-raket kompleksi iki filo şəklində təslim ediləcək. Bu iki filo 4 batereyaya sahibdir. Bir batareyada 9 lançer var. Hər lançer isə 4 mərmi təşkil edir. Toplam olaraq, bir batereyada 36 mərmi var. Bu da “S-400” sistemində 72 mərminin olduğu anlamına gəlir. Türkiyə iki sistem alacağına görə, toplam 144 mərmi alacaq. Bundan əlavə də, 48 əlavə mərmi də olacaq. Beləliklə, cəmi 192 mərmi Türkiyəyə təslim ediləcək.

Xatırladaq ki, Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemlərini almaq qərarı ABŞ-la gərginliyə səbəb olub. Amerika rəhbərliyi Türkiyəni sanksiyalarla hədələyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha öncəki bəyanatında “S-400” raket kompleksinin çatdırılması məsələsinin artıq həll olunduğunu qeyd etmişdi: “Onları iyulda, hətta ondan da əvvəl ala bilərik”.

Onu da qeyd edək ki, Almaniya mətbuatı “S-400” zenit-raket kompleksləri ilə əlaqədar yaranmış vəziyyət üzündən Türkiyənin NATO-nu tərk edə biləcəyi iddiasını irəli sürüb. Belə bir iddianı necə dəyərləndirmək olar? Ümumiyyətlə “S-400”-lərin Türkiyəyə quraşdırılmasını NATO ilə Türkiyə arasında sınma nöqtəsi kimi dəyərləndirmək olarmı? Həmçinin yaxın illərdə Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığının genişlənməsini gözləmk olar? Xüsusən Şərqi Aralıq dənizi məsələsində Rusiyanın Türkiyənin mövqeyinə yaxın mövqe sərgiləyə biləcəyini və Şərqi Aralıq dənizində Rusiya-Türkiyə hərbi əməkdaşlığını mümkün hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevə və Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Ədalət Verdiyev: “NATO-da əsas söz sahibi olan ABŞ-ın bəzi sanksiyalarının Türkiyəyə qarşı tətbiq olunacağı ehtimalı yüksəkdir”.

NATO-nun Türkiyə kimi vacib bir coğrafi şəraitdə yerləşən müttəfiqindən imtina etməsinin real görünmədiyini vurğulayan hərbi ekspert xatırladıb ki, digər bir NATO ölkəsi olan və NATO-ya Türkiyə ilə bir yerdə daxil olan Yunanıstan da Rusiyadan bir neçə il əvəl “S-300” zenit-raket komplekslərini əldə edib. Yunanıstan nə NATO-nun, nə də ABŞ-ın heç bir sanksiyaları ilə rastlaşmayıb:

“Artıq “S-400” zenit-raket kompleksləri Türkiyəyə daşınır. 7 ədəd AN-124 tipli ağır yük təyyarəsi ilə daşınan bu komplekslər Türkiyənin hərbi aviobazasında saxlanılır. Raketlər isə hələlik Türkiyəyə gətirilməyib. Türkiyəyə 120 ədəd raket gətirəcəyi gözlənilir. Raketlər isə böyük ehtimalla dənizlə daşınacaq. Çünki raketlərin hava yolları ilə daşınması ciddi problem hesab olunur.

Almaniya mətbuatı belə bir iddilar irəli sürə bilər. Amma NATO-nun Türkiyə kimi vacib bir coğrafi şəraitdə yerləşən müttəfiqindən imtina etməsi real deyil. “S-400” zenit-raket komplekslərinin alınması Türkiyənin NATO-dan çıxması ilə nəticələnməyəcək. Çünki digər bir NATO ölkəsi olan və NATO-ya Türkiyə ilə bir yerdə daxil olan Yunanıstan da Rusiyadan bir neçə il əvəl “S-300” zenit-raket komplekslərini əldə edib. Yunanıstan nə NATO-nun, nə də ABŞ-ın heç bir sanksiyaları ilə rastlaşmayıb.

Doğrudur “S-300” zenit-raket kompleksləri ilə “S-400” zenit-raket komplekslərinin imkanlarının eyni olduğunu söyləmək olmaz. Bunlar fərqli sistemlərdir. Ən azından “S-400” zenit-raket kompleksləri daha geniş aşkarlama radiusuna və daha uzaq məsafələrdə hava hədəflərini, o cümlədən ballistik ə qanadlı raketləri məhv etmək imkanına malikdir.

Ədalət Verdiyev: “Türkiyə ilə Rusiya hərbi əməkdaşlığı son 2-3 il ərzində ən yüksək səviyyədədir”.

Böyük ehtimalla “S-400” zenit-raket komplekslərinin Türkiyənin Suriya ilə sərhəddində və Yunanistan ərazisində Türkiyənin davam etdirdiyi neft-qaz quyularının qazılması işlərində Türkiyənin maraqlarının qorunması, xüsusilə də Yunanıstan tərəfindən ola biləcək təhdidlərin, eyni zamanda Suriya ərazisindəki müxtəlif koalisiya güclərinin mümkün təhdidlərinin qarşısının alınması üçün bu ərazilərdə yerləşdiriləcəyi gözlənilir.

Nəticə etibarı ilə bu komplekslərin gəlməsi heç bir halda Türkiyənin NATO-dan çıxmasına səbəb olmayacaq. Lakin NATO-da əsas söz sahibi olan ABŞ-ın bəzi sanksiyalarının Türkiyəyə qarşı tətbiq olunacağı ehtimalı yüksəkdir. Son Tramp Ərdoğan görüşündə ABŞ prezidenti bu sanksiyaların olmayacağına dair bəzi siqnallar versə də, həm ABŞ Dövlət Deportamenti, həm Pentaqon rəhbərliyində bəzi şəxslər sanksiyaların tətbiqi ilə əlaqəli siqnallar verməkdə davam edirlər. Buna görə də ABŞ-ın Türkiyə sanksiya tətbiq etmə ehtimalını yüksək dəyərləndiririk.

Ədalət Verdiyev: “Azərbaycan tərəfinin gözlədiyi Rusiya-Türkiyə əməkdaşlığı özünü kifayət qədər doğrultmayıb”.

Türkiyə ilə Rusiya hərbi əməkdaşlığı son 2-3 il ərzində ən yüksək səviyyədədir. Gələcəkdə də bu əməkdaşlığın digər sahələri əhatə etməsi də gözlənilir. Artıq Rusiya-Türkiyə-İran arasında həm Suriya, həm də başqa geosiyasi məsələlər razılaşdırılmış kimidir. Bu da bizə imkan verir ki, gələcəkdə Rusiya-Türkiyə hərbi əməkdaşlığının davam edəcəyini ehtimal edək.

Onu da qeyd edim ki, Azərbaycan tərəfinin gözlədiyi Rusiya-Türkiyə əməkdaşlığı özünü kifayət qədər doğrultmayıb. Məsələn biz Rusiya-Türkiyə yaxınlaşmasından Qarabağ problemi həll edilməsə də, azından ərtaf rayonların qaytarılması məsələsində Azərbaycanın daha ciddi şəkildə dəstəklənəcəyini, Rusiyanın da bu işdə daha geniş miqyasda tövhə verəcəyini gözləyirdik. Lakin bu gözləntilərimiz hələlik özünü doğrultmayıb”.

Natiq Miri: “Türkiyə məhz Rusiyadan NATO sisteminə uyğun olmayan “S-400” zenit-raket kompleksləri almaqla yaxın çərçivədə həm Suriya hava məkanını, həm də Türkiyəyə düşmən olan Yunanıstan, Ermənistan və digər hava məkanını, eyni zamanda Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yönələn 60 döyüş gəmilərinə qarşı bu sistemləri quraşdırmaqla bütün hava məkanını öz nəzarətinə alacaq”.

Əgər Türkiyəyə qarşı NATO müttəfiqləri, xüsusən də ABŞ Türkiyəyə qarşı düşmənçilik etməzsə, Türkiyənin NATO-dan çıxmaq kimi bir planının olmadığını qeyd edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Türkiyə özü istəmədikcə NATO kimi hərbi təşkilatdan hər hansı bir dövlətin iradəsi ilə çıxarıla bilməz:

“Qərb mətbuatında “S-400” zenit-raket komplekslərinin Türkiyəyə gətirilməsi ilə bağlı ciddi narahatçılıqların olduğu açıq görünür. Bu da təsadüf deyil. Çünki Qərb düşünür ki, “S-400” zenit-raket komplekslərinin Türkiyəyə gətirilməsi artıq Türkiyənin havadan özünü müdafiə etməsinə çox ciddi dəstək verəcək. Təbii ki, bu da güclü Türkiyə, Qərb dünyasından asılı olmayan Türkiyə anlamına gəlir. Ənənəvi olaraq adətən Türkiyənin “NATO üzrə müttəfiq”ləri Türkiyəni daim sözə baxan dövlət statusunda görməyə vərdiş etmişdilər.
Ancaq son illərdə güclü, eyni zamanda müstəqil daxili və xarici siyasət yürüdən bir Türkiyə dövlətini qarşılarında görüncə, bütün Qərb dünyasından, eyni zamanda Almaniyadan da Türkiyəyə müəyyən təzyiqlər edilməyə başlanılıb. Bu baxımdan Almaniya mediasında “S-400” zenit-raket kompleksləri ilə bağlı əndişə edici yazıların dərc olunması heç də təəccüblü deyil.

Bildiyimiz kimi Almaniyanın Türkiyəyə bu basqıları daha çox ABŞ tərəfindən edilir. Hətta “S-400” zenit-raket kompleksləri ilə bağlı qısa zaman çərçivəsində Türkiyəyə konkret sanksiyaların tətbiq olunması tətdidi də var. Düşünürəm ki, Qərb dünyası qarşılarında güclü bir Türkiyə dövlətini görmək istəmədikləri üçün mediada bu cür təzyiq xarakterli yazılar dərc edirlər.

Natiq Miri: “Şərqi Aralıq dənizində Rusiyanın mövqeyi çox ziddiyyətlidir”.

Türkiyənin yaxın zaman çərçivəsində NATO-dan ayrılmaq kimi bir dərdi və planı yoxdur. Çünki Türkiyə indiki vəziyyətdə bir seçim qarşısında deyil. Türkiyənin “S-400” zenit-raket kompleksləri alması bilavasitə özünün təhlükəsizliyi ilə bağlıdır. Burada sual oluna bilər ki, Türkiyə Qərb dövlətlərində havadan müdafiə sistemləri varkən niyə Rusiyadan “S-400” zenit-raket kompleksləri aldı? Bu sualın cavabı çox maraqlıdır.

Məsələ buradadır ki, “S-400” zenit-raket kompleksləri bu gün dünyada ən güclü havadan müdafiə sistemi olmaqla bərabər, həm də Türkiyənin müttəfiqləri olan “NATO ölkə”lərindən gələn təhlükəyə qarşı özünün sığortalamaq üçün bu raket sistemlərini aldı. Bu gün Türkiyə ilə bir çox ölkələr nə qədər NATO üzrə müttəfiq olsalar belə, Türkiyə ABŞ və digər NATO ölkələrindən hələ də özünə qarşı hər hansı bir təhlükənin olduğunu düşünür. Biz bunu Suriyada gedən vətəndaş müharibəsində də gördük. Bu gün Suriyanın Şimalında mövcud olan PKK, YPG terrorçularından Türkiyə dövlətinə çox ciddi səviyyədə təhdidlər mövcuddur.

Məlumdur ki, bu gün PKK terrorçularına Suriyada ABŞ bəlli olmayan çox sayda raket sistemləri verir. Verilən bütün raket sistemləri də Türkiyə dövlətinə qarşı yönəlib. Yəni ABŞ birbaşa deyil, PKK terrorçuları vasitəsi ilə Türkiyəni hədəfə götürüb. Belə olan halda da, Türkiyə məhz Rusiyadan NATO sisteminə uyğun olmayan “S-400” zenit-raket kompleksləri almaqla yaxın çərçivədə həm Suriya hava məkanını, həm də Türkiyəyə düşmən olan Yunanıstan, Ermənistan və digər hava məkanını, eyni zamanda Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yönələn 60 döyüş gəmilərinə qarşı bu sistemləri quraşdırmaqla bütün hava məkanını öz nəzarətinə alacaq. Bu gün Türkiyənin icazə olmadan hava məkanında, yəni 600 km çərçivədə heç bir quş belə uça bilməyəcək. Əslində Türkiyənin “S-400” zenit-raket kompleksləri almasının arxasında yatan əsas səbəb budur.

Natiq Miri: “Rusiya bilavasitə ABŞ-ın Türkiyəyə qarşı təşkil etdiyi koalisiyanın yanında yer aldı”.

Bir daha təkrar edim ki, Türkiyə NATO-dan çıxmaqla bağlı hər hansı bir plan ortalığa qoymayıb və Türkiyənin belə bir dərdi yoxdur. Əgər Türkiyəyə qarşı NATO müttəfiqləri, xüsusən də ABŞ Türkiyəyə qarşı düşmənçilik etməzsə, Türkiyənin NATO-dan çıxmaq kimi bir planı yoxdur. Bir məsələ də diqqətlə saxlanılmalıdır ki, Türkiyə özü istəmədikcə NATO kimi hərbi təşkilatdan hər hansı bir dövlətin iradəsi ilə çıxarıla bilməz.

Şərqi Aralıq dənizində Rusiyanın mövqeyi çox ziddiyyətlidir. Bildiyimiz kimi Türkiyə Şərqi Aralıq dənizində neft və qaz axtarışları ilə bağlı artıq 3-cü araşdırma və qazma gəmilərini bu bölgəyə göndərəndən sonra Türkiyəyə qarşı ciddi bir koalisiya təşkil olunub. ABŞ, Yunanıstan, Fransa, İtaliya, Yunan Kipri, İsrail və Misir kimi ölkələr Türkiyəyə qarşı koalisiyada birləşiblər.

Maraqlıdır ki, Türkiyə 3-cü araşdırma və qazma gəmilərini Şərqi Aralıq dənizinə göndərəndən sonra Rusiya da Türkiyəyə yönəlik bir narahatlıq bəyanatı ortaya qoydu. Yəni Rusiya bilavasitə ABŞ-ın Türkiyəyə qarşı təşkil etdiyi koalisiyanın yanında yer aldı. Bu hadisənin özü bir daha göstərdi ki, Rusiya o qədər də etimad göstəriləcək tərəfdaş və müttəfiq deyil.

Tarixə baxanda görürük ki, bütün zamanlarda Rusiya öz dövlət və geosiyasi maraqları zəminində öz müttəfiqlərini satıb və xəyanət edib. Biz bunu 90-cı illərdə ABŞ-ın İraqa iki dəfə hərbi müdaxiləsi zamanı da Rusiyanın Səddam Hüseyni nə qədər asanlıqla ABŞ-a satdığını müşahidə etdik. Türkiy dövləti bunu unutmamış deyil. Rusiyanın Şərqi Aralıq dənizi ilə bağlı verdiyi son bəyanat da bunun bariz nümunəsidir. Düşünürəm ki, Türkiyə Rusiyanın bu bəyanatından özü üçün bir dərs çıxarmamış deyil”.

Natiq Miri: ““S-400” zenit-raket komplekslərinin müəyyən hissələrinin Türkiyə ilə birgə istehsalı nəzərdə tutulub”.

Təbii ki, Türkiyə ilə Rusiya arasında hərbi əməkdaşlıq davam edəcək. Belə ki, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri alması ilə yanaşı texnologiya transferi ilə də bağlı konkret anlaşması var. Həmçinin “S-400” zenit-raket komplekslərinin müəyyən hissələrinin Türkiyə ilə birgə istehsalı nəzərdə tutulub. Düşünürəm ki, gələcək prespektivdə nəyinki “S-400” zenit-raket komplekslərinin, hətta “S-500”-lərin alınması və “S-500”-lərin müəyyən detallarının Türkiyə ilə birgə istehsal olunması da planlaşdırıla bilər. Bu yöndə artıq Türkiyə Rusiya ilə konkret danışıqlar aparır.

Bu faktlar onu göstərir ki, Türkiyə indiki şəraitdə hər bir halda NATO müttəfiqlərinə alternativ olaraq digər dünya gücləri ilə paralel əməkdaşlıq etməkdə maralıdır. Hesab edirəm ki, Türkiyə bu yöndə çox doğru addımlar atır. Çünki Rusiya kimi alternativlər olmadığı təqdirdə Türkiyə öz sərhədlərində ona qarşı yaradılan təhlükələr qarşısında aciz durumda qalmış olardı. Türkiyənin “NATO müttəfiq”ləri Türkiyəyə qarşı bu cür düşmən mövqellərdə və addımlarda olduğu müddətdə Rusiya kimi dünya gücü olan ölkələrlə hərbi əməkdaşlıq da davam edəcək.

Düşünürəm ki, Türkiyənin hərbi əməkdaşlığı təkcə Rusiya ilə məhdudlaşmayacaq. Ola bilsin ki, Türkiyə Çin və digər dövlətlərlə də hərbi əməkdaşlığı davam etdirsin”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...