Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov jurnalistləri qınadı: “Şou yaratmaq istəyirlər...”

Milli Məclis büdcə haqda qanun layihəsinə dəyişiklikləri təsdiqlədi, daha 34 məsələyə “hə” dedi

İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclasa sədrlik edən Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyində dəyişiklik edilib. Belə ki, 38 məsələnin müzakirəsi nəzərdə tutulduğu halda, 3 məsələ gündəlikdən çıxarılıb.

Həmin məsələlər 12 iyul iclasında müzakirə ediləcək. Sədr dedi ki, bunlar “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, Mülki Məcəlləyə (hamısı bir paketdir), “Bank olmayan kredit təşkilatları haqqında” qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. O.Əsədov xüsusilə vurğuladı ki, gündəlikdən çıxarılan məsələlərdən biri - “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsinə çoxsaylı dəyişikliklər təklif edildiyi üçün onun müzakirəsi ertələnib. Spiker onu da qeyd etdi ki, gündəlikdəki 13 məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunlarına dəyişiklik edilməsi barədə qanun layihəs üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, layihəyə üçüncü oxunuşda heç bir dəyişiklik təklif edilməyib. Bundan sonra layihə səsə qoyularaq 103 səslə qəbul edildi.

Bundan sonra “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik də üçüncü oxunuşda qəbul olundu.

İclasda çıxış edən deputat Tahir Kərimli Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi. O, Milli Məclis üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilməsi barədə prezident sərəncamını yüksək dəyərləndirdi. Bildirdi ki, bu təltif milli azadlıq hərəkatında iştirak etmiş şəxslərdən biri kimi, onun üçün xüsusilə müstəsna əhəmiyyət kəsb edir. O, yubiley medalı alan deputat həmkarlarına da təbriklərini ünvanladı.

T.Kərimli daha sonra ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən illik sessiyasında qəbul edilən sənədin önəmindən də bəhs etdi. O dedi ki, Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinin fəaliyyətinin nəticəsi olaraq ilk dəfə ATƏT PA Dağlıq Qarabağ məsələsinə Cənubi Osetiya, Abxaziya problemlərinə yanaşdığı kimi mövqe sərgiləyib və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb.

Deputat həmçinin Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə təbriklərini çatdırdı.

milli məclis ile ilgili görsel sonucu

Milli Məclisin iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. O bildirdi ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqləndi.

İclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edildi və səsverməyə çıxarılaraq təsdiqləndi. Qanun qüvvəyə mindikdən sonra Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunacaq. Qeyd edək ki, hazırda bu rüsum 4 manatdır.

Plenar iclasda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik də ikinci oxunuşdan keçdi. Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. Bildirildi ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin - Əmək pensiyasının minimum məbləği - mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə deputatları məlumatlandırdı. Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı veriləcək. Təklif edilən dəyişikliyə əsasən, bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda təsdiq edildi.

Milli Məclisin iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda qəbul edildi. Qanuna əsasən, İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılır. Belə ki, fondun cari ilin büdcəsinin gəlirləri və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.

İclasda “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər də müzakirə olundu. Komitə sədri Əli Hüseynli layihə barədə ətraflı məlumat verdi. Layihəyə görə, Azərbaycanda yol hərəkətinin səmərəli şəkildə təşkili və yol hərəkəti iştrakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün “Üfüqi nişanlanma qrupu”na yeni nişanlanma xətti - “sarı kəsişmə toru” daxil edilir. Hazırda üfüqi nişanlanma xətlərinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaqlar daxildir.

Yeni layihədə isə bu zolaqlarla yanaşı, “əlil” tanınma nişanı ilə təchiz edilən nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərən nişanlanma xətləri və yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlanma xətləri əlavə edilib.

Hazırkı qanuna görə, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrininin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və kəsişmə yerlərinə girməsi qadağandır. Yeni layihəyə görə isə sadalanan hallarda sürücünün qeyd edilən yolayrıcına və 1.25 nişanlanması ilə göstərilmiş, yəni “sarı kəsişmə toru” olan yerlərə daxil olması qadağandır.

Yolayrıcının “sarı kəsişmə toru” ilə işarələnməsi həm sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiqinə imkan verəcək, yol ayrıcılarında qəzaların baş vermə ehtimalını azaldacaq.

Layihədə təklif edilən digər yenilik “Məlumatverici-göstərici nişanlar” qrupuna “Daimi sağa dönmə!” nişanının əlavə edilməsi olub.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Gündəlikdəki məsələlər bir sıra hallarda yekdilliklə qəbul olundu və bununla da Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başa çatdı. Bir saat ərzində iclasın gündəliyinə salınmış, əsasən II və III oxunuşa çıxarılan 35 məsələ qəbul edildi.

Spiker Oqtay Əsədov iclası yekunlaşdırarkən media nümayəndələrinə iradını bildirdi: “Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır. Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır”.

O.Əsədov əlavə etdi ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər: “Təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər”.

Qeyd edək ki, bundan əvvəlki iclasda da gündəlikdəki 49 məsələnin bir iclas günü müzakirəyə çıxarılaraq qəbul edilməsi müzakirələrə səbəb olmuşdu.(“Yeni Müsavat”)

pia.az


Etiket: Oqtay Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar