Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda nələr baş verir? - Rusiya-Gürcüstan gərginliyi Zəlimxan Məmmdəlinin konteksində

Politoloq: “Rusiya demokratikləşmədikcə və rus xalqının iradəsi hakimiyyətə daşınmadıqca, Rusiya bizim üçün də, gürcü xalqı üçün də, bütövlükdə Cənubi Qafqaz üçün təhdid mənbəyidir”

“Vətəndaş bu gün islahatların geriyə dönməsinin fərqindədir. Bu prosses gedir və rusofillər, o cümlədən Rusiyanın orada olan agent şəbəkəsi bu istiqamətdə çalışmaqdadır. Eyni zamanda Gürcüstanda rəsmi hakimi olan Bdzina İvanişvilinin də mövqeyi bu istiqamətdədir. Yəni söhbət Gürcüstanda demokratiyanın qısıdılmasından, məhdudlaşdırılmasından gedir”.

Bu sözləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda baş verən son hadisələri və Rusiya-Gürcüstan arasında yüksələn gərginliyi PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatıqladaq ki, son günlərdə Gürcüstan ilə Rusiya arasında ciddi gərginliklər yaşanmaqdadır. İyunun 20-də Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası gürcüstanlı və rusiyalı deputatlar arasında gərginlik yaşanıb. Gərginliyə səbəıb isə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan Parlamentinin sədri kürsüsündə oturması olub. Baş verən gərginlikdən sonra gürcü ictimaiyyəti və müxalifət Tbilisinin mərkəzindəki Respublika meydanından hökumət binasınadək yürüş edərək Gürcüstan Parlamentinin sədri Georgi Qaxariyanın istefasını tələb ediblər. Polislə qarşıdurma zamanı yaralanalar və həbs olunanlar olub. Etirazlardan bir gün sonra Gürcüstan Parlamentinin sədri Georgi Qaxariya istefa verib. Buna baxmayaraq etiraz aksiyaları hələ də davam etməkdədir.

Baş verənlərdən sonra Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya prezidenti Vladimir Putin Rusiyadan Gürcüstana təyyarə uçuşunu qadağan edən fərman imzalayıb. Bu isə Gürcüstanın turizm sektoruna ciddi ziyan vurub.

Ötən həftə Rusiya ilə Gürcüstan arasında yenidən gərginlik pik həddə çatıb. Bazar günü axşam Gürcüstanda müxalif və reytinqli telekanaı olan “Rustavi” kanalında populyar aparıcılardan olan Georgi Qabuniya proqramı Rusiya prezidenti Vladimir Putinin ünvanına söyüş söyüb və bundan sonra iki ölkə arasındakı gərginliyin daha da artmasına səbəb olub. Qabuniya dəqiqəyarım boyunca, yumşaq deyilsə, ədəbsiz sözlər işlətməklə Rusiya liderini təhqir edib. Gürcüstanın Rusiya ilə olduqca qəliz münasibətlərinə baxmayaraq, həm hakimiyyət, həm də müxalifət aparıcının davranışını yolverilməz hesab edib. Hətta Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili belə aparıcını qınayıb.

Gürcüstan prezidenti Salome Zurabişvili də“Rustavi 2” telekanalının bazar günkü efirini kəskin dillə tənqid edib.

Rusiya Dövlət Duması təhqirə görə Gürcüstana qarşı iqtisadi sanksiyalarla çıxış etmək təklifi ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putin isə hansısa telejurnalistin hərəkətinə görə Gürcü xalqını cəzalandırmaq istəmədiyini dilə gətirib.

Gürcüstanda yaşananlarla bağlı PİA.AZ-ın əməkdaşı “Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədlinin fikirlərini öyrənib.

Zəlimxan Məmmədlinin fikrincə, Rusiya imperiyasının tərkibində olan dövlətlərin müstəqillik qazanması Rusiya üçün problemli məsələdir və Rusiyada bu ölkələrin müstəqilliyinə qısqanclıqla yanaşırlar. Bu qısqanclıq və Kremlin müstəqil dşvlətlərin varlıqlarını qəbul etmək istəməməsi zaman-zaman gərginliklərə səbəb olur:

Zəlimxan Məmmədli: “Gürcüstanda rusiyalı deputatın təxribatını təbii ki, birbaşa Gürcüstan dövlətçiliyinin təməli olan Parlament kürsüsünə təcavüz kimi dəyərləndirdilər”.

“Təkcə Gürcüstan deyil, postsovet ölkələrinin, Rusiya imperiyasının tərkibində olan dövlətlərin müstəqillik qazanması Rusiya üçün problemli məsələdir və Rusiyada bu ölkələrin müstəqilliyinə qısqanclıqla yanaşırlar. Hələ ki, həmin imperiyanın nüvəsi olan Kreml imperiya ambitsiyalarından əl çəkmir, demokratik dünya ilə savaşır və Rusiya ilə Qərb arasında ideoloji savaş hələ də davam edir.

O cümlədən, Moskva imperiyanın tərkibində olan dövlətlərin demokratikləşməsində maraqlı görünmür və çünki MDB məkanında demokratikləşmə prossesi gələcəkdə bu dövlətlərin Avropa Birliyinə, o cümlədən NATO-ya daxil olmasına gətirib çıxara bilər ki, bu prosseslər də 20 ildir ki, gedir. Rusiya isə NATO-nun şərqə doğru genişlənməsini özünün imperiya ambitsiyalarına və milli təhlükəsizliyinə bir nömrəli təhdid olaraq görür.

Amma mahiyyət etibarilə, Rusiyanın demokratikləşməməsi və avtoritar rejimlə idarə olunması ümumilikdə rusxalqı üçün, o cümlədən, MDB dövlətləri, Avropa və bütün dünya üçün təhdid mənbəyidir. Rusiyada qeyri-dmokratik hakimiyyətin mövcudiyyəti təkcə Gqürcüstan üçün deyil, Moldova, Ukrayna və Azərbaycan üçün də birbaşa təhdid mənbəyidir. Bu siyahını böyütmək də mümkündür və yuxarıda da qeyd etdiyim kimi, böyük nüvə arsenalına malik olan Rusiyada antidemokratik hakimiyyəti bütün dünya üçün təhdid hesab olunur.

Zəlimxan Məmmədli: “Gürcüstan Avropa ilə demokratik inteqrasiyada israrlıdır və Rusiya da bunun qarşısını almağa çalışır”.

Bu baxımdan gürcü xalqı Azərbaycandan fərqli olaraq demokratiyanın dadını görüb. Biz bircə 1991-1993-cü illərdə Elçibəy hakimiyyətdə olanda az-çox demokratiya yaşadıq, amma gürcü xalqı oturmuş, fundamental islahatlar, korrupsiyasız cəmiyyət, rüşvətsiz işə düzəlmək, hakimiyyətin xalqın yanında olduğunu gördü. Həmçinin, Gürcüstanda səhiyyə və təhsil sahəsində və siyasi sahədə ciddi islahatlar aparıldı və vətəndaş bundan məmnundur.

Vətəndaş bu gün həmin islahatların geriyə dönməsinin fərqindədir. Bu prosses gedir və rusofillər, o cümlədən Rusiyanın orada olan agent şəbəkəsi bu istiqamətdə çalışmaqdadır. Eyni zamanda Gürcüstanda rəsmi hakimiyyəti olan və kapitalı Rusiya ilə bağlı olan Bdzina İvanişvilinin də düşüncəsi və mövqeyi bu istiqamətdədir. Yəni söhbət Gürcüstanda demokratiyanın qısıdılmasından, məhdudlaşdırılmasından gedir.

Gürcüstanda rusiyalı deputatın təxribatını, təbii ki, birbaşa Gürcüstan dövlətçiliyinin təməli olan Parlament kürsüsünə təcavüz kimi dəyərləndirdilər. Bu çox həssas bir məsələdir və artıq Gürcüstan xalqı öz siyasi mövqeyini ortaya qoyub. Gürcüstan Avropa ilə demokratik inteqrasiyada israrlıdır və Rusiya da bunun qarşısını almağa çalışır. Yəni hər ikisi buna görə toqquşur. Hazırda gürcü xalqının demokratiya istəyi ilə Rusiyanın imperiya ambitsiyası toqquşur. Rusiya demokratikləşmədikcə və rus xalqının iradəsi hakimiyyətə daşınmadıqca, Rusiya bizim üçün də, gürcü xalqı üçün də, bütövlükdə Cənubi Qafqaz üçün təhdid mənbəyidir.

Rusiya Gürcüstanın ərazisi bütövlüyü pozub. Bütün dünyanın gözü qarşısında Gürcüstan ərazilərini işğal edib. Gürcü xalqı kor deyil, vəziyyəti yaxşı görür və Rusiyanın separatçılara verdiyi böyük dəstəyi anlayır. O cümlədən, Azərbaycanda da Dağlıq Qarabağ problemini yaradan Rusiyadır, soyqırım törədən 360-ci alay idi.

Rusiyanın yürütdüyü imperalist siyasətin nəticəsində biz çox böyük itkilərə məruz qalmışıq. Bu itkilərə həm insan, həm maddi, həm coğrafi, həm də mədəni-mənəvi itkilər aiddir. İndiki halda Dağlıq Qarabağa azərbaycanlı bir insan ayağını basa bilmir, amma ermənilər orada tədbirlər, şənliklər keçirirlər, qəsəbələr salırlar, zavodlar tikirlər. Biz isə baxa-baxa qalmışıq. Gürcü xalqı da eyni vəziyyətdədir. Rusiya ilə mübarizədə böyük itkilərə məruz qalıb.

Zəlimxan Məmmədli: “Siyasi və strateji nöqteyi-nəzərindən gürcü xalqının qalib gələcəyini düşünürəm”.

İndi də Rusiya Gürcüstanın daxili siyasətinə təsir edə bilmək üçün bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etmək yoluna əl atıb. Rusiya Gürcüstanı iqtisadi blokadalaya almaq istəyir ki, Gürcüstanın iqtisadiyyatı çöksün və Gürcüstan Rusiyaya möhtac olsun. Rusiya istəyir ki, Gürcüstana turistlər getməsin. Rusiya, həmçinin, Gürcüstan çaxırırnın Rusiyaya ixracının qarşısını alır. Bu artıq iqtisadi blokadadır.

Görünən budur ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları, Rusiya da Gürcüstana tətbiq edir. Yəni Rusiya Amerikanın, Avropanın müttəfiqi olan Gürcüstana sanksiyalar tətbiq edir və dolayısı ilə bu yolla Qərbdən intiqamını alır. Lakin Gürcüstanın daxilində siyasi cəhətdən yetkin qüvvələr var və bir neçə dəfə hakimiyyətin dəyişməsi prosesi baş verib. Bu isə Qafqaz dövlətləri üçün yenilikdir. Belə bir dəyişim sonuncu dəfə Ermənistanda baş verib. Yəni Cənubi Qafqaz demokratiya yolunda öz addımlarını atır.

Artıq insanlar nə baş verdiyinin fərqindədirlər və verilən qərarlar da xalqın iradəsinə uyğundur. Qərarlar xalqın iradəsinə uyğun olanda cəmiyyət də bütöv olur. O cümlədən gürcü xalqının da iradəsi bütövdür. Rusiya bu gün gürcü xalqının arasına nifaq salaraq cinahlara bölüb toqquşma yaratmaq istəsə belə, Gürcüstan artıq bu mərhələni keçib. Bu mərhələdə Gürcüstanın iqtisadi cəhətdən problemləri ola bilər, lakin siyasi və strateji nöqteyi-nəzərindən gürcü xalqının qalib gələcəyini düşünürəm.

Artıq Gürcüstan iqtisadi blokadanın elementlərini hiss edilir və təbii ki, Gürcüstanın kompensasiyası müttəfiqlər tərəfindən olacaq. Rusiya nə qədər cəhd eləsə belə, Gürcüstanın Avropa ilə inteqrasiyası baş tutacaq və bu Gürcüstan xalqlarının əsas qələbəsi olacaq.

Onu da qeyd edim ki, bu mərhələdə Rusiyanın aqressivləşməsi baş verə bilər. Rusiya 2008-ci ildə olduğu kimi müəyyən provakasiyalar etməyə cəhd edə bilər. Bunun nəticəsində bir çox şey baş verə bilər. Aqressiya artdıqca zor tətbiqi üçün imkanlar yarana bilər. Xüsusilə də, Rusiya qanunvericiliyində toplu olaraq rusların az da olsa yaşadığı, o cümlədən ermənilərin yaşadıqları bölgələrdə insan haqqlarının pozulması faktları təsbit olunarsa, daha doğrusu belə bir təxribatlar həyata keçirilərsə, Moskva baş verənləri həmin ərazilərə birtərəfli qaydada müdaxilə etmək üçün əsaslandıra bilər.

Ehtimal azdır, lakin bu tipli ssenarilər istisna olunmamalıdır. Təbii ki, Gürcüstanda yüksələn ictimai müqavimət rus xalqına qarşı deyil, Kremlin yürütdüyü imperalist siyasətə qqarşıdır. Onu da qeyd edim ki, hələ ki, rus turistlər Putinin qadağasına baxmayaraq, Gürcüstana getməyə davam edirlər. Deməli, problem xalqla deyil, siyasi sistemlədir. Bütün problem bir xalqın ərazisinin işğal edilməsi və bir terrorçuları müdafiə edən bir rus deputatın Gürcüstan parlamentində spikerin kreslosunda oturub rusca danışmasdır. Yəni Rusiya yönəticiləri gürcü xalqını iradəsiz görmək istəyirlər. Gürcü xalqı isə öz iradəsini ortaya qoydu ki, mənim dövlətçiliyimlə, dövlətin rəsmi kürsüsü ilə belə davranmaq olmaz.

Zəlimxan Məmmədli: “Rusiyanın basqılarının artan xətlə davam etməsi demokratik dünyanın Gürcüstana yaxınlaşmasına və hətta, NATO-ya yaxınlaşmasına səbəb ola bilər”.

İndi təbii ki, Rusiyanın imkanları dövlət olaraq daha genişdir və təxribat imkanları var. Belə hallarda müəyyən təxribatlar keçirə bilər, hətta siyasi terror məsələləri də istisna deyil. Amma bütün hallarda bu mübarizənin bir mərhələsində bütün bunları çox təbii hesab edirəm. Rusiya çox aqressivdir və zor gücü ilə danışır. Demokratik dünyaya qarşı mübarizə aparır. Gürcüstan da demokratik tərəfdə olduğu üçün, təbii olaraq, toqquşmalı idilər. Toqquşmada da əsas itki zaman itkisi və iqtisadi baxımdan itkilər ola bilər.

Müəyyən iqtisadi əlaqələrin zəifləməsi gələcəkdə insanların sosial durumuna təsir edə bilər. Amma mənə elə gəlir ki, ayıq təbəqə, xüsusilə də, idarəetməyə can atanlar bunun fərqindədirlər.

Dediyim kimi, xalqın əhəmiyyətli bir hissəsi mədəsindən çox mədəniyyətini düşünür. Əgər bir cəmiyyət mədəsinin qulu olursa, o mədəniyyətini əldən verir. Gürcü xalqına nə qədər iradlarım olsa da və yaxud da şəxsi olaraq təmsil etdiyim təşkilatla bağlı iradlarım olsa da, prosesin özü mənim üçün cazibəlidir və Rusiyanın basqılarının artan xətlə davam etməsi demokratik dünyanın Gürcüstana yaxınlaşmasına və hətta, NATO-ya yaxınlaşmasına səbəb ola bilər.

Gürcüstanda mümkündür ki, artıq növbədənkənar parlament seçkiləri ideyası reallaşa bilsin. Yəni bu gün cəmiyyətin tələbləri haqlıdır və bu özü artıq siyasi məsələlərin gündəmə gəlməsinə əsas indiki 41-lər dediyimiz hakimiyyətin getməsi ilə nəticələnə bilər”

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar