Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin yeni sərəncamı ədalətli biznes mühitinin yaranmasına kömək edəcəkmi?

Ekspert: “Hesab edirəm ki, Azərbaycanda ədalətli biznes mühitinin yaradılması üçün məmur sahibkarlığından imtina olunmalıdır”.

“Yenə də bu layihə müxtəlif insanların, müxtəlif qurumların əli ilə veriləcəksə, koordinasiya olunacaqsa, yenə də Kiçik və Orta Sahibkarlıq Agentliyinə yaxın olan sahibkarlara bu və ya digər layihələrdən yararlanmaq məqsədilə bürokratik aparat yaradılacaq”.

Bu sözləri iqtisadçı ekspert Nazim Bəydəmirli Prezident İlham Əliyevin dünən imzaladığı sahibkarlara kredit ayrılması ilə bağlı imzaladığı fərmanı PİA.AZ-a şərh edərkən qeyd edib.

Bildiyiniz kimi, dünən Prezident İlham Əliyev Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında fərman imzalayıb. Fərmanda xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əlaqəli şəkildə həyata keçirilsin. Nazirlər Kabinetinə tapşırılıb ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən həyata keçirilən proqramlara (layihələrə) Agentliyin cəlb olunmasını təmin etsin.

Bəs bu fərman sahibkar üçün daha ucuz və sərfəli krediti əlçatan edəcəkmi? Kiçik və orta sahibkarların normal fəaliyyətinin tənzimlənməsi, eyni zamanda, ədalətli bir sistemin formalaşması üçün bu sərəncam yetərli olacaqmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Nazim Bəydəmirliyə müraciət edib.

Nazim Bəydəmirli: “Pulun sərhədi yoxdur. Əgər pul ölkəyə daxil olmalıdırsa, müxtəlif yollarla daxil olacaq”.

Ekspert mövzu ilə bağlı PİA.az-a açıqlamasında qeyd edib ki, Kiçik və Orta Sahibkarlıq Dövlət Agentliyinə bu səlahiyyətləri vermək QHT-lər üçün nəzərdə tutulmuş müxtəlif layihələri qurumun əli ilə idarə etmək təşəbbüsüdür. Eyni zamanda Nazim Bəydəmirli hesab edir ki, sahibkarların kreditlə bağlı olan problemlərini köklü şəkildə həll etmək üçün ölkənin xaricində olan vəsaitlərin əhəmiyyətli hissəsi ölkəyə gətirilməlidir.

“Sərəncamda hələ ki, sahibkarlığın kreditlə təmin olunmasının köklü dəyişikliyi ilə bağlı heç bir siqnal yoxdur. Ancaq istənilən halda xarici təşkilatları, kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədilə texniki yardım və qrant yardımı verilməsinə təşviq etmək baxımından bu müsbət addımdır.

Xatırladım ki, daha əvvəl QHT-lərə də bu və ya digər formada beynəlxalq təşkilatlardan verilən qrantlar sonradan müxtəlif yollarla Ədliyyə Nazirliyinin bürokratik aparatı ilə və digər fərmanlarla, sərəncamlarla əngəlləməyə başlanmışdı. Bu cür qrantlar artıq kommersiya xarakterli layihələrə yönəlməyə başladı. Beynəlxalq təşkilatlar yerli QHT-lərə tövsiyə etdilər ki, siz kommersiya məqsədilə şirkət təsis edin və beləliklə, xarici qrant layihələri kommersiya yönümlü olsun. Təbii ki, bundan da vergi ödədikdən sonra istifadə etmək imkanı yaranırdı.

Bu, bir daha sübut etdi ki, pulun sərhədi yoxdur. Əgər pul ölkəyə daxil olmalıdırsa, müxtəlif yollarla daxil olacaq. Bu baxımdan indiki Kiçik və Orta Sahibkarlıq Dövlət Agentliyinə bu səlahiyyətləri vermək QHT-lər üçün nəzərdə tutulmuş müxtəlif layihələri qurumun əli ilə idarə etmək təşəbbüsüdür.

İstənilən halda ölkəyə vəsait daxil olmasını müsbət qarşılayıram. Lakin hesab edirəm ki, sahibkarların kreditlə bağlı olan problemlərini köklü şəkildə həll etmək üçün ölkənin xaricində olan vəsaitlərin əhəmiyyətli hissəsi ölkəyə gətirilməlidir və onlar aşağı faizlə sahibkarlığa verilməlidir.”

Nazim Bəydəmirli: “Mərkəzi Bankın resurslarından və yaxud Neft Fondunun xaricdə idarə olunan vəsaitlərinin bir hissəsi və uzunmüddətli, real layihələrə, real fermerlərə, emal sənayesi ilə məşğul olan sahibkarlara ucuz faizlə və uzunmüddətli kredit şəklində verilməlidir”.

Yenə də bu layihə müxtəlif insanların, müxtəlif qurumların əli ilə veriləcəksə, koordinasiya olunacaqsa, yenə də Kiçik və Orta Sahibkarlıq Agentliyinə yaxın olan sahibkarlara bu və ya digər layihələrdən yararlanmaq məqsədilə bürokratik aparat yaradılacaq. Eyni zamanda, real sahibkarlığa bunun səmərəliliyi az olacaq. Real sahibkarlığın yerli kommersiya spanglarından ucuz və uzunmüddətli resurslara çıxışı təmin olunmalıdır.

Ona görə də, Mərkəzi Bankın resurslarından və yaxud Neft Fondunun xaricdə idarə olunan vəsaitlərinin bir hissəsi real layihələrə, real fermerlərə, emal sənayesi ilə məşğul olanlara, yəni ölkənin istehlak malları ilə təmin edə biləcək sahibkarlara, xidmət göstərən sahibkarlara ucuz faizlə və uzunmüddətli kredit şəkilində verilməlidir. Bununla da, bazarda qiymətlər aşağı ola bilər, rəqabətli mal istehsalı stimullaşdırıla bilər və bu malların ölkə daxilində istehlakçıları və daxili bazarı təmin etdikdən sonra, xarici bazara çıxmaq şansı da arta bilər.

Mən hesab edirəm ki, bu yolla gedilməlidir və ən əsası da məmur sahibkarlığından imtina olunmalıdır. Sahibkarlığın bütün subyektlərinin hüquq və vəzifə bərabərliyi təmin edilməlidir, inhisarçılıq aradan qaldırılmalıdır. Bu mənada iqtisadi fəaliyyəti artırmaq üçün dövlətin əlində olan instrumentlərdən istifadə etmək lazımdır. Mən hesab etmirəm ki, xarici təşkilatlar Azərbaycanın varlı bir ölkə olduğunu zənn edirlər. Çünki xaricdən bizə baxanda müxtəlif beynəlxalq yarışlar təşkil edən, milyonlarla vəsait xərcləyən ölkə hesab edilirik.

Nazim Bəydəmirli: “Xaricdən bizə baxanda müxtəlif beynəlxalq yarışlar təşkil edən, milyonlarla vəsait xərcləyən ölkə hesab edilirik. Ona görə də, beynəlxalq təşkilatlar heç düşünməzlər ki, bu qədər vəsaiti olan ölkənin qrant layihələrinə, kiçik sahibkarlığa dəstək proqramlarına ehtiyacı olsun”.

Xaricdə 50 milyarda yaxın neft fondu vəsaitli bir faiz gəliri idarə etməyə verdiyimiz halda, biz çox varlı ölkə kimi görünürük. Ona görə də, beynəlxalq təşkilatlar heç düşünməzlər ki, bu qədər vəsaiti olan ölkənin qrant layihələrinə, kiçik sahibkarlığa dəstək proqramlarına ehtiyacı olsun. Düşünərlər ki, bu qədər pulları varsa və bu pulu xaricdə saxlayırlarsa, onda bu ölkədə sahibkarlar çox münbit şəraitdədir və ucuz faizlərlə uzunmüddətli resurslar alaraq komfortlu bir şəraitdə ola bilərlər.

Lakin bizdə 18-20%, bəzi hallarda daha çox istehlak kreditləri 30%-ə yaxın və daha çox faizlərlə kredit verilir və belə yüksək faizlər həm əhalini, həm də real sektoru çox ağır vəziyyətə salıb. Azərbaycanda yalnız məmur sahibkarlığı çiçəklənir və çiçəklənmə adminstrativ resurslar əsasında baş verir. Lakin onlar belə heç bir xarici şirkətlə rəqabət apara bilməzlər”.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar