Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun Türkiyə ilə dərdi nədir?

Fransa, yəni Makron Suriyada və Şərqi Aralıq dənizində apardığı siyasətlə və verdiyi açıqlamalarla get-gedə ABŞ-ın ovçusuna çevrilib...

Nihat Altunbulak
“OdaTv” qəzeti, Türkiyə, 4 iyul 2019-cu il

Müqəddəs Roma İmperatoru V Karla əsir düşən I Fransisk anası bir məktub yazaraq əsirlikdən xilas olmaq üçün yardım istəmiş və 1526-cı ildə Moxaç müharibəsindən sonra kral Fransiski xilas edilmişdi. Müharibədən sonra isə Fransa Türkiyə ilə dostluğunu davam etdirmək üçün 1535-ci ildə türk dənizlərinə və ərazisinə ticarət kapitulyasiyaları vermişdi. Beləliklə, Qanuni Sultan Süleymanın dövründə Osmanlı-Fransa münasibətlərinin əsası qoyulmuşdu.

Karlla apardığı mübarizədə zəifləyən Fransisk yenidən Osmanlı dövlətindən kömək istəmişdi. Fransanın bəzən ikiüzlü siyasət aparmasına baxmayaraq, Qanuni Barbadoslu Xeyrəddin Paşanı kömək üçün göndərmişdi. 1541-ci ildə Marselə çatan Osmanlı donanması Karla aid olan Niş şəhərini mühasirəyə almış və bundan sonra İspaniya Fransa ilə razılığa gəlməyə məcbur qalmışdı.

Osmanlı və Fransa ilk dəfə Napaleon Misiri işğal edərkən və Akka şəhərini mühasirəyə alarkən üz-üzə qalmışdı. 1798-ci il tarixə üç əsrlik Fransa-Osmanlı sülh dövrünün sonu olaraq düşmüşdü. Napoleon ilk dəfə Akkada məğlub olmuş və 1801-ci il Əl-Əriş müqaviləsi ilə fransızlar Misirdən çıxarılmışdı. Lakin Fransanın əsas hədəfi Aralıq dənizinini dənizlər imperatorluğu olan İngiltərənin ixtiyarına buraxmamaq idi. Müstəmləkəçilik rəqabəti Osmanlının zəngin torpaqlarından pay almaq mübarizəsinə çevrilmişdi.

1830-cu ildə Osmanlı torpağı olan Əlcəzayiri işğal edən Fransa Misirdə baş verən Kavalalı üsyanında Kavalalının tərəfində dayanmışdı. Lakin hadisənin böyüməsi və Rusiyanın müdaxiləsi maraqlarına uyğun olmadığı üçün Fransa 1833-cü ildə araya girib padşahla valini barışdırdaraq Kütahya müqaviləsinin imzalanmasına şərait yaratmışdı. Dünyanın ilk müttəfiq ordusu ilə aparılan müharibədə (Krım müharibəsi) Osmanlı, Fransa və İngiltərə birlikdə Rusiyaya qarşı mübarizə aparmışdı.

Fransa XIX əsr boyunca, əsasən, Osmanlı əleyhinə bir siyasət izləmişdi və Osmanlı İmperiyasının mirasından ən böyük payı qoparmaq üçün rəqabətə girmişdi. I Dünya Müharibəsində “Antanta” blokundan olan Fransa müharibənin sonunda Cənub-Şərqi Anadolu vasitəsilə şəhərlərimizi və Suriyanı işğal etmişdi. Anadolunun işğalı zamanı mübarizə apararkən Fransa ilə 1921-ci ildə bağlanmış Ankara Müqaviləsi Türkiyənin imzaladığı ilk müqavilə olmuşdu. Hataydan kənarda çəkilən cənub sərhəddimiz 1939-cu ildə Hatayın vətən torpaqlarına birləşdirilməsi ilə son vəziyyətinə gəlmişdi.

Tarixi hadisələrə baxdıqda da görünür ki, türklər Fransaya hər zaman dostcasına və xoşluqla yanaşarkən, Fransa isə Türkiyəyə qarşı daim düşmən kimi davranmış, Türkiyənin əleyhinə olan bir çox işdə iştirak etmişdi. Osmanlı dönəmindən 1970-ci illərə qədər Türkiyədə ən çox danışılan xarici dil fransızca olsa da, əslində, Fransa heç bir zaman türklərin dostluğuna layiq olmamışdı.

Fransanın Suriyada Türkiyə əleyhinə fəaliyyətləri

Tarixi proseslər göstərir ki, Fransa keçmişdən bəri hər zaman Osmanlı torpağı olan Suriyaya maraq göstərib. Fransanın İngiltərə ilə bağladığı “Skyes-Picot” müqaviləsi çərçivəsində bədəvi, dürzi, erməni və nüseyri qruplarına “dövlət” vəd edərək Suriyada möhkəmlənmişdilər.

Fransa Mudro müqaviləsinin 7-ci maddəsini bəhanə edərək 9 noyabr 1918-ci ildə Suriyaya əsgərlərini göndərmiş və burada 28 il qalmışdı. Fransa bu müddət ərzində 1918-1946-cı illərdə Suriyada, demək olar, soyqırım törətmiş və 65 min insanı öldürmüşdü.

Fransa hər zaman öz daxili siyasi maraqları üçün ASALA, PKK kimi Türkiyə əleyhdarı olan terror təşkilatları ilə yaxın münasibətdə olub. Terrorçu olmalarına baxmayaraq, bu təşkilatların Türkiyə əleyhinə verdiyi açıqlamaların təsirində qalmış, fəaliyyətlərinə göz yummuş və onlara hər cür dəstək vermişdi. Uzun illər boyu ASALA terror təşkilatına yardım etmiş, çıxardığı qanunlarla da uydurma erməni soyqırımı yalanına ortaq olmuşdu.

Fransa son dönəmlərdə eyni dəstəyi PKK terror təşkilatına da verməkdən çəkinmir. Fransanın sabiq prezidenti Fransua Mitterran və həyat yoldaşı Daniel Mitterrandın PKK lideri Öcalana verdiyi açıq dəstək hər birimizin xatirindədir. Fransanın sabiq prezidenti Hollandın suriyalı PYD/YPG-li terrorçuları sarayında qonaq etməsi və indiki prezident Makronun da eyni şəkildə PYD/YPG-li terrorçuları Parisə qəbul edib görüşməsi heç bir dostluğa, əməkdaşlığa sığmır.

Suriyada 15 mart 2011-ci ildə ölkənin cənubundakı Dərada qonşu ölkələrdəki Ərəb Baharından ilhamlanaraq demokratiya tələbi ilə başlayan etirazları Əsəd rejimi amansızca basdırmağa çalışıb. Lakin etirazlar daha da yayılmış və Suriyada vətəndaş müharibəsinin baş verməsinə yol açmışdı.

Bu prosesdə İraq müharibəsinin ilk illərində, 2004-cü ildə Əl-Qaidəyə bağlı olaraq qurulan İraq və Şam İslam Dövləti (İŞİD) 2013-ün aprel ayında Suriyanın şimalında sürətlə hərbi qüvvələr toplamağa başlamış və bu bölgədəki ən güclü qruplardan biri olmuşdu. Xüsusilə, Qərb mediasında İŞİD-in qətliamlar elə formada təqdim olunub ki, bunlar insanlar üzərində ağır təsirlər buraxa bilsin. Radikal islamçı terrorçulara qarşı yaradılmış bu psixologiya Qərb dünyasında İŞİD-ə qarşı mübarizə bloku yaradılması üçün edilirdi. Beləliklə, ilk olaraq 2014-ün aprel ayında ABŞ İŞİD-ə qarşı hava hərəkatı başlamış və zamanla Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, İsrail və bir çox qərbli ölkələr müxtəlif səbəblərlə bu toqquşmalara daxil olublar.

9 iyun 2016-cı ildə Fransanın xəbər agentliyi olan “Frans Press” Müdafiə Nazirliyinə əsasən verdiyi xəbərdə bildirmişdi ki, Fransa xüsusi qüvvələri İŞİD-lə mübarizə çərçivəsində savaşan silahlı qruplara (PYD/YPG) təlim vermək və “İŞİD-lə mübarizəyə dəstək vermək” üçün bölgəyə girib. Xüsusilə də, Mənbic bölgəsində Fərat çayı üzərindəki Tişrin bəndinə nəzarət edəcək şəkildə təşkil olunan Fransa xüsusi qüvvələrinin sayı təxminən 200-800 nəfər arasında olub. Dünyanın ən böyük su paylama şirkətlərindən birincisinin “Veolia”, ikincisinin isə “Suezadlı” kimi fransız firmaları olduğunu nəzərə aldıqda fransızların bölgəyə olan maraqlarını və PYD/YPG-yə olan sevgilərini başa düşmək olur.

20 dekabr 2018-ci ildə ABŞ prezidenti Donald Tramp ABŞ əsgərlərini Suriyadan geri çəkdikdən sonra Fransanın “dəstəyimiz yenə davam edəcək”, açıqlaması YPG/PKK-lı terrorçular üçün ümid işığı olmuşdu. Fransanın mövcud şərtlərdə bu dəstəyi verəcək gücü olmadığı halda, belə bir açıqlama verməsi çox düşündürücüdür. Üstəlik, 26 dekabr 2018-ci ildə Fransa prezidenti Emmanuel Makron verdiyi açıqlamada: “YPG/PKK-ya borclu olduğumuzu unutmamalıyıq”, demişdi. Bunun ciddi şəkildə araşdırılması çox vacibdir.

Hətta Fransa prezidenti Makron “Le Figaro” qəzetinə verdiyi reportajda Türkiyənin Afrində keçirdiyi əməliyyatın terrora qarşı aparılmalı olduğunu vurğulamış və: “Əgər bu əməliyyatın Türkiyə daxilində olan terror təhdidindən başqa bir məqsədlə keçirildiyi ortaya çıxsa və bu əməliyyat işğala çevrilsə, onda bu, bizim üçün də ciddi bir problemə çevrilər”, deyə əlavə edərək həddini aşmışdı.

Şərqi Aralıq dənizində Fransanın fəaliyyətləri

Fransanın Yunanıstan ilə olan problemlərimizdə və Kipr məsələsində hər zaman yunanlara dəstək vermək meyli çox güclü olub. Lakin Fransanın Şərqi Aralıq dənizinə maraq duymasının əsas səbəbi Şərqi Aralıq dənizindəki trilyon dollarlıq təbii qaz ehtiyatlarıdır.

Cənubi Kipr Respublikası 2007-ci ildə beynəlxalq hüququn ziddinə olaraq Türkiyə və Şimali Kiprin hüquqlarını heçə sayaraq lisenziyalaşma işlərinə başlamışdı. Nəticədə, bu çərçivədə zamanla Amerikanın “Nobel Enerji”, “Exxon Mobil”, İtaliyanın “Eni”, Fransanın “TOTAL”, Qətərin “Petrol”, Cənubi Koreyanın “Kogas”, İngiltərənin “Shell” kimi firmaları lisenziyalaşdırılıb.

Cənubi Kipr Respublikası bu beynəlxalq şirkətlərin ölkələri ilə müxtəlif hərbi müqavilələr bağlayıb. Bu çərçivədə “TOTAL” şirkətinə, yəni Fransaya 2018-ci il ərzində Larnakadakı Mari dəniz bazasından istifadə etməyə və fransız gəmi və təyyarələrinin adada yerləşdirilməsinə icazə verilib.

Bu prosesi qısaca izah etsək, Fransa və Cənubi Kipr Respublikası arasında 28 fevral 2007-ci il tarixində imzalanmış müdafiə birliyi müqaviləsi daha çox fransızların yunan silahlı qüvvələrinə təlimlər keçməsi ilə əlaqədardır.

Daha sonra isə Cənubi Kipr Respublikası ilə Fransa arasında 4 aprel 2017-ci ildə Parisdə imzalanan müqavilə 2 əsas yenilik təqdim edir:

- Birincisi, enerji etibarlılığı, dəniz təhlükəsizliyi, öncədən xəbərdarlıq, böhran vəziyyətində fransız əsilli insanların Yaxın Şərqdən təxliyə olunması, böhranı idarə etmək, terror, quldurluq və xaricdən gələn hücumlarla mübarizə və təbii fəlakətlər zamanı əməkdaşlıq və məlumatların ötürülməsini təsbit edir.

- İkinci olaraq isə silahlı qüvvələrə (xüsusilə də, Fransa Silahlı Qüvvələrinə) “imkanlar yaradılması” və “logistik dəstəyin inkişaf etdirilməsi” üzərində qurulub.

Bu çərçivədə Fransanın Pafos bölgəsindəki bazasından istifadə etmək səlahiyyəti ilə yanaşı, Kipr adasının cənubundakı Mari-də olan Evangelos Florakis dəniz bazasının imkanlarının da Fransa Silahlı Qüvvələri üçün təkmilləşdirilməsinə qərar verilib.

Başda Cənubi Kipr Respublikasının silahlı qüvvələrinin təlimi və təkmilləşdirilməsi ilə bağlı sadə bir razılaşma kimi görünsə də, bu, get-gedə Türkiyə və Şimali Kiprin zaminliyini heçə sayan bir formaya çevrilib.

Bu müqavilələr silsiləsi heç bir şəkildə qəbul edilə bilməz. Çünki hər nə qədər AB üzvü olsalar da, Fransa və Cənubi Kiprin bunu etməyə haqqı yoxdur. Türkiyə, İngiltərə və Yunanıstanın Kiprdəki zaminlik hüququ əvəzedilməzdir. Bu hüququn AB üzvü olan bir ölkə tərəfindən tapdanması qanunsuzluqdur. Kipr adasında 2 ayrı dövlət kimi yaşayan Cənubi Kipr və Şimali Kipr Respublikası istənilən halda Türkiyə, İngiltərə və Yunanıstanın zaminliyi altındadır. Görünür, Fransa yenə bir oyun çıxarır.

Bu kobud hərəkətindən daha da cəsarətlənərək həddini aşan Fransa Şərqi Aralıq dənizində Türkiyənin apardığı axtarışlara qarşı gələn təzyiqləri bir az daha qızışdırmış və bununla da, 15 iyun 2019-cu ildə Fransa prezidenti Makron: “Kiprin hakimliyini tamamilə dəstəkləyirik. Türkiyə Kiprin inhisarçı iqtisadi zonasında apardığı qeyri-qanuni fəaliyyətdən əl çəkməlidir. Avropa Birliyi bu məsələdə zəiflik göstərməyəcək”, deyə qeyd edib.

Buna qarşılıq olaraq prezident Ərdoğan Makrona layiqli cavabı verib:

“Şərqi Aralıq dənizində zaminliyi olanlar danışa bilərlər. Fransanın Şərqi Aralıq dənizi ilə bağlı fikir demək hüququ təzə çıxıb? Fransanın Şərqi Aralıq dənizi ilə sərhəddə olan sahilləri varmı? O, öz-özünə ortalığa düşüb. Belə bir şey yoxdur. Kiprdə zaminliyi olan ölkə bizik. Həmçinin, Yunanıstan və İngiltərə də zaminliyi olan ölkələrdir. Bu ölkələr bir söz desə, başa düşərəm. Bəs Fransanın burada nə işi var? Əgər “TOTAL” şirkətinin bağladığı müqavilələri bəhanə edəcəksənsə, onda qoy “TOTAL” öz sözünü desin. Halbuki ki, o şirkətin də bu məsələdə çox danışması hələ sual doğuran məsələdir. Sənin isə Fransa olaraq bu məsələdə danışmaq hüququn yoxdur.”

Nəticə

İndiki vəziyyət ABŞ-la Fransanın keçmişini xatırladır. Hətta, 100 il əvvəlki “Skyes-Picot” müqaviləsində İngiltərə və Fransa arasında aparılan “bazarlığı” xatırladır. I Dünya Müharibəsi davam edərkən hələ 1916-cı ildə Suriyanı Fransa, İraqı isə İngiltərə bölmüş və bu gün Səudiyyə ailəsinin babası olan Şərif Hüseyni Osmanlı dövlətinə qarşı çevrilişə təşviq etmişdilər. Bu dəfə də Fransa 100 il sonra bölgəyə giriş aparatı olaraq terror təşkilatı PKK/PYD-dən istifadə etmək istəyir. Bu səbəbdən, Suriya fəaliyyətləri və Şərqi Aralıq dənizindəki cəhdləri baxımından Fransa-ABŞ arasında “Skyes-Picot”-a bənzər yeni bir gizli müqavilə imzalansa, heç təəccüblü olmaz.

ABŞ-ın Suriyadan geri çəkilmə qərarından sonra Fransanın belə missiyanı üstünə götürməsi ciddi şəkildə araşdırılmalıdır. Bu mənada Fransanın Suriyada yerləşmək istəməsinin bir neçə səbəbi ola bilər. Bu səbəblərdən bəzilərini Fransanın ümumi xarici siyasi məcburiyyətləri və İslam dünyası, Suriya və Aralıq dənizi ilə bağlı mövqeyi ilə əlaqələndirə bilərik.

Fransanın son dönəmlərdə üz-üzə qaldığı daxili və xarici problemlərə bir nəzər salaq:

1) Fransa iqtisadiyyatının zəifləməsi;

2) İşsizliyin rekord səviyyəyə çatması;

3) Büdcə kəsrinin artması;

4) Başlanan islahatların problemləri həll edə bilməməsi;

5) Sarı Jiletlilərin aksiyaları və mövcud iqtisadi, siyasi və ictimai problemlərin daha da dərinləşməsi;

6) İtaliya ilə artan problemlər;

7) Miqrant probleminin həll olunmaması.

Bununla yanaşı, AB daxilində Fransanın gücü azalır və Almaniyanın kölgəsində daha zəifləyir. Digər problem isə xarici siyasi davranışlarında ABŞ-a yaxın olmasıdır. Bu, bir zamanlar möhtəşəm bir dövlət olmuş Fransanın, bu gün ABŞ siyasətinin arxasınca gedərək məhv olmasıdır.

Fransa, yəni Makron Suriyada və Şərqi Aralıq dənizində apardığı siyasətlər, verdiyi açıqlamalarla get-gedə ABŞ-ın ovçusuna çevrilir. Buna görə də, ölkədəki siyasi-iqtisadi və sosial problemlərin nəticəsi hər şənbə günü aksiya keçirən Sarı Jiletlər və onların qarşısında aciz qalan Makron hakimiyyətidir.

Fransanın davranışları altında nələr var?

1) Fransa hər yerdə demokratiya, azadlıq, sülh donu geyinsə də, əslində fəaliyyəti müstəmləkəçilik və imperializmdir.

2) Tarixi prosesdə Fransanın imperial məqsədləri üçün Orta Afrika, Əlcəzair, Mərakeş, Tunis, Suriya, Madaqaskar, Haiti Seneqal, Kamerun, Qana, Gineya, Cubuti, Laos, Benin kimi ölkələrdə qətliamlar edib və hələ onlardan istifadə edir.

3) Fransa öz daxil siyasi maraqları naminə ASALA, PKK kimi terror təşkilatlarına yaxınlıq edib və bu qruplaşmalara öz ölkəsində hər cür imtiyazlar verib, hətta çıxardığı qanunlarla uydurma erməni soyqırımı yalanına ortaq olub.

4) Fransa başqa ölkələrə azadlıq şousu göstərmək əvəzinə, korsikalıların azadlıq tələblərini nəzərə almalıdır.

5) Fransanın Şərqi Aralıq dənizində Cənubi Kipr ilə razılaşma əldə etməsi qeyri-qanunidir, xüsusilə də, hərbi baza və imtiyazlar əldə etmək məqsədilə etdiyi cəhdlər və müqavilələr zaminliyi olan ölkələr üçün qəbuledilməzdir.

6) Fransanın etdiyi hər qanunsuzğun dərhal cavabı verilməli və yeri gəlsə, əvəzi çıxarılmalıdır.

Təcili hərəkət planı

1) Cənubi Kipr tərəfindən qanunsuz şəkildə Fransanın Türkiyənin zaminliyini heçə sayaraq İsrailə və ABŞ-a hərbi imtiyazlar və hərbi baza verməsi qəbuledilməzdir və buna ciddi şəkildə etiraf olunmalıdır. Buna uyğun olaraq Türkiyə və Şimali Kiprin hüquq və maraqlarının qorunması və qərarlı mövqe göstərilməsi üçün qısa müddətdə Şimali Kiprin Girne ve Maqosa bölgələrində dəniz bazası inşa edilməlidir.

Bu bazalar hər cür hücuma qarşı müdafiə sistemləri ilə təchiz olunmalıdır.

2) Fransa inşa etdiyi “FREMM”-lərdən 2 dənəsini Yunanıstana kirayə verib, birini isə Misirə satıb. Makron “FREMM”-lərini stolunun altından bütün Orta Şərq ölkələrinə satmağa çalışır. Eyni zamanda, Şərqi Aralıq dənizinin hərəkət sahəsində bu “FREMM”-lər Misir və Yunanıstan tərəfindən istifadə olunaraq tanınmışdır. Unutmayaq ki, ölkələrin əbədi dostları və düşmənləri yoxdur, maraqları vardır.

3) Təcili şəkildə dərhal Türkiyənin Şərqi Aralıq dənizindəki İnhisar İqtisadi Bölgəsini elan etməliyik.

Suriyada, Şərqi Aralıq dənizində və Kiprdə qarşımızda olan, hüquq və maraqlarımızın qorunması üçün mübarizə apardığımız qüvvələr həmişə eynidir. Millət olaraq heç bir siyasi maraq güdmədən birlik ola bilsək, bütün çətinlikləri dəf edərik.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar