Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sağlam müxalifət islahatların dərinləşməsinə dəstək verməlidir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyasının mətbuat xidmətinə maraqlı müsahibə verib

PİA.AZ həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, YAP-ın icra katibi Əli Əhmədovun parlament seçkilərinin vaxtında keçiriləcəyi barədə açıqlama verməsinə baxmayaraq, bu barədə fikirlər hələ də dolaşmaqdadır. Siz necə düşünürsünüz, növbədənkənar seçkilər keçirilə bilərmi və bunun hüquqi mexanizmi varmı?

– Hüquqi baxımdan bu, mümkündür. Konstitusiyanın 87-ci maddəsinin 3-cü bəndinə görə, Milli Məclis 83 deputatının səlahiyyətləri təsdiq olunarsa səlahiyyətlidir. Əgər YAP, iqtidar partiyası kimi, növbədənkənar seşkilərin keçirilməsini zəruri hesab edib, deputatlarına istefa verməyi tövsiyə edərsə və onların istefasından sonra MM-in 83-dən az deputatı qalarsa, Prezident növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir.

Məsələnin siyasi aktuallığına gəldikdə isə, biz buna xüsusi ehtiyac görmürük, amma iqtidar tərəfindən belə qərar qəbul olunsa, onu dəstəkləyəcəyik.

Biz ölkədə yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsini və növbəti seçkilərin proporsional seçki sistemi əsasında keçirilməsini daha zəruri və məqsədəuyğun hesab edirik.

– Yeni Konstitusiyada proporsional seçki sistemindən başqa, daha hansı dəyişikliklər nəzərdə tutula bilər?

– Ölkənin 2025-ci ildən parlamentli respublika modelinə keçirilməsi nəzərdə tutula bilər. Yox, hakim partiya buna getməyəcəksə, o zaman Nazirlər Kabineti ləğv olunmalı, bir vitse-prezident vəzifəsi saxlanılmalıdır.

Çoxpartiyalı sistemin inkişafı və parlamentdə fraksiyaların olması üçün Konstitusiyaya belə bir müddəa salınmalıdır ki, parlamentdə partiyaların sayı 3-dən və topladıqları səsdən asılı olmayaraq müxalifət partiyalarını təmsil edən deputatların sayı 30%-dən az ola bilməz. Bu normanın tətbiqi qaydası Seçki Məcəlləsi ilə tənzimlənə bilər.

Bundan başqa, Konstitusiyaya Milli Məclisin səlahiyyətlərinin artırılması və məhkəmə hakimiyyətinin gücləndirilməsinə dair yeni normalar əlavə olunmalıdır.

– Qüdrət bəy, hansı faktor iqtidarı növbədənkənar seçkilərin keçirilməsinə sövq edə bilər?

– Bizim bütün tənqidlərimizə baxmayaraq, Azərbaycan güclənir və aparılan islahatlar bizi daha da güclü edəcək. Bunu bizim düşmənlərimiz də görür və bu, onları çox ciddi narahat edir. Onlar Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad edəcəyindən, regionda daha nüfuzlu və cazibədar bir ölkəyə çevriləcəyindən qorxurlar. Ona görə də ölkəni on illərlə geri atmaq üçün xarici güclər əlaltılarının vasitəsilə sabitliyi pozmağa cəhd edə bilərlər. Uyğun zaman isə seçkilər dövrüdür.

Etiraf etməliyik ki, sonuncu növbədənkənar prezident seçkiləri daxili və xarici pozucu qüvvələrin planlarını alt-üst etdi. O zaman bəzi şəxslər xeyli aktivləşmişdi. Səfirlərlə görüşlər, ictimai rəyə təsir edə biləcək şəxslərə pul və bahalı hədiyyələrin paylanması geniş vüsət almışdı. Düşünürdülər ki, növbəti prezident seçkilərində sabitlik pozulacaq və “dəmir ələ” ehtiyac yaranacaq, onlar da gəlib ermənilərin maraqlarına tam uyğun olaraq, onların xaricidən dəstəyi ilə buranı Türkmənistan edəcəklər. Bu kimi acı təcrübə növbədənkənar seçki qərarının verilməsini şərtləndirə bilər.

– Hazırda da belə bir plan ola bilərmi?

– Düşmənlər və hakimiyyət naminə hər şeyə hazır olan insanlar həm iqtidarda, həm müxalifətdə həmişə fəaliyyətdə olacaqlar. Son vaxtlar iqtidardakı bacarıqlı və prezidentə sadiq məmurlara qarşı əsassız gözdənsalma kampaniyası bunun əlamətləridir. Onların planlarını pozmaq isə hər bir vətənpərvər insanın, iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin borcudur. Güc strukturlarındakı son dəyişikliklərdən sonra daxildəki pozucu qüvvələr aktiv fəaliyyətə keçməzdən öncə bir daha düşünməli olacaqlar.

– Qüdrət bəy, qeyd etdikləriniz iqtidarı islahatlardan çəkindirməz ki?

– İslahatlar günün tələbidir. Prezident də söyləyib ki, idarəetmə təkmilləşdirilməli, islahatlar dərinləşdirilməlidir. Bir qayda olaraq, aşağıların təzyiqi ilə aparılan islahatlar effekt vermir, ölkə xaosa sürüklənir. Ona görə də mən iqtidarı həmişə çağırıram ki, yuxarıdan islahatları həyata keçirsin. İqtidar zamanı əldən verirsə və xalq iqtidarı məcbur edirsə ki, islahatlar aparsın, o zaman uğurlar belə iqtidarın ayağına yazılmır və növbəti tələblər irəli sürülür. Bunun nəticəsində isə mütləq və mütləq sabitlik pozulur. Düşünmürəm ki, hakimiyyət bunu bilməsin. Ona görə də islahatlar genişlənəcək.

– Qüdrət bəy parlament seçkilərində müxalifətin seçkiləri udmaq şansı varmı?

Azərbaycanda vətəndaşlarımız siyasi baxımdan fəal deyil, müxalifət çox zəifdir. Sistemdənkənar müxalifət əsasən xaricdən idarə olunur və onlar yalnız hakimiyyətdə kiminsə maraqlarının təmin olunmasında katalizator rolunu oynaya bilər. Parlament müxalifəti isə indiki şərtlər altında yalnız növbəti parlamentdə fraksiyalar yaratmaq imkanları uğrunda mübarizə apara bilər.

Düşünürəm ki, sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır. İslahatlar dərinləşdikcə, müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək. Sözsüz ki, hansısa mərhələdə müxalifət seçkiləri udacaq, partiyalar hakimiyyətdə bir-birini əvəz edəcəklər. Bunun üçün bizə zaman lazımdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar